Ucqar kəndin karantini

Müəlli̇f: Məltəm Talıbzadə
07.05.20
Buraxılış: Təcrid
Kollajların müəllifi: Gülər Abbasova

49 yaşlı Səidə Verdiyeva koronavirusun təhlükəli olduğuna şübhə edir. Ancaq Covid-19-u dayandırmaq üçün qoyulan məhdudiyyətlərin özünə və uşaqlarına zərər verəcəyinə əmindir.

Səidə iki məktəbli uşağı və ona qarşı zorakı davranan əri ilə birlikdə Göygölün Toğanalı kəndində yaşayır. Rəsmi olaraq, Toğanalıda Covid-19-a yoluxma aşkarlanmayıb.

Nə? Koronavirus? Belə şeylərə inanırsan?” o soruşur.

Səidə virusdan hər hansı bir əlamət görməyib, amma artıq təsirini hiss edir. Görünməz təhlükə Toğanalı daxil olmaqla, ölkədə kütləvi məhdudiyyətlərin tətbiq olunmasına gətirib çıxarıb.

Virusun yayılmasını dayandırmağı hədəfləyən məhdudiyyətlər Səidənin həyatına demək olar ki, hər tərəfdən əsər edir: Səidənin qab-qacaq yuyub gəlir əldə etdiyi mərasimlər - toy və yas mərasimləri qadağan edilib; məktəblərin bağlanmasına görə uşaqları evdə qalıb; və başına bir şey gəlsə, qonşularına kömək üçün gedə bilməz.

Dünən yoldaşım balta ilə mənə hücum edib. Əgər qonşularımın evinə qaçmasaydım, bəlkə də, ölmüş olardım. İndi sosial məsafəni necə qorumalıyıq? Polis deyir, qapıdan çölə çıxa bilməzsiz, amma heç kim demir ki, yoldaşın səni döyə bilməz”, o deyir.

Qorxuram ki, hər an daha da pisləşər, mənə, övladlarıma zərər verər. Həmişə deyirəm ki, məni qonşularım qoruyur. İndi dövlət “sosial izolyasiya” adı ilə bunu da əlimizdən alır”.

İşi və qazancı olmayan Səidə məhdudiyyətlər qaldırılana qədər ailəsinin ac qalacağından qorxur. Qonşuları da virus riskindən daha çox aclıqdan narahatdırlar. Lakin tibb mütəxəssisləri Covid-19-un Toğanalı kimi kənd icmaları üçün əsl təhlükə yaratdığını bildirirlər.

57 yaşlı Ceyran İmanova Toğanalının yeganə tibb bacısıdır. O hesab edir ki, səyahət qadağası və digər məhdudiyyətlər dərman çatışmazlığına və kənddə sağlamlıq böhranına səbəb ola bilər. O deyir ki, kimsə xəstələnsə belə, Toğanalıda onları müalicə etmək üçün tibbi ləvazimat və ya imkan yoxdur.

Ceyran İmanova bildirir ki, ümumiyyətlə, ilin bu vaxtında insanlar mövsümi qripdən əziyyət çəkirlər və yüksək temperaturları olanda ona müraciət edirlər. O isə öz növbəsində xəstələri müalicə üçün ən yaxın xəstəxanaya - Göygöldən yeddi kilometr uzaqlıqdakı tibb məntəqəsinə göndərir. “Amma indi vəziyyət fərqlidir. Biz qorxuruq ki, bu xəstələrdə də virus ola bilər”.

Dəfələrlə rəsmilərə bildirmişik ki, bizim təcili-tibbi yardım maşınımız yoxdur, xəstələri Göygöldəki xəstəxanaya çatdırmaq üçün nəqliyyat problemimiz var. Amma heç kim bizə qulaq asmadı. Şükür edirik ki, kəndimiz ucqardadır, ətrafdan izolə olunub, gediş-gəliş yoxdu. Yoxsa virusa yoluxsaq, vəziyyəti təsəvvür edə bilmirəm”, İmanova əlavə edir.

İctimai səhiyyə üzrə mütəxəssis Günel İsakova da narahatdır ki, virus şəhər mərkəzlərindən kənarlara yayılacağı təqdirdə Toğanalı kimi kənd icmaları yüksək risklə üz-üzə qala bilər.

O qeyd edir ki, kəndlərdə insanların evlərdən çıxmaq, tarlalarda işləmək və ya qonşuya getmək ehtimalının daha yüksək olması koronavirusun tez yayılması deməkdir.

Yerlərdə Ceyran İmanova kimi tibb işçiləri öz icmalarına virusun təhlükələri barədə məlumat verməyə çalışsalar da, Günel İsakova hesab edir ki, virus və profilaktik tədbirlərin əhəmiyyəti barədə ucqar kəndləri məlumatlandırması üçün hökumət daha çox iş görməlidir.

Şəhərlərdə səhiyyə işçiləri insanların evinə gedir və onların istiliyini ölçür. Amma bu, ucqar  kəndlərdə edilmir. Ona görə də infeksiya riski yüksəkdir. Ona görə də kəndlərə böyük və maarifləndirici posterlər aparıb əhalinin daha çox toplaşdığı yerlərdə quraşdırmaq zəruridir”.

İqtisadçı Azər Mehdiyev də kənd icmalarının risk altında olduğunu qəbul edir. “Kəndlilər tez-tez bir-birinin evinə gedir, biri xəstə olan kimi hamı ona baş çəkməyi özünə məcbur bilir. Karantin qaydalarını tətbiq etmək mümkün deyil. Ona görə də kənddə insanların virusa yoluxması və bu xəstəliyi yayması böyük riskdir.  Belə bir xəstəliyin nə vaxt üzə çıxmasını müəyyən etmək olmur. Təəssüflər olsun ki, insanları bu təhlükə haqqında maarifləndirmə fəaliyyətləri həyata keçirilməyib”, Mehdiyev deyir.

O qeyd edir ki, əgər dövlət karantin zamanı insanları qida ilə təmin edərsə, bu kənd camaatı da evdə qalar və fiziki məsafə saxlamaq qaydasına əməl edərdi.

Kəndlilər torpaq insanlarıdır və əkib becərmək istəyirlər. Hətta indi belə onlar karantin qaydalarına əməl etməkdən çox, pul qazanmaq üçün tarlalarda işləyəcək. Hökumət onları ərzaqla təmin etməlidir. Yalnız bu şərtlər daxilində hökumət onları karantin qaydalarına əməl etməyə ruhlandıra bilər”, Mehdiyev əlavə edir.

Lakin yerli sakinlər mərkəzi hökumətdən az kömək gəldiyini deyirlər. Məsələn, karantində işsiz qalmış Səidə Verdiyeva maddi yardım üçün dövlətə müraciət etdiyini, amma heç bir cavab almadığını deyir. İndi ailənin yeganə gəliri Səidənin ərinə məcburi köçkünlük üçün verilən 60 manat aylıq müavinətdir.

Kəndin bələdiyyə başçısının müavini Əli Məmmədov deyir ki, yerli hakimiyyət Toğanalıda sakinlərin qarşılaşdıqları problemlərdən xəbərdar olsa da, onlara kömək etmək üçün imkanları azdır.

Biz bütün bu çətinlikləri bilirik və bacardığımız qədər insanlara kömək etməyə çalışırıq. Yerli infrastrukturla bağlı problemlər çoxdur” - deyə, Məmmədov əlavə edir ki, bələdiyyə öz məhdud imkanları çərçivəsində ehtiyacı olanlara ərzaq yardımı göstərməyə başlayıb.

Bununla belə, Məmmədov deyir ki, heç nəyə baxmayaraq, sakinlər məsafə saxlamaqla bağlı qaydalara riayət etməlidirlər. O bildirir ki, qanun vətəndaşlara əkin və məhsul üçün tarlalara getməyə icazə versə də, əslində insanlar qonşularla ünsiyyətdə karantin qaydalarını pozurlar. Ancaq kəndlilər yemək və dərman almaqdan başqa məqsədlə bayıra çıxmağın mümkün olmadığını iddia edirlər.

Toğanalıda yalnız bir neçə dükan var ki, onlarda da ərzaq tükənmək üzrədir. Mağaza sahiblərindən biri Zərəngiz Həsənova deyir ki, satış üçün heç bir şey qalmayıb deyə, obyektini müvəqqəti bağlamalı olub.

Zərəngiz qeyd edir ki, ümumiyyətlə sakinlər malları nisyə alır, sonra hissə-hissə ödəyirlər.

Borclarımı yığa bilmədiyim üçün yeni məhsullar gətirə bilmirəm. Ona görə də bir müddətlik mağazanı bağlamışam. İndi camaatın heç bir gəliri yoxdur. Onlardan necə borcları tələb edə bilərəm?
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin