Sonuncu Dayanacaq - Astara

Müəlli̇f: Gulər Abbasova
02.01.17
Buraxılış: Hərəkətda

Gecə saat 22:20-dir. Sərnişinlər gözləmə zalından yavaş-yavaş platformaya axışır. Bakı dəmiryolu vağzalından ən son yola düşəcək reys Bakı-Astara istiqamətindəki qatardır. Qapqaranlıq vaqonların pəncərələrindən arabir güclə sezilə biləcək zəif işıqların yanıb-söndüyünü görmək olur. Bələdçi kabinəsi istisna heç bir vaqondan işıq gəlmir. Əllərində iri bağlamalar daşıyan sərnişinlər biletlərini bələdçiyə təqdim edib vaqona daxil olur, qaranlıqda mobil telefonlarının işıqları ilə öz yerlərini axtarırlar.  Qatarın yola düşməsinə bir saatdan az vaxt qalır. İçəridəki sərnişinlər şikayət edir:

- Qənaət edirsiz deyə biz qaranlıqda qalmalıyıq? İşığı yandırın, göz-gözü görmür axı.

Bələdçidən cavab gəlmir. Qaranlıqda üzlərini görməsələr də bir-birinə yaxın əyləşən sərnişinlər söhbətdən qalmır:

- “Oğlum bileti bu yerə alıb, fikir verməmişik. Burda yatmaq da olmur, narahatdır yerim. “ Ağbirçək qadın ortası çökək, darısqal yerinə işarə edib gileylənir.

Səhərdən bəri ayaqlarını ovuşduran Sara xala qatardan danışır:

-Əvvəl Salyanda  yaşamışıq. Sonra da Porta köçdük. (indiki Liman şəhəri/Port İliç). Atam Salyanda   dəmir yol ustası olub. Müharibə vaxtı (Böyük Vətən Müharibəsi) Astarayacan indiki dəmiryolunu  çəkəndə,  o vaxt  dəmiryolunun tikintisində işləyib.

Sara xala deyir, qatarla rahatdı. Gedib-gələn çox olur, elə vaxt olur heç boş yer də tapılmır. Bayramda, məktəb- universitet tətillərində şərnişin çox olur.

-Hə.Balaca maşınların sürəti çox olur. Burda qatarla getmək isə yaxşıdı. Camaatın çoxu Lənkərana, Astaraya gedir. Demək olar sərhədə (İran sərhədi) qədər gedir bu qatar.-deyə Ramin əlavə edir.

Raminin dediyinə görə bayram ərəfəsində Astaradan, Lənkərandan Bakıya satmaq üçün mandarin, feyxoa gətirirlər. Qatarla meyvə daşımaq daha əlverişli sayılır.

-“Ucuz başa gəlir axı, həm də çox mal yükləmək olur. 12 manat verir, həm yuxarı, həm də aşağı yerdə çoxlu mal apara bilir. “

Ramin deyir yerli adamlar ucuzluq olduğu üçün İrana bazarlığa  gedirlər.   Elə şeylər var ki,İrandan alırlar.

Yarım saatdan sonra qaranlıq vaqondakı sərnişinlərdən biri yenə səslənir:

- İndi neyləyək, gözləyək qatar nə vaxt yola düşəcək, onda işıqları yandırasız? Nə qədər qaranlıqda qalmaq olar?

Çox keçmir, nəhayət vaqonlara elektrik verilir. Hər kəs yükünü, əşyalarını yerbəyer edib, qatarın yola düşməsini gözləyir. Platformalardan axırıncı sərnişinlər minəndən az sonra Bakı-Astara qatarı 23:20 də yola çıxır.

Bir azdan hamı yuxarı rəfdən  matrasları, yasığı aşağı endirib yatacaq yerlərini sahmana salır. Pəncərəsi qapalı, havalandıcısı işləməyən vaqonlarda havasızlığa, tər iyinə dözmək bir yana, köhnə matras-yastıqların tozu ətrafa yayılır, hava daha da ağırlaşır.  

-Bu pəncərələri açmaq olmaz? - sərnişinlərdən biri dillənir.

-Yox, icazə yoxdur, bağlıdır. -bələdçi cavab verir.

Adətən vaqondakı pəncərələrin yalnız yay aylarında açılmasına icazə verilir. Havalandırıcı isə təkcə qatar yola düşəndən bir saat sonra, bəzən daha gec otağı sərinləşdirə bilir.

Bələdçi növbə ilə yaxınlaşıb sərnişinlərin  biletini yoxlayır. Ramin isə bu dəm biletin kassa qiymətindən şikayətlənir:

-Biletin qiyməti rəsmi şəkildə 6 manatdı,amma məndən 50 qəpik artıq aldılar. Hər adamdan 50 qəpik alsalar gör nəqədər pul yığarlar.

-“Mən bir gün əvvəl elə 6 manata aldım. “deyə Sara xala dillənir.

65 yaşlı əslən talış olan Sara xala Bakıda aşbaz köməkçisi işləyir. Lənkərana xeyir iş olanda, hüzür düşəndə gedə bilir. Deyir işdən ona elə də tez-tez izn verilmir.

- Demək olar heç kimim yoxdur. Bir oğlum müharibə vaxtı  Laçında itkin düşdü. Qızım da evlidir, ayrıca yaşayır. Öz evimdə də tək qalmaq istəmirəm.

Qarşı oturacaqdakı 60 yaşlı Qətibə xala söhbətə qoşulur:  

-Yeznəm baş aşbaz işləyir. Deyirəm, ona iş varsa mən də başımı qatım. Bütün günü darıxıram. Dedi ki işləyə bilmərəm. Əlimi soyuq suya sala bilmərəm, əməliyyat olmuşam, ona görə.

Qətibə xala deyir on il əvvəl rayondan limon alıb Bakı vağzalında satar, onunla da dolanardı.

“96-97-ci ildə qatarla Astaradan Bakıya gedib gəlirdim, limon alıb aparırdım. Elə Bakı vağzalında, qatardan düşən kimi satardım. Yaxşı qazanırdıq o vaxt. Günə 20 manat, elə vaxt olurdu 40-50 manat qazanırdıq. Dolandırırdıq özümüzü. Sonra cavan qızım rəhmətə getdi, daha gedib gəlmədim. “

Qətibə xala deyir o vaxtlar Lənkərandan Port arvadları Bakıya satmağa balıq da aparardılar.

Bir kabinədəki sərnişinlər beləcə söhbət edə-edə yuxuya gedirlər. Gecə keçir, yeni gün başlayır.

Səhər 4:50 da  Dayıkənd stansiyasında qatara 5-6 sərnişin minir. Böyük bağlaması olan yaşlı kişi birgə gəldiyi ağbirçəklə boş yer tapa bilməyib, ikinci kabinədə, elə sərnişinlərin yataq yerinin küncündə əyləşirlər.

 

İki saata Lənkərana çatırıq, bir şey qalmayıb.

Yaxın məsafələrə dayanacaqdan (stansiya sayılmır) yola düşən şərnişinlərin bilet almağa ehtiyacı olmur. Dedikləri kimi elə  da 1 manat verib qatara minirlər, yer olmayanda elə küncdə-bucaqda otururlar.

 

Başında qalın örpək, əynində yun jaket 65-70 yaşında ağbirçək elə oturaq halda yuxuya gedir.

Əksəriyyəti lənkəranlı olan sərnişinlər səhər erkəndən oyanıb yataq dəyişəklərini bələdçiyə təhvil verir, yenidən tozlu matras-yastıqları büküb yuxarı rəflərə yerləşdirirlər.    Limanda düşəcək Sara xala qatar   pəncərəsindən  dan yerinin sökülməsinə tamaşa edir.

-92-ci ildə müharibə vaxtı Bakıdan qatarla Lənkərana, başqa yaxın rayonlara zənbillərdə çörək gətirirdilər. O vaxt Lənkəranda aclıq idi, un yox idi, çörək bişirə bilmirdik. Adamlar çörəyə görə qatar yoluna çıxırdı.

Qonşusu Ramin də söhbəti təsdiqləyirmiş kimi davam edir:
- Hardasa 3 il belə davam edib. Çörək qap-qara idi, elə bil “saldat” çörəyi kimi. Getsin o günlər gəlməsin.

Bir saat ötür. Qatar Liman şəhərinin stansiyasında dayanır. Sara xala bir neçə sərnişinlə qatarı tərk edir. 20 dəqiqə sonra isə əksəriyyəti Lənkərandan olan sərnişinlər yüklərini götürüb stansiyada düşür. Təxminən 10-12 nəfər sərnişinlə qatar sonuncu dayanacağa, Astaraya üz tutur.

- İrana müalicə üçün də gedən var, alver üçün də. Bəzən qadınlar irandan gələndə özləri ilə narkotika gətirirlər. Baxsan üzünə heç ağlına da gəlməz bu yolun yolçusudur. –deyə astaralı xanım danışır.

Xanımın dediyinə görə Bakıdan İrana bir-başa avtobusla getmək sərf edir. Ona görə qatardan bir elə də çox istifadə olunmur.

Nəhayət qatar sonuncu, Astara dəmiryol stansiyasında dayanır. Ayrıca dəmiryol vağzalı olmayan stansiya Xəzərin sahilindən 10 metr aralıda yerləşir. Böyük bağlamaları olan sərnişinlər köməkləşib yüklərini qatardan düşürür, sonra isə bir neçə addım aralıda, seyrək küknar ağaclarının arasında  yerləşən  stansiyanın binasına doğru daşıyırlar. Kiçik yükləri olanlarsa elə platformada onları qarşılayacaq adamlarını gözləyir. Adəti üzrə stansiyanın həyətində dayanan taksi sürücüləri şəhərə gedəcək sərnişinlərə yaxınlaşıb öz xidmətlərini təklif edirlər.

Qətibə xala iki əl çantası ilə birgə bir qədər aralıda dayanan taksi sürücülərindən birinə yaxınlaşır. Adambaşına 2 manat təklif edən tanış sürücü Qətibə xala ilə bahəm dörd sərnişini köhnə jiqulisinə mindirb şəhər mərkəzinə istiqamət alır.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin