Ərə Gedən Bir Uşaq
Azərbaycanda son 10 il ərzində 18 yaşı tamam olmadan ərə verilmiş təxminən 28 000 qız var.
Vəfa Hümbətova onlardan biridir.
17 yaşında ərə getmiş Vəfa deyir ki, o ailə həyatı barədə həm məlumatsız, həm də hazırlıqsız olub. O düşünürdü ki, ər evi onu ağır təsərrüfat işlərindən və yoxsulluğun gətirdiyi problemlərdən azad edəcək.
Lakin gözlədiyi kimi alınmadı. Kasıblıq ər evinədək onu kölgə kimi izlədi.
“Atam evində hər gün sahələrə alağa gedirdim. Düşünürdüm ki, müvəqqətidir, ailə qurandan sonra mənə ərim baxacaq, bir də belə ağır işlər görməyəcəm. Ancaq belə olmadı”, Vəfa deyir.
Rəsmi statistikaya görə, 2007-2017-ci illərdə Azərbaycanda 28 000 qız nikah yaşına çatmadan evləndirilib. Lakin real vəziyyətin rəsmi rəqəmlərdən daha fərqli olduğu düşünülür, çünki əksər erkən evliliklər hər hansı şəkildə qeydiyyata düşmür.
“Erkən nikah, erkən hamiləlik, erkən doğuş həqiqətən təhlükəlidir. Erkən yaşda dünyaya uşaq gətirmək həm ananın, həm də uşağın səhhətində problemlərin yaranmasına səbəb olur. Çox vaxt ana və ya uşaq ölümü ilə nəticələnir. Üstəlik, gənc qadınlar ana olmanın məsuliyyətini dərk etmədiklərindən həmin uşağın gələcəyi üçün də problem yaranır”, Şəhla İsmayıl, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri bu fikirdədir.
Erkən nikahların sayının çox olmasına gəlincə, Şəhla İsmayıl hesab edir ki, burda yoxsulluq və təhsilsizlik böyük rol oynayır. “Təhsilsiz və yoxsul ailələrdə bu fenomenin baş verməsi ehtimalı təhsilli və təminatlı ailələrdən bir neçə dəfə çoxdur”.
İmişli rayon sakini Vəfa Hümbətova ərə getdiyi ildəcə hamilə qalıb. Bu da onun üçün gözlənilməz olub.
“Savadım olmayıb. Ümumiyyətlə, anam bizi çox avam böyüdüb. Elə ona görə hamilə olduğumu 4 ay sonra bilmişəm. Nə də imkansızlıqdan anamgillə gediş-gəliş də olmayıb ki, ondan nəsə öyrənəm…”
İlk hamiləliyindən xəbərsiz olan Vəfanın halı pisləşəndə elə bilib sadəcə xəstədir. Həkimə aparılarkən xəstəxanada məlum olub ki, beş aydan sonra uşağı doğulacaq.
Bundan sonra hamiləliyi boyunca Vəfa bir dəfə də tibbi müayinəyə getməyib.
İlk uşağının doğuşu çətinliklə baş tutub və üç gün xəstəxanada qalıb; o qədər xərcləri çıxıb ki, Vəfa qızını evdə doğmadığına peşman olub.
“Uşağı xəstəxanada verdilər qucağıma. İnanın, özümü ana kimi hiss edə bilmirdim. İçimdə sevinc yox, kədər vardı. Camaat ana olduğuna sevinirdi. Mən isə ailəni xərcə saldığıma görə üzülürdüm. Fikirləşə-fikirləşə qalmışdım ki, necə böyüdəcəm, ehtiyaclarını necə ödəyəcəm... Elə bil Allah məni cəzalandırdı. İki ay sonra uşağın bədəni yara tökdü, öldü. Sonradan dedilər ki, həkimə aparsaydın, belə olmazdı”.
Vəfa 18 yaşı olanda ikinci qızını dünyaya gətirib. Bir müddət sonra üçüncü uşağa hamilə qaldığı ortaya çıxanda isə ailədə narazılıq yaranıb - başqa bir qarın doydurmağa imkan olmadığı üçün. Lakin hamiləliyin 6-cı ayı abort üçün gec idi.
“Bu dəfə qorxumdan uşağı 10 günlüyündə həkimə apardım. Dedilər ürəyində yırtıq var. Pulsuzluqdan Bakıya normal həkimə apara bilmədik. Elə ara həkimlərinə, türkəçarəçilərə göstərdik. Onun da xeyri olmadı, 4 aylığında öldü. Kədərdən ciyərlərim xəstə düşdü. Bu günədək müalicədəyəm. 25 yaşımda yarımcan olub, oturmuşam”.
Bununla belə, qısa bir müddətdən sonra Vəfa yenə hamilə qalır. Hazırda onun iki qızı var – biri 7 yaşında, digəri 2 yaşında.
Vəfa əri və 2 uşağı ilə birlikdə qaynatasıgillə birgə yaşayır. Həyat yoldaşının qardaşı da onlarla bir evdə qalır. Beləliklə 3 otaqlı evdə 10 nəfər yaşayır.
Səhhəti əl vermədiyi üçün Vəfa işləyə bilmir, ona görə də ailə gözünü toyuq sexində işləyən ərinin qazancına dikib. Deyir, elə olur ki, aylarla maaş ala bilmir.
İndi Vəfanın ən böyük istəyi odur ki, qızlarını oxuda bilsin. “Mən bu həyatı yuxumda görsəydim, inanmazdım. Allah imkan yetirə, qızlarımı oxudam, mənim kimi olmayalar”.
Erkən nikahlar adətən ailələrin istəyi və təkidilə baş tutur. Valideynlər hesab edir ki, uşaqları tez evlənsələr, daha yaxşı həyat şəraiti qura biləcəklər.
53 KILODAN 95 KILOYA...
18 yaşlı digər İmişli sakini Əzizə Əliyeva bir vaxtlar müəllimə olmaq arzusunda imiş. Lakin məktəbi buraxmalı olub, çünki 15 yaşında “həri”si verilib, bir il sonra isə toyu olub.
Əzizənin əri anasının dayısı oğludur, onlar tanış olanda Əzizə 13 yaşında idi.
“Bizə gəlib gedirdilər. Onda görmüşdük bir-birimizi. Xoşum gəlirdi, sən demə, onun da məndən xoşu gəlirmiş. Sevmək, nişanlanmaq mənə maraqlı gəlirdi. Ancaq evliliyin çətinlikləri, hamiləlik haqqında düşünmürdüm. Nə də bunu mənə kimsə izah etmişdi. Hələ onda 13 yaşım var idi”, Əzizə xatırlayır.
Əslində valideynlər gəncləri belə erkən evləndirməyi nəzərdə tutmayıbmış: nişan mərasimindən sonra ailələr gözləyirmişlər ki, maddi vəziyyətləri düzəlsin, ondan sonra toy etsinlər. Lakin həmin vaxt 22 yaşında olan əri qərar verib ki, gözləməyin mənası yoxdur.
“Yoldaşım dedi, bu qədər gözləmişik, nə siz varlanmısınız, nə də biz. Bundan sonra da varlanmayacağıq. Qoşulub qaçdıq. Ondan 16 gün sonra toyumuz oldu”.
Toydan bir ay sonra Əzizə hamilə olduğunu hiss edib. Doqquz ay boyunca şiddətli ağrılar çəkdiyini deyir.
“53 kilodan 95 kiloyadək artdım. Bütün bədənim çatlayıb, qanayırdı”.
Əzizə deyir ki, nə onda, nə də indi özünü ana rolunda hiss edə bilir. “Bəlkə də yaşımın azlığındandı, bilmirəm. Bura gələndə dəlisovluğum da başımda idi, özümü uşaq kimi hiss edirdim. Ancaq oynamaq haqqında düşünürdüm. Qayananam dedi, darıxma, bir neçə aya öz gəlinciyini qucağına alıb, oynadacaqsan. Sənə başqa oyuncaq lazım deyil”.
Oğlu Məmmədi dünyaya gətirəndə Əzizə ona əl vurmağa da qorxurmuş. “O qədər kiçik, zəif idi ki... Bir o qədər də mənə yad idi”.
Körpəni demək olar ki, Əzizənin qaynanası böyütməli olub. Baldızı isə yavaş-yavaş uşağa necə qulluq edəcəyini başa salıb.
“Gecələr durub ağlayırdı, ətim ürpənə-ürpənə süd verirdim. Yoldaşım kömək edə bilmirdi. İşləyirdi, yorğun gəlib, daş kimi yatırdı”.
Əzizə daha bir uşağı olmasını hələ ki, istəmir. “Gözləyirəm yaşım bir az da artsın, bəlkə, özümü ana kimi hiss edəm. O vaxtadək ikinci uşaq istəmirəm”.
ERKƏN NİKAH, ERKƏN DOĞUŞ, ERKƏN ÖLÜM
21 yaşlı Gülmirə Məmmədova da ilk hamiləyini ağır keçirib. 18 yaşında ərə getmiş Gülmirə İmişlinin Bəcirəvan kəndindəndir. Deyir ki, əslində kənd yeri üçün 18 yaş o qədər də erkən sayılmır. Amma özü üçün çox erkən idi.
“Uşaq idim, çox şeyi bilmirdim. Ən azından fikirləşirdim ki, yaxşı evim-eşiyim olacaq. Mən də hər gün bişirib-düşürəcəm. Oyun kimi baxırdım evlənməyə. Sonra gələn kimi hamilə qaldım. Hamiləlik əsl zülm idi. Sonradan dedilər ki, bədən cavan olub, yetişdirə bilmirmiş”.
İlk doğuşundan cəmi dörd ay sonra məlum olub ki, Gülmirə yenə hamilədir. Lakin bədəni bu hamiləliyə tab gətirməyib, uşaq ana bətnində tələf olub. Xəstəxanada özü də ölümdən qayıdıb.
“8 aylıq uşaq bətnimdə öldü. Günlərlə bunu bilmədən yaşamışam. Məni huşsuz vəziyyətdə xəstəxanaya çatdıranda zəhərlənmə qanıma keçmişdi. Bəxtim gətirdi sadəcə. Ölümdən qayıtdım”, deyə Gülmirə bildirir.
Gülmirənin əri elektrikçidir. Kənddə kiminsə işığında problem olanda çağırırlar, cibinə 2-3 manat qoyurlar. Ailə ünvanlı sosial yardıma da müraciət edib, lakin rədd cavabı alıb.
Gülmirə Məmmədova elə ikinci övladını da pulsuzluq ücbatından itirdiyini deyir.
“İkinci uşağa hamilə olanda biraz narahat idim. Ancaq həkimə getməyə imkan olmurdu. Nəticədə uşaq öldü. İndi iki uşağım var. Baxın, böyük qızımın 3 yaşı olacaq. İndiyə qədər bircə dəfə həkimə apara bilmişəm. Qayğılar artıb, həyat daha da çətinləşib”.
Gənclik
Fevral/Mart 2019
ianə verin