Sükan arxasında qadınlar

Müəlli̇f: Dinara Zeynalova, , Fotoqraf: Emin Mathers
22.12.23
Buraxılış: Gender

“Qadın sürücü tıxaca səbəb oldu"

“Qadın sürücü avtomobillə bir ailəni vurub keçdi”

Statistikaya görə, yol qəzaları daha çox kişilər tərəfindən törədilsə də, gender fəalı Gülnara Mehdiyevanın fikrincə, Azərbaycan mediası sükan arxasındakı qadınlara dair mənfi xəbərlərlə doludur.

“Bu yaxınlarda məşhur kişi bloqer içkili vəziyyətdə sürət həddini dəfələrlə aşaraq ağır qəza törətmişdi. Dostunun ölümünə, özünün də ciddi bədən xəsarətinə səbəb olmuşdu. Amma bu xəbərlərin başlığında biz onun genderinə vurğu edildiyini bir dəfə də görmədik. Halbuki mən əminəm, əgər onun yerində bir qadın eynisini etsəydi, sosial şəbəkələrdə “qadınlara sürücülük vəsiqəsi vermək olmaz” fikri tüğyan edərdi”, Mehdiyeva qeyd edir.

Azərbaycanda son illərdə sürücülük vəsiqəsi alan qadınların sayı durmadan artıb: 2009-cu ildə 5666 qadın sürücülük imtahanından keçib; Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə bu rəqəm 33 081 nəfər olub. Bununla belə, sosial tədqiqatçı Orxan Şahbaz qeyd edir ki, cəmiyyətdə “müəyyən stereotiplər” qalmaqdadır.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl deyir ki, ictimai nəqliyyatda işləyən və şəxsi avtomobilini idarə edən qadınlarla bağlı stereotiplər çox dərindir. “Biz taksidə kişi sürücü görəndə qeyri-adi reaksiya vermirik, düzdürmü? Amma qadın sürücü görəndə sərnişin tərəfindən reaksiya verilir. Yaxud əgər kimsə qarşıda yaxşı sürmürsə, kişi sürücülər ironiya ilə “Yəqin ən öndə olan qadındır“ deyirlər. Halbuki bəzən görürsən ki, kişidir”.

Gülnara Mehdiyevanın fikrincə, ölkədə gender bərabərsizliyi gücləndirməyə təşviq edən təşəbbüslər daha çoxdur, nəinki bərabərlik barədə maarifləndirici fəaliyyətlər.

“Buna qadınlarım metroda arxa vaqona minməsi təklifi, yaxud bir müddət xidmət edən çəhrayı taksiləri misal göstərə bilərik”, - deyə o əlavə edir ki, bu cəhdlər qadınların maşın sürməyi öyrənməsinə mane olmayıb.

“Əgər qadınlar mənim yeniyetməlik dövrümdə yayılan yanlış fikirlərdən qorxub, nəqliyyat sürməyə davam etməsəydilər, biz hələ də qadın sürücü görə bilməzdik. Təəssüf ki, qadınlar nəyinsə sayəsində deyil, nələrəsə rəğmən öz məqsədlərinin arxasınca gedirlər”.

Bu fotoesse bütün çətinliklərə baxmayaraq, sükan arxasında xəyallarının arxasınca getmək qərarına gələn qadınlardan bəhs edir.

"Çəhrayı taksi" xidməti 2019-cu ildə xüsusi olaraq qadınlar üçün istifadəyə verilib

NURCAHAN CƏBİYEVA, 70 YAŞ

 

Nurcahan Cəbiyeva 35 ildir ki, taksi sürücülüyü edir. Beş uşaq anası olan Cəbiyeva həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarına baxmaq üçün bir müddət ticarətlə məşğul olub. Həmin dövrdə maşına ehtiyacı yaranıb. Beləliklə, zinət əşyalarını sataraq özünə maşın alıb.

“Bir gün rəfiqəm dedi ki, Nurcahan, sən çox yaxşı maşın sürürsən, mənim uşaqlarımı məktəbə apar-gətir. Həmin vaxtlar həm taksi sürücülüyünü, həm də yolları öyrənməyə başladım”, o xatırlayır. 

Bir dəfə rəfiqəsinin uşaqlarını evə qoyub qayıdanda yolüstü bir qadın onu taksi hesab edərək saxlayıb. Bu təsadüfi karyera onun uşaqlıq arzusunun kulminasiya nöqtəsi idi. O, hətta Sovet İttifaqı dövründə sürücülük məktəbində oxuyub. Nurcahan Cəbiyeva həmin dövrdə qadının maşın sürməsininin təəcüblü və pis qarşılandığını deyir.

“Məktəbdə qadın sadəcə mən idim. Onda maşın sürməyə başlayanda elə bilirdilər ki, mən müğənniyəm. O vaxtlar adətən müğənni qadınlarda maşın olurdu”

İllərin təcrübəsindən sonra Nurcahan Cəbiyeva bütün şəhərə hakimdir, lakin deyir ki, mobil xəritə tətbiqləri Bakıda hərəkət etməyi xeyli asanlaşdırıb.

“Anama deyirdim ki, mən Bakıya ərə gedəcəyəm, maşın alıb sürəcəm. Amma həyat yoldaşım sağlığında maşın sürməyə qoymazdı məni”.

Onun taksi sürücüsü kimi işə başlamaq qərarı hamını razı salmayıb – məsələn, buna görə qardaşı 35 ildir ki, Nurcahanla küsülüdür.

“Qardaşım küsüb məndən. Sürücülüyə başlayandan danışmırıq. Mən beş uşağı maşınımın köməyi ilə saxlamışam. Onlar da məni daim dəstəkləyib”.

Sərnişinləri də ona yaxşı münasibət bəsləyirlər. “İnsanlar sevinir məni görəndə. Deyirlər “kaş çox qadın taksist olardı ölkədə”, “özümüzü rahat hiss edirik bu taksidə”.

O, şəhər mərkəzində və adətən gecə saatlarında işləyir: 

“Gecə saat 10-dan 1-ə qədər işləyirəm. İşləyəndə diqqətli oluram. Sərnişinləri seçib götürürəm. Çünki bəzən təhlükəli ola bilər. Ödənişi də əvvəlcədən alıram, bəzən verməyib gedənlər ola bilər”.

O, yolda sürücülük qaydalarına qarşı da diqqətlidir. “Daima ehtiyatlı sürürəm. Amma bəzən qəza vəziyyətinə düşmək səndən asılı olmur. Bir dəfə qırmızı işıqda bir maşın gəlib mənimkini vurmuşdu. Heç gözləmirdim deyə, şoka düşmüşdüm”.

Bir dəfə iranlı sərnişini pulqabısını onun maşınında unudub gedib. Nurcahan geri qayıdıb sərnişini tapıb verəndə isə çox sevinib, Nurcahana təşəkkür edib.

“Sərnişinlərə qarşı daim dürüst olmaq lazımdır. İranlı sərnişinim mənə 400 manat hədiyyə etdi həmin gün”.

İşə gedərkən Nurcahanı məhəllədəki qonşular salamlayır.

Nurcahan əsasən Səməd Vurğun prospektində, Buzovnaneft yaşayış binasının qarşısındakı taksi dayanacağında sərnişin gözləyir.

NƏRMİN MƏMMƏDOVA, 21 YAŞ

 

Nərmin Məmmədova kuryerlik fəaliyyətinə 17 yaşında velosiped ilə başlayıb. O, hər gün Sumqayıtdan Bakıya velosipedlə gəlib.

“Velosiped ilə kuryerlik etmək, xüsusən də Bakıda yaşayırsansa, çox çətin işdir. Sürücülər səni görmək istəmirlər. Yola çıxırsan “Çıx, səkidə sür” deyirlər, səkidə sürəndə isə piyadalar “Çıx, yolda sür” deyirlər”.

Nərmin kuryer işinə yaxşı maaş olduğunu eşitdikdən sonra girib, nəticədə bu iş ona pul yığmağa və velosipedini motosikletlə əvəzləməyə imkan verib.

“Həmin vaxt dostum velosiped ilə günə 50 AZN qazanırdı. İndi kuryer çoxdur deyə motosikletlə işləyənlər güclə 50 AZN qazanır. Qazanclı olsa da, yorucu işdir, xüsusən də velosipedlə. Günorta yeməyini axşam altıda yeyirdik. Bir az istirahət edib yenə gecə üçə qədər işləyirdik”.

Nərminin ailəsi onun kuryerlik etməsinə və motosiklet sürməsinə qarşıdır. 

“Nə ailəm, nə də qonşular isti yanaşmırdı. “Qız motosiklet sürməz”, “Qız evə gec saatda gəlməz” deyirdilər. Motosikletimi də satmağımı istəyirdilər. Buna görə keçən yeni ildə evi tərk etmişəm”.

Nərmin sürətli velosiped yarışlarını sevsə də, avadanlıqlarının təhlükəsizliyinə diqqətlə yanaşır.

“Bəzən yollarda hündür motosikletə əngəl yaradarkən sürücülər “görmədim” deyib bəhanə gətirirlər”, Nərmin deyir.

Nərmin Bakı Musiqi Akademiyasında təhsil alıb. İlk dəfə kuryerliyə başlayanda velosipedi stipendiyası ilə ailəsindən gizlin alıb. Həmin vaxt universiteti getmək adı ilə işə çıxırmış. Sonra iş elə gətirib ki, Nərminin kuryer kimi gəliri yüksəlib və o, universiteti tamamilə tərk etmək qərarına gəlib.

Nərmin əvvəllər pizza çatdırılması ilə məşğul olub, amma iş şəraitindəki problemlərə görə oradan ayrılıb. O, ümumiyyətlə, kuryer işçilərə hörmət qoyulmamasından narahatdır. Bu sahədəki çətinlikləri dilə gətirən Nərmin 2022-ci ildə kuryerlərin boykot aksiyalarını yada salır.

“Biz neçə dəfə birlik olub aksiya etmişik. Keçən ilin sentyabrında ölkədə kuryerlərin gəlirinin aşağı düşməsi ilə bağlı 10 günlük aksiya keçirdik. Kuryerlər sifarişləri götürməməyə başladılar. Nəticədə “Wolt” müəyyən dəyişikliklər etdi”.

Nərminin yadından çıxmayan qəzalardan biri Bakı-Sumqayıt yolunda baş verib. O motosikleti saxladığı yerdən 2 km qabaqdakı maşının arxaya sürməsi ilə zədələnib. Sürücü əvvəlcə qəzaya görə Nərmini günahlandırsa da, sonda ona və motosikletinə dəyən zərəri ödəməyi qəbul edib. 

“Məni təəccübləndirən polislərlə danışanda mənim arxadan gəlib onun maşınını vurduğumu iddia etməsi oldu”.

Nərmin sifarişlər arasında. Son vaxtlar o, motosiklet sürmə təlimçisi və film çəkilişləri üçün motosiklet icarəsi ilə məşğul olur, çatdırılma işinə daha az vaxt ayırır.

Nərmin sifariş götürməyə gələndə kişi həmkarları çox vaxt təəccüblənsələr də, ona hörmətlə yanaşırlar.

Axşam yeməyi vaxtı tıxaclara baxmayaraq, sürücülük bacarığı sayəsində Nərmin sifarişləri erkən çatdırır və buna görə də hər iş növbəsində daha çox sifariş yerinə yetirir.

“Motosikletin hündürlüyünü nəzərə alaraq, ayağımın asfalta çatmağını asanlaşdırmaq üçün bu yaxınlarda hündürdaban ayaqqabılar sifariş etmişəm”.

ELNARƏ MƏMMƏDOVA, 44 YAŞ

 

Elnarə iki il əvvəl, pandemiya zamanı taksi sürücüsü işləməyə qərar versə də, çoxdan sükan arxasındadır.

“On yeddi ildir salon işlədirəm. Karantin dövründə salonları bağladılar. Məcbur olub taksistlik etməyə keçdim”.

Bu sahədə işləyə biləcəyini taksi sürücüsü kimi fəaliyyət göstərən rəfiqəsi tövsiyə edib. İlkin olaraq, gözəllik salonundan bir neçə müştərisini öz taksisi ilə ünvana aparıb. “Neşə dəfə olub ki, salona gələnləri bəzəyib-düzəyib maşına oturdub getdikləri yerə aparmışam”.

Ailəsi Elnarənin taksi sürücüsü işləməsinə həmişə dəstək olub. Amma o deyir ki, sərnişinlər taksidə qadın sürücüsü görəndə həmişə təəccüblənirlər.

“Maşına minməmişdən əvvəl pəncərədən bir neçə dəfə baxırlar ki, doğru taksiyəmi yaxınlaşıblar. Mən də gülümsəyib “gəl-gəl, mənəm” deyirəm”.

"Insanlar sual verirlər ki, neçə ildir işləyirsiniz. “Çoxdan işləyirəm, narahat olmayın” deyirəm. Hiss edirəm ki, ehtiyat edirlər. Amma bir az gedəndən sonra rahat otururlar”.

Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyini ətrafı bilsə də, maşına taksi işarəsini qoymaqdan çəkinir, utandığını deyir.

Elnarə Məmmədovanın gözəllik salonu hələ də fəaliyyət göstərir. Lakin indi Elnarə daha çox maşın sürür, salona isə qızı baxır.

Elnarə sakit və təmkinlidir – Bakı tıxacında sürət və manevr etməyə uyğun yeni avtomobilindən fərqli olaraq.

Elnarə axşamdan səhərə kimi maşın sürür və gecə saatlarında sərnişinlərini ehtiyatla seçməyə çalışır ki, bu da qismən keçmiş sifarişlərlə əlaqəlidir.

“Bir dəfə ünvana çatıb zəng etmişəm, müştərinin səsi piyan gəlib. Yaxud ünvana aparmalı olduğum müştəri görmüşəm ki, nəsə götürür, qorxub geri qayıtmışam. Narahat olub götürməmişəm. Hər adamı taksiyə götürmürəm, ehtiyat edirəm. Çünki gecə çox təhlükəlidir. Tətbiqdə sifariş gələndə analiz edirəm ki, götürmək olarmı”.

Qadın müştərilər isə gecə sifariş edərkən qadın sürücü gəlməsinə sevinirlər. Elnarəyə daha təhlükəsiz hiss etdiklərini deyirlər.

“Bəzən isə şirkətə xüsusilə zəng edirlər ki, qadın taksist lazımdır”.

Elnarə deyir ki, stereotiplərə baxmayaraq, qadın taksi sürücüsü olmağın müsbət tərəfləri çoxdur.

“İşləyirsən, pulunu qazanırsan, bütün günü maşın sürüb başını qatırsan. Maşın sevməyi çox sevdiyim üçün demək olar ki, heç yorulmuram. Gəlirim də məni qane edir”.

Elnarə həm şəhəriçi, həm də şəhərətrafı sürücülük edir. Magistral yolda maşın sürməyə üstünlük verir. Tez-tez rayonlara da sərnişin aparır.

“Bütün taksi xidməti tətbiqlərindən sərnişin götürürəm. Hətta Uklondan da. Günün vaxtından asılı olaraq ən çox sifariş verənə keçirəm. Məsələn, "9111"də gecələr demək olar ki, sifariş yoxdur, "Uber"də isə əksinə”, - deyə Elnarə qeyd edir.


Məqalə Chai Khana Fellowship proqramı (yay-payız 2023) çərçivəsində hazırlanıb. 


Məqalə Fridrix Ebert Fondunun (FEF) dəstəyi ilə ərsəyə gətirilib. Burada səsləndirilən fikirlər FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin