Gənclər Bakının musiqi səhnəsini necə dəyişir?

Müəlli̇f: Sultana Əhmədbəyli

15.03.19
Buraxılış: Gənclik
Rep musiqiçi öz dinləyicisii ilə görüşür. Dinləyicilərin böyük əksəriyyəti 15-25 yaş aralığındakı gənclərdir.
Rep konserti uzaqdan seyr edən gənclər
Bakının mərkəzinin arxa küçələri alternativ kafe və pablar ilə doludur. Həftə sonları bu küçələr musiqi programlarının təşkilinə yığılan gənclərin çoxluğu ilə fərqlənir.
Etud Barda gənclərdən ibarət Free From Four qrupunun konserti
Gənclər Bakı rok səhnəsinin "dördüncü dalğa" musiqiçilərindən ibarət "Free From Four" qrupunu dinləyirlər. Qrup eksperimental proqressiv "fyujn" janrında ifa edir.
Universitetdəki dərsdən sonra barda içki satan gənc qız işə fasilə verib siqaret çəkir
Konsertdə istirahət fasiləsi
Musiqiçi Albina Pyakşeva
Rok musiqiçi, gitarist, vokalist Altun Zeynalov
DJ Ooma kimi tanınan texno musiqiçi İslam Abbasov
Bas-gitarist və barabançı Ramil Bəyov
Araz Qasımov Bossa nova ifa edir
Aydan Mirzayeva gənc rəssamdır və müasir incəsənətlə məşğuldur. O da asudə vaxtını Le Chateau Music Barda öz dostlarının musiqi programlarını dinləməklə keçirir.
Aysel Saria və Azad Ali fotoqraf və videoqrafdır; onlar da işdən sonra gənclərin toplandıgı canlı musiqi məkanlarında dostları ilə görüşürlər
Texno musiqi Bakıda getdikcə populyarlıq qazanır
Gecə klubu divarında sloqanlar
İN klubda bütün gecə davam edən reyv-parti vaxtı rəqs edən gənclər
Gənclər neon işıqlar altında əyləşib foto çəkdirməyi sevir; hətta artıq bu cür fotoşəkillər hazırda trend halını alıb
Gənclər gecə klubunun Chill Zone adlandırılan hissəsində
Günorta saat 12. Ötən gün İN klubda gecə 12-də başlayan tədbir tamamlandıqdan sonra gənclər rəqs edərək evə gedirlər
“Hip-Hop Dance” sloganı ilə kluba gələn və barda öz içki sırasını gözləyən gənc

Altun Zeynalovun ifaçı kimi istedadını 9 yaşında ilk dəfə dostları sezmişdi. Zorro və Titanik filmlərinin musiqilərini zümzümə etməyini eşidib, ona yaxşı səsi olduğunu demişdilər. Uşaq ikən özünü büruzə verən ifaçılıq qabiliyyətinə baxmayaraq, Zeynalovun 20 yaşlarına çatanda professional musiqiçi olmağı ailəsinin təəccübünə səbəb olub. 

1990-cı ildə Bakıda doğulmuş Altun Zeynalov ölkənin yeni nəsil musiqiçilərini təmsil edir.

Onun və digər onlarla gənc musiqçinin səhnə uğuru Bakının musiqi səhnəsində baş verən dəyişiklikləri əks etdirir.

Bu nəsil musiqiçilər özlərini andeqraund hesab edir – ona görə yox ki, çıxdıqları səhnə və ya musiqi janrı illeqaldır; ona görə ki, onların ifaları ölkənin oturuşmuş, meynstrim musiqi sənayesindəki nümunələrdən ciddi şəkildə fərqlidir.

2014-cü ilin ortalarından Bakının əyləncə həyatında yavaş-yavaş başlayan dəyişikliklər musiqiçilər üçün də yeni cığır açdı. Həmin ərəfədə şəhər gənclərinin bir yerə toplaşmaq, birlikdə vaxt keçirmək üçün müxtəlif məkanlar açmaq təşəbbüsü ilə gənc musiqiçilərin çıxış etməyə səhnə axtarışları üst-üstə düşdü.

Musiqiçi gənclər barlar, pablar və kiçik gecə klubları kimi yerlərdə səhnə tapıb auditoriya ilə görüşməyə başladılar. Səhnəyə çıxdıqca dinləyicilərinin sayı artdı. Bu proses isə öz növbəsində Bakıda gecə həyatına yanaşmada dəyişikliklərə səbəb olub.

Əsasən kişilər və eskortlara xitab edən azsaylı bahalı gecə klubları yerinə, indi gənclərin, xüsusilə qadınların istirahət və sosiallaşması üçün alternativ məkanların artan sayı gözə dəyməkdədir.

“Söhbət aztəminatlı insanlardan gedirsə, son illər, xüsusən də 2015-ci ildən bu günə qədər şəhərin mərkəzindəki pab tipli məkanların sayı artıb. Bu yerlərə gedən gənc qadınların sayı da çoxdur. Xüsusən də siqaret çəkən və bunu ictimai şəkildə etməyə çəkinən qadınlar üçün bu məkanlar xeyli əlverişlidir” - deyə, gender aktivisti Gülnarə Mehdiyeva bildirir.

Mehdiyeva qeyd edir ki, bu tendensiya şəhərin qəhvəxanalarında piano, gitara ifa edən və ya sadəcə vokal performans göstərən musiqiçi qadınların da sayına müsbət təsir edib.

Məsələn, Albina Pyakşeva Bakının andeqraund məkanlarında vaxtaşırı səhnəyə çıxır. Pyakşeva 1992-ci ildə Çeçenistanda doğulub, uşaq yaşlarında ailəsilə birlikdə Azərbaycana köçüb.

“Uşaqlıqda bütün ev mənim üçün səhnə idi, vanna otağından saç darağı ilə oxuya-oxuya evi konsert zalı kimi gəzər, otağa girib mikrofonumu başqa mikrofona - televizorun pultuna dəyişərdim. Mən uşaqlıqda belə oynayırdım”, Albina xatırlayır.

Lakin o, evdə özünə dəstək görməyib. “Dayəm mənə deyirdi ki, məndən oxuyan olmaz; səsim başına düşürdü. Mən də “olmaz” və “mümkün deyil” ifadələrini sevmirəm. Mənim ilk dinləyici kütləm mənim oyuncaqlarım, mikrofonum isə darağım olub”, o deyir.

Pyakşeva üçün Bakının andeqraund musiqi səhnəsi professional müvəffəqiyyət üçün də bir addım olub. O, “Səs Azərbaycan” musiqi müsabiqəsinin iştirakçısı olub, keçən il Bakı Caz Festivalında üçüncü yeri qazanıb.

Bəstəkar Firudin Allahverdi hesab edir ki, alternativ məkanların yaranması ən böyük töhfə bu gənc musiqiçilərə verib.

“Onlar auditoriya ilə ünsiyyətdə olmaq üçün məkan tapdılar. Auditoriya ilə kontakt yarada-yarada onlar daha da professionallaşacaqlar”, o bildirir. 

Yeni nəsil musiqiçilərin Azərbaycan cəmiyyətinə geniş mənada təsiri nədir sualına cavabında isə Firudin Allahverdi bir qədər ehtiyatlıdır.

"Mən inanmıram ki, bu məkanlar və konsertlər cəmiyyətə böyük töhfələr vermiş olsun. Çünki söhbət ancaq Bakının bir məhəlləsindən gedir. Alternativ musiqinin səsləndiyi məkanlar aşağı-yuxarı şəhərin bir məhəlləsində yerləşir. Əgər bu fəaliyyət bütün ölkəyə yayılsaydı, onda deyə bilərdik cəmiyyətə hansı təsir göstərə bilər”, bəstəkar vurğulayır.

Lakin bu gün paytaxtın musiqi səhnəsi digər şəhərlərdən olan musiqiçiləri də özünə çəkir.

Le Château Music Bar, Kotti Bar, Old Room, Etud café-bar, Old school cafe, Zion Rooftop və digər yerlər musiqiçilərə çıxış etmək və öz qruplarını formalaşdırmaq üçün meydan verir.

Ramil Bəyov deyir ki, Le Château Music Bar səhnəsində canlı musiqi performansları özünü inkişaf etdirmək üçün bir vasitə olub. 

“Mən məhz baraban ifa etməyi Le Chateau Music Barda öyrənmişəm. Burada yaxşı zərb alətləri ustaları çıxış edirdi, mən onları seyr və analiz edərək dramda ifa etməyi öyrəndim”, deyə 26 yaşlı Ramil Bəyov bildirir.

Bas-gitarist və barabançı Ramil Sumqayıt şəhərindəndir. O, 2013-cü ildə Mozalan adlı ilk qrupunu yaradıb. Lakin qrupun sonradan dağılmağına baxmayaraq, musiqiyə olan sevgisi onu dayanmağa qoymayıb və yeni bir qrup - Snails qrupunu ərsəyə gətirib. 

Şəhərin yeni musiqi səhnəsi öz əhatə dairəsini texno musiqiyə qədər genişləndirməkdədir. Bakıda ənənəvi populyar musiqi növlərindən sayılmasa da, texno və reyv musiqisi dəbə çevrilir. 2012-ci ildə açılmış İN Club yerli texno hərəkatının döyünən ürəyi hesab edilir.

İN Club istifadəsiz, köhnə bir zavodun ərazisində yerləşir və içəridə industrial bir atmosfer hökm sürür. Klubun geniş bir rəqs salonu var; gənclər tuneli qət edərək klubun içinə daxil olurlar. Rəqs salonuna gedən yolda bar və siqaret çəkmək üçün ayrılmış otaq mövcuddur – zavodu kluba çevirərkən bu hissələri metal tullantılardan hazırlayıblar. 

Klubun həyətindəki vaqon isə yemək guşəsidir və vegetarian yeməklər də təklif edirlər. İN Klub gecə saat 12 ilə səhər saat 10 arasında fəaliyyət göstərir; bu yer Bakıya gələn və texno musiqi sevən avropalıların da sevimli məkanına çevrilib.

Klubun ciddi qaydaları da var: burada diskriminasiya yolverilməzdir. Klub rəhbərliyi həmçinin qadın müştərilərin nalayiq münasibət görməməsi üçün diqqətli davranmağa çalışır.

DJ Ooma kimi tanınan İslam Abbasov ixtisasca inşaat mühəndisidir, lakin o, həyatını bina deyil, öz musiqisini inşa etməyə həsr edib. 1992-ci ildə Bakıda doğulmuş texno musiqiçi üçün musiqidə janr sərhədi yoxdur.

“Enerejimi insanlarla bölüşməyi sevirəm; hesab edirəm ki, musiqi ifa edən zaman bütün daxili hisslər, emosiyalar ortaya çıxır və mən bunu sevirəm”, DJ Ooma deyir.

Gənclik

Fevral/Mart 2019

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin