Çoxmərtəbəli binalarda yüksələn qorxu

Müəlli̇f: Ülkər Natiqqızı, Emin Mathers
17.10.19
Buraxılış: QORXU

Bakıda insanlar ev alarkən daha çox qiyməti barədə düşünürlər, nəinki təhlükəsizliyi. Bunu daşınmaz əmlak agentliyi əməkdaşı Nazim Mehdizadə deyir.

Mehdizadə 8 ildir daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur – bu müddətdə Bakı inşaat şirkətləri tərəfindən laqeydlik və açıq-aşkar tikinti pozuntularına şahid olub.

"Çox nadir hallarda sual verirlər. Yəni maraqlanmırlar. Biz müştərilərlə bütün gün razılaşma aparırıq. Təhlükəsizliklə bağlı heç bir sual yoxdur. İnsanlar gözləmirlər ki, nəsə ola bilər. Elə bilirlər tikilib, deməli, möhkəmdir".

Tikinti üzrə mütəxəssislər vəziyyətin getdikcə yaxşılaşdığını qeyd etsələr də, indiyədək mövcud standartlar və ümumi nəzarətin olmaması Bakıdakı yüzlərlə yaşayış binasının tikinti normalarına cavab vermədiyini göstərir.

Bu isə dəfələrlə ölümcül nəticələrə gətirib çıxarıb. Ən çox səs-küyə səbəb olanlardan biri 2015-ci ildə Binəqədidə yaşayış binasında baş verən yanğındır ki, hadisə 15 nəfərin, o cümlədən uşaqların ölümü ilə nəticələnib, 50-dən çox insan xəsarət alıb.

Binəqədidəki yanğına səbəb keyfiyyətsiz tikinti materialları, konkret olaraq, keyfiyyətsiz plastik bina örtüyü olub və alov sürətlə bütün binanı bürüyüb.

Həmin vaxt Sevinc Fədai orada kirayədə yaşayırdı. Yanğın başlayanda körpə oğlu ilə mənzilində idi – alov o qədər sürətlə yayılmışdı ki, o, binanı tərk etməyə fürsət tapa bilməmişdi. Sevinc işıqları söndürdükdən sonra qapını açıb və körpəsini əmizdirməyə başlayıb ki, oyaq qalsın və tüstü nəfəsini kəsməsin.

“Təsəvvür edin ki, oğlum narahat və ağlağan uşaq idi. Amma yanğın zamanı ağlayanda necə sevinirdim, sağdı deyə. Yuxulamasın deyə çalışırdım”.

Sevinc və ailəsi yanğın söndürüldükdən və bina təmir olunduqdan sonra o mənzilə bir daha qayıtmayıb.

“Biz o evdə kirayədə yaşayırdıq. Təbii ki, sonra o evə dönmədik. Həmin müddət həyət evinə kirayə köçdük. Hündürmərtəbəli bina evinin narahatlığı var. Hadisə baş verən zaman xilas olmaq çətin olur”.

Bu narahatlıq hissi son on ildə Bakı sakinlərinə yayılmağa başladı. Ölümlə nəticələnən qəzaların sayı, tikinti ərazisində baş verən ölüm halları, uçmuş tikililər sakinlərin öz evlərinin içində təhlükəsiz olduqlarına dair şübhələrini artırırdı.

Sosial tədqiqatçı Toğrul Abbasov qeyd edir ki, insanın evi, yəni sığınacağı, təkcə haqq deyil, həm də tarixi olaraq ortaya çıxması baxımından insanın özünü sivil qaydada qorumasının əsasıdır.

“Yəni hamımız çölün, təbiətin, başqalarının yaratdığı bütün fiziki və psixoloji təhlükələrə qarşı ən sivil müdafiə üsulu olaraq daldalanmağa, bir qapıdan içəri girməyə ehtiyac duymuşuq və duymağa da davam edirik. Ona görə də bu qorunmaq ehtiyacımız nə qədər çox qeyri-müəyyən şəkildə qarşılanarsa, bizi də o qədər çox təhlükədə hiss etdirir və təşviş və qorxu yaşamağımıza səbəb olur.”

Abbasov bildirir ki, köhnə binalar, yəni Sovet dövründə tikilənlər həm də gələcəyə ümidin, modernləşməyə inamın simvollarından biri idi. Həmin tikintilərin dövründə dövlət həm tikən, həm də nəzarət edən tərəf olaraq təminatçı rolunda idi və biznes marağı güdmürdü: insanlar məsuliyyəti kimin daşıdığını bilirdilər.

İndi isə vəziyyət başqa cürdür.

Son 20 ildə Bakının mərkəzi bölgələrində lüks plazalar və yaşayış binaları köhnə tikililəri əvəzləyib. Neft pulları ölkəyə axdıqca şəhər xaotik və kütləvi tikinti bumuna məruz qalıb – bu, şəhərin Baş planının olmaması və tikinti qaydalarına əhəmiyyət verilməməsinin fonunda baş verib. “Novostroykalar” yağışdan sonra çıxan göbələklər kimi artdıqca təhlükəsiz sığınacaq məsələsi gündəmə gəlməyə başlayıb.

“Konkret olaraq Bakıda yaşanılan yeni bina bumunda tikənlərin də, icazə verənlərin də, nəzarət edənlərin də və s. hamısı insanlar üçün qeyri-müəyyəndir və etibarlılıq hissi vermir”- deyə, Toğrul Abbasov şərh edir.

İnsanların qorxu hissi əsassız da deyil. Belə ki, Azərbaycanda istismarına icazə verilmədən insanların məskunlaşdığı çoxmənzilli yaşayış binalarının və yaxud da komplekslərin sayı 470-dir, onun 413-ü paytaxtda yerləşir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyev ona.az saytına bildirib ki, 350-yə yaxın yaşayış binasında çatışmazlıqlar qalmaqdadır. Məsələn, təqribən 200-ə yaxın bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir.

Jurnalist Ramal Hüseynov 2015-ci ildə Xətai rayonunda yaşayış binasında yanğın olmadan xeyli əvvəl onun keyfiyyətindən bədgüman idi. O, fəhlələr binanın fasadı üzərində işləyərkən etirazını da bildirib.

“Deməli, biz beşmərtəbəli binada yaşayırıq. Yol qırağında, həmin birinci yanan binanın düz yanında. Mən həmin bina üzlənəndə materiallara baxdım və etiraz etdim. Amma kim ki bu binanı üzləyirdi, onların rəhbərləri, icra hakimiyyətindən nümayəndə “əşşi qulaq asın, yola verin” deyə davrandılar, qulaq asan olmadı. Yanımızdakı binanı bitirmişdilər, zibillər ətrafından təmizlənməmişdi. Sürüpüb yığmışdılar düz binanın küncünə. Güya yığacaqdılar, amma yığmadılar.”

Hüseynov binanın üzlük materialından bir hissə götürüb və keyfiyyətini yoxlamaq qərarına gəlib. Sınaq edərkən poliuretan üzlük dərhal alovlanıb. Binanın sakinləri təhlükə məsələsində onunla həmfikir olsalar da, heç kəs şikayət etməyib.

Ramal Hüseynov xatırlayır ki, evinə yanaşı olan tikili sürətlə yanıb, ondan sadəcə 2-3 gün sonra özünün yaşadığı binada yanğın baş verib. Bu dəfə sakinləri sürətlə onun qarşısını alıblar.

“Gördüyümüz qədər yanğın ordan baş vermişdi. Bizə deyildi ki, güya kimsə yuxarıdan siqaret çəkib atıb, ora düşüb və ordan da yanğın başlayıb. Tam dəqiq versiyanı mən bilmədim”, o qeyd edir.

Ramal Hüseynov əlavə edir ki, sakinlər yanğından sonra fasadı özləri sökməyə başlayıblar. Şəhər rəhbərliyi onların qəzəbli olduğunu gördüyü üçün poliuretan üzlük tamamilə dəyişdirilib.

“O hadisələr vaxtı çox narahat idik. Binanın üzlüyü sökülənə qədər təhlükdə hiss edirdik. Söküləndən sonra artıq yox. Daşdan tikildi. Heç bir təhlükə yoxdur”.

Tikinti üzrə ekspert Ramil Osmanlı qeyd edir ki, inşaatda nöqsanlara görə baş vermiş yanğınların qarşısı alına bilər. O, Bakıda yaşayış binalarında baş verən yanğınların “tikinti şirkətləri tərəfindən təhlükəsizlik qaydalarının pozulması ilə əlaqəli olduğunu” bildirir.

“Amma sözsüz ki, bunun qarşısını almaq üçün tədbirlər görmək mümkündür. Amma bizdə müvafiq icra orqanları bəzi hallarda bu proseslərə vaxtında müdaxilə etmirlər”.

Ramil Osmanlı əlavə edir ki, hökumət şirkətləri məsuliyyətə cəlb etməyə başlayıb. Məsələn, tikinti şirkətlərinə qarşı yeni sanksiya və cəzalar tətbiq olunur. Osmanlı deyir ki, hələ də təhlükəsizlik qaydalarına tam əməl etməsələr də, tikinti şirkətləri əvvəlkindən daha yaxşı işləyirlər.

“Görülən tədbirlər nəticəsində xüsusilə də çoxmənzilli binalarda tikinti normaları istiqamətində müəyyən pozuntular olsa da, keyfiyyət problemləri artıq öz aktuallığını itirib. Tikinti şirkətlərinə qarşı müvafiq sanksiyalar və cərimələr tətbiq olunsa da, onlar təhlükəsizlik qaydalarına riayət etmirlər”.

Poliuretan fasadı istehsal edən və 2015-ci ildə Sevinc Fədainin yaşadığı binaya quraşdıran iki şirkətin rəhbəri yanğından sonra həbs olundu. Yanğında ittiham olunan səkkiz nəfərdən üçü cəzasını çəkmədən sərbəst buraxıldı.

Məhkəmə hökmünə və həbs cəzalarına baxmayaraq, Sevinc Fədai hələ də onu və körpəsini təhlükəyə atan yanğına nəyin səbəb olduğunu dəqiq bilmir. Keçmiş sakinlərə o vaxt bildirilmişdi ki, yanğının zibil qutusundan başlayıb və sonra binaya yayılıbmış.

Lakin Sevinc bu açıqlama ilə razılaşmır, zibil qutularının həyətdə olduğunu fasada yaxın yerləşmədiyini bildirir.

“Biz əvvəlcədən binamızın təhlüəkli olduğunu bilə bilməzdik. Bu, sadəcə boş-boş iddialardır. Biz orda yaşayırdıq, görürdük. Bu təhlükə əvvələcdən məlum idi. Sadəcə vaxtında bunun qarşııs alınmamışdı”.

Binanın yeni fasadının köhnə plastik olan üzlükdən daha təhlükəsiz olduğu deyilir. Lakin tikinti ekspertləri xəbərdarlıq edir ki, paytaxtın əksər yaşayış binaları təhlükəsizlik normalarına cavab vermir.
Xətai rayonunda binalardan biri. Sakinlər yanğın binanın çıxışını paltar sərmək üçün istifadə edirlər.
Sosial tədqiqatçı Toğrul Abbasov deyir ki, insanların Sovet dövründə tikilmiş binalara daha çox etibarı var; yeni binalar həmin vaxt modernləşməyə inamın simvolu idi və insanlar təhlükəsizlikdə olduqlarına əmin idilər.
Azadlıq 200/36-dan Bakının görüntüsü. Son 20 ildə şəhərdə tikinti işləri geniş vüsət almış olsa da, son vaxtlara qədər təhlükəsizlik standartlarına az diqqət yetirilib.
Qaqarin körpüsü yaxınlığında inşa edilməkdə olan bina.
Fəhlələr iş başında
Xətai rayonunda divar yazısı - “Bizim məhəllə”
Əli, Bəşir və Azər qonşudurlar, Xətai rayonu ərazisindəki çoxmərtəbəli binalardan birinin sakinləridir.
Sakinlər yanğın çıxışlarında həmçinin siqaret çəkməyə çıxırlar.
Yaşayış binalarının ümumi hissələri bəzən şəxsi məqsədlər üçün, məsələn paltar sərmək üçün istifadə olunur.
Binanın daxili pilləkəni
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin