Erməni Qonşularını Təqiblərdən Qoruyan

Müəlli̇f: Gülər Mehdizadə, Tora Ağabəyova, Anonymous

09.10.18
Buraxılış: "Sülh Qurucuları"

Sumqayıt, 28 fevral, 1988-ci il.

Soyuq bir qış gecəsində Gülərin qapısı döyülür. 40 yaşlı Gülər həmin vaxt evdə uşaqları ilə tək idi. ‘Gecə-gecə kimdir görəsən’ fikri ilə ehtiyatla qapını açarkən rəngi qaçmış, əlləri tir-tir əsən erməni qonşularını görür.

“Anya, Sveta, Aida və uşaqları. Qorxa-qorxa “gecəni sizdə qala bilərikmi?” deyə soruşdular. “Bircə gecə qalıb, tezdən gedəcəyik” dedilər. Qorxdum, nə olduğunu soruşdum. Dedilər, bilmirik, nəsə erməni ailələr axtarılır. Üzlərində təlaş, qorxu var idi. Bir də güvənsizlik. Svetanın əlləri əsirdi, üzü sapsarı idi. Aida özünə də, onlara da təsəlli verirdi. Amma onun da qorxduğu hiss edilirdi”. 

Beynəlxalq medianın məlumatına əsasən, 1988-ci il fevralın 28-29-da Sumqayıt şəhərində baş verən təqib dalğası 26 erməni və 6 azərbaycanlının ölümü ilə nəticələnib. Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi çağırışları hər iki ölkədə gərginliyin artmasına və qanlı münaqişəyə gətirib çıxarıb.

Sumqayıtda baş verən toqquşmalar şəhərin təxminən 14 min etnik erməni əhalisinin, eləcə də başqa yerlərdə minlərlə erməni vətəndaşın Azərbaycanı tərk etməsi  ilə nəticələndi. Bu haqda Thomas de Waal, Londonda mənzillənən Karneqi Avropa təşkilatının eksperti “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında yazır. Baxmayaraq ki, şiddətə nəyin səbəb olduğuna dair fikirlər fərqli idi, bu hadisələr iki xalq arasında sülhün sona çatdığını açıqca göstərdi. 

Lakin 1988-ci ildə bu, hələ ki ağlagəlməz fikir idi. Sumqayıtda təqiblər əsnasında qonşularını, dostlarını və tanışlarını şiddətdən qorumağa kömək edən insanlar vardı. 70 yaşlı Gülər onlardan biridir.

“Onlar bizim qonşularımız idi”, - deyə 3 erməni qadına və onların uşaqlarına 1988-ci ildə evini açmış qadın deyir. “Evimdə gizlətdiklərim uşaqlarımızı birgə böyütdüyümüz, bir gülüb, bir ağladığımız, xeyirdə-şərdə bir-birimizə dəstək olduğumuz qonşularımız… Ən əsası, o insanların bizə heç bir pisliyi keçməmişdi…”

Gecənin bir aləmi idi, qadınlardan heç biri yuxuya gedə bilmirdi. Gülər (təhlükəsizliyini qorumaq üçün Gülərin soyadı çap edilməyib) o gecə haqda xatırlamağa davam edir:

“Anya durmadan çöldəki tünlükdən danışır, uşaqlarına görə narahatlıq keçirirdi. Sveta həyat yoldaşından hara getdiklərini dəqiqləşdirməyə çalışırdı. Məni desəniz, onlardan betər qorxur, stress keçirirdim”.

“Gecəni beləcə keçirdik. Hamımız sakitcə, dinməzcə səhərədək o kiçik otaqda dizlərimizi qucaqlayıb, oturduq. Dedim nə qədər istəyirsiniz bizdə qala bilərsiniz. Bir otağım, bir də mətbəxim var, qurbandı. “Axır-əvvəl getməliyik”, dedilər.”

Qonşularının səhərə yaxın saat 5 radələrində Sumqayıtı tərk etdiklərini xatırlayır Gülər. “Qucaqlaşdıq, ağlaşdıq, ayrıldıq”.

Həmin gündən sonra yoxa çıxırlar... O vaxtdan bəri Gülər erməni qonşularından xəbər tuta bilməyib. Oğlu bir ara internetdə, “Facebook”da axtarıb, amma çifayda...

Gülər itirdiyi qonşularının xatirələrini şəxsi əşyaları arasında saxlayır. Aidanın bir zamanlar hədiyyə etdiyi xrustal qab hələ də onun evində qalır. Eyni zamanda Aidanın ona tikdiyi paltarlar... Aida dərzi olduğu üçün ona, onun oğluna, həmçinin məhəllədə məktəbə gedən qonşu uşaqlara heç bir ödəniş almadan paltarlar tikirmiş. 

“Heç vaxt bizdən pul almadı. Əvəzində rayondan [Cəbrayıldan]  gələndə pay gətirərdim. Hələ də onun tikdiyi yubkaları, donları atmamışam. Elə bil dünən tikib, hamısı yerli-yerində durur. . .”

Həmin xoş günlərdə Gülər əlavə edir ki, “Elə qaynayıb qarışmışdıq ki... Heç ağlımıza da gəlməzdi ki, gün gələcək belə bir münaqişə yaranacaq.”

Aidanın oğlu Kamo fotoqrafiya ilə maraqlanırdı və onun müharibədən əvvəl çəkdiyi fotolar hələ də Gülərin arxivindədir.

“Qəşəng, rəngli fotolar çəkirdi. Uşaqların körpəlik, məktəb şəkillərinin çoxunu elə Kamo çəkmişdi. Qəşəng də çəkirdi. Bayramlarda, ad günlərində, kefimiz kök olanda çağırardıq. Həm şəkil çəkər, həm də lap elə yuxarı başda oturub, yeyib-içərdi. O vaxt fotoaparat da elə-belə şey deyildi. Hər adamın əlinə düşmürdü. Svetanın oğlu Arsen də yaxşı uşaq idi. Oğlum Natiqlə həmyaşıd, dost idilər.  Bütün bunları unutmaq olmaz, hamısını şəxsən yaşamışıq”.

Gülərin ailəsi və erməni qonşuları ilə münasibəti 80-ci illərin sonuna qədər olan qonşuluq əlaqələrinə dair bir örnək idi. Gülərin dediyinə görə, həmin vaxta qədər ruslar, yəhudilər, ukraynalılar, azərbaycanlılar və ermənilər arasındakı etnik fərq əhəmiyyət kəsb etmirdi. 

“Əvvəla qonşuluq, dostluq milliyyətlər üzərində qurulmurdu. Adamdan çox az haralı olduğunu soruşardılar. Yadımdadı, bizimlə eyni blokda üç erməni, bir neçə rus ailəsi də yaşayırdı. Fərqi bilməzdik, elə qonşuluq edərdik”. 

Həmin vaxt Gülərin yaşadığı binada yeganə rəngli televizor Anya və Artuşun evində idi. Uşaqları rəngli televiziya izləmək üçün onların evinə gedirmişlər.

“Anya və əri Artuş heç deməzdilər burdan dur, orda otur. İndi bir saatlıq birinin uşağı evə gələndə insanların hövsələsi çatmır. Deyirəm də, keçmişin qonşuluqları da fərqli idi”.

Azərbaycanlılar Novruz bayramı qeyd edəndə qonşu erməni uşaqları ilə birlikdə “yumurta toqquşdurardılar, biz də çay içər, söhbətləşərdik” deyə Gülər davam edir.

“Milad bayramında masamızı Svetanın bişirdiyi şirniyyatlar bəzəyərdi. Çox yaxşı bişirərdi, əl qabiliyyəti möhtəşəm idi. Toylarımıza gələrdilər, biz də onların şad günlərinə gedərdik. Hüzrümüz düşəndə də bir-birimizə necə lazımdır dəstək olardıq. Yaxşı bir yemək qonşusuz keçməzdi boğazımızdan”.

Gülər hələ də o vaxt nələr baş verdiyini anlamadığını deyir. O inanır ki, müharibənin siyasi səbəbləri var və bu müharibədə heç bir sadə azərbaycanlı və erməninin günahı yoxdur.

“Həmişə demişəm, Allah baiskarın evin yıxsın. Gedən bir onlardı, bir də cavanlığımız. İtirdiyimiz də ki, heç nə, qonşuluq, dostluq”, deyə təəssüflənir.

Gülər də artıq köhnə məhəlləsindən Sumqayıtın başqa tərəfinə köçüb. Amma bəzən bir zamanlar erməni qonşuları ilə birlikdə yaşadıqları mikrorayona baş çəkir.

“Arada əvvəlki məhəlləmizə gedirəm, balkonlarımıza, pəncərələrimizə baxıram. Onların da, bizim də evlərimizdən başqaları boylanır. Bir-iki köhnə qonşular qalıb. Danışır, yada salırıq. Hadisələr o qədər sürətli baş vermişdi ki, heç bilmədik onlar gedəndən sonra evləri kimə qaldı. Dəyişdilərmi, satdılarmı, yoxsa onlardan sonra elə kimsə gəlib evlərinə yiyələndimi, bilmirəm”.

Bir qədər söhbət etdikdən sonra Gülər düşüncəyə dalıb qəfildən səssizliyə qərq olur.

“Elə bir dövrdə yaşayırıq ki, adam qorxur deməyə ki, qonşularımızla münasibətimiz çox yaxşı olub. Vəziyyət elə gətirib ki, buna da pis baxırlar”, deyə o əlavə edir.

Bu münaqişə insanların sərbəst əlaqə qurması və gediş-gəlişinin də qarşısını  alıb. Qardaşını müharibədə itirmiş Gülər doğulduğu Cəbrayıl rayonuna gedə bilmir.

Müharibənin dəhşətlərinə baxmayaraq, Gülər 1988-ci ilin fevral gecəsində doğru hərəkət etdiyinə əmindir. Münaqişədə, o vurğulayır ki, ən günahsızlar elə sadə insanlardır.

“Bəzən mənə deyirlər ki, ‘Ermənilər sənin torpağını işğal ediblər. Sən necə darıxa bilərsən erməni qonşuların üçün?”

Gülərin cavabı qısadır: “Bu, onların günahı deyil”.

Gülər evində özünün və oğlu Natiqin köhnə fotolarını göstərir
Gülər, erməni qonşusu Aidanın oğlu Kamo tərəfindən çəkilmiş xoş xatirələrin əks olunduğu arxiv şəkillərini paylaşır
Kamodan qalan yeganə fotoşəkil. Sağ tərəfdəki Gülərin oğlu Natiqdir
Gülər illər əvvəl erməni qonşusu Aidanın ona tikdiyi koftanı geyinib
Aidanın Gülərə hədiyyə etdiyi bu kristal vaza hələ də onun üçün qiymətlidir
Aidanın hədiyyə etdiyi qab müəyyən vaxtdan sonra çatlayıb, lakin xatirələri silinməzdir. “Onu ata bilmərəm”, Gülər deyir
Gülərin erməni qonşuları ilə uzunmüddətli dostluğunun izləri, xatirələri Aidanın verdiyi bu kristal qab kimi şəxsi əşyalarda qalıb
Dərzi Aidanın tikdiyi bu yubka artıq Gülərin əyninə olmasa da, onu qarderobunda saxlayır
Gülərin və erməni qonşuları Aida, Anya və Svetanın 1988-ci ilə qədər Sumqayıtda yaşadıqları köhnə məhəllə. Gülər baş verən təqiblər zamanı onları bu binadakı evində saxlamışdı.
80-ci illərin sonlarında Dağlıq Qarabağ münaqişəsi başlamadan əvvəl Sumqayıtda multi-etnik məhəllələrdən biri
Gülərin Sumqayıtda hazırda yaşadığı evi. O, aradabir erməni qonşuları ilə birlikdə yaşadıqları mikrorayona baş çəkir, köhnə qonşuluqlarını xatırlayır

Oktyabr 2018 / Sülh Qurucuları 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin