Qapı arasında miqrant fəhlələr

Müəlli̇f: Gulər Abbasova
23.04.20
Buraxılış: Təcrid


İndi əlimdə bir az pul var heç olmasa. Valideynlərimin də pensiyası var, şükür, birtəhər idarə edə bilirik. Sonra nə olacaq, onu düşünürəm. Amma cavab tapa bilmirəm hələ”.

39 yaşlı Akif* 6 nəfərlik ailəsinin qayğısına qalmaq üçün qurbanlar verməyə öyrəşib. Moskvada qeyri-qanuni yaşayan Akif ailəsinin yeganə maddi təminatçısıdır. O, geyim və məişət əşyaları mağazasındakı işindən əldə etdiyi gəlirin yarısını Şamaxı rayonundakı həyat yoldaşı, uşaqları və valideynlərinə göndərirdi.

Ancaq indi Moskvadakı dükanı karantinə görə bağlanıb. Akif özü isə səyahət sənədlərini yeniləmək üçün Azərbaycana gəldiyi period Covid-19 pandemiyası dövrü ilə üst-üstə düşüb və geri qayıda bilməyib.

“Rusiyada qalsaydım, çətin olardı. Köməyə ehtiyacım olsa, ümidim bir özümə qalır, allahın izniylə, bir də çevrəmə. Uzağı dost-tanışdan kömək istəyə bilərdim. Başqa heç kim”.

Qeyri-qanuni işçi kimi Akif Rusiyada xəstələnmiş olsaydı, pulsuz tibbi müalicə almaq hüququ olmazdı. O bəzən Rusiya hökumətindən 12 aylıq iş icazəsi almağı bacarsa da, bunun baş tutmadığı vaxtlar da olur. Bu da o deməkdir ki, Akif hər üç aydan bir Rusiyadan çıxıb yenidən giriş etməlidir.

Rusiyanın qanunvericiliyi imkan verir ki, Azərbaycandan gələn vətəndaşlar 90 gün ərzində ölkə ərazisində olsun. Həmin vətəndaşlar öz biznesini Rusiya vətəndaşlığı olan şəxslərin adına rəsmiləşdirir. Faktiki biznesi özü idarə edir. Təbii ki, bu şəkildə qanunsuz işləmələri onları çox imkanlardan - Rusiya dövlətinin sosial yardım paketlərindən - məhrum edir”, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir.

Rəsmi məlumata görə, 2019-cu ildə Rusiyada işləmək üçün 138747 Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Lakin əmək bazarı üzrə ekspert İlkin Nəzərov deyir ki, hazırda Rusiyadakı azərbaycanlı əmək miqrantlarının sayını dəqiq bilmək mümkün deyil. Eləcə də, Nəzərov qeyd edir ki, Azərbaycan vətəndaşlarının asanlıqla gedib-gəldiyi Ukraynada və ya digər keçmiş sovet respublikalarında nə qədər azərbaycanlı əmək miqrantının olması barədə məlumat azdır. 

Bu da hökumətin Covid-19 pandemiyası dövründə vətəndaşların evə gətirilməsinin təşkilini olduqca çətinləşdirir, Azər Allahverənov belə izah edir.

51 yaşlı Fuad pandemiyadan əvvəl tikintidə işlədiyi Kiyevdə ilişib qalıb. İndi karantin məhdudiyyətlərinə görə işi dayanıb və Azərbaycana qayıda bilmir.

“Heç kəs burada bizimlə maraqlanmır. Əlbəttə ki, biz ailəmiz üçün narahatıq. Elə şey olarmı ki, narahat olmayaq, düşünməyək? İyirmi fəhlə hamımız eyni vəziyyətdəyik. Biz burda narahatıq, ailəmiz də orda”.

Bir ildir ki, Fuad Kiyevdə fəhlə işləyir və Sabirabadda yaşayan ailəsinə hər ay 200-300 dollar göndərdiyini deyir. İndi ailəsinə heç nə göndərə bilmir. Fuad bildirir ki, bu şərait onu və Azərbaycandan olan beş otaq yoldaşını çıxılmaz vəziyyətə salıb.

Daimi müştərisi olduğu bir dükandan ərzaqları nisyə alan Fuad və fəhlə yoldaşları karantin uzun müddət davam edərsə, bu vəziyyətin öhdəsindən necə gələcəklərindən narahatdır.

“Bircə ərzaq almaq üçün mağazaya gedirik, vəssalam. Bütün günü evdə oturub gözləyirik ki, karantin nə vaxt bitəcək”.

Fuad və iş yoldaşları artıq Ukraynadakı Azərbaycan səfirliyinə kömək üçün müraciət edib, lakin səfirlik onlara kömək edilə biləcək bir şey olmadığını bildirib.

Bir neçə dəfə səfirliyə zəng vurduq. Kobud cavab verdilər, daha zəng etmirik. Bizə səfirlikdən nə maddi dəstək var, nə də Azərbaycana qayıtmağımız üçün bir kömək. Eləcə onu deyirlər ki, ‘heç bir şey edə bilmərik. Yollar bağlıdı, təyyarə yoxdur. Özünüz nə bilirsiz onu da edin’”.

Dövlət Miqrasiya Xidməti İctimai Şurasının sədri Azər Allahverənov qeyd edir ki, vəziyyət gözlənilməz olduğu üçün miqrant işçiləri ölkəyə qaytarmaq çətindir.

“Elə fors-major halları ola bilər ki, Azərbaycan vətəndaşının ölkəyə qayıtması vacib olsun. Bu halda aidiyyatı qurumlar zəruri tədbirlər görməlidir, əlbəttə ki. Sərhədlər bağlı olduğu vaxtda miqrantların hamısının Azərbaycana gətirilməsi çox çətin mexanizmdir”, o əlavə edir.

O bildirir ki, ölkənin sərhədləri bağlanmazdan əvvəl pandemiya səbəbindən nə qədər əmək miqrantının Azərbaycana qayıtması haqda məlumat yoxdur.

Hökumət Rusiyada yaşayan Azərbaycan vətəndaşlarını Moskvadakı səfirlikdə və ya ölkənin başqa yerlərindəki konsulluqlarda qeydiyyatdan keçməyə çağırıb. Aprelin 18-də isə xaricdən ölkəyə qayıtmaq istəyən vətəndaşlar üçün “Evə gedirəm” portalı istifadəyə verilib. İlkin mərhələdə yalnız Rusiyada yaşayan Azərbaycan vətəndaşları bu portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Hər dəfə 200-400 sayda Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonra 5 gün ərzində portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə qayıdış təmin olunacaq. Azərbaycana geri dönüş üçün ayrılmış çarter reysinə bilet müraciət edən şəxs tərəfindən ödənilir.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, may ayı ərzində də yükdaşımalar istisna ilə, hava əlaqələrinin bərpası nəzərdə tutulmur.

Əmək bazarı mütəxəssisi İlkin Nəzərov deyir ki, hökumət bu vəziyyətdən nəticə çıxarmalı və xaricdəki vətəndaşlara kömək üçün daha yaxşı bir mexanizm inkişaf etdirməlidir.

“Elə bir infrastruktur yaradılmalıdır ki, miqrasiya prosesi tənzimlənə bilsin. Bu halda miqrantların etibarlı sosial müdafiəsini də təşkil etmək olacaq. Gələcəkdə bunlarla bağlı informasiya sistemi qurulmalıdır ki, bu cür hal yarananda dövlət tez müdaxilə edə bilsin”.

Fuadın hesablamalarına görə, hazırda Kiyevdə pandemiya zamanı dolanışığa pul tapmaq üçün vurnuxan daha 20 azərbaycanlı əmək miqrantı var. Onların yaz və yay aylarında işləyəcəkləri nəzərdə tutulmuşdu.

“Karantin bitəndən sonra biz Kiyevdə qalıb işləyəcəyik. Buradakı fəhlələrin, bəlkə, az hissəsi Azərbaycana qayıdar. Qalan hamı işləyəcək. Çünki Azərbaycanda iş yoxdur. Nə edək, başqa imkanımız yoxdur. Ailəni dolandırmaq lazımdır”.

Fuad hər gün ailəsi ilə telefon əlaqəsi saxlayır və hər ay onlara pul göndərə bilmədiyi üçün indi necə dolanacaqlarından narahatdır. Evin böyük oğlu da karantinə görə işini itirib deyə, ailə dolanışığını təmin etmək üçün həyətlərindəki toyuqlarını satıb.

Maddi yardımlara gəlincə, Allahverənov bildirir ki, əgər Rusiyada yaşayan miqrantların Azərbaycandakı ailə üzvləri sosial yardım paketlərinin meyarlarına cavab verirsə, onlar 190 manat məbləğində nəzərdə tutulmuş yardımdan yararlana bilər.

Bu məbləğ heç də hər ailə üçün qənaətbəxş deyil. Məsələn, pandemiyadan əvvəl Rusiyanın Kalininqrad şəhərində inşaat işlərinə cəlb olunmuş Tural ailə xərclərini qarşılamaq üçün ayda azı 500-600 manata ehtiyac duyur. Sərhədlər bağlanan ərəfədə Azərbaycanda olduğu üçün Tural Rusiyaya qayıda bilməyib, ailəsi ilə birlikdə Lerik şəhərindədir. Altı nəfərlik ailə indi yalnız Turalın anasının 230 manat təqaüdündən asılıdır.

Öz həyətimizdə meyvə-tərəvəz olmasaydı, çətin olardı bizimçün. Bu qədər adamı bircə anamın pensiyası ilə dolandırmaq çətindi. Ərzaqları az-az almalı oluruq ki, bu günlərdə çatdıraq”.

Tural deyir ki, plan qurmaq çətindir, çünki heç kim vəziyyətin nə qədər davam edəcəyini bilmir - onun nə vaxt və ya ümumiyyətlə, Rusiyaya iş üçün gedə bilib-bilməyəcəyi sual altındadır.

“Əgər karantin çox uzansa, rayonda qalıb nəsə iş görməliyəm. Kənddə yaşayanlar üçün ən uyğun iş mal-qara alıb saxlamaqdı. Yəqin ki, mən də elə edərəm. Mal-qara alıb, böyüdüb satmaqla pul qazanaram ki, ailəmi dolandırım”.

* Miqrant işçilər ehtiyat etdikləri üçün adları dəyişdirilib

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin