Bu, Mənəm

Müəlli̇f: İlkin Hüseynov, ,

29.07.18
Buraxılış: Kimlik

Əşyanı göstər, deyim kimsən

Mətnin müəllifi:  Monika Ellena 

 

Bir banka qatıq evin təmsilçisidir; köhnə bir keramik qab bəşəriyyəti simvolizə edir; ənənəvi qaval coşğu oyandırır; köhnəlmiş, qoxulu bir sviter qayğısız uşaqlığı yada salır…

Hər birimizin həyatında dəyərli olan əşyalar var, çünki onlar bizim daxili dünyamızı, içəridəki “mən”i xarakterizə edirlər – kim olduğumuzu, hardan gəldiyimizi, nəyi sevdiyimizi, yaxud vaxtilə sevdiyimizi.

Hətta bir armudu stəkan, yaxud fındıq şəxsi və ya ictimai kimliyimizin bir hissəsi ola bilər. Hər birimizin həyat hekayəsi xatirələr, dəyərlər, hədəflər və arzularımızın cəmini təşkil edir.

Bu hekayələr bənzərsiz və individualdır – nəzər nöqtəsindən asılı olaraq, sarı rəngli bir avtobus sadəcə köhnə və paslanmış nəqliyyat vasitəsi də ola bilər, milli kimliyə bir işarə də.

Chai Khana Cənubi Qafqazın üç ölkəsində - Azərbaycan, Ermənistan və Gürcüstanda gənclərə müraciət edib ki, ürəklərini açıb bizimlə paylaşsınlar - hansı əşya onların kimliyini daha yaxşı əks etdirir.

 

Ermənistan

Srbuhy Aidinian, 22 yaş, filologiya tələbəsi


 

Ulu babamın gündəlikləri

Aidinianın ailəsi ulu babası Anushavan Yeremyanın gündəliklərini o vəfat etdikdən sonra - 1990-cı ildə tapıb. Yeremyan gündəlik yazdığını heç kəsə bildirməyibmiş. 

“Gündəlik 1939-cu ildən başlayır; həmin il o, doğulub-böyüdüyü Martuni (Xocavənd) şəhərindən Ukraynaya hərbi xidmətə yollanıb. O, İkinci Dünya Müharibəsinin sonuna qədər yazmağa davam edib. Gündəliyin GANYA adlı hissəsində Anushavan sonradan ailə qurduğu rus qadın Agafia Kleptsina haqqında yazır. Ganya isə həmin qadını çağırmaq üçün hamının istifadə etdiyi ad idi. Onlar cəbhə xəttində tanış olublar. Müharibədən sonra isə onlar Dağlıq Qarabağda yerləşiblər və beş uşaq sahibi olublar. Anushavan öləndə mən hələ doğulmamışdım, lakin onu çox yaxşı xatırlayıram. O, çox istiqanlı və mehriban insan idi”.

Ashken Yeghiazaryan, 26 yaş, inzibati köməkçi


 

Vardges Sureniantsın “Kədər” adlı rəsm əsəri

“Atam mühəndisdir. Onun evimizdəki iş masası həmişə eskizlərlə dolu olurdu. Onlar arasında bir foto da vardı -  rəssam Vardges Sureniantsın “Kədər” əsərinin şəkli. O foto masa üstündəki şüşə örtüyün altına yerləşdirilmişdi. Həmişə onu ordan çıxartmaq və daha yaxşı görmək istəyirdim. Uşaqlıqda hələ yazıb-oxumağı bacarmadığım vaxt sırf rəssamın adını oxuya bilim deyə, hərfləri öyrənmişdim”.

Yeghiazaryan Almaniyaya köçməyi və orda sənaye dizaynı üzrə oxumağı planlaşdırır. O, “Kədər”in çamadanına yerləşəcək ölçüdə bir nüsxəsini çap edib özüylə götürəcək. “Bu rəsm mənim evim və uşaqlığımdır”, o deyir.

Hayk Gülamiryan, 27 yaş, arxeoloq


Keramika

"Atam (arxitektor) evimizə ilk keramikanı ilk maaşıyla alıb. Keramika insan övladını bütün tarix boyunca müşayiət etmiş bir nəsnədir. Onlar vasitəsilə bəşəriyyətin inkişaf yolunu izləyə bilərik. Nə zaman bir şey tapıb ortaya çıxarsam, min il əvvəl ona toxunan dodaqları, onub ətrafında edilən söhbətləri və qaldırılmış tostları düşünürəm. Qazıntılar aparılan müddətdə arxeoloqlar üçün yuxu çox vacibdir. Arxeoloqlar yuxuya getməkdə çətinlik çəkirlər; əgər maraqlı bir şey tapırlarsa, onlar fasiləsiz işləyirlər.

Arxeologiya elə bir peşə sahəsidir ki, gərək özünü həsr edəsən ona – evini, mühitini, yaşadığın yeri və orada vaxtilə yaşamış insanları tədqiq edəsən və başa düşəsən".

Ruzan Safaryan, 27 yaş, marketinq mütəxəssisi


Köhnə ailə albomu 

"Mənim milli kimliyim şəxsi kimliyimə pərçimlənib. Mənim kimliyim köhnə foto albomda əks olunub. Orda elə insanların şəkilləri var ki, onları ya heç görməmişəm, ya da xatırlamıram. Onların sadəcə kim olduqları, nələr etdiklərinə valeh oluram. Sovetləşmədən əvvəlki dövr – əcdadlarımın Qərbi Ermənistandan (Türkiyədən) Rusiyaya köç etdiyi və daha sonra Tbilisiyə yerləşdikləri dövr daha çox maraqlı gəlir mənə. Milli kimlik özlüyündə qiymətli bir şey deyil, amma kim olduğumuzu dərk etmək baxımından araşdırılmalı bir fenomendir.

Milli kimliyini dəyərsizləşdirmək, yaxud eyni zamanda həddən artıq dəyərli bir şey hesab etməklə nə isə qazanacağımızı düşünmək sadəlövhlükdür".

Gog Hakheyan, 19 yaş, marketinq tələbəsi


Rok konsert biletləri

"Mən özümü millətçi deyil, kosmopolit insan hesab edirəm. Ənənələr mənlik deyil, lakin erməni mətbəxi və rok musiqisini sevirəm. İlk dəfə rok konsertinə anamla birlikdə 12 yaşımda getmişəm. Ondan sonra sevdiyim rok qruplarını araşdırmağa və konsertlərinə getməyə başladım. Həmçinin kimin nə geyindiyinə, yaxud saçının nə rəngdə olmağına qarışmayan andeqraund mədəniyyətinə marağım yarandı.

Məhz həmin mühitdə mən özüm ola bilərəm. Bundan başqa, onu da gördüm ki, sub-mədəniyyət özü də milli bir şeydir və o da insanları erməni rok musiqisi ətrafında birləşdirir. Rok konsertlər mənim hobbimə çevrilib. Ordan xüsusi enerji alıram".

Amalie Khachatryan, 23 yaş, jurnalist


Anamın qəhvədanları 

"Ermənistan əhalisinin 98 faizi ermənidir – sən burda öz milli kimliyini sual altında qoymursan. 2016-cı ildə mən Avropa Könüllülər Xidməti proqramı vasitəsilə Litvaya köçəndə müxtəlif millətlərdən olan insanların arasında başladım Ermənistan mədəniyyətini araşdırmağa. Özümü yalnız hiss edəndə kofe süfrəsində ailə söhbətlərimiz üçün darıxırdım. Mən kofeni anamın cehizləri arasında olan qəhvədanlarda hazırlayardım. Bizə qonaq gələndə üzərinə Ermənistandan mənzərələr oyulmuş böyük qəhvədan dəstimizi istifadə edirik. Ondan 10 fincan kofe çıxır. Kofeni dəmləmək saatlar çəkir. Ən kiçik qəhvədanı isə hara gedirəmsə, özümlə aparıram".

Haig Siserian, 16 yaş, stomatologiya tələbəsi


Mənim xaçlı boyunbağım

Hələbdə doğulmuş Siserian 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsindən ailəsilə birlikdə qaçıb və Yerevana yerləşib.

“Suriyada biz öz etnik kimliyimizi dil və din vasitəsilə qoruyurduq. Bu xaç 10 ildir ki məndədir. Anam Müqəddəs Corc monastırından alıb mənə. Heç vaxt boynumdan çıxartmıram. Bir dəfə qardaşım və mən Hələbin erməni məhəlləsi Villanerdə gəzişərkən dua oxuyurduq. Dua bitdikdən bir dəqiqə sonra qarşımıza – bir metr aralıya mərmi düşdü. Xəsarət almadıq. Məncə, həmin vaxt bizi qoruyan bu xaç oldu”.

Kristina Soloyan, 21 yaş, jurnalist


Yerevan Respublika Sarayı

“Keçmişdə bütün siyasi nümayişlər Azadlıq Meydanında baş verirdi. Respubika Meydanı isə daha çox hökumətlə assosiasiya olunur – orda institusional binalar yerləşir. Nə qədər gözəl olsa da, ora sanki yad idi, başqalarına aid bir yer kimi idi. Məxməri inqilab zamanı isə mənə elə gəldi ki, Respublika Meydanı insanları yenidən qazandı. O, hələ də hökumətə məxsusdur, lakin eyni zamanda o, bizimdir, çünki biz bu hökuməti seçmişik.

Mən heç vaxt özümü aktivist hesab etməmişəm. İndiyə qədər olan bütün etiraz aksiyalarını journalist kimi işıqlandırmışam. Məxməri inqilab isə etirazlara vətəndaş kimi qoşulduğum ilk hal idi”.

Soloyan Respublika Meydanında 2018-ci ilin aprelində baş nazir Serj Sargsyanın istefasını tələb edərkən çəkdirdiyi fotonu göstərir.

Azərbaycan

Kamran Əliyev, 21 yaş, marketoloq


Qaval

Qaval Azərbaycanın ən qədim membranlı zərb alətidir. Bu alət ifa olunan musiqini bir titrəmə, dalğalanma ritmi ilə müşayiət edir.

"Qavalın səsi ruhumun sarı siminə toxunur və mənə qədim zamanların ritmini hiss etdirir. Əminəm ki, biz necə indi elekron musiqidən zövq alırıqsa, dədə-babalarımız da eyni şəkildə qaval ritmindən zövq alıblar və onun müşayiətilə rəqs ediblər".

Mirqardaş Salman, 23 yaş, satış meneceri


Xalça

"Xalçaların mənim üçün hər zaman xüsusi bir yeri olub. Uşaq ikən xalça üstündə oturub saatlarla oynadığım yadıma düşür. Bir də hər il yayda anamın xalçaları yumağına tamaşa etdiyimi xatırlayıram. Çox səmimi və xoş xatirələr oyandırır məndə".

Afaq Xəlilova, 19 yaş, aktrisa


Azad Qadın heykəli

"Azad qadın" heykəli Fuad Əbdürrəhmanov tərəfindən 1960-cı ildə hazırlanıb və Bakının Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılıb. Çadrasını çıxaran qadının heykəli XX əsrin əvvəlində Azərbaycanda hüquq və azadlıqları uğrunda mübarizə aparan qadınların qarşılaşdıqları çətinliklərə qarşı mübarizəsini əks etdirir. Bu azadlıq simvolu Əbdürrəhmanov kimi, Xəlilovaya da xitab edir. “Mən Azərbaycan qadınlarını azad görmək istəyirəm,” deyə o bildirir.

Xanım Tapdıqova, 27 yaş, rəssam


Nənəmin sırğaları

"Bu etnik sırğalar mənim nənəmə məxsus idi. Onlara “zənbil” deyirik - onlar kiçik muncuqlar və bükülmüş iplərdən hazırlanmış həssas metal işləmədir. O sırğalar mənim milli kimliyimi təmsil edir. Bütün qədim zərgərlik məhsulları bir xalqın tarixini və mədəniyyətini meydana çıxarır. Zərgərin unikal bacarığı individuallığı və identikliyi vurğulayır".

Ləman Nəsirova, 22 yaş, iqtisadçı


 

Xəritələr

"Uşaqlığımdan bəri xəritələrə xüsusi marağım var. Azərbaycanı təmsil edən və üzü Xəzərə baxan bu məğrur qartal xəritəsi mənə daha yaxındır".

Fidan Abdullayeva, 22 yaş, iqtisadçı


Kəlağayı 

"Bu kəlağayı mənim nənəmindir. Uşaq vaxtı o qədər də marağıma səbəb olmamışdı. İndi onu daha çox qiymətli hesab edirəm".

Babək Ahmedovski, 25 yaş, gitarist


Üzeyir Hacıbəyovun əsərlərinin səs yazısı

Azərbaycan klassik musiqi və operasının atası, XX əsr bəstəkarı Üzeyir Hacıbəyov Ahmedovski Trio qrupunun rəhbəri Babək Ahmedovski üzərində erkən yaşlarından təsirə malikdir.

"Kiçik yaşlarımdan musiqiyə aludə olmuşam - valideynlərim məni piano dərsinə yazdırandan bəri".

Ülkər Gürzəliyeva, 21 yaş, İqtisadçı


Çay stəkanları

Armudu stəkan Azərbaycanda çoxları üçün dostlarla, ailə üzvləri və qonaqlarla çay süfrəsində söhbət etməyin sinoniminə çevrilib. “Necəsə sehrlidirlər sanki. Çay bizim ənənəvi armudu stəkanda daha da dadlı olur”.

Gürcüstan

 

Giorgi Jinoridze, 25 yaş, dizayner


Çiçək açmış ağaclar

“Mənimçün kimlik əşyalardan ziyadə, emosiyalar vasitəsilə ortaya çıxan bir şeydir. Bir dəfə yaz fəsli idi, işdən qayıdarkən Tbilisi Vağzalında çiçək açmış ağac gördüm; onun ətrafında hər şey o qədər amansız idi ki, ağac özü pornoqrafiyaya çəkiləcək məsum yeniyetmə kimi görünürdü.

Eyni müqayisəni öz ölkəmiz ilə apara bilərəm.

Gürcüstan yer üzünün cənnəti ola bilərdi, lakin, təəssüf ki, nalayiq insanlar onun gözəlliyini korlayırlar. Mən insanları deyil, öz ölkəmi sevirəm. Mən insanlarla yaxın münasibətlərdən qaçıram. Öz yaxın insanlarım ən yaxşılarıdır. Onlar kimi insan tapmaq olduqca çətindir”.

Ani Kiladze, 21 yaş, sosial elmlər tələbəsi


 9 aprel 1989-cu il haqqında kitablar 

“Uşaqlıqda 9 aprel 1989-cu il hadisələrinə (müstəqillik uğrunda nümayişlər) qarşı qəribə marağım vardı. Oturub öldürülmüş insanların fotolarına baxardım. Başa düşmürdüm o etirazların mənasını, məqsədini. Oxşar kitablar hər bir evdə vardı. Sonra öyrəndim ki, bir çox insan mənim kimiymiş həmin vaxt. Valideynlərim mitinqlərdə iştirak edirdi. Onlar ölkələri üçün ən yaxşısını istəyirdilər. Mən də orda ola bilərdim. Mən nümayişlərdə iştirak edirəm, sosial məsuliyyətimdir bu. Ortaq problemlər məni xalqımızla bütünləşdirir. Bizi bura gətirib çıxaran ortaq tariximizdir”.

Luka Qiria, 18 yaş, tibb tələbəsi


 Sarı avtobuslar

“Basırıq avtobus cəmiyyətin güzgüsü ola bilər. Orda insanların davranışları əsasında xalqın da xüsusiyyətlərini görə bilərsən. Əksər gürcülər işçi sinfini təşkil edirlər; onlar ictimai nəqliyyat istifadə edirlər. Mən də bu sinfə və bu xalqa aidəm. Biz bir-birimizə yad və eyni taleyi yaşayan insanlarıq.

Avtobuslar zaman maşını kimidir – köhnə, sarı avtobuslar keçmişə aiddir; mavi, yeni olanlar isə bizi gələcəyə aparır. Tramvaylar yaşlı nəsil üçün nədirsə, sarı avtobuslar da mənim yaşımda olanlar üçün odur.

Bir gün sonuncu sarı avtobus [harasa] yola çıxanda mən içəridə oturmaq istəyirəm. İstərdim ki, Tbilisinin şəhər tarixinin bir hissəsi olum”.

Levan Chkonia, 19 yaş, kino və televiziya tələbəsi


Futbol formaları 

“Milli kimlik yayda qarderobdan çıxardığımız, köhnəlik qoxusu gələn şortlar və maykalardır; Xüsusilə "Milan"ın qara-qırmızı futbol formalarıdır. O, başqa bir ölkəyə aiddir, amma mənim uşaqlığım qonşuluqdakı futbol meydançasında əynimdə o forma ilə keçib.

Mənim məhəlləm mənim ölkəmdir. Kimlik empatiyadır; mənsub olduğun bir fenomendir. Ümumiyyətlə, mən düşünürəm ki, mənim yaşımda olan nəsil üçün milliyyət hissi yad deyil. Yeniyetmələrdən Gürcüstana dair ötəri tənqid eşitmirsən; onlar həqiqətən ölkənin problemlərinə görə narahatlıq keçirirlər. Tanıdığım çox az gənc insan ölkəni tərk etmək barədə danışır. Bəziləri gediblər, sonradan geri qayıdıblar”.

Sofo Şerazadişvili, 17 yaş, gimnaziya tələbəsi


Tengiz Mirzaşvilinin rəsmləri 

“Çubçika kimi tanınan Tengiz Mirzashvilinin bu əsərini sevirəm, çünki mənə Kazbeki xatırladır. Mənim uşaqlığım Kazbekdə keçib, indi də ora gedirəm. Rəsmdəki kişi və balaca qız atamla mənəm. İnək də bizim Tetrshubla adlı inəyimizdir – onu çox sevirdim.

Mən ölkəmi sevirəm. O da mənim kimliyimin bir hissəsidir. Gürcüstan mənim üçün Kazbekdir. Mən əvvəllər söhbət əsnasında yerli şivəyə keçərdim və Tbilisidəki dostlarıma bəzi ifadələri təkrarlayardım.

Mən özümlə Kazbekdəki dostlarım arasında fərq görmürəm. Biz sosial media vasitəsilə və telefonla əlaqə saxlayırıq, eyni seriallara baxır, eyni kitabları oxuyuruq”. 

Kristina Kobalia, 24 yaş, dövlət idarəetməsi məzunu


Fındıq

Mən 14 yaşıma qədər Rusiyada yaşamışam, sonra ailəm Abxaziyaya qayıdıb. Abxaziyada bizim böyük evimiz və fındıq ağaclarından ibarət torpaq sahəmiz var. Çox ağac var. Bəzi ailələr maddi olaraq fındıq ağaclarına bağlıdırlar. Məhsul yığımı mənimçün əhəmiyyətli bir mərasimdir.

Hər ilin avqustunda gedirəm ailəmə kömək etməyə. Onlar yaşlanıb dünyasını dəyişdikdən sonra da o ənənəni davam etdirəcəyəm, daha sonra öz uşaqlarıma ötürəcəyəm.

Vətəndaşlıq mənimçün o qədər də çox şey ifadə etmir. Humanizm mənimçün əsas dəyərdir. Bütün mədəniyyətlərə hörmətim var. Deyə bilmərəm ki, Gürcüstana dair olan nə isə mənimçün xüsusi əhəmiyyət kəsb edir. Mənim hər zaman qayıda biləcəyim bir yer var ki, o da Abxaziyadakı evimdir”.

Anastasia Kvinikadze, 17 yaş, gimnaziya tələbəsi


 Matsoni (Gürcü qatığı)

“Mənim kəndim Raçada qadınlar evdə matsoni (qatı qatıq) hazırlayırlar. Matsonini insanlar sağlam qida olduğu üçün alırlar. ABŞ-da yaşayarkən görmüşdüm ki, insanlar matsoni nədir bilmirlər. Mən hətta onun necə dadlı olduğunu insanlara təsvir də edə bilmirdim.

Gürcüstanda qadınlar matsonini qapı-qapı düşüb satardılar, indi isə çox nadirən belə olur. Evdə hazırlanmış matsoninin xüsusi dadı var. Ondan ev dadı gəlir.

Gürcüstanda hər şeyi sevirəm. Başqa heç bir yerdə yaşamaq istəməzdim. İndi sərhədlər daha çox açıqdır. Istədiyin vaxt gedə və qayıda bilərsən. Buna görə də mənim dostlarımın bir çoxu heç yerə köçmək barədə düşünmürlər. Çoxu xarici ölkədə yaşamaq deyil, təhsil almaq istəyir”.

Mariam Kevlişvili, 21 yaş, informatika tələbəsi


 Orta əsrlər tərzində zərgərlik məhsulları

“Bu boyunbağını Tbilisidə Navtlugi ikinci əl bazarından almışam – 20 tetri (0,08 dollar) idi qiyməti. Orda çox şey tapa bilərsən, amma yoxsul insanların öz əşyalarını necə ucuz satdığını görmək ağırdır. Bu boyunbağı mənə Gürcüstanın güclü olduğu XI-XII əsrlərə dair zərgərlik məmulatlarını xatırladır.

Vətən insanın şəxsiyyətinin ayrılmaz parçasıdır. O, səndən kənarda olan bir sahə deyil. İnternetin, qloballaşmanın və açıq sərhədlərin bizdən milli mənsubiyyətimizi aldığını deyən insanları başa düşmürəm. Sən daxilində olan bir şeyi necə itirə bilərsən ki?”

İyul, 2018

Kimlik

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin