“Camaat nə deyər?”

Müəlli̇f: Gülgün Məmmədxanova,
09.10.19
Buraxılış: QORXU

19 yaşlı Aysel müstəqil şəkildə öz həyatını yaşayacağını gözləyirdi. O, universitetə qəbul imtahanını keçdikdən sonra Tbilisidə Gürcüstan Texniki Universitetində riyaziyyat ixtisası üzrə oxumağa başlayıb. Beləliklə də həyatında ilk dəfə ailəsindən kənarda yaşamaq mərhələsinə və sosiallaşma dövrünə qədəm qoyub.

Lakin Ayseli daim bir təşviş müşayiət edir. Buna səbəb doğulduğu kənddə - etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-Kartli bölgəsindəki kənddə onun haqqında söz-söhbət gəzmək ehtimalıdır.

Aysel qorxur ki, ailəsinin tanışlarından kimsə onu yad adamla - hansısa oğlanla danışarkən görə bilər və kənddə onun haqqında şayiələr ortaya çıxar. Buna görə də o, özünü qeyri-ixtiyari günahkar aparır. Belə bir məsələ haqda ən kiçik bir söhbət onun təhsil arzularını yarımçıq qoymağa kifayət edər.

“Məktəbi bitirdim. Universitetə qəbul olmaq ən böyük arzum idi. Bu istəyim haqqında yaxınlarıma bildirəndə əksəriyyətdən dəstək almadım”, o deyir.

Aysel qeyd edir ki, qohum-qonşu valideyinlərinə təsir edirmiş ki, onun təhsil almağına icazə verməsinlər, çünki “təhsil arxasınca gedən qızlar sırtıqlaşırlar”.

“Bunlar isə valideyinlərimdə tərəddüd yaradırdı. Onlar qorxurdular. Çünkü bizim kənddən Tbilisiyə oxumağa gedən bəzi qızlar haqqında yaxşı danışmırdırlar. Deyilənlərə görə, bəzisini gecə vaxtı taksidən düşərkən görüblər, bəzisini kafedə oğlanla söhbət edərkən və s.” -deyə, Aysel xatırlayır.

Bunlara baxmayaraq, Aysel mübarizə aparır və qəbul imtahanlarına bir-iki gün qalmış  valideynlərini razı sala bilir. Ancaq əvəzində valideyinlərinə söz verir ki, evdən universitetə, universitetdən də evə - 4 qızla birlikdə kirayə götürdüyü mənzilə gedəcək.

Aysel sözünün üstündə durur. O, universitetin 2 ili ərzində bütün diqqətini oxumağa verdi və universitetdə hər hansı şəxslə iki kəlmə belə kəsməməyə ciddi səy göstərdi. Lakin bu gedişat onun psixi vəziyyətini gərginləşdirirdi, beləliklə də o, ailəsinə kiminsə söz çatdırma ehtimalından ehtiyat edə-edə dərin bir depressiyaya qərq olur. 

“Camaat nə deyər?” fikrinin önəm daşıdığı bir ailəm olduğu üçün bu iki il ərzində günüm çox zaman ev və universitet əhatəsində keçirdi. Kurs yoldaşlarım mühazirələr qurtarandan sonra bir yerə toplaşar, söhbət edər, bəzən isə gəzintiyə çıxardılar. Təbii ki, mən çoxunda iştirak etməzdim”, Aysel deyir.

“Universitet əhatəsində oğlan kurs yoldaşımla tək söhbət etməkdən belə, çox zaman çəkinərdim. Elə bilirdim ki, kimsə məni indi görür və gedib kənddə adıma söz çıxaracaq. Bilirdim ki, bu, qorxunun psixologiyamda yaratdığı bir şey idi. Universitetdə bir oğlanla söhbət etdiyimə görə kimsə mənim haqqımda pis heç nə deyə bilməzdi. Ancaq özümdən asılı deyildi. Qorxu məni idarə edirdi”, o əlavə edir.

Nəticədə Aysel iki ildən sonra qərara gəlir ki, qorxu hissinin həyatını zəbt etməsinə izn verməsin. Və yavaş-yavaş universitetdən tanışları ilə qaynayıb-qarışmağa başlayır.

Psixoloq Könül Əliyevanın sözlərinə görə, Ayseli idarə edən qorxu hissi illərlə proqramlaşdırılmış ənənələrə söykənir.

Gender bərabərsizliyi və qızlara məhdudiyyətlər qoyan stereotiplər Gürcüstan boyunca yayılıb. Azərbaycanlılar, erməni və ruslar da daxil olmaqla etnik azlıqların çoxluq təşkil etdiyi Kvemo-Kartlı bölgəsində xüsusilə açıq-aşkar özünü göstərir. Bunu BMT tərəfindən 2013-ci ildə aparılan tədqiqat göstərir. Qadınlarla bağlı problemin böyük qismini erkən nikahlar təşkil edir. Tədqiqata görə, sorğu aparılan qadınların 30%-i ailə qurarkən 18 yaşından aşağı olub. Onların 5%-i isə 13-14 yaşlarında evləndirilənlərdir.

Psixoloq Könül Əliyeva deyir ki, bu, qadınları ailə və analıq prizmasından dəyərləndirən ənənədən irəli gəlir. Onlara ömür boyu etməməli olduqları şeylər təlqin olunduğu üçün həyatları qorxu üstündə qurulur.

“Qızlar daha həssas olduqlarından cəmiyyətdə baş verən hər bir hadisə, xüsusilə yazılmamış qanunlar onlara daha çox təsir edir. Onlarda ünsiyyət problemləri, çəkingənlik, özlərini ifadə edə bilməmə, habelə natamamlıq kompleksləri yaranır. Öz həyati məsələlərini, gələcəkləri və məqsədlərini icra etməkdənsə, getdikləri yerdə onlara hansı qadağaların qoyulacağını düşünürlər və belə olan halda enerjilərini səmərəli istifadə etməkdə çətinlik çəkirlər”, Əliyeva qeyd edir.

“Oğlanlara həyatda daha azad addımlamaq imkanı yaradılsa da, qızlara daim nəzarət olunur. Zaman keçdikcə qızlara qarşı bu münasibət dəyişir, amma hələ də öz təsirini göstərməkdədir”, psixoloq əlavə edir.

Kvemo-Kartli bölgəsi üzrə gender mütəxəssisi Nona Samxaradze qeyd edir ki, azərbaycanlıların yaşadığı bu bölgədə müəyyən əngəllər var ki, qadının cəmiyyət tərəfindən idarə edilməsini sürətləndirir. 

Məsələn, dil baryeri - azərbaycanlılar uzun illər gürcü dilini öyrənmədikləri üçün izolyasiya şraitində yaşayıblar. İndi bu əngəlləri gənc nəsil - xüsusilə qızlar yavaş-yavaş açmağa başlayır, bununla belə, valideynləri və nənə-babaları tərəfindən hələ də stereotiplərlə üzləşirlər. 

22 yaşlı Günəş kimi, məsələn.

Orta məktəbi fərqlənmə ilə başa vurmuş Günəş ailəsinə açıq bildirib ki, o, paytaxta təhsilini davam etdirməyə gedəcək. Lakin nənəsi bu prosesdə çox canfəşanlıq edib ki, onu evdən buraxmasınlar.

“Mən hələ 8-ci sinifdə oxuyarkən ətrafımdakılara universitet xəyalım haqqında öz fikrimi bildirmişdim. O zaman o qədər də dediklərimə məhəl qoymamışdılar. Nə vaxt ki 12-ci sinfi bitirib qəbul imtahanlarına hazırlaşamağa başladım, ailəmdə bir təlaş oldu, əsas da nənəm tərəfindən. O deyirdi ki, oxumaq istəyirsə də, Marneulidə bir kollecdə oxusun. Gözümüzün qabağında gedib-gəlsin dərsə. Tbilisidə oxumağa nə gərək var. Qızdır, oğlan deyil ki”.

 

Hətta Tbilisidə yaşaya-yaşaya Günəş özünü ailəsinin təzyiqi altında hiss edirdi ki, sözəbaxan olmalıdır. Amma o çalışdı ki, son bir neçə ildə həmin qorxuların öhdəsindən gəlsin. Normal həyata qayıtsa da, qorxular onu tərk etmir.
Günəşin anası Lalə qızının təhsil almağına görə çox sevinsə də, onun gələcəyi üçün və ailənin ad-sanına xələl gələ bilər deyə, qorxur. “Kənddə təhsil alan qızlar haqqında az söz-söhbət eşitmirəm, bu isə məni narahat edir. İstəmirəm mənim ailəm də hədəf olsun”.

Günəş təkidlə valideynlərini razı sala bilir ki, Tbilisidə qəbul olunduğu tarix fakültəsində təhsil ala bilsin. O, nənəsinə söz verir ki, tələbə olduğu 4 il ərzində özünü “ağıllı qız” kimi aparacaq.

"Bizim kəndə də, hər yerdə olduğu kimi, tələbə qızlar haqqında müxtəlif şayiələr olurdu. Əslində ailəm bu şayiələrinin çoxunun yalan olduğunu bilirdi, ancaq yenə onlar üçün xalqın dilinə düşmək qəbuledilməz idi. Atam xeyirdi ki, adamın adı çıxdı, canı çıxdı".

Günəşin anası Lalə qızının təhsil almağına görə çox sevinir. Ancaq onun gələcəyilə bağlı qorxur.

“Təhsil almaq mənim də ən böyük arzum idi. Ancaq mən qızım Günəş kimi cəsarətli ola bilmədim və 16 yaşında evləndirildim. Evlənəndən sonra “yaxşı gəlin” olmaq üçün kim nə deyirdisə, sakitcə onu da edirdim”.

19 yaşlı Aysel və 22 yaşlı Günəş Gürcüstanın əsasən azərbaycanlılar yaşayan mühafizəkar region olan Kvemo-Kartlidəndirlər. Azərbaycanlı icma gürcü dilini bilmədiyi üçün ölkənin sosial, siyasi və iqtisadi həyatına inteqrasiya ola bilməyib. Bu izolyasiya onları kompakt şəkildə yaşamağa və qapalı həyat tərzinə sövq edib ki, bu da gender bərabərsizliyinin yüksək dərəcədə olmasına gətirib çıxarıb.
Günəşin anası Kvemo-Kartlidə evində cehiz yorğan-döşəyini səliqəyə salır. “Təhsil almaq mənim də ən böyük arzum idi. Ancaq mən qızım Günəş kimi cəsarətli ola bilmədim və 16 yaşında evləndirildim. Evlənəndən sonra “yaxşı gəlin” olmaq üçün kim nə deyirdisə, sakitcə onu da edirdim”.
43 yaşlı Lalənin 3 qızı var. İkisi erkən yaşda evlənib. O deyir ki, Günəş bacıları kimi heç vaxt itaətkar olmayıb.
Günəş və Lalə qohum-qonşunun fikirlərinə və qoyulan məhdudiyyətlərə qarşı birlikdə mübarizə aparıblar.
"Bizim kəndə də, hər yerdə olduğu kimi, tələbə qızlar haqqında müxtəlif şayiələr olurdu. Əslində ailəm bu şayiələrinin çoxunun yalan olduğunu bilirdi, ancaq yenə onlar üçün xalqın dilinə düşmək qəbuledilməz idi. Atam deyirdi ki, adamın adı çıxdı, canı çıxdı".
“Həmişə anamın sözlərini Günəşə təkrar deyirəm: “Bax bu 4 ili elə oxu ki, yaxşı ad çıxarasan”, Lalə qeyd edir.

43 yaşlı Lalənin 3 qızı var. Digər ikisi artıq evlidir.

“Günəş indi bizdən uzaqda yaşayır. Bir yandan onun təhsil almağına sevinsəm də, bir yandan da içimdə bir qorxu var. Kənddə təhsil alan qızlar haqqında az söz-söhbət eşitmirəm, bu isə məni narahat edir. İstəmirəm mənim ailəm də hədəf olsun. Buna görə də  bir vaxt anamın mənə dediyini hər dəfə Günəş Tbilisidən evə gələndə mən də ona deyirəm: “bax bu 4 ili elə oxu ki, yaxşı ad çıxarasan”, Lalə qeyd edir.

O əlavə edir ki, Günəş bacıları kimi heç vaxt hər şeyə təslim olmayıb. “O, həmişə cavab verirdi ki, bəlkə, heç sizin fikirləşdiyiniz kimi yaxşı qız olmayacağam”.

Hətta Tbilisidə yaşaya-yaşaya özünü ailəsinin təzyiqi altında hiss edirdi ki, sözəbaxan olmalıdır. Amma o çalışdı ki, son bir neçə ildə həmin qorxuların öhdəsindən gəlsin.

"Mən tələbəlik illərimi universitet və ev arasında keçirmək istəmirdim. Ancaq yenə içimdə qorxu hissi olduğuna görə bu obrazdan çıxa bilmək mənə çətin oldu. Əgər ailəm “xalq nə deyər”ə önəm verməsəydi, mən, bəlkə də qorxmazdım", o deyir.

Bu gün o, qrup yoldaşları ilə sosiallaşsa da, narahatdır.

"Sonda “ağıllı qız” obrazından çıxaraq azad Günəş oldum, ancaq bu azadlıqda da “birdən kimsə görsə” qorxusu var idi. Bəli, qorxu içində yaşayan azad Günəş, nə qədər qəribə və gülünc səslənsə də”.
Günəşin nənəsi. “Mən 12-ci sinfi bitirib qəbul imtahanlarına hazırlaşamağa başladım, ailəmdə bir təlaş oldu, əsas da nənəm tərəfindən. O deyirdi ki, oxumaq istəyirsə də, Marneulidə bir kollecdə oxusun. Gözümüzün qabağında gedib-gəlsin dərsə. Tbilisidə oxumağa nə gərək var. Qızdır, oğlan deyil ki”, Günəş deyir.
Orta məktəbi fərqlənmə ilə başa vurmuş Günəş ailəsinə açıq bildirib ki, o, Tbilisidə təhsil almağı planlaşdırıb. Lakin nənəsi bu prosesdə çox canfəşanlıq edib ki, onu evdən buraxmasınlar.
“Qızları elə böyüdürlər ki, onlar öz həyati məsələlərini, gələcəkləri və məqsədlərini icra etməkdənsə, getdikləri yerdə onlara hansı qadağaların qoyulacağını düşünürlər”, psixoloq Könül Əliyeva deyir.
Lalə qızı üçün hazırladığı ərzaq çantasını Tbilisiyə yola salmaq üçün Günəşlə birlikdə daşıyır.
“Mən qorxu içində yaşayan azad Günəş olmağı seçdim”.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin