Uzaqdakı müharibə

Jurnalist: Ramil Zamanov

22.11.20
Buraxılış: Arxa cəbhə
Mövzu: Münaqişə

Qarabağ müharibəsinin son mərhələsi hələlik bitmiş kimi görünür: Rusiya sülhməramlıları ölkəyə daxil olub; Azərbaycan geri qaytardığı ərazilərdə artıq yenidənqurma planlarını açıqlayıb.

Ancaq məni döyüşün daha təhlükəli mərhələsinin hələ də davam etməsi qorxudur.

Xaricdə yaşayan azərbaycanlı və antropoloq olaraq bu müharibənin dinamikasını uzaqdan müşahidə etdim. Mənim nöqteyi-nəzərimdən, bu müharibə sosial mediada həm erməni, həm də azərbaycanlıları çirkli onlayn müzakirələrə yönləndirdi; toksik propaqanda və millətçiliyin qarışığını alovlandırdı; sentyabr müharibəsindən əvvəl mövcud olan sülhyaratma cəhdlərini təhdid etdi.

Azərbaycandan illər əvvəl çıxmışam. Ona görə də ölkəm gündəlik həyatda nominal rol oynayır. Sentyabrın 27-də Praqada adi, tənbəl bir bazar gününə oyanıb Facebooku açanda gözlənilməz müharibə xəbərləri məni şoka saldı.

Ağlıma ilk gələn anamla danışmaq oldu, amma alınmadı: çünki Azərbaycan hökuməti internetə girişə məhdudiyyət qoymuşdu. Yenə də sosial mediada cəbhə xəttindən məlumatlar yayımlanırdı: xəbər lentim müharibə xəbərləri ilə dolu idi və sosial dairəmə nüfuz etmişdi. Təhlükə və zorakılığın yalnız döyüş meydanı ilə məhdudlaşmadığı da tez bir zamanda aydın oldu.

Müharibə davam etdikcə onlayn və cəbhədə gedən döyüşlərin intensivliyi Çexiyadakı həyatıma sızmağa başladı. Ailəm üçün narahatlıq keçirirdim, (anamla kommunikasiya qura bilmək yalnız dörd gündən sonra mümkün oldu), bundan başqa, gərgin informasiya müharibəsinin dost-tanışım üzərindəki birbaşa təsiri getdikcə məni təşvişə salırdı. Deyəsən, hər iki ölkədəki mütərəqqi icmalar nifrət nitqi və dezinformasiyaya təslim olduqca millətçilik alovları güllə kimi tez yayılırdı.

Mənim üçün oktyabrın ortaları həm şəxsi, həm professional baxımdan dönüş nöqtəsi oldu. LGBTQİ+ kimi həssas qrupların da getdikcə artmaqda olan millətçi hisslərə qapıldığını gördüm. Döyüşlərdən əvvəl hər iki cəmiyyət tərəfindən qəbul edilməyən Ermənistan və Azərbaycan LGBTQİ+ icmaları son müharibədən əvvəl əlaqələrini inkişaf etdirməyə başlamışdı. Ancaq oktyabrın ortalarında həm azərbaycanlı, həm də erməni kuir, sülh qurucusu və qadın aktivist tanışlarımın millətçi ritorika və nifrət nitqində kəskin bir yüksəlişə vardığını gördüm.

Antropoloq olaraq daha əvvəl gender təhsili almışam; Tədqiqat işim nəticəsində bilirdim ki, hər iki ölkədəki toksik kişi dominantlığı qadınları ictimai həyatdan kənar tutur və davamlı sülhü çətinləşdirir. İndiki maraq dairəm Qafqazdakı kuir maskulinizm idi ki, bu da propaqanda vasitəsilə münaqişənin hər iki tərəfindəki sülhpərvər icmalara ən real təsir göstərən məsələdir.

Ermənistan və Azərbaycandan olan kuirlərin müharibəyə reaksiyalarını sosial media üzərindən izləməyə başladım. Prosesləri kənardan müşahidə etməyə çalışsam da, hər iki tərəfdən gələn tənqid və onlayn bullinq qısa müddətdə üstümə gəldi. Erməni kuir tanışlarım məni Azərbaycan prezidenti İlham Əliyevə dəstək verməkdə, azərbaycanlı kuirlərsə müharibəni və Azərbaycan ordusunu dəstəkləmədiyimə görə “xain” olmaqda günahlandırdılar. Aktivistlər şərhlərimi “düşmən”ə dəstək kimi qəbul etdikləri üçün sosial mediada məni dostluqdan çıxarmağa başladılar.

Məndə ən çox narahatılıq yaradan yeni tendensiyalardan biri LGBTQİ+ daxilində qrupların radikallaşması idi. Məsələn, könüllü olaraq orduya qatılan və müharibədə həyatını itirən iki kuir azərbaycanlıya münasibətə baxaq. Azərbaycanlı kuirlər və müttəfiqlərdən onların ailələrinə dəstək axını oldu, lakin bu münasibət humanizm və kuir dəyərlərin məqbul gördüyü kimi deyil, onların şəhid statusuna dəstək olaraq göstərildi.

Bu kampaniya göstərdi ki, Ermənistan və Azərbaycandakı LGBTQİ+in hətta mütərəqqi şəxsləri üzərində propaqandanın ciddi təsiri var. Uzunmüddətli perspektivdə bu, hər iki ölkədəki kuir fəallara daha çox zərər və parçalanma gətirir, Qafqazın kuir fəallarının, akademiklərinin və insan haqları müdafiəçilərinin nailiyyətlərini sarsıdır. Bu müharibənin mənfi təsirləri yalnız sosial media ilə məhdudlaşmır: Müharibəyə qarşı olan kuirlər fərqli gender kimlikləri ilə yanaşı, artıq “anti-millətçi” düşüncə tərzinə görə ikiqat ayrı-seçkiliklə qarşılaşacaqlar.

2015, 2017 və 2018-ci illərdə Azərbaycandan kənarda sülh quruculuğu tədbirlərində iştirak etmişdim. Burada tanış olduğum bir çox tanınmış sülh qurucuları və vasitəçilərinin də bu müharibə dövründə güclü millətçi “damar” nümayiş etdirdiyinə şahid oldum. Bu psevdo sülh qurucuları barışı təbliğ etmək əvəzinə, millətçiliyi daha da alovlandırmağa başladılar. Bir vaxtlar Ermənistanın və Azərbaycanın milyonlarla sıravi vətəndaşına sülhü dəstəkləmək üçün nümunə olmuş insanlar, əksinə, daha güclü anti-Erməni/anti-Azərbaycan hissləri üçün mayak oldular.

İnternetdə bu qədər canfəşanlıqla göstərilən aqressiv reaksiya döyüş meydanında heç nəyi dəyişmədi. Lakin bu, ölkələr daxilində iki xalq arasındakı güvəni daha da aşındırdı və nəticə olaraq münaqişənin hər iki tərəfində həyatları təhlükə altında qoyacaq.

Müharibənin dayandırılmasına dair Rusiyanın iştirakı ilə imzalanmış müqavilə mənim üçün döyüşlərin başlanması qədər gözlənilməz oldu. Müharibə nəsli olaraq, əksər yaşıdlarım kimi, bu müharibəni də həyatımızın “lənəti”ndən biri kimi görürdüm.

Ancaq onlayn və cəbhə bölgəsindəki döyüşlər bir şeyi aydınlaşdırdı: azərbaycanlılar və ermənilər öz problemlərini fəal şəkildə müzakirə etmədikcə münaqişə davam edəcək.

Rus imperializminin rolunu və kişi dominantlığını nəzərə alaraq, bu münaqişə həll edilmiş hesab edilə bilməz. Cəmiyyətin müxtəlif qruplarını gücləndirmədən, kişi üstünlüyü bölgəyə əbədi bir çözüm gətirə bilməz. Sülh quruculuğunda kəsişməli (intersectional) yanaşma xüsusilə vacibdir, çünki işçi sinfindən olan məcburi köçkün və qaçqın qadınlar, eləcə də kuir sülh qurucuları və Ermənistan və Azərbaycandakı azlıq etnik qrupları hələ də davamlı olaraq dialoq proseslərindən kənarda qalırlar.

Bütün bu çətinliklərin öhdəsindən gəlməliyik. Bu icmaları birlikdə yaşamağa, zəif və güclü tərəflərimizi olduğu kimi qəbul etməyə hazırlamalıyıq. Ən əsası bu icmalarda ermənifobiya və azərbaycanofobiya ilə mübarizə aparmaq lazımdır. Əks təqdirdə, gələcək nəsillər üçün nə gələcək gözlənilir, nə də firavanlıq.

Xaricdə yaşasam da, axır-əvvəl öz doğma bölgəmə qayıtmaq və orada sərhədsiz yaşamaq istərdim. İnsanların özlərini “azərbaycanlı”, “erməni”, “müsəlman”, “xristian”, “yəhudi” kimi etiketləməmələrini istərdim. İnsanları fərqli qruplara ayıran bütün dağıdıcı ideologiyalara qarşı mübarizə aparmalıyıq.

Bu münaqişə kiçik anlaşılmazlıqların iki kiçik dövlət arasında müharibəyə səbəb ola biləcəyinə bir nümunə oldu. Gələcək nəsillərin Qafqazın gələcəyini dəyişdirməkdə müvəffəq olacağına inanıram. Ancaq gələcək nəslin yetişdirilməsindən cavabdeh bizik, yəni özümüzü dəyişməli, ölkələrimizdə və dünyada daha yaxşı bir gələcək üçün sülh bərqərar etməliyik. Sülh bir nəzəriyyə olaraq qalmamalıdır; onun həyatımızdakı təzahürünə nail olmalı və bu idealı hər gün tətbiq etməliyik.

Redaksiyadan: Chai Khana münaqişənin hər iki tərəfindəki icmaların fikir və hisslərinə hörmətlə yanaşır. Esse müəllifilərinin fikirləri ilə razılaşmayan oxucular ola biləcəyini başa düşürük. Biz ümid edirik ki, jurnalistlərə bu çətin anlarda yaşadıqları barədə dürüst yazmaq üçün bir platforma verərək tərəflər arasında dialoq qurmağa kömək edəcəyik.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin