Silueti, yaşıllığı, havası dəyişən Bakı
Mən Bakıda doğulub-böyümüşəm. Küçə və həyətlərdəki böyük ağaclar, sonrakı bir neçə il ərzində yeni binalar tikmək üçün o ağacların kəsilib məhv edilməsi şəhərlə bağlı uşaqlıq xatirələrimin bir hissəsinə çevrilib.
Məsələn, Tofiq Bəhramov adına stadionun yanında nəhəng şam ağaclarından ibarət sahə və Əhmədli qəsəbəsində zeytunluq vardı; hər ikisi daha geniş yol salınması, ADA Universitetinin tikintisi və Dədə Qorqud parkında nəhəng süni göl yaradılması səbəbindən qismən və ya tamamilə yoxa çıxıb.
Bakı sakinləri göz görə-görə yaşıllıqları itirirlər və bu məsələnin onların sağlamlıqları və rifahlarına təsirindən xəbərdardırlar. Dünya Səhiyyə Təşkilatının standartlarına görə, şəhərlərdə adambaşına 50 kvadratmetr yaşıl sahə olmalıdır. Lakin şəhərlər üzrə qlobal orta rəqəm standartın yarısından azdır - adambaşına 21 kvadratmetr. Bakıda isə adambaşına düşən yaşıl sahə 6 kvadratmetr təşkil edir.
Son 30 ildə Bakıda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi isə 2 dəfə azalıb. Halbuki 70-ci illər ərzində şəhərin yaşıllıq sahəsi 3 dəfədən də çox artırılıb; 1970-ci ildə hər sakinə 6,2 kvadratmetr yaşıllıq zonası düşürdüsə, 80-ci illərdə bu rəqəm 45 kvadratmetrə çatdırılmışdı.
1985-ci ildən sonra isə bu məsələ dövlətin prioriteti olmaqdan çıxıb, nəticədə yaşıllıqlar dağıdılaraq yerində mağazalar, kafelər, şadlıq sarayları, qarajlar, villalar tikilib.
“Mən Bakıya 90-cı illərdə köçmüşəm və ilk gəldiyim gün Bakıya aşıq olmuşdum. Çünki hər tərəfi yaşıllıqlarla əhatə olunmuş küçələrlə tramvayla Azneft meydanından Elmlər Akademiyası metrosuna tərəf gedirdim. Bakını həmin vaxtla müqayisə edəndə çox böyük fərq var”, Rövşanə Babayeva, eko-aktivist öz xatirəsini paylaşır.
Bakıda yaşıl sahənin itirilməsi ilə bağlı son dövrdə tez-tez müzakirələr ortaya çıxır; bundan ilhamlanaraq qərar verdim ki, foto-arxivləri araşdırım, şəhərin yaşıl sahəsinin “dünən”i və “bu günü”nə baxım. Azərbaycan Fotoqraflar Birliyinin arxivindən 1950-1970-ci illərdə çəkilmiş mərkəzi yerlərin (bir çoxu sakinlərin sevimli yerləridir) şəkillərini tapdım. Şəkillərdən bələdçi olaraq istifadə edərək yaşıl sahənin necə dəyişdiyini görmək üçün həmin yerləri eyni bucaqdan çəkməyə çalışdım.
Nəticə olaraq, gördüm ki, bir çox yerdə situasiya qarışıqdır - əksər hallarda daha çox tikili, eyni zamanda bəzi ərazilərdə daha çox ağac örtüyü qarşıma çıxdı. Məsələn, tez-tez abadlıq işləri aparılmış Mərkəzi Park daha çox yaşıllaşıb deyə bilərəm. Amma ümumiyyətlə, bir çox eko-aktivist, o cümlədən Rövşanə Babayeva şəhərin yaşıl örtük vəziyyətinin ağır olduğunu düşünür.
“Müxtəlif mənbələrə əsasən, atmosferə atılan tullantıların 80 faizini avtomobillər təşkil edir. Yaşıllıq zonaları şəhərin havasının təmizlənməsində, təbii ki, böyük rol oynayır. Yaşıllıqların artırılması ilə paralel, atmosferə zərər verməyən hibrid avtomobillərin və elektromobillərin Azərbaycana gətirilməsinin çoxalması üçün şərait yaradılması və velosipedin ekoloji nəqliyyat vasitəsi kimi istifadə olunması üçün velosiped yollarının salınması hal-hazırda ən ehtiyacımız olanlardandır. Fikrimcə, bu işlər paralel aparılmalıdır”.








ianə verin