Hamilələr niyə həkimdən qaçırlar?

Müəlli̇f: Esmira Cavadova
05.09.19

Azərbaycan körpə ölümü göstəricisinə görə Avropada birinci yerdədir; tibb ekspertləri bunu qismən qadınların cinsi mövzularda məlumatsızlığı ilə əlaqələndirirlər.

Uşaq ölümü ilə bağlı vəziyyətdə son onillikdə irəliləyişlər qeydə alınıb. Lakin azərbaycanlı həkimlər və digər tibb ekspertləri bildirirlər ki, qızların cinsi tərbiyə barədə məhdud bilikləri onların hamiləliyə hazırlığının pis olması, eyni zamanda vacib prenatal tibbi yardıma əhəmiyyət verməməsinə gətirib çıxarır. Hövsan qəsəbəsinin 34 yaşlı Nazlıda (ad şərtidir) olduğu kimi… Maddi imkansızlıq və məlumatsızlıq ucbatından Nazlı iki uşağını ölü doğub. Hamiləlik dövründə həkimə getmədiyi üçün hətta az qala üçüncü uşağını da itirəcəkdi...

“Yeddi dəfə doğub, iki uşağı ölü doğulub. Salamat doğulanlar, şükür, böyüyülər. Ancaq bircə dəfə də olsun nə hamiləlik, nə də südəmər vaxtlarında həkimə getməyib” - deyə, Nazlının anası Lətifə Allahverdiyeva qeyd edir. 

Nazlı deyir ki, hamiləlik vaxtı həkim nəzarətinə düşməməsinə ciddi bir səbəb yoxdur. Sadəcə, evin, uşaqların qayğıları, bir az da tənbəllik həmişə onun həkimə getməyini arxa plana çəkib. Hətta sonuncu uşağın 9 ayı tamam olubmuş, o isə elə bilib ki, hələ hamiləliyin 8-ci ayındadır.

“Qonşunun  evindən uşaqların ürək dağlayan ağlaşma səsini eşitdim. Getdim ki, nə baş verməsini öyrənim, ilahi…”, qonşu Xəyalə həmin günü xatırlayır. “Mən o mənzərəni heç vaxt unutmayacam... Ana otağın ortasında qan içində, huşsuz vəziyyətdə uzanmışdı, dörd uşaq “ana, ölmə, anaaa” deyib, fəryad edirdi”.

Bu, Nazlının beşinci hamiləliyi idi. Qonşusu Xəyalə onu qan içində görəndə əvvəlcə öldüyünü zənn edib. Qonşuları səsləyib, köməkləşib onu doğum evinə çatdırıblar. Qeysəriyyə əməliyyatı ilə bətnindəki körpə, eləcə də Nazlı xilas edilib. 

UNİCEF-in məlumatına görə, 2018-ci ildə Azərbaycan Avropa regionunda uşaq ölümünün səviyyəsinə görə 1-ci yerdə olub. Həmin ildə 13,898 doğuş, 147 körpə ölümü qeydə alınıb.

Bəzi tibb ekspertləri rəsmi statistikanın problemə dair vəziyyəti doğru əks etdirmədiyini düşünür. Respublika Perinatal Mərkəzindən isə bildirilib ki, əvvəlki illərlə müqayisəni apararkən əhalinin sayını da nəzərə almaq vacibdir. “Əhalinin hazırkı sayına nisbətdə doğuşda baş verən ana ölümləri və perinatal dövrdə baş vermiş hallar nəticəsində körpə ölümlərinin sayı kəskin azalıb”.

Bu azalmanı bir tərəfdən də hökumətin proqramları ilə əlaqələndirirlər, məsələn, Səhiyyə Nazirliyinin dəstəyi ilə açılmış “Hamiləlikdə İnkişaf Portalı”. Portal (www.hip.az) hamiləlik, tibbi xidmətlərdən istifadə və digər məsələlər barədə məlumatlar paylaşır. .

Bu il hökumət həmçinin ölkə məktəbləri üçün cinsi təhsillə bağlı öz proqramını elan edib. Sovet dövründən sonra bu, ölkənin ilk belə proqramıdır və artıq 60 min nəfər 7-ci və 9-cu sinif şagirdinə pilot layihə kimi təqdim edilib. Bu məktəb proqramı vəziyyəti dəyişdirə bilər - təhsil və məlumat çatışmazlığından qadınların özlərini və körpələrini riskə atmasından narahat olan tibb ekspertləri belə hesab edir.

Dövlətin nəzdindəki qadın məsləhətxanalarında xidmətlər pulsuzdur. Bununla belə, ginekoloq Təranə Abbasova qeyd edir ki, məsləhətxanalar aid olduğu ərazidə yaşayan qadınlara zənglə müraciət etsə də, onlardan çox azı konsultasiyaya gəlir.

“Hamiləlik vaxtı gizli gedən zərərli proseslər doğuş zamanı ortaya çıxır, elə vaxt olur ki, tibb də anayla körpəni xilas etməkdə aciz qalır” - deyə, Abbasova bildirir.

“Savadsız, dünyagörüşü olmayan insanlar bilgilərini artırmağa meylli olmurlar. Bəzən olur ki, qadın məsləhətxanasına gələn hansısa hamilə qadına broşur verilir, maraqlanıb üzünə də baxmır, çıxanda zibil qutusuna atır. Ərazidəki hamiləlik dövrü yaşayan xanımlara zəng vururuq, dəvət edirik, baxırsan ki, yenə eyni adamlar gəlir”, o əlavə edir.

Ellada (şərti addır) doğuşaqədərki dövrdə heç vaxt həkim müayinəsinə getməyib. O, uşaqlarını evdə dünyaya gətirib.

Ermənistandan qaçqın gəlmiş 38 yaşlı Ellada 15 yaşında ikən məktəbi buraxıb, çünki ailəsinin onu məktəbə yollamağa yetərincə imkanı olmayıb. O, 18 yaşına çatanda isə ailə qurub, 1 il içində də hamilə qalıb.

Elladaya cinsi reproduktivlik haqqında nə məktəb illərində, nə də ailədə məlumat verən olmayıb. Doğuşa qədər həkim nəzarətində də olmayan Ellada qızını evdə doğub.

Biz o vaxt “İnsan” dərsi keçirdik, amma müəllimlər cinsi mövzuların üstündən keçirdilər. Deyirdilər ki, qızlar, bunu evdə özünüz üçün oxuyarsınız. Amma izah etmirdilər ki, nədir. Mən oxuyurdum, amma heç nə çatmırdı”, o deyir.

O, heç anasından cinsi əlaqə və aybaşı barədə öyrənməyib - Ellada ilk aybaşı vaxtı yaşadığı qorxuları hələ də xatırlayır. 

“14 yaşında aybaşı olmuşam. O qədər ağlamışdım ki, məndən qan gəlir. Qonşuda bir qız vardı, o məni sakitləşdirdi ki, narahat olma. Anam məni hazırlaşdırmamışdı ki, nə vaxtsa belə bir şey başıma gələcək. O vaxt elə şey olmurdu. Aramız açıq deyildi. Anam bir kəlmə dedi ki, qızlarda bu olur, hər ay olacaqsan. Başqa heç nə. Amma mən öz qızıma başa salmışam ki, qorxma, belə hal baş verə bilər”, Ellada bildirir.

Ellada qızının da məktəbdə reproduktiv sağlamlıq barədə ətraflı məlumat almadığını deyir.

İndiki məktəblilərə də açıq-aydın dərs keçilmir ki, öyrənsinlər. Qızım gəlb danışır ki, müəllimə bu haqda nəsə danışanda, uşaqları, əsas da oğlanları gülüşmə tutur. Amma arada hardansa gəlirlər məktəbə, yeniyetmə qızlara menstruasiya haqda başa salırlar, ped verirlər”.
İki uğurlu hamiləlikdən və evdə doğuşdan sonra Ellada üçüncü dəfə hamilə qala bilməyib və nəhayət, peşəkar tibbi yardıma müraciət edib. Bu isə yaxşı nəticələnməyib: dərmanlar və səhv müalicənin onda daha çox sağlamlıq problemlərinə səbəb olduğunu deyir.
Elladaya yazılmış dərmanlar onda ciddi allergiyaya səbəb olub. Səhiyyə mütəxəssisləri bildirir ki, keyfiyyətsiz və bahalı müalicələr hamilələri həkim nəzarətinin vacibliyinə inandırmağa əngəl törədir.
Ellada daha çox xalq təbabətinə və bədəninə qulluq etmək üçün öz intuisiyasına etibar edir. O, vaginal qulluq üçün qurudulmuş bitkilər - nanə, çobanyastığı və kəklikotu dəmləməsi istifadə edir. "Həm təbiidir, həm də sınanmış yoldur, ona görə tez-tez istifadə edirəm".
Ellada deyir ki, yanına getdiyi ginekoloqlar ona bir-birinə zidd müalicələr yazıblar, o cümlədən arıqlamağı da məsləhət görən olub.

Ellada qeyd edir ki, yenidən hamilə qalmaq problemi yaşayanda ginekoloqa ill müraciətini edib. Lakin bu təcrübə ona həm baha başa gəlib, həm də uğursuz nəticələnib.

“Bəzi həkimlər dedi ki, sənin uşaqlığında nəsə problem var. Başqa həkim dedi ki, artıq çəkin var, arıqlamasan, olmaz. Bilmirəm… Hər həkim bir şey deyir”.

Elladanın bir ginekoloji müalicəsi isə 40 gün aramsız qanaxmaya səbəb olub.

“Həm stress keçirirdim, həm də utanırdım ki, aybaşım qurtarmır. Həkimlər dedi, normaldır, keçib gedəcək. Amma dayanmadı. Qohumların məsləhətiylə başqa həkimə getdim. Onlar da dedi ki, uşaqlıq boşluğunu qaşıyıb çıxarmaq lazımdır. Sonra da antibiotik yazdılar ki, bədənim təmizlənsin”.

Bu isə işləri daha da korlayıb. Elladanın antibiotikə allergiyası olduğu üçün bədəni dərhal səpməyə başlayıb. İndi isə həkimlər ona başqa resept yazıb veriblər, lakin müalicəyə başlamağa hələ imkan tapmayıb.

İqtisadçı ekspert, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev hesab edir ki, hazırkı səhiyyə sistemi qadınlara keyfiyyətli, çatımlı xidmət verməkdə acizdir.

Səhiyyə xidmətləri dövlət müəssisələrində pulsuz olmasına baxmayaraq, reallıqda pasientlərdən ödəniş tələb olunur, müxtəlif xərcləri çəkməli olurlar. Əlavə olaraq, həkimlərə inam aşağı səviyyədədir.

“Hamıya məlumdur ki, digər xəstələr kimi, hamilə qadınlar da bir çox hallarda maddi imkansızlıq üzündən həkimlərə yaxınlaşa bilmirlər”, o deyir.

“Ölkədə səhiyyə sisteminin köklü şəkildə yenidən qurulmasına ehtiyac var. Həkimlərin fəaliyyətinə, peşəkarlığına, göstərdikləri xidmətlərin keyfiyyətinə nəzarət, maaş və s. yoluna qoyulmalıdır. Xəstə həkimə müracitə edir, həkim onu lazım olan və olmayan çoxlu müayinələrə göndərir, ehtiyac olmayan dərmanları yazır. Xəstə bilmir ki, bu müayinələrə və dərmanlara həqiqətən ehtiyac var, ya yox... Əvəzində adı pulsuz xidmət olan dövlət səhiyyə idarəsinin qapısından çıxır ki, bir daha ora qayıtmaq istəmir”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin