74 il Türkiyədə Azərbaycan Həsrəti

Müəlli̇f:

28.04.17
Buraxılış: Müxtəliflik

“Hüzürlü idik. Göz yaşları içində ayrıldıq kənddən. Ordan qopmazdıq, amma Stalinin hərəkətləri bizi qopardı.”

İhsan Özköseli 6 yaşında Ağdaşın Xosrov kəndini tərk etdiyi günü nəql etməyə belə başlayır. İndi ömrünün 85-ci ilini yaşayır. Buna rəğmən, repressiyadan öncə, 79 il əvvəlki həyatının incəlikləri bu günə qədər yaddaşındadır. O günləri xatırladıqca özündən asılı olmadan gözləri gülür, səsində sevinc tonu hiss olunur, unudacaqmış kimi xatirəsinin birini yarımçıq danışıb tez o birinə keçir.

1938-ci il “Stalin zülmündən” qaçıb pənah apardıqları Karsda o və ailəsi üçün hər şey dəyişir, hətta soyadları da. 

Repressiya

Türkiyə vətəndaşı Hüseyn Mümtaz, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz Müsəlman Ordusunda Azərbaycandakı erməni qırğınlarına qarşı döyüşən könüllü əsgərlərdən olur. Döyüşdə yaralandığından müalicə üçün hərbçi yoldaşları ilə birlikdə Azərbaycanda qalır və Ağdaşa yerləşir. Türkiyəli xanımı dünyasını dəyişəndən sonra Ağdaşın Sadavat kəndindən olan Yaxşı xanımla izdivac qurur və 1932-ci ildə İhsan dünyaya gəlir.

“Babam 9 kilometr yolu Ağdaşda piyada gedərdi. Xurcunla gündəlik ehtiyacı alırdı, çiyninə atıb gəlirdi. Qardaşımla mənə şəkərləmə, mandalin alırdı. Biz də kənddən çıxıb çinar ağacının dibində gözləyirdik babamı”, İhsan yada salır.

Atası, Hüseyn Mümtaz Ağdaşda 20 kəndin dini xadimi olub. Dinə qarşı olan SSRİ-də 1937-ci ilindən başlayan repressiyada tutularaq Moskvaya aparılan din xadimlərindən biri də o olur.

“Babamı mərsiyə söyləyir deyə Moskvaya götürdülər. Deyirdilər bu camaatı bura niyə toplayırsan? Ondan sonra babam çox təsirləndi. ‘Burda dayanılmaz, yaşanılmaz’ deyib Moskvaya gedir və Türk pasportlarımızı çıxarır”, İhsan söyləyir və 1938-ci ilin oktyabr ayında həmişəlik Ağdaşı tərk edərək Gümrüdən Türkiyəyə keçməsindən danışır.

“Ermənilərindir o zaman Gümrü. Gümrüyə girəndə A-dan Z-yə qədər üst-başımızı yoxlayırlar. Xatırlayıram, axtarırdılar ki, qızıl var? Samovarlar, müsiqi alətləri gətirirdik, qarmon, hamısını aldılar. Sonucda Erməni gömrüyü hər şeyimizi əlimizdən alır. Əvəzində iki qat yataq verir bizə.”

Karsda Türkiyə vətəndaşı kimi yaşamaları üçün vətəndaşlığın qeydiyyat şöbəsinin müdiri onlara yeni soyad verir – Özköseli.

“Qatar konduktoru deyir bunları gətirdik, ancaq qalacaq yerləri və heç bir əşyaları da yoxdur. Stansiya müdiri alır bizi içəri və məmurlarını çağırır. Deyir ki, bu ailəni hər biriniz müsafir edəcəksiniz. Məmur kütləsi biri bizi götürür evinə. 1 həftə - 10 gün onun evində qalırıq, sonra başqasının evində.”

Beləcə, İhsan və ailəsi dəmir yolunda çalışan onlarla insanın evində qalmaqla Karsdakı ilk qışı keçirir. Qışdan sonra bir müddət palçıqdan tikilmiş, daha sonra əşyaları ilə birlikdə onlar üçün kirayələnən 8 kvadrat metrlik evdə ailə həyatını sürdürür.

 

Fərqlilik

"Çətin idi," deyir İhsan. 

“Orda (Azərbaycanda) təhsilə önəm verilirdi, amma burda o qədər deyildi. Babam 7 yaşında imkansızlıqdan okula göndərə bilmir. 9 yaşına gəlirəm, bu dəfə atam uşaqlar oxumalıdır deyir. Məktəbə müraciət edir, amma yaşım böyükdür deyə götürmürlər, yaşımı kiçildirlər. İndi rəsmi yaşım 84-dür. Kimlik yaşım isə 82”, deyir və uşaqlıq dövrünün iş qayğıları ilə sözünə davam edir.

“Ağdaşda digər uşaqlarla bərabər cənnət kimi yaşantımız vardı, məsuliyyət yüklənmən yok. Amma bu tərəfə gəlir gəlməz iş həyatı başladı. Türkiyəyə gələndə başladıq nanə şəkər satmağa, babama yardım etməyə ki, ekmek parası qazanaq. Amma Azərbaycanda belə bir qayğımız yox idi”, o deyir.

Səhər saat 7-30 və gecə 12-də Rusiyaya qatar yola düşmə ərəfəsində İhsan da qardaşı ilə stansiyada nanə şəkəri satır. Səhər saatlarında isə pulunu ayaqqabı boyaması ilə qazanır.

“Türkiyədə ekmek arkası ilə qaçdığımız dönəmlərdə, yaşıdlarımız bizi pərişan etdi. Qardaşımla mənim arxamca düşüb bizi ‘Ruslar! Ruslar!’ deyib qovurdular. Gəlirdik evə, ‘baba, bunlar bizə rus deyir. Biz rusuq’, deyə sual edirdik. Babam da namaz qılır. Necə biz rus ola bilərik”, sual edib “Bunu düşünməmişlər”, başını yelləyir.

Söhbətin bu yerində Hikmət Alp İhsanın dediklərinə dəstək çıxır. Onun ailəsi 20 əsrin əvvəllərində Azərbaycandan İğdıra köç edənlərdəndir. “Karsın yüzdən 80-i Azərbaycanlıdır. Buna rəğmən ruslar deyilib ötəkiləşdirilirdi. Bir də düşün bunu, Anadoluya gəlsən nə olardı? Orda da acəm (Türk dilində İranlı kimi tərcümə olunur) deyirdilər”, o deyir.

Oktyabr İnqilabı dönəmində Gümrüdən Karsa köçənlərdən biri deyir ki, ““Bizdən soruşurdular ki, şiəsən ya sünni? İnsanı məzhəb olaraq bölürdülər. Şiəsənsə, deməli, Azərbaycanlısan.”

 

Döngələr

Orta təhsilini əsgərlikdən sonra bitirir və 27 yaşında qatıldığı dövlət imtahanı onun həyatını tamamilə dəyişir.

“Sonucda 35 il bir bankın ən böyük şöbələrində başqa oturduq. Son 13 ilində İstanbulda çalışdım, amma heç rahat ola bilmədim. Kəndimizə gedə bilmədim, içimə dərd oldu”, deyir.

Qayıdış

Sovet hökumətinin mövcudluğu səbəbindən ailənin “ömür boyu xəyal etdiyi” Azərbaycana geri qayıdış istəyini reallaşdırmağa “nə şansı, nə də cəsarəti olur”. 1938-ci ildən başlayan həsrətə 2013-cü il son qoyulur. 

“Ağdaşla Göyçay arasındadır kəndimiz. Yaxşı xatırlayıram onu. Köyümüzün üstündən arx keçirdi və babam o arxdan gedib dəstəmaz alardı və biz də ordan su içərdik. Bizim küçə deyə yerə apardılar. Dedim, bizim ev deyil burası. Dedilər ki, orası sökülüb”, bir anlıq səsi alçalır və gözlərinə dərin ifadə çökür.

Yol kənarındakı çinarın yerini xatırlaması İhsanı qısa müddətə evinə gətirir. 74 ildən sonra evinin yerini detallarından tanımasına təəccübümü gizlədə bilmir və anidən “bunları necə xatırladınız” deyə, bəlkə də yersiz, sual verirəm. “Belə şey olarmı? Orada çox mutlu idik. Hələ də hər şeyi xatırlayıram”, deyib sözünə davam etdirir.   

“Küçədən girdik. Anamın dayısı qızı oturub, gəlinləri və nəvələri yanında. Görən kimi dedi, ‘İhsan mı gəlmiş?’ Qucaqlaşdıq.. Ağlaşdıq.. O bəni qucaqlamış, mən də onu”, 74 ildə baş verənləri bölüşmək üçün onların sadəcə 2-3 saatı vardı.

“Xanım məni qucaqlayıb buraxmır ki, getmə. Dedim getməliyəm. Dedi ‘gələcəksənmi’, dedim bəli. Vidalaşdıq və köyümüzdən bu şəkildə ayrıldım.”

İhsan Özköselinin hekayəsi burda bitir. Dediyinə görə, ürəyi və əzələdən keçirdiyi əməliyyatdan sonra səhhətindəki rahatsızlıq ona əvvəlki qədər hərəkətli olmağa imkan vermir.  

“Gənclik elə bil güldü keçdi”, divanda oturub bizi dinləyən həyat yoldaşı Faizə xanım təbəssümlü sözü ilə sakit suda dalğa yaradan damla kimi sükutu pozur və vaxtilə xorda oxumağından söz açır. Bizim üçün mahnı zümzümə edir.

 

Ömrümüzün son demi son baharıdır artık

Maziye bir bakıver neler neler bıraktık

Küserek ayrılırsak olur inan ki yazık

Maziye bir bakıver neler neler bıraktık.

 

“Nə bir ətək tutma şansımız ola bildi, nə bizi bağrına basan bir insan, nə də bizim uşağımız oldu”, İhsan deyir.

Nəzakətlə üzr istəyir, siqaretini yandırıb öz düşüncəsinə dalır.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin