Qapı arxasında qocalar

Müəlli̇f: Aytən Fərhadova
15.04.20
Buraxılış: Təcrid


Sumqayıt sakini 95 yaşlı Sənubər Ələkbərova həyətində oturub bahar havasından zövq almalı, yaxınları tərəfindən əhatə olunmalı ikən səssizcə öz otağında təcrid olunub. Ailə narahatdır ki, sosiallaşmaq evin ən yaşlı sakininə koronavirus yoluxdura bilər.

Ölkədə 1000-dən çox insana yoluxmuş virusun yayılmasını ləngitməyə çalışdığı üçün hökumət bölgədəki bəzi sərt tədbirləri həyata keçirib.

Yeni məhdudiyyətlərə əsasən, 65 yaşdan yuxarı heç kim aprelin 20-dək heç bir halda evdən çıxa bilməz. Qalan yaş kateqoriyasındakı şəxslər isə evdən bayıra çıxmaq üçün polisdən icazə almalıdır; bu icazə isə sadəcə zəruri və təcili ehtiyacları əhatə edir.

İndi Sənubərin gəlini əlindən gələni edir ki, onun ətraf-mühit ilə əlaqəsi maksimum dərəcədə məhdud olsun. İşə getmək üçün evdən çıxmağa icazəsi olan yeganə insan Sənubərin nəvəsidir, onun da nənəsi ilə görüşməyi qadağan edilib ki, birdən bayırdan virus gətirib keçirər.

“Bütün qohum-əqrabaya demişik ki, bizə gəlməsinlər. Qaynanam yaşlıdır – 95 yaşı var, yoluxsa, xilas edəcəyimizə ümid yoxdu. Tez-tez əllərini spirtləyirik. Həyət evi olduğundan isti havada ancaq qapının ağzındakı divanda oturur, vəssalam. Biz də evdən çıxmırıq” – deyə, Sənubər Ələkbərovanın gəlini Çimnaz bildirir.

“Hər şeyə nəzarət edirəm. İşdə iki gün olar oğluma işdə maska veriblər. Əlcəkləri də özüm alıb tapşırmışam ki, bir saatdan bir dəyişsin. Ona da nənəsi ilə görüşməyi qadağan eləmişəm. Qaynanam da bilir ki, hər şeyi onun xəstələnməməsi üçün edirik”.

Hökümətlərin koronavirusa qarşı sərt tədbirləri bir çoxları tərəfindən alqışlanır.

“Təqdirəlayiq hal olaraq qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti pandemiya böhranı ilə bağlı vaxtında operativ reaksiya göstərərək əhalini sürətlə yayılan bu virusdan qorumaq üçün sosial təcrid modelini vaxtında tətbiq etdi və bu zaman xüsusi diqqət məhz COVİD-19-a daha həssas olan yaşlı əhali kateqoriyasına verildi”, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev deyir.

Bununla belə, təndiqçilər hesab edir ki, Azərbaycan məhdudlaşdırma sistemini tətbiq edərkən ölkənin 6.8%-ni təşkil edən yaşlıların vəziyyətini heç də hərtərəfli nəzərə almayıb.

Yeni qaydalar tək yaşayan ahılların bütün hərəkət imkanının qarşısını alıb, onlar hətta təqaüdlərini nağdlaşdırmağı və ərzaq almağı qeyri-mümkündür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətti hazırda 65 və yuxarı yaşda olan vətəndaşların müraciətlərini qəbul edir. Lakin tənha sakinlər onlar üçün köməyə göndərilən sosial işçi və könüllülərə ərzaq almaq üçün təqaüdlərini almadan pul verə bilmirlər.

İndiyə qədər Nazirliyin qaynar xəttinə 27.486 müraciət daxil olub ki, bunun da 5,278-i sosial xidmətlərin göstərilməsi ilə bağlıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial media hesabında yazıb ki, bəzi hallarda vətəndaşlar 142-yə ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər.

“Sosial xidmətlər hər hansı ərzaq yardımı deyil. Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir”.

İqtisadçı Toğrul Vəliyev deyir ki, sistemdəki problemlər onu göstərir ki, hökumət qəfil üzləşdiyi bu vəziyyətlə əlaqədar nəticələrini düşünmədən tədbirlər həyata keçirməyə tələsib.

“Əgər sən qayda qoyursansa 65 yaşdan yuxarı olanlar küçəyə çıxa bilməz, deməli, sənin bundan əvvəl bir siyasətin olmalı idi. Məsələn, hökumət fikirləşirdi ki, biz təqaüd veririk, bununla da iş bitir. Bəs indi təqaüdlərin bankomatdan götürülməsi məsələsi necə həll olunacaq, insanlar küçəyə çıxa bilmirlərsə? Deyirlər ki, qohum vasitəsilə, yaxud sosial işçilər vasitəsilə pullarını kartdan çıxara bilərlər. Əslində isə bu qadağandır, kənar şəxsə pinkodu verə bilməzsən, onu necə təsdiqləyə biləcəksən... Və sosial xidmətlər çox da effektiv işləmir. Maliyyələşmə məsələsi yoxdur və s.”

Buna cavab olaraq, Bakıda və başqa yerlərdə sadə vətəndaşlardan gələn təşəbbüslər ortaya çıxmağa başlayıb. Məsələn, bir qrup könüllü karantin əsnasında insanlara kömək etmək üçün Qaranquş Yardım Fondunu yaradıb. Könüllü fəallar qocaları və ehtiyacı olanları ərzaq və zəruri ehtiyaclarla təmin etmək üçün mağazalarla danışıqlar aparırlar. İkin olaraq ideya bu olub ki, satın alınmış tədarükləri insanların evlərinə çatdırılsın.

“Komanda daxilində müzakirə etdik ki, qida, təmizlik təchizatı və digər zəruri ehtiyaclarla təmin edərkən insanlar arasındakı təması necə azalda bilərik. Bunun üçün Bakıda Bizim Market supermarket şəbəkəsi ilə danışdıq və kart sistemi qurduq və supermarketin bonus kartlarına ianələr köçürməyə başladıq... İndiyə qədər ehtiyacı olanlara 45 bonus kartı paylamışıq” – deyə, təşəbbüs qrupunun üzvü Vahid Əliyev izah edir.

İqtisadçı Nicat Qarayev bildirir ki, karantin zamanı ehtiyaclılara kömək üçün müvəqqəti həll yolları kifayət etməyəcək. “Müxtəlif dövlət qurumlarının, yaxud onların törəmələrinin (agentliklər, təşəbbüslər və s.) pərakəndə şəkildə həyata keçirdiyi yardım və dəstək kampaniyaları strateji deyil, davamlı deyil. Bu elə hökumətin bu böhranın fəsadlarına hazırlıqsızlığından qaynaqlanır”, o deyir.

Qarayev qeyd edir ki, hazırda hökumət ikiqat çətinliklə üz-üzədir; virusa hazır olmamaqla yanaşı, neftin barelinin 20 dollara düşməyi dövlətin sosial proqramları maliyyələşdirmə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

O əlavə edir ki, Azərbaycanda yaşlı insanların əksəriyyətinin evlərdə olması və cəmiyyətdə yaşlılara ailə dəstəyinin güclü olması bir tərəfdən hökumətin işini rahatlaşdırır.

“Bu, o deməkdir ki, onlar maddi və qulluq baxımından ciddi ehtiyac içində olan yüzminlərlə yaşlı insanla üzləşmirlər. Digər tərəfdən, bu gün bir çox ailələr var ki, evdə oturublar, işsizdirlər və gəlir mənbələri tamamilə kəsilib. Çox güman ki, evdəki yaşlıların təqaüdünə möhtac olan – xüsusilə şəhər yerlərində - minlərlə ailə var”.

Qarayevin fikrincə, yeganə dayanıqlı həll mərkəzləşdirilmiş hökumət tərəfindən idarə olunan sosial müdafiə quruluşudur ki, insanlara bu məhdudiyyətlər dövründən keçməyə kömək edə bilər.

“Yaxşı olardı ki, mərkəzləşdirilmiş böhran idarəetmə strukturu, sosial müdafiə strukturu yaradardılar. Buna çalışırlar, amma strateji olduğu görünmür. Nəticədə isə [virusu dayandırmaq üçün] lazım olan sosial izolyasiyaya da nail ola bilmirlər”.

Hal-hazırda Azərbaycanda tək yaşayan yaşlılar düşdükləri vəziyyətin öhdəsindən gəlməkçün əllərindən gələni etməyə çalışırlar.

81 yaşlı Məvsuxə Nəsirova hələ heç yerdən yardım almadığını, ancaq qonşularının köməyi ilə sağ qalmağa çalışdığını deyir.

“Mənim cavan oğlum ölüb... 3-4 il bundan əvvəl öldü. Ondan sonra tək qaldım. Bir dəfə zəng eləmişdim Nazirliyə. Dedilər ki, gələk, pul verəsən, gedim maqazinə, şey-şüy alım gətirim. Dedim, mənim pulum olsa, qonşuya da deyərəm alıb gətirər. Dedilər ki, hə, biz belə işləyirik”.

Məvsuxə Nəsirova yüksək təzyiq və diabetdən əziyyət çəkir, buna görə pulsuz dərmanlarını götürmək üçün poliklinakaya getməlidir. Lakin karantin şəraitində qonşusunu dərman dalınca göndərməli olub.

“Mən dərman istəyirəm, qalan başqa şey kim də nə versə, özü bilər. Karantin olmayanda poliklinikaya gedirdim, orda sistemlərim vurulurdu, pulsuz olurdu. Evə çağırmaq üçün pul lazımdı. Mənim də qanım bərkdi, elə bil işləmir. Ayaq barmaqlarım yığılır, ona görə mənə sistemlər lazımdı. İndi 230 manat pensiya alıram. Bu günə qədər acından ölmədim, yəqin ki, ölmərəm də...” deyir.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin