Müharibədən sonrakı evsizlik

Jurnalist: Ülkər Natiqqızı,

Fotoqraf: Aygün Rəşidova

25.11.20
Buraxılış: Arxa cəbhə
Mövzu: Münaqişə

Azərbaycan 44 günlük Dağlıq Qarabağ müharibəsinin qalibi kimi dünya tarixinə düşüb, bununla belə, evlərini itirən çoxsaylı azərbaycanlının hekayəsi, çətinlikləri zəfər atmosferi fonunda kölgədə qalıb; qarşıdakı soyuq ayların müharibənin mülki zərərçəkənlərinə nələr gətirəcəyi qeyri-müəyyəndir.

41 yaşlı Nəsimi Hüseynov müharibə günlərində ağır zərbə alan Tərtər rayonunun Hüsanlı kəndindəndir. Hüseynovun evi müharibənin ilk günü, sentyabrın 27-də ağır artilleriya tərəfindən vurulub. Bundan bir neçə saat əvvəl Hüseynov arvadını və azyaşlı övladını, habelə anasını və bacısını nisbətən təhlükəsiz olan qonşu Bərdə şəhərinə göndərib, özü isə Hüsanlıya qayıdıbmış. Deyir ki, artilleriya hücumu zamanı evinin bir neçə addımlığında olub. O an özü xəsarət almasa da, gözü qarşısında evinin böyük bir qismi dağıdılıb. Namiq dağıntılar arasından çıxara bildiklərini çıxarıb, özü də Bərdəyə üz tutub.

O vaxtdan bəri Hüseynovlar ailəsi sığınmağa yer tapmaqda çətinlik çəkir; onlar bəzən gecəni çadırda və ya qohumunun avtomobilində gecələməyə məcbur olublar.

“Qohum evində, özünüz bilirsiniz ki, çox qalmaq olmur. Mən özüm maşında qalırdım. Bəzən halda yoldaşımla gəlirdik kəndə, yenə də maşında qalırdıq. Maşın deyəndə ki, mənim maşınım deyil. Qardaşım oğlunun maşınıdır. Çox çətinlik çəkirdik”, Nəsimi Hüseynov deyir.

Bir çox yerli sakin üçün vəziyyət bənzərdir.

60 yaşlı Şəhla Qasımova müharibə zamanı evinə dəymiş ziyanları göstərir. O və həyat yoldaşı yaxındak ...
60 yaşlı Şəhla Qasımova müharibə zamanı evinə dəymiş ziyanları göstərir. O və həyat yoldaşı yaxındakı orta məktəbdə işləyir, 2016-cı ilin Aprel Müharibəsi vaxtı yaralanmış oğlu isə taksi sürücüsüdür.

Döyüşlər zamanı Tərtər və Ağdamın zərər çəkən, evsiz qalan ailələrinə vətəndaşların təşəbbüsü əsasında yardım kampaniyaları həyata keçirilirdi. 31 yaşlı Bərdə sakini Ülviyyə Babayeva Bakıdan göndərilən yardımın ailələrə çatdırılmasında könüllü kimi iştirak edib.

“Cəbhə bölgəsinə uzaq məktəblərin əksəriyyətində gecələyirdi insanlar... Məktəblərdə, kafelərdə, restoranlarda, xəstəxanalarda, ayrı-ayrı insanların evində və s. məskunlaşanlar vardı”, o deyir.

Ülviyyə Babayevanın müşahidələrinə əsasən, bu dövlət binaları və ictimai iaşə obyektlərinin sahəsindən asılı olaraq, bəzisində 10 ailə, bəzisində isə 50-dən çox ailə birlikdə yaşamalı olub. Bəzi vətəndaşlara Bərdə məktəblərində iki aydan çox qalmağa icazə verilsə də, bina artıq boşaldılıb. Havalar soyuduqca bir çox insan isti sığınacaq tapmaq təlaşına düşüb.

Hökümət onları çətin vəziyyətdən çıxarmaq məqsədilə bəzi addımlar atıb. Noyabr atəşkəsinin imzalanmasından üç gün əvvəl Prezident İlham Əliyev müharibə zamanı zədələnmiş əmlakın qiymətləndirilməsi və təmiri barədə sərəncam imzalayıb. Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi xüsusi bir komissiya yaradılıb.

“Müharibə gedişində dağılmış bütün evlər dövlət hesabına yenidən tikiləcək, zərər görmüş evlər, itirilmiş mülkiyyət bərpa ediləcək”, prezident Əliyev qeyd edib

Etibar Hüseynov və həyat yoldaşı Fəridə Hüseynova evlərini bir il əvvəl təmir ediblər - oğlu evlənən ...
Etibar Hüseynov və həyat yoldaşı Fəridə Hüseynova evlərini bir il əvvəl təmir ediblər - oğlu evlənəndə. Hüseynov Prezident İlham Əliyevə ailənin evinin vəziyyəti barədə məlumat vermək üçün teleqram göndərib, lakin hələ ki, hökumətdən cavab yoxdur.

Baş Prokurorluğun məlumatına görə, 16 noyabr tarixinə qədər müharibə zamanı 3410 evə və 120 yaşayış binasına ziyan vurulub, 512 xüsusi mülkə ziyan dəyib.

Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirləri həyata keçirmək üçün Dövlət Komissiyası yaradılıb, hər rayona bir işçi qrupu təyin edilib. APA-nın verdiyi xəbərə görə, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Tərtər rayonu üzrə işçi qrupun rəhbəri Qubad Heydərov APA-ya deyib ziyan dəymiş 796 obyektə (çoxmərtəbəli binalardakı 147 mənzil və 611 fərdi yaşayış evi daxil olmaqla) baxış keçirilib. 

İqtisadçı Toğrul Vəliyevin fikrincə, bürokratik proseslər yüzlərlə ailəni çətin vəziyyətdə qoyur. O, yaxın keçmişdəki təcrübəni nümunə gətirərək deyir ki, hökümətin 2012-ci ildəki böyük bir zəlzələdən sonra evlərin yenidən qurulması və 2016-cı ilin Aprel Müharibəsindən sonra bərpa işləri ləng aparılıb.

“İndiki hadisələr qışdan əvvəl baş verib deyə, daha çox zərbə vurur. İnsanlar qış aylarında belə tipli evlərdə qala bilməzlər. Bu prosesin necə aparıldığı bəlli deyil. Çünki dövlət büdcəsi vəsaitləri məsələsi var, onun ayrılması, bölüşdürülməsi...” o qeyd edir.

Vəliyev xatırladır ki, Fövqəladə Hallar Nazirliyinə fəlakətlərlə mübarizə aparmaq üçün ildə 20 milyon manatdan artıq vəsait ayrılır və bu vəsait də yenidənqurma işlərinin maliyyələşdirilməsinə sərf olunmalıdır.

“Paralel olaraq, hökumət azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrini maliyyələşdirməyi planlaşdırır. Bütün diqqət, əsas istiqamət azad olunmuş torpaqlara gedib. Bu da zərərçəkən mülki əhalinin problemlərinin həll olunması prosesini ləngidir”, Vəliyev əlavə edir.

Bəzi sakinlər isə artıq öz yarım-dağınıq evlərinə qayıdıb yaşamalı olublar.

28 yaşlı Gülgün Qasımovanın Tərtər rayonundakı evi Ermənistan tərəfindən iki dəfə vurulduqdan sonra ailəsi ilə birlikdə əvvəlcə Bərdədə bir ev kirayəyə götürdüklərini deyir. Ancaq pulları uzun müddət qalmağa yetməyib, nəticədə öz yararsız vəziyyətdə olan evlərinə qayıtmalı olublar.

“Bərdədə məktəb binasına sığınmağımızı təklif etdilər. Koronavirusun artan vaxtıdır, uşaqlarım var mənim. Xəstəliyə görə yox dedik”, o əlavə edir. 

Gülgün Qasımova, iki azyaşlı övladı, əri və qayınanası indi kiçik bir otaqda yaşamağa çalışırlar. Zədələnmiş pəncərələr külək və yağışın evə girməyinin qarşısını tam ala bilmir.

58 yaşlı Etibar Hüseynov da oxşar vəziyyətlə Ağdam rayonundakı evində üzləşib. Onun ailəsi birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərdən köçkün düşüb. Son döyüşlər zamanı evləri demək olar ki, dağıdılıb, özü və həyat yoldaşının sığınacağı yalnız bir kiçik otaq salamat qalıb.

Hüseynov müvəqqəti həll yolu kimi iki oğlunu Bakıya qohumlarıgilə göndərib, özlərininsə isə dağınıq otaqdan başqa seçimləri yoxdur.

Bu ailənin vəziyyətini daha da mürəkkəbləşdirən odur ki, Etibarın öd kisəsində xroniki bir problem var, müalicəsi üçün gündəlik iynə-dərman tələb olunur. Ayda cəmi 240 manatlıq sabit gəliri olan ailənin kirayə qalmaq imkanı yoxdur, ümidləri evlərinin hökumət tərəfindən bərpa olunmasınadır.

“Tavan, gəlinimin əşyaları, mebeli təmiz dağılıb. Ev pis vəziyyətdədi. İndi evdə qala bilmirik. Pəncərə-qapı qırıq-qırıq olub”. 

İqtisadçı Toğrul Vəliyev hesab edir ki, evi dağıdılmış sakinlərin sığınacaqlardan bu qədər erkən çıxarılmamalı idilər.

“Zərərçəkənəri dərhal evlərinə qaytardılar. Bu düzgün məsələ deyil. Hökumət bu işi elə planlaşdırmalı idi ki, insanların evi bərpa olunandan sonra qaytarılsın, onlara ona qədər icarə haqqı ödənilməli idi. Təəssüflər olsun ki, bu istiqamətdə addım atılmayıb”.

Bu məqalə Chai Khana və Müharibə və Sülh Xəbərləri İnstitutu (IWPR) arasında tərəfdaşlıq çərçivəsində hazırlanıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin