26 il: “Mən Sülhə Səs Verirəm”
Həyatının 26 ilini Azərbaycan və Ermənistanı barışdırmağa həsr edən Arzu Abdullayevaya sülh uğrunda mübarizəsi asan başa gəlməyib. Bu illər ərzində o, təhdidlər və təhqirlərə məruz qalıb, hətta evi qarşısında onun sülh fəaliyyətinə etiraz mitinqi də təşkil edilib.
Arzu Abdullayeva Bakıda erməni qonşuları və dostları ilə birlikdə mehriban yaşadıqları dövrü yaxşı xatırlayır. Lakin Dağlıq Qarabağ müharibəsinin başlaması ilə bu iki xalq arasında körpülər qırılır; illər keçdikcə dəyişməyən vəziyyət və dərinləşən konflikt sülh quruculuğu ilə məşğul olanların da əhval-ruhiyyəsinə təsirini göstərir. Veteran sülh aktivisti Arzu Abdullayeva son illərdə onda yaranmış təəssüf hissini gizlətmir.
“Ermənipərəst dedilər, ‘qanında erməni qanı var’ dedilər, atam, anam, babamın erməniəsilli olduğunu söylədilər. Bitmədi, təhdid etdilər, ofisimin önündə aksiya keçirdilər, özümü öldürməyimi istədilər. Bütün bunları sülh quruculuğu ilə məşğul olduğum üçün, sülh quruculuğunu başa düşmədikləri üçün edirdilər”- deyə, hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Bürosunun rəhbəri Arzu Abdullayeva deyir.
1991-1994-cü illərə ən şiddətli dövrü təsadüf etmiş Dağlıq Qarabağ uğrunda müharibə atəşkəslə nəticələnib. Bununla belə, dövlətlərin sülhə nail olması çətin görünürdü: Ermənistan və Azərbaycan rəsmi sülh danışıqları apararkən cəbhədən döyüş xəbərləri gəlib, itkilər davam edib.
Arzu Abdullayeva deyir ki, Azərbaycan hökumətini sülh quruculuğuna münasibəti zaman keçdikcə dəyişib.
“Eks-prezident Heydər Əliyevin dövründə vəziyyət daha yaxşı idi. Hakimiyyətə gəldiyi ilk dövrlərdə ona müraciət etdim. Həmin müraciət əsasında 38 erməni əsiri buraxıldı. Sonradan isə vəziyyət pisləşə-pisləşə getdi. İndi iş o yerə çatıb ki, sülhlə bağlı heç bir layihə həyata keçirə bilmirik”.
Arzu Abdullayeva hesab edir ki, müharibəni yalnız işin dərinliyini bilməyən, içində olmayanlar istəyir. Ya da o siyasətçilər ki, Qarabağ müharibəsi onlar üçün bir oyundur. Lakin o deyir ki, sülh quruculuğuna dair erməni, gürcü və başqa əcnəbi həmkarları ilə birgə xeyli layihə həyata keçirməyə nail olublar.
“Əlbəttə, bu sahədə yaxşı naliyyətlərimiz də olub. Çoxlu görüşlər, tədbirlər keçirmişik”.
O bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün təklif olunan sülh modeli Madrid Prinsipləri üzərində ATƏT-in Minsk qrupu ilə birgə iş aparıblar. Münaqişə zamanı itkin düşmüş 4000 nəfərdən 500-nü tapıb xilas etməkdə də vasitəçi olublar.
“Ağrılıdır. Bəlkə daha təcrübəli olsaydıq, daha çox insanı azad edə bilərdik”.
Arzu Abdullayeva deyir ki, bütün bu işləri Dağlıq Qarabağdakı erməni həmkarları olmadan həyata keçirə bilməzdilər. “Onların vasitəsilə itkinlərə çata bilmişik. Biz eyni şeyə inanıb, eyni hissləri paylaşmasaydıq, bunların heç biri olmazdı. Bizim inandığımız sülhdür, insanlıqdır, vicdandır”.
2005-ci ildə sülh quruculuğu, münaqişənin həll yolunu tapmaq istiqamətində işləmək üçün yeni bir qurum yaradıldı. Hollandiya və Finlandiyadan partnyorların dəstəyi ilə qurulmuş Qarabağ Şurasına münaqişə ilə məşğul olan ekspertlər, analitiklər, köçkünlər daxildir. Şura konfliktin həlli üçün yol xəritəsi üzərində işləyir. Şura üçün münaqişənin həllində ən ideal model isə Aland Adaları modelidir.
“Birgə Qarabağla bağlı olan xəbərləri, yenilikləri müzakirə edir, vəziyyəti dəyərləndiririk. Sonra gəldiyimiz nəticələri erməni həmkarlarımızla bölüşürük. Bu, bir xeyli çətindir. Çünki ermənilər Azərbaycana, azərbaycanlılar Ermənistana gedə bilmir”.
2016-cı ilin aprel ayında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dörd günlük döyüş sülh qurucularının fəaliyyətinə də təsirsiz ötüşmədi. “Aprel döyüşləri”, yaxud “4 günlük müharibə” adı ilə tanınan hərbi münaqişə 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri baş vermiş ən şiddətli döyüşlər idi və azı 200 nəfərin ölümü ilə nəticələnmişdi. Bu hadisə hər iki tərəfdən jurnalistlər, siyasətçilər və bəzi sülh fəallarını birdən-birə müharibə təbliğatçısına çevirdi.
Müşahidə etdikləri Arzu Abdullayevanı heyrətə gətirib. “Deməli, insanın əsl niyyəti kritik zamanlarda üzə çıxır”, o deyir.
Döyüşlər davam edərkən sülh fəalı dözməyib, hər iki xalqa məktubla müraciət edib. “Məktubda xahiş edirdim ki, emossiyaları saxlayaq, məntiqlə düşünək, hərəkət edək. Bizim vuruşmağımız nə erməni, nə də Azərbaycan xalqına xeyir gətirir”.
Ölkəsində sülhün bərqərar olması üçün çalışan fəal beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmayıb. O, bir neçə dəfə mükafatlandırılıb. 1992-ci ildə mərhum erməni həmkarı Anahit Bayandurla birlikdə əsirlərin mübadiləsini asanlaşdırmaq və münaqişənin ən ağır dövründə dialoqu təbliğ etdiyi üçün Olof Palme adına Beynalxalq Sülh Mükafatı ilə təltif ediliblər.
Bu iki sülhməramlı qadın eyni zamanda “Gender və Sülh” kitabının həmmüəllifləridir. Kitab hazırda Cənubi Qafqazda konfliktlərlə bağlı təlimlərdə vəsait kimi istifadə olunur.
Arzu Abdullayeva inanır ki, qadınlar sülh quruculuğunda əhəmiyyətli rol oynaya bilərlər, lakin reallıqda çox az qadının bu sahədə aktivliyi gözə dəyir.
“Məncə, mərhəmətli, sülhpərvər olan hər insan sülh quruculuğu ilə məşğul ola bilər”.
Arzu Abdullayeva erməni həmkarı Anahit Bayanduru ehtiramla xatırlayır. Deyir, Anahit Bayandur çox mərhəmətli, ədalətli insan olub, ömrünün sonunacan sülh üçün çalışıb.
“Arzuladığı sülhü görə bilmədi. İnsana milliyyətinə görə yox, necə biri olduğuna görə qiymət vermək lazımdır”.
Bayandurla dostluğundan bəhs etmək onun uşaqlıq xatirələrini də oyandırdı. Müharibədən əvvəl Abdullayevanın bir çox erməni rəfiqəsi və qonşuları olub.
“Məktəb vaxtında da erməni dostlarım olub. Bakını müharibədən əvvəl tanıyanlar bilər, beynəlmiləl şəhər idi. Məsələn, bizimlə eyni mərtəbədə iki erməni ailəsi yaşayırdı. Hər ikisinin qızı ilə dostluq edirdim. Onlardan Eliza Mahmutyan ən yaxın rəfiqəm olub. 1990-cı ilin əvvəllərinə qədər Bakıda yaşayıb. Ağlıma da gəlməzdi ki, Bakıda nələrsə ola bilər. Amma oldu və onlar getmək məcburiyyətində qaldılar. O vaxt Moskvada oxuyurdum, qayıtdım ki, yoxdular”.
İndi ermənilər və azərbaycanlıların münasibət yaratmaq üçün imkanları məhduddur. Abdullayeva hətta həmkarı Anahit Bayandur vəfat edərkən Ermənistana yasa da gedə bilməyib. Lakin sonradan fürsət tapıb həmkarının məzarını ziyarət edib.
Abdullayevanın fəaliyyəti və reputasiyası Azərbaycanda hazırda yaşamaqda olan etnik ermənilərin ədalətsizliklə üzləşərkən ona üz tutmasına səbəb olur. “Bizə xeyli erməni vətəndaş müraciət edirdi. İşdən çıxarılan, evi əlindən alınan, təqaüdü kəsilən və s. Bununla bağlı o zaman yaydığım bəyanatda bildirirdim ki, bu insanlar Azərbaycana loyal olduqlarını sübut ediblər. Münaqişə zamanı heç yerə getməyiblər. Biz də əvəzində hüquqlarını qorumalı, onlara dəstək olmalıyıq. Bəyanata çox pis qiymət verildi. Halbuki sadəcə insanlığı müdafiə edirdim”.
Abdullayevanın fikrincə, bağlarını qoparmaqla azərbaycanlılar və ermənilər çox şey itiriblər. O deyir ki, 80-ci illərin sonunda baş vermiş poqromlara görə hər iki tərəf məsuliyyət daşıyır.
“Təqiblər həm Ermənistan, həm Azərbaycanda baş verdi. Ağrılı proseslər idi. Bizim insanlar elə bilirlər ki, təqibləri ancaq ermənilər edib. Ancaq belə deyil, Azərbaycanda da naməlum şəxslər belə işlər təşkil ediblər. Hətta bizdə sadə insanların baş verənlərdən xəbəri olub, nəinki Ermənistanda. Onlarda bu, qapalı, gizli şəkildə edilib. Odur ki, əhaliylə işləyəndə həmişə deyirik -günahsız tərəf yoxdur. Hər iki tərəfin böyük günahları var”.
Abdullayeva münaqişənin keçmişinə nəzər salır və deyir ki, “26 il bir cavanın ömrüdür”. İllər keçdikcə o optimizmini itirir.
“Həyatımı demək olar bu işə sərf etmişəm. Biz illərlə ermənilərlə azərbaycanlıları barışdırmağa çalışmışıq. Təəssüf ki, bu, hələ mümkün olmayıb. Buna görə məyusam. Ümumiyyətlə optimist adamam, hərdən pessimistliyə qapılsam da, inanıram ki, müharibə yolu ilə mümkün olmayanı ağıllı, məntiqli, hərtərəfli kompleks iş ilə reallaşdıracağıq və ədalətli sülhə nail olacağıq”.
Oktyabr 2018 I Sülh Qurucuları
ianə verin