Əhalisi Tatlardan ibarət olan Zarat Xeybəri kəndi Şamaxı şəhər mərkəzindən 45 km aralı, Böyük Qafqaz dağlarının ətəyində, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. Çay daşlarından tikilən bir-iki mərtəbəli kürsülü kənd evlərinin damları dəmir şiferlə örtülüb. Hər evin yanında qoyun-quzunu saxlamaq üçün tövlə və kiçik ev eyvanları üçün daxmalar var. Kəndin ümumi bir məktəbi, 14-15 evi, təxminən 70 nəfər sakini var.
İran və Azərbaycan ərazisində məskunlaşan tatlar fars dilli etnoslardan sayılır. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, etnik xalq Şimali Azərbaycana köçürülərkən yerli türkdilli əhalini müəyyən qədər öz təsiri altına salmağa cəhd edirdi. Buna başlanğıcda qismən nail olsalar da zamanla daha çox özləri türkdillilərin təsirinə düşüblər. Etnik xalqın tarixi və dili barədə bu günümüzə kimi çox səthi araşdırmalar aparılıb. Publisist Maqsud Hacıyev 1995- ci il nəşrli "Toy-düyün xəzinəmizdən" kitabında qeyd edir ki tatların sayı barədə dəqiq məlumat yoxdur.
Buna isə səbəb assimilasiya və tatların ölkənin bəzi yerlərində pərakəndə yaşaması olub. 2009-cu ildə rəsmi siyahıyaalınmada Azərbaycandakı tatların sayı 25,200 kimi qeyd edilir. Əsas məşğuliyyəti heyvandarlıq, qismən əkinçilik olan tat xalqı Azərbaycanın Şimal-şərq rayonları (Abşeron yarımadası, Şamaxı, Dəvəçi, Quba, Xızı) və dağlıq zonalarında yaşayır. Tatlar eyni zamanda həm tat, həm də azərbaycan dilində danışa bilir. Kompakt yaşadıqları ərazidə tat dili əsas ünsiyyət vasitəsi hesab olunur.
Kənd evlərindən bir qədər aralıda, alçaq təpənin üzərində isə bir mərtəbəli məktəb binası yerləşir. Məktəb otaqları olduqca soyuq və təmirsizdir. Bu səbəbdən dərsə davamiyyət də zəifdir. Zarat Xeybəri kəndindəki məktəbdə cəmi 11 şagird təhsil alır. Qanuna görə, təhsil 11 illik olmalıdır, amma bu məktəb cəmi 9-cu sinifə qədər dərs verə bilir. Təhsilini davam etdirmək üçün şagirdlər 45 km-dən artıq məsafədə yerləşən Şamaxı məktəbinə getməlidirlər. Şamaxı rayonunda fəaliyyət göstərən 6 Tat kəndinin məktəblərində Tat dili dərsi keçirilmir. Etnik Tat olan jurnalist Dəyanət Məmmədovun sözlərinə görə, Qubanın Zarqava və Korkmazoba kəndlərində tat dili dərsi keçirilib. Hal-hazırda tat dili tədrisdə bərpa olunma layihəsi müzakirə olunur, amma dəqiq vaxtı hələ də aydın deyil.
Media üzrə vəziyyət də eyni olaraq qalır. Quba rayonunda yerli radio 1995-ci ilə qədər, Gutb TV telekanalı isə 2014-cü ilə qədər tat dilində xidmət göstərib.
Yaşayış olsa da Zarat- Xeybəri kəndinin nə xəstəxanası, nə apteki, nə də mağazası var. Kənd camaatı məcburən 45km yolu keçib şəhər mərkəzinə getməli olur. Hər gediş -gəliş üçün isə adam başına 50-60 manat xərc çıxır.
"Elə vaxt olub atla gedib yolları qardan təmizləmişik. Xəstəmiz olanda, ya yüngül bazarlıq etmək istəyəndə də Dəmirçiyə getmişik. "- Rəhimov bildirir.
Dəmirçi kəndi Zarat-Xeybəridən 10 kilometr aralıda yerləşən tat kəndlərindən biridir. Seyidəzim kişi deyir ki, xəstəsi olan mərkəzə gedə bilməyəndə,əlacsız qalanda təkcə Dəmirçidəki kənd həkiminə üz tuta bilir. Əvvəllər Zarat-Xeybəriyə çağırırdılarsa indi heç kim kəndin yollarına görə gəlmək istəmir. Kənd camaatı ehtiyac olanda bəzi ərzaq məhsullarını Dəmirçidəki kiçik mağazadan almağa gəlir.
Günün batmasına az qalır. Bir qədər sonra sürünü örüşdən gətirəcəklər. Sosial problemlərindən bol olan kənd camaatı ilə sağollaşıb Vilislə şəhər mərkəzinə qayıdıram. Kənd arxada, solğun qovaqların, qarlı təpələrin arasında gizlənir.
ianə verin