Gürcüstan Mədrəsələri Qadınlara Nə Öyrədir?

Müəlli̇f: , Nurana Mammad

18.09.18
Buraxılış: Dini inanclar

6 yaşlı Fatimə Əsgərova artıq hicabdadır və hər həftənin şənbə və bazar günü İslam dinini öyrənmək üçün Marneulidəki İmam Əli məscidində fəaliyyət göstərən mədrəsəyə gəlir. Bu, müstəsna bir hal deyil. Xristianların üstünlük təşkil etdiyi ölkə olan Gürcüstanda bir çox xristian qadınlar kimi, özlərini və ya qızlarını həyata hazırlamaq üçün dinə yönələn müsəlman qadınların sayı artmaqdadır.

Azərbaycanlıların üstünlük təşkil etdiyi Marneuli sakinləri uşaqlarını İslamın tədris edildiyi məktəbə, mədrəsəyə göndərirlər ki, bu da İslama inanmaları, yaxud da özlərini mənəvi olaraq inkişaf etdirmək istəyi ilə əlaqələndirilir. 35 yaşlı Leyla Həsənova belə şərh edir. Həsənova şəhərdəki İmam Əli məscidi nəzdində 18 nəfərlik mədrəsədə şagirdlərə Quran və İslam elmi tədris edir.

“Bəzi ailələr namaz qılmır və ya ailədə qadın hicablı deyil. Ancaq həmin ailələr də uşaqlarını bura göndərir”, - deyə Həsənova bildirir. “Onlar istəyir ki, uşaqları islam əxlaqı ilə böyüsün”.

Gürcüstan Ədəbiyyat İnstitutunda İslam üzrə tədqiqatçı Oktay Kazimovinin fikrincə, Sovet dövrü ilə birlikdə rəsmi ateizmin sona çatmasından sonra Gürcüstan Pravoslav Kilsəsinin vətəndaşlar arasında populyarlığı artıb, bu da İslama, ölkənin təxminən 10 faizini təşkil edən 3,7 milyon insanın inancına da təsirsiz ötüşməyib.

“Bu proses burda yaşayan digər xalqlara da sirayət edir. Burda bir məqam var ki, etnik azlıqlar bunun cavabında öz dinlərinə qayıdış edirlər” - Kazimovi belə düşünür. 

35 yaşlı Esmira Nəsibova hesab edir ki, İslama dönüş prosesi 1991-ci ildə SSRİ-nin çöküşü ilə mütəmadi inkişaf etdi. Esmira Nəsibova Marneulidə qadınlar üçün fəaliyyət göstərən Xanım Zəhra mədrəsəsində Quran müəlliməsidir. “İslam dini əvvəldən Gürcüstanda mövcud idi, ancaq o zaman Sovetlər Birliyi bu dini təbliğ etməyə imkan vermirdi. Dinimizi müəyyən çətinliklərlə yaşayırdıq”, - deyə Nəsibova bildirir.

Gürcüstanda İslam mədrəsələrinin sayı barədə dəqiq statistika yoxdur, amma İmam Əli mədrəsəsində həftə sonu dərslərinə ehtiyacın yaranması, Leyla Həsənovanın fikrincə, onun populyarlığının artmasını göstərir.

Məscidlərin tərkib hissəsi olaraq, yaxud müstəqil şəkildə fəaliyyət göstərən mədrəsələrdə 5-13 yaşında qız və oğlan tələbələr İslam dinini və tarixini, əxlaq normalarını, imamların həyatını və Quranı öyrənirlər.

Şiə İslamının hakim olduğu Kvemo Kartlidən başqa, mədrəsələr Qərb regionları olan Adjaria və Pankisidə də, eyni zamanda sünni inancının yayğın olduğu paytaxt Tbilisidə də mövcuddur.

Kvemo Kartlidə İran mərkəzli iki qurum – İslam təhsili şəbəkəsi olan Əhli Beyt Cəmiyyəti və Qum şəhərindəki Əl-Mustafa Beynəlxalq Universiteti öz təmsilçiləri vasitəsilə yerli qızlar və qadınların dini təhsilə cəlb edilməsində xüsusi rol oynayıb. Onların apardığı iş nəticəsində 2013-cü ildə Marneulinin mərkəzində Xanım Zəhra mədrəsəsi ərsəyə gəlib. “İslam dini daha çox yayılmağa başdıqca belə bir mərkəz yaratdıq ki, digər qadınlar da eyni imkanlardan faydalansınlar”, mədrəsənin məsul şəxslərindən olan Nəsibova bildirir. 

Mədrəsənin bütün otaqlarının, mətbəxinin, konfrans zalının divarları dini afişalar və Quran ayələri ilə bəzədilib. Bununla yanaşı, İranda İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin portretləri də divarlarda asılıb.

Burada İslami həyat tərzi qaydalarından başqa, 25-30 tələbə həm də dərzilik peşəsinə yiyələnir, xüsusilə də gürcü dilini öyrənirlər. Kvemo Kartli regionunda azərbaycanlıların gürcü dilini bilməməsi onların təhsillərini davam etdirə bilməməsi və məhdud iş imkanlarının əsas səbəbidir. Mədrəsənin Tbilisinin Poniçala səmtindəki numayəndəliyində isə komputer kursları da təşkil edilib ki, yeniyetmə qızların da diqqətini cəlb etsinlər.

Konkret rəqəmlər olmasa da, Nəsibova hesab edir ki, belə mədrəsələr müsəlman qadınların sayının artmasına gətirib çıxarır. O deyir ki, orta məktəbi bitirmədən erkən ərə verilmiş qadınlar sonradan bura gəlib təhsil alırlar. Nəsibova əlavə edir ki, 6 müəllimin dərs dediyi Xanım Zəhra mədrəsəsi qadınları yönləndirir ki, imtahanlarını verib orta məktəb attestatlarını alsınlar. “İnsanın özünü inkişaf etdirməsi, cəmiyyətə qarışması üçün erkən evlilik ona mane deyil”, – deyə erkən yaşda nikaha girmiş Nəsibova vurğulayır.

“Bəzən deyirlər İslam dini qadınları əsarət altına alır, hüquq vermir. Halbuki, İslamın qadına verdiyi dəyəri heç kim vermir. Ancaq insan öz üzərində çalışmalıdır. Biz çalışırıq qadınlar hər zaman təhsil alsın”.

Mədrəsələr elmi bir dərəsə təklif etmir, lakin onların verdikləri sertifikatlar ilə qadınlar digər mədrəsə və ya İslami qurumlarda iş tapa bilərlər.

Xanım Zəhra məscidinə gələn tələbə qadınlar öz təcrübələrini Chai Khana ilə paylaşmağı və fotolarının çəkilməsini istəmədilər. Onlar ərlərinin qarşı çıxacaqlarını dedilər.

Bununla belə, mədrəsə təhsilinə heç də hər kəsi cəlb etmək olmur. Oktay Kazimovi hesab edir ki, Kvemo Kartlidəki yaşlı nəsildən olan etnik azərbaycanlı qadınlarda dini meyillər az görülür, bu isə Sovet dövrünün təsirindən irəli gəlir.

Bəzi konservativ gürcülər müsəlman icmalarının və mədrəsələrin varlığını öz kimliklərinə təhlükə olaraq görürlər. Müsəlmanlara qarşı ayrı-seçkiliyə dair məlumatlar vaxtaşırı mətbuatda da əks edilir.

Xanım Zəhra mədrəsəsinin İslamı tədris edən digər müəllimələr kimi, Poniçaladakı 15 şagirdlik filialda Quran və Ərəb dili qrammatikası müəlliməsi olan 26 yaşlı Elnarə Cəfərova da Şiə mədrəsələrinin şagirdləri radikallaşdırma və Suriyada ekstremist qruplara qoşulmağa sövq etməsinə dair bütün iddiaları rədd edir.

“Biz heç kimi Suriyaya göndərmirik. Burada islam tədris olunur”.

Kazimovi deyir ki, insanların mədrəsə təhsilinə marağının artmasına səbəb olan amillər içərisində ailə və ətraf mühitin təsiri, dindar insanla evlənmək kimi faktorlar da var.

“İnsanlar nəyəsə inanmalıdır və din bu cəhətdən ən sabitdir. Ona görə də insanları bu yolu seçir”, Kazimovi əlavə edir.

Valideynləri 9 yaşlı Səma Bayramovanı təhsil almaq üçün İmam Əli Məscidi nəzindəki mədrəsəyə göndərir. Dördüncü sinif şagirdi deyir ki, “dinimizi dərindən öyrəndiyim üçün çox xoşbəxtəm”.
6 yaşlı Fatimə Əsgərova - İmam Əli Mədrəsəsinin ən kiçik şagirdi müəlliməsini gözləyir ki, onu sinifə aparsın. Bu yaşda qızlar adətən hicab taxmasalar da, Əsgərova valideynlərinin istəyi üzrə başını bağlayıb.
14 yaşlı Günel Əhmədova məhəllədə bir rəfiqəsinin məsləhətindən sonra qərar verib ki, İmam Əli Mədrəsəsində dərsə başlasın və “İslam qaydalarına əməl etsin”. Müəllimənin yanındakı qız Güneldir.
14 yaşlı Tamam Məmmədova, İmam Əli Mədrəsəsində Quranı sinif yoldaşı Ruqiyyə Əsgərovaya verir.
13 yaşlı Ruqiyyə Əsgərova müəlliməsindən dini məzmunlu kitabı evdə oxumaq üçün götürür.
8-ci sinif şagirdi Ruqiyyə Əsgərova Məhəmməd peyğəmbər, onun ailəsi və imamlar haqqında mühazirəyə diqqətlə qulaq asır.
İmam Əli Mədrəsəsindəki tələbələr İslam haqqında öyrənmək üçün həftədə 2 dəfə dərsə gedirlər.
Marneulidəki Xanım Zəhra mədrəsəsində Quran və İslamın əsaslarını öyrədən Esmira Nəsibova dərs otağında oturub.
İmam Əli Mədrəsəsinə gələnlər çay, şirniyyat və biskvitə qonaq edilərkən...
Ərəb dili və Quran müəlliməsi Elnarə Cəfərova Poniçaladakı Xanım Zəhra Mədrəsəsindəki əsas otaqda İranı İslam respublikasına çevirmiş dini lider Ayətullah Xomeyninin (1902-1989) kiçik fotosu altında oturub.
Elnarə Cəfərova Poniçaladakı Xanım Zəhra Mədrəsəsinin həyətində gəzişir.

Sentyabr, 2018 / Dini İnanclar

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin