Cəbhədən foto-gündəlik

Müəlli̇f: Əziz Kərimov

29.10.20
Buraxılış: Arxa cəbhə
Mövzu: Münaqişə

Sentyabrın sonuncu bazar günü yuxudan oyanıb saatın zəngini söndürmək istəyəndə telefonumun ekranında gözümə bir mesaj dəydi və yerimdən dik atıldım: sərhəddə ağır döyüşlər başlayıb!

Həmin gün Lənkəranda çəkilişdə idim. İşimi yarımçıq qoyub tələm-tələsik Bakıya qayıtmalı oldum. Yolda artıq hərbi maşınların hərəkətini gördüm. İnsanlar əsgərləri alqışlarla yola salırdılar.

Sentyabrın 28-i səhər fotoqraf dostlarımla Füzuliyə yola düşdük. Füzuliyə çatanda axşam saat 10 radələri idi, sürücü irəli getməyə çəkinirdi, ona görə bizi yarı yolda düşürtdü. Daha sonra özümüz yola davam etdik. Ətrafda polislər və çoxlu insan var idi. Posta çatanda əsgərlər irəli getməyə icazə vermədilər, atışmalar olduğu üçün geri qaytardılar. Nəticə olaraq, Füzulidən Tərtər istiqamətinə gəldik və burda qərarlaşdıq.

Tərtərdə olduğum ilk günlər atışma səsləri əməlli-başlı qorxu yaradırdı. Lakin zaman keçdikcə bu qorxu adiləşdi. Son bir aydakı xatirələrim top və silah səslərindən ibarətdir.

Bir dəfə Tərtərin Şıxarx qəsəbəsində sığınacağındakı insanları çəkməyə gəlmişdik. Çəkilişimizi bitirdikdən sonra geri qayıtmağa hazırlaşırdıq. Sığınacaqdan çıxmağımıza bir neçə metr qalmışdı ki, mərmi olduğumuz sahəyə düşdü. Sığınacaqdakılarla birlikdə geri atıldıq. Daha sonra sakinlər mərmidən qorunmaq üçün bizə trayektoriya təyin etdilər ki, daha rahat ərazini tərk edək. Yenicə yerimizdən tərpənirdik ki, mərmi bizdən təxminən 50-100 metr aralığa düşdü. Həmin ərazini elə sürətlə qaçmışdıq ki, 2 gün qorxudan ayağımız əsirdi.

Günlərin birində dostlarımızla çəkilişə çıxanda yenə atışma səslərini eşidildi. Bu dəfə də mərmi bizdən bir neçə yüz metr aralığa düşdü. Hamımız yerə uzandıq. Dostlarımdan biri bu hadisəni videoya çəkmişdi, yerli telekanalların biri də efirə vermişdi.

Anam həmin videonu görüb mənə zəng etdi. Həyəcan içində durmadan sual verirdi, “Əziz, sən atışmaya düşmüsən? Yaxşısan? Bir şey olmayıb sənə?”

Onu sakitləşdirmək üçün yalan danışmalı oldum, “yox e, mama, ümumiyyətlə mən atışmalarda olmamışam”, dedim. Anam rahatlaşmış kimi idi, “Şükür, qaçışından sənə oxşatmışdım”.

Cəbhə xəttində dayanmadan iş başındayıq, amma gecələr gündüzkü gərginlikdən daha betərdir. Müharibə yuxularımın mahiyyətini də dəyişdirib. Kabuslar sayəsində rahat yatmaq da müşkülə çevrilib. Bir gün Ağdamdan çəkilişimizi edib Tərtərə qayıtmışdıq. Çox yorğun olduğuma görə erkən yatası oldum. Gecə qorxulu yuxu görmüşdüm. Detallı xatırlamıram. Dostlarım yuxudan oyadıb birtəhər sakitləşdirdilər. Dediklərinə görə, kimisə köməyə çağırırdım.

Müharibə mənim üçün yaxın insanı, doğma birisini itirmək deməkdir. Fərq etmir sən burda qalibsən, ya yox. Ona görə düşünürəm ki, müharibənin fəsadları müharibənin özündən daha dəhşətli olacaq. Yəqin ki, ön cəbhədəki son bir aylıq təcrübəmin nə demək olduğunu bir müddət sonra daha yaxşı başa düşəcəyəm. İndiliksə, Susan Sontagın “Başqalarının iztirabına dair” kitabından bu abzası paylaşım:

“Baxın, fotoşəkillər deyir ki, bu, belədir. Müharibə göz yaşı tökdürür. Müharibə dağıdır. Müharibə yandırır. Müharibə bədəni parça-parça edir. Müharibə yox edir. Bu fotoşəkillərə baxıb bu dağıntılara, bu qırğına səbəb olan şeyləri ortadan qaldırmağa çalışmamaq - Virginia Woolf deyir ki, bunu ancaq vicdanı, mənəviyyatı olmayan vəhşi biri düşünə bilər. Və o əlavə edir ki, biz vəhşi deyilik, biz savadlı bir sinfin nümayəndələriyik. Uğursuzluğumuz öz təxəyyülümüzlə bağlıdır, empatiya qura bilməməyimizlə bağlıdır”.

Azərbaycan ordusu tərəfindən ələ keçirilən güllələrdən biri
Dağıntıların altında qalmış şəxsi avtomobil
Şıxarx kəndində qismən dağılmış evinin yanında oynayan uşaq
Döyüş zamanı Bərdədə bir sığınacaqda yerləşdirilmiş Tərtər sakinləri
Könül Abbasov Gəncə şəhərinə hücumdan sonra dağılan evində fortepiano qarşısında
Tərtər sakinləri döyüş zamanı Bərdə bölgəsindəki bir sığınacağa yerləşdiriliblər
Ağdamda pambıq yığan fəhlələr
Qaraqoyunlu kəndinin atəşə tutulmasından sonra zərər çəkən evin sakini qırılmış pəncərəsini şüşələrdən təmizləyir
Soğanverdilər kəndində qadınlar özəl bir tarlada kök toplayırlar
Kişilər zirzəmidəki sığınacaqda televizor izləyirlər

Ermənistan tərəfindən döyüş zonasına getmiş əməkdaşımızın təəssüratlarını burada ingilis dilində oxuya bilərsiniz.
 

Redaksiyadan: Chai Khana münaqişənin hər iki tərəfindəki icmaların fikir və hisslərinə hörmətlə yanaşır. Esse müəllifilərinin fikirləri ilə razılaşmayan oxucular ola biləcəyini başa düşürük. Biz ümid edirik ki, jurnalistlərə bu çətin anlarda yaşadıqları barədə dürüst yazmaq üçün bir platforma verərək tərəflər arasında dialoq qurmağa kömək edəcəyik.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin