“Məqsəd – insanı diksindirməkdir”
“Əsas məqsəd insanı diksindirməkdir. Çünki qorxunu qorxuyla çıxardarlar” – deyə, Səkkiz Qapı pirinin işçisi Mirtofiq Seyidrzaoğlu çıldağ prosesini izah edir.
Çildağ - dağbasma deməkdir. Xalq arasında belə bir inam var ki, çıldağçı qorxmuş, stress yaşamış insanın bədəninə yanar od - dağ basmaqla onun qorxusunu aradan qaldıra bilər.
Qorxunu aradan qaldırma ritualının əsasında gözlənilməz bir şey etməklə insanda şok effekti yaratmaq dayanır. Bunun şüşə qırma, dəmir vasitələri bir-birinə vurma kimi növləri var, bununla belə, ən geniş yayılmış üsul pambığı və ya kətan parçanı alışdırıb qorxanın əsəb tellərinin qurtaracaq ucları yerləşən nöqtələrə qəfildən toxundurmaqdır. Çıldağ kürək nahiyəsində başlayıb, sinə, qollar, dizlər və ayaqlarda qurtarır.
Qorxuçıxarma prosesinin tarixi hələ ki, dəqiq müəyyənləşdirilməyib.
Filologiya elmləri doktoru Firudin Cəlilov hesab edir ki, çıldağ Azərbaycanda şamanizmin izlərini saxlayan fenomendir, daha sonra insanlar İslam dinini qəbul etdikdən sonra ona uyğunlaşdırılmağa çalışıblar.
Qədim dövrdə insanlar hesab edirmişlər ki, çıldağ sayəsində “cin, şəyatin və s. şər qüvvələr qorxub qaçacaqlar” - deyə, AMEA-nın buraxdığı Azərbayan Etnoqrafiyasının III cildində vurğulanır. Burada təsirə qarşı əks təsir yaratmaq prinsipinə əsaslanıblar.
“Qədim insanların, passiv formada olsa da, təbiət hadisələrinə münasibət, müdaxilə cəhdi öz inikasını sehrdə tapıb. Misal üçün, qədim əcdadlarımız elə biliblər ki, Günəşin, Ayın tutulmasının səbəbkarı cin, şəyatin və s. şər qüvvələrdir. Odur ki, ayrı-ayrı nəsnələri (bir qədər sonra dəmir alətləri) bir-birinə vurmaqla səs çıxarmış və bununla həmin qüvvələri qorxuzub qaçıracaqlarına inanmışlar” – deyə, Azərbaycan Etnoqrafiyası kitabında qeyd olunur.
ianə verin