Azərbaycanda siyasiləşməyən etirazlar

Müəlli̇f: Sevinc Vaqifqizi
26.03.20
Buraxılış: Etiraz
Məqalə Toğrul Abbasov ilə birlikdə hazırlanıb.

Keçən onillik Azərbaycanda vətəndaşların çoxsaylı etiraz nümayişləri ilə yadda qalıb. Həmin etirazlar əsasən kiçikmiqyaslı və ya hətta təknəfərlik də olub və siyasət mütəxəssisləri onların uzunmüddətli təsirini şübhə altına alıblar.

Amma bu etirazları əhəmiyyətli edən də məhz bu idi – lokal, təşkilatlanmamış xarakteristikası, bir-birindən fərqli zamanlarda oxşar tələblərlə ortaya çıxması. Bəs bu etirazlara nə səbəb olmuşdu, onlar daha əvvəlki siyasi etirazlardan fərqləndirən nə idi?

Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda özündə sosial tələbləri də ehtiva edən iqtidar əleyhinə etirazlar 2003-2005-ci illərdə özünün pik həddinə çatan siyasi müxalifətin ətrafında cəmlənmişdi. Belə ki, şura hökumətinin dağılması prosesində Azərbaycanda insanlar həm dövlətdəki struktural dəyişikliklərin və transformasiyaların, həm də Qarabağ müharibəsinin təsiri ilə olduqca siyasiləşmiş vəziyyətdə idi. Ancaq SSRİ-nin dağılma prosesi tamamlandıqdan və Qarabağda müharibə dayandıqdan sonra həmin enerji daha çox daxili siyasətə yönlənmişdi.

“Bu siyasi diskursun mərkəzində isə milli kimlik və millətçiliklə bağlı məsələlər dayanırdı. Yəni istər iqtidarı, istərsə müxalif qüvvələri dəstəkləsin, həmin dövrdə insanların sosial vəziyyəti pis olsa belə, bunun düzələcəyi və ya siyasi yolla dəyişəcəyi ilə bağlı arzu və ümidləri davam edirdi –  iki tərəfin də tərəfdarları üçün təqribi baxış belə idi: ‘əgər milliliyimizi düzgün qavrasaq, digər problemlər də həll olacaq’”, sosial tədqiqatçı Toğrul Abbasov izah edir.

“Ancaq 1980-cı illərin sonundan etibarən siyasi arzular tərəfindən kütləvi hərəkata cəlb edilmiş ictimaiyyət 2003-2005-ci il etirazları ilə öz yekun nöqtəsinə çatdı – millətçiliyin fərqli məzmunları üzrə müzakirə/qarşıdurma artıq sosial problemlərin həlli üçün heç bir ümid vəd etmirdi”, o əlavə edir.

Bu siyasi arzuların yekun nöqtəsi ilə Azərbaycanda neft gəlirlərinin astronomik artımı da təqribən eyni vaxta düşmüşdü. Beləcə, problemlərini siyasiləşdirərək həll edə bilməyən insanlar, eyni vaxtda yeni bir “təkliflə” qarşı-qarşıya idi – öz problemlərini artan neft gəlirlərindən payına düşəcək hissə ilə fərdi qaydada həll etmək.

Bu isə yeni bir ümid idi.

"Mən buna “kollektiv ümidini itirmiş toplumun, fərdi ümid periodu” deyərdim”, Toğrul Abbasov bildirir. “Ona görə də manatın devalvasiyalarından sonra artan etirazlar fərdi ümidləri doğrulmamış insanların pərakənda halda bir araya gəlməsindən ortaya çıxmışdı”.

Bu etirazlar böyük siyasi partiyaların təşkil etdiyi mitinqlərdən köklü şəkildə fərqlənir. Keçən onilliyin əvvəlindən başlayaraq, yerli icmalar xüsusən məmurların pis davranışları və çörək kimi əsas ehtiyacların bahalaşması kimi səbrlərini daşdıran məsələlərə cavab verməyə başladılar. Ancaq bu reaksiyalar oxşar tələbli digər icmalarla birləşmədən və ya daha böyük, ölkəmiqyaslı hərəkata çevrilmədən ayrı-ayrı hadisələr şəklində baş verib.

Bu etirazlar niyə birləşmədi?

“Etirazların ortaq bir platformada birləşməməyinin əsas səbəbi onları birləşdirən hər hansı modern təşkilati strukturunun (millət, sinfi birlik, həmkarlar birliyi və s.) heç birinin mövcud olmamağı ilə bağlıdır”, Toğrul Abbasov deyir.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğluna görə isə keçən onillikdə baş verən etirazlar “yaşamaq uğrunda mübarizə idi”. İbadoğlu bu sosial etirazların pərakəndə qalmasını isə Azərbaycandakı sol hərakatların mövcud olmaması ilə əlaqələndirir.

“Dünyanın hər yerində aşağı gəlir qrupundan insanlar sol hərakatlar və sosial-demokratlar tərəfindən təmsil olunur. Azərbaycanda belə siyasi hərəkatlar olmadığı üçün bu etirazları kollektivləşdirib birləşdirəcək bir siyasi güc yox idi. Mövcud siyasi partiyalar isə həm sol düşüncədən uzaqdır, həm də əsasən sadəcə paytaxtda fəaliyyət göstərir”.

Nümayişlərin siyasi təsirindən asılı olmayaraq, ayrı-ayrı etirazçılar üçün bu hadisələr fərdi itkilərə səbəb olub - itirilmiş iş yerləri, həbs cəzaları…

Sərvin Çobanov 2012-ci ildə Quba şəhərində yerli icra hakimiyyəti əleyhinə mitinq keçirən insanların arasında idi.

2012-ci ilin martın 1-də icra başçısının xalq tərəfindən istefaya çağrılmasına səbəb başçının yerli əhalini təhqir edən çıxışı olub. Aksiyanın tələbi icra başçısının üzr istəməsi və vəzifəsindən istefa verməsi idi. Amma icra başçısı üzr istəmədiyi üçün etirazçılar da dinc aksiyalarına davam ediblər. Hərbi hissənin əməkdaşları göyə güllə açıb, gözyaşardıcı qazdan istifadə edənə qədər… Bundan sonra etirazçılar icra başçısının evinə yollanıblar. Sərvin Çobanov da həmin vaxt onlara qoşulub. Aksiyaçıların bir qrupu icra başçısının evini yandırıblar. Yalnız onun istefaya göndərilməsi xəbərindən sonra etirazçılar sakitləşib evlərinə qayıdıblar.

Sərvin Çobanov deyir ki, orada heç bir zorakı hərəkəti olmayıb, dinc şəkildə etiraz edib. Amma hadisədən bir neçə ay keçdikdən sonra polis şöbəsinə çağırılıb və  ictimai asayişi pozmaqda, polis əməkdaşlarına qarşı güc tətbiq etməkdə ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Onunla birlikdə aksiya iştirakçılarından 30-a yaxın şəxs həbs edilib.

“Aksiyaya çıxanda heç ağlıma gəlmirdi ki, məni həbs edə bilərlər”- deyə, Çobanov bildirir.

Çobanov 2012-ci ilin dekabrında 3 il sınaq müddəti olmaqla şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından sərbəst buraxılıb.

Digərlərinin bəxti onun qədər gətirməyib.

2012-ci il martın 1-də Qubada baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışı olub. İnsanlar onun istefası tələbiylə küçəyə çıxıblar.
Etirazçıları dağıtmaq üçün əraziyə əsgər göndərilib və bundan sonra Qubada dinc etiraz aksiyaları iğtişaşlara çevrilib. Burada əsgərlər havaya güllə atıb və nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə ediblər.

Bahalaşmanın gətirdiyi qəzəb

Coşqun Bəgişov 2016-cı ildə çörəyin bahalaşmasına etiraz olaraq həbs olunub. 2015-ci ildə Azərbaycanda ilk dəfə manat dəyərdən düşməyi ilə ölkədə bütün məhsulların qiyməti qalxmışdı. O vaxta qədər bütün qayğılarını məhəllədə, ictimai nəqliyyatda, çayxanalarda dilə gətirən insanlar artıq birləşib küçələrə çıxmağa başladılar. Səkkiz rayonda, o cümlədən Bəgişovun yaşadığı Siyəzəndə baş verən aksiyanın əsas səbəbi unun qiymətinin bahalaşması idi.

“Biz acından bura gəlmişik, yaşaya bilmirik” - Füzulidə etirazçı deyirdi.

Ağcabədidə üç nəfər qiymət artımına, kredit borclarına görə binanın fasadına qalxıb, intihara cəhd etmişdi. 

Hüquq-mühafizə orqanları bir rayonda aksiyanı dağıdırdısa, o biri rayonda yeni etirazlar başlayırdı. Aksiyalardan sonra unun qiyməti aşağı düşdü, amma etirazda iştirak edən bir neçə nəfərin evinə gələn çörək azaldı. Digər etirazçılarla yanaşı, Bəgişov da tutuldu.

“Səhər namaza başlamışdım, qapı döyüldü, açdım, 20 nəfər maskalı, silahlı şəxs evə girdi.  Mənim və qardaşımın əlini divara söykəyib üstümüzü axtardılar. Bundan sonra əlimizi arxadan bağladılar, başıaşağı maşına qaçırdılar, oradan da şöbəyə”, o xatırlayır.

O qeyd edir ki, polis bölməsinə aparıldıqdan sonra qardaşı onlara qarşı davranışa etiraz edib, bu isə polisin daha sərt müdaxiləsinə və zorakılığına səbəb olub.

“Dəhlizdən çıxarıb saxlama məntəqəsinin gəzinti yerinə gətirdilər, orada kamera vardı, kameranın qarşısında da bizi vəhşicəsinə döydülər. Dedilər, bunlar bizə daş atıblar. Qardaşıma 15 sutka verdilər, mənə 4 il”.

Bəgişov 3 il 2 aydan sonra əfv sərəncamı ilə azadlığa çıxıb.

2011-ci ildə Sabirabad rayonunda bir qrup sakinin etirazına səbəb 2010-cu ildə baş vermiş güclü daşqın səbəbindən əmlaklarına və təsərrüfatlarına dəyən ziyana görə kompensasiya ala bilməmələri olub.
2010-cu ilin may ayında Kür çayı daşıb 30 min ev və 110 min hektar əkin sahəsini məhv etmişdi.
2013-cü ilin yanvar ayında İsmayıllıda rayonun icra başçısı Nizami Ələkbərova və ailəsinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları iki avtomobil və iki motosikli, həmçinin Ələkbərovlara məxsus villa və oteli yandırıblar.
İğtişaşların ardından Daxili İşlər Nazirliyi qoşunları bölgəyə göndərildi və bölgəyə aparan bütün yollar bağlandı. Əsgərlər izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi, nəticədə bir çox insan, o cümlədən azyaşlılar zərər gördü.

Bəs neft gəlirlərinin astronomik olaraq artdığı 2005-ci ildən sonrakı müddətdə bu sosial problemlər həll edilə bilməzdimi? Nəyə görə hökümət bu sosial problemləri vaxtında həll etməyərək bu etirazların yaranmasına şərait yaratmışdı?

Məsələn, rayonlarda etiraz səsləri başlamamışdan əvvəl, 2004-cü ildə prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramını təsdiq etmişdi. Proqrama görə regionda qeyri-neft sektoru inkişaf etdirilməli, yeni iş yerləri açılmalı,  əhalinin məşğulluq səviyyəsi artırılmalı idi. Amma əksinə oldu. Həmçinin 2015 və 2016-cı illərdə manatın düşməsi ilə sosial problemlər kəskinləşdi.

Toğrul Abbasova görə, cəmiyyət üçün gəlirlərin artması özlüyündə sosial problemləri həll edən bir məfhum deyil. Sosial problemlərin həlli zənginliyin necə əldə edildiyinə və necə bölüşdürüldüyünə bağlıdır.

“Bir çox hesabatdan görürük ki, dünyada zənginliyin artmağına baxmayaraq, bunun ədalətsiz paylaşdırılması təbəqələr arasında uçurumları daha da artırıb”, deyir.

“İkincisi isə Azərbaycandakı dövlət mexanizminin qeyri-effektivliyi də burda həlledici rol oynayır. Yəni hətta sosial şəraitin yaxşılaşdırılması üçün ayrılmış miqdar da öz ünvanına çatmır, məmurlar tərəfindən mənimsənilir”.

İqtisadçı Toğrul Vəliyev də qeyd edir ki, regionların inkişafını nəzərdə tutan dövlət proqramında effektivliyi yoxlayacaq hansısa göstərici yoxdur.

Qubad İbadoğlu hesab edir ki, hesabatlılığın olmaması və insanların həyat keyfiyyətinin daim aşağı düşməsi etirazların daha çox olacağını göstərir.

“Qısa bir dövrdə baş verən ciddi dəyişikliklərin təsirindən insanlarda etiraz davranışları formalaşıb. Devalvasiya və ondan sonra gəlirlərin dəyərsizləşməsi, xərclərin artması aksiyalara səbəb olmuşdu. Uzun müddət problemlərinə susqun yanaşan insanların etirazı üçün əsaslar formalaşmışdı. İndi də vəziyyət o dövrə oxşardır”.

Coşqun Bəgişov deyir ki, son etirazı onu həbsxanaya salsa da, yenidən öz icmasına kömək lazım gələrsə, səsini ucaltmağa hazırdır.

“Əvvəl bəlkə qorxardımsa sözümü deməyə, tutulandan sonra qorxu yoxdur. Bilirəm ki, nəyisə deyirəmsə, haqqına deyirəm”, o vurğulayır.


Fotolar Abbas Atilay və Əziz Kərimovun arxivindəndir.


“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin