Azərbaycanın Xalq Teatrının səhnəsində

Müəlli̇f: Gulər Abbasova

23.10.17
Buraxılış: Kənd Həyatı

Bir masa, iki stul, arxa tərəfdə isə ağır və mavi pərdələr. İki kişi və bir qadın yavaş-yavaş səhnədə hərəkət edir, səsləri isə sadə teatrda əks-səda verir.

Vahid Qəribov 60 illik həyatının böyük hissəsini səhnədə keçirib. İndi saçları ağarmış aktyor bu sənətə doğma şəhəri Xaçmazda, məktəbli ikən başlayıb. O, yalnız səhnədə özü kimi hiss edir.

“Hərdən fikirləşirik ki, yaş ötüb, ataq bu işin daşını. Amma olmur, bu bir xəstəlikdir.” –  divarlarında “Bu kişidir”, “Yeni il macəraları”  və uşaqlar üçün kukla tamaşası olan “Cırtdan”-ın afişaları asılmış balaca otağın pəncərəsinə doğru baxan aktyor deyir.

Qəribov və onun aktyor dostları “Diqqət, başlayıram” adlı tamaşanı məşq edirlər. Tamaşa 40 min əhalisi olan Xaçmazda yeganə əyləncə yeri olan Xalq Teatrının yeni sezonunu açıq elan edəcək.

Xaçmazda ümumi teatrın tarixi 1958-ci ildən etibarən başlayır. Xaçmaz Xalq Teatrı 2015-ci ildə status alıb və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmiş 37 "xalq teatrından" biridir.

İkinci Dünya Müharibəsi yüksək inflyasiyaya səbəb olduğundan, Sovet hökuməti dövlət tərəfindən dəstəklənən teatrları bağlayıb, lakin aktyorlar əmək haqqı olmadan, ümumi mədəni evlərin içərisində özfəaliyyət qrupları kimi yaradıcılığa davam edib.   

Bakıda mənzillənmiş teatr tənqidçisi Vidadi Qafarovun sözlərinə görə, böyük teatr qruplarında ola bilsin ki, professional aktyorlar işləyib və dövlətdən maaş alıb.

“Eyni zamanda bilet satışından müəyyən qazanc əldə edən başqa həvəskar aktyorlar da olub”, o izah edir.

Sovet Sosialist Respublikası vaxtı ən məşhur xalq teatrı 1953-cü ildə Bakıda aktyor Lutfi Məmmədəliyev tərəfindən yaradılıb. Məmmədəliyev bu teatra təxminən 40 il rəhbərlik edib.

1990-cı illərin xaotik dövründə Dağlıq Qarabağ bölgəsinə görə qonşu Ermənistanla münaqişəyə məruz qalan yeni müstəqil respublika üçün aktyorluq artıq bir prioritet deyildi.

2000-ci illərdə isə Azərbaycan teatrı yenidən həyata qayıtdı.  

Qəribov həyatını səhnəyə həsr edib və Xaçmaz xalq teartında könüllü olaraq çalışmağa davam edir. O, dolanşığını təmin etmək üçün başqa işlər də görmək məcburiyyətindədir.

“Mebel ustasıyam. Toylarda kabab bişirirəm. Atamın evinin kirayəsindən 150 manat gəlirim var. Bunların hamısı mənə yaşamağa imkan yaradır”, Qəribov deyir.

2015-ci ildən teatra rəhbərlik edən İlham Tağıyevin sözlərinə görə, teatrda işləyən 20 nəfərdən heç biri əmək haqqı almır. Ən yaxşı halda bayram günlərində işçilər bilet satışından gələn gəliri aralarında bölüşdürürlər.

Tağıyev deyir ki, Sovet İttifaqı dövründə aktyorlar, teatr rəhbərləri və texniki işçilər də pul alırdı. Amma o dövr çoxdan gedib.

“Biz Mədəniyyət Nazirliyinə müraciət etmişik və Astara, Masallı kimi bölgələrdəki teatrlara olduğu kimi maddi dəstək istəmişik. Amma onlardan cavab almamışıq”, 49 yaşlı teatr rəhbəri deyir.

“Şəhər sakinlərindən bir az gəlir əldə edə bilirik. Hərdən də regional turizm şöbəsindən ianə alırıq. Amma bu davamlı deyil”.

Xalq teatrları bölgələrdəki mədəniyyət həyatını canlı saxlayır.

1980-ci illərdə yaradıcılığa başlayan Gülnarə Əlizadə üçün Xalq teatrı ikinci evdir.

“Aktyorluq qadın üçün asan yol deyil. Mən şəxsən başqa heç bir yerdə işləmirəm. Ona görə də ümidim bilet satışına və hərdən dəvət olunduğum televiziya ifalarınadır”, 54 yaşlı Gülnarə öz puluna aldığı makiyaj dəstindəki göz kölgəsini istifadə edərkən deyir. 

60 yaşlı Vahid Qəribov və 54 yaşlı Gülnarə Əlizadə Xaçmaz Xalq Teatrın ofisində. Mədəniyyət evində yerləşən teatr 40 min əhalisi olan Xaçmazda yeganə teatrıdır. Teatra maraq çox deyil. Səbəb əhalinin sosial durumu, teatrın təbliğinin zəif olmasıdır.
Qəribov və Əlizadə teatrda ən uzun xidmət edən aktyorlardandır. Maddi vəsait olmadığı üçün Xaçmaz xalq teatrının kollektivi hələlik regionlara səfər edə bilmir. Yaradıcı heyət gələcəkdə Azərbaycan Mədəniyyət Nazirliyinin onlara yardım edəcəyinə ümid edir.
"Qazandığım ən böyük hədiyyə bu il 60 illik yubileyimin bura teatrda qeyd olunmasıdır."- 1978-ci ildən aktyor sənətində çalışan Vahid Qəribov danışır.
“Diqqət,başlayıram!” tamaşasında Qəribov baş rolu ifa edir. Amma onun üçün rolun dərəcəsinin əhəmiyyəti yoxdur. Əsas ifadır.
Xaçmazda teatr dərnəyi rəsmi olaraq 2015-ci ildə Xalq Teatrı adı alıb.
Teatrın əsas tamaşaları və məşqləri Xaçmaz Mədəniyyət Mərkəzinin nəzdində keçirilir.
“1982-ci ildən Xaçmazda teatr dərnəyində aktrisayam. Teatr mənim ikinci evimdir.”- aktrisa Gülnarə Əlizadə tamaşadan öncə qrim edir.
Teatrın dekorasiyası, geyimləri, qrim vasitəsini kollektiv öz hesabına alır. Yaradıcı heyət az büdcə ilə də olsa teatra dəstək olmağa çalışır.
Xaçmaz xalq teatrının ən böyük tamaşası Yeni il şənliklərində məktəblilər üçün təşkil olunan tamaşalardır.
Tamaşa anşlaqla keçəndə toplanan məbləğin 50%-i təsərrüfat xərcləri və dövlət büdcəsini ayrıldıqdan sonra qalan hissədən aktyorlara 150-200 AZN qonorar verilir.
"Şəhərə afisa vurmaqla tamaşaçı gəlmir. Yerli təşkilatlara, müəssisələrə xahiş edib bildiririk ki kömək etsinlər, tamaşaçı yığsınlar". - İlham Tağıyev, Xaçmaz Xalq teatrınn rejissoru deyir.
"Aktyor səhnəyə çıxanda fikirləşməməlidir ki onun hansısa qayğıları var. O rahat öz rolunu oynamalıdır. "- aktrisa deyir.

Edited by Monica Ellena

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin