Evin içindəki “yad”

Müəlli̇f: Ramil Zamanov, , İllustrator: Çiçək Bayramlı
11.02.21
Buraxılış: Özgələr

“ILGA Avropa” təşkilatının tədqiqatlarına görə, Azərbaycan LGBTIQ+ şəxslər üçün Avropanın ən pis ölkəsidir. Ölkədə homofobiya və LGBTİQ+lərə qarşı bullinq halları geniş yayılıb.

 Bu, bullinqə məruz qalan LGBTİQ+lərdən birinin hekayəsidir. Qəhrəmanımızın həyatı (adını çəkməyəcəyik) Azərbaycanda queerlərin (gender fəalları kuir və ya kvir olaraq iki versiyada Azərbaycan dilinə uyğunlaşdırıblar) bir çoxunun təcrübəsini əks etdirir. Qəhrəmanımız 1996-cı ildə isti bir yay günündə Bakıda anadan olub. Uşaqlığından bəri, Bakıda yaşadığı müddətdə heç vaxt ətrafındakılar onu tam qəbul edə bilməyib. Özünü yad hiss etməklə bağlı ilk xatirəsi uşaq bağçası illərinə gedib çıxır; uşaqlar ona “mamauşağı” deyə sataşırmışlar.

“Üç-dörd yaşımda ailəm məni uşaq bağçasına göndərdi. Çox hiperaktiv bir uşaq idim, ona görə də ailəm düşünürdü ki, uşaq bağçasına getməyim yaxşı olar. Halbuki anama çox bağlı idim. Hər gün bağçaya getməzdən əvvəl onu çoxlu qucaqlayırdım” - deyə, o xatırlayır.

“Təxminən bir ili həmin bağçada keçirdim; orda uşaqlar qadınyana (feminin) olduğumu düşündükləri üçün mənə qarşı həmişə aqressiv davranırdılar”.

Nəhayət, onu başqa bir uşaq bağçasına qeydiyyata saldırdılar, amma bir dəyişiklik baş vermədi: oradakı uşaqlar daha zəngin ailələrdən gələn və əsasən rusdilli idilər - qəhrəmanımız isə rus dilində bilmirdi və bu da həmin mühitə uyğunlaşmağı çətinləşdirirdi.

“Bu yeni uşaq bağçasında heç bir dost tapa bilmədim, çünki digər uşaqlar kimi üst sinfə mənsub deyildim, rus dilində danışmırdım və özümü “qız” kimi aparırdım. Bəzi uşaqlar mənimlə dost olmaq istəyirdilər, lakin valideynləri həmişə müəlliməyə deyirdi ki, məni onlardan uzaq tutsun...”

Qəhrəmanımız 2002-ci ildə orta məktəbə getməyə başlayanda vəziyyət daha da pisləşdi. O dövrdə Azərbaycanda homoseksuallıq ciddi tabu sayılırdı. Gender stereotiplərindən ən kiçik kənaraçıxma belə, məsələn, kuklalarla oynayan və ya çiçəklərlə maraqlanan bir oğlan cəmiyyətin gözünə problemli biri kimi görünürdü. Daima gücləndirilən gender stereotipləri homofobiya və ənənəvi gender rollarına dair təfəkkürü də möhkəmlədirdi.

“İnsanlar həmişə məni lağa qoyur və məndən sui-istifadə edirdilər. Həmişə istəyirdilər ki, mahnı oxuyub onları əyləndirim. Başqa sözlə, onlar üçün bir növ “drag queen” idim. Həmişə məni ələ salırdılar” - deyə, o yada salır.

“Artıq çəkili olduğum üçün mənimlə məzələnirdilər. Çox kök idim, buna görə ailəm müalicə etmək üçün məni həkimə aparmışdı. Məktəbdə hətta mənə “piyli qızbibi” adı qoymuşdular. Bir müddət sonra anam məktəbə gəlib məni götürməyi dayandırdı, o vaxt özümü o qədər təhlükədə hiss etmişdim ki... Həmin vaxt artıq 10 yaşındaydım, evimiz də məktəbdən cəmi beş dəqiqə aralı idi. Bəzən sinif yoldaşlarım kiçik çubuqlarla mənə hücum edirdilər, qorxduğumu görməkdən ləzzət alırdılar. Ancaq bunları heç vaxt valideynlərimə demədim. Qorxurdum ki, məni “daha çox maskulin” etmək üçün reabilitasiya mərkəzinə göndərərlər”.

Onun qorxusu əsassız deyildi. 21-ci əsrin əvvəllərində Azərbaycanın ailə qayda-qanunları hələ də köhnə ənənələrinin təsirində idi. Məsələn, Sovet İttifaqı dövründə homoseksuallığa patoloji xəstəlik kimi baxılırdı - bu siyasət hələ də yeni nəsil üçün problemlər yaradır. 2000-ci illərin əvvəllərində uşaqlar ailələrinə kaminq aut (gender kimliyinin açıq bəyan edilməsi) edə bilmirdilər. Qəhrəmanımız deyir ki, həyatının ən pis illəri 13-17 yaş arasında (2009-2013-cü illərdə) olub.

“Liseyə keçəndə vəziyyət daha da çətinləşdi. Məktəbdəki atmacalar mənə o qədər güvənsizlik verirdi ki... Bir dəfə məndən üç yaş böyük bir oğlan tərəfindən az qala təcavüzə uğrayacaqdım... Hər dəfə kitabxanaya gedəndə camaat mənə götvərən deyirdi. O vaxt məktəb tərbiyəçimizə - psixoloqumuza müraciət etmişdim. O da mənə “kişi” olmaq üçün bəzi dərmanlar içməyimi məsləhət gördü”, o deyir.

“Müəllimlər qiymətimi aşağı salmaqla məni cəzalandırmağa başladılar... Dərslərimizdə mən həmişə queer şəxslərin hüquqlarından və cəmiyyətin onlara nifrətindən söz açırdım. Bu da müəllimlərimin anama zəng vurmalarına və hətta reabilitasiyaya yönləndirmək məsləhəti vermələrinə səbəb oldu... Bir müddət sonra anam məni psixoloqa apardı. Psixoloq isə öz növbəsində uroloq yanına göndərdi”.

O xatırlayır ki, bir ildən çox müddət ərzində müxtəlif dərmanlar qəbul edib, baxmayaraq ki, heç kim o dərmanın nəyə xeyri olacağını deməmişdi.

“Sözün qısası, bullinq həkimlər də işə qarışana qədər irəlilədi. Sonda artıq buraya aid olmadığımı hiss etməyə başladım”, o deyir.

2012-ci ildə Bakı Eurovision müsabiqəsinə ev sahibliyi etdiyi vaxt şəhərdə LGBTİQ+ paradının keçiriləcəyinə dair söz-söhbət gəzirdi. Həmin vaxt qəhramanımız küçədə təqibə məruz qalıb - hücumun səbəbi qismən parad məsələsi olub. Bir axşam hazırlığa getdiyi müəllimin yanında çıxıb evə gedərkən bir qrup oğlan onu rus dilində təhqir etməyə başlayıb.

"Nə dediklərini dəqiq başa düşmürdüm, amma arada istifadə etdikləri “petux”,"suka” və “çuşka” kimi sözləri anlaya bildim. Aydın idi ki, sərxoş idilər, arxamdan və ayaqlarımdan məni vurmağa çalışdılar. Onların əlindən çıxıb qaça bildim, amma bunları ailəmə deməyə hazır deyildim. Polisin mənə kömək etməyəcəyini bilirdim, ailəm isə bu insanların hamısına qarşı mübarizə apara bilməzdi. Həmçinin ailəmin adına da xələl gətirmək istəmirdim deyə, gizli saxladım”.

“O gün nə qədər tənha olduğumu başa düşdüm... Öz ölkəmdə özümü yad hiss edirdim. “Yad” olmaq əxlaqsız və fahişə hesab edilmək idi... Bu cür zorakılığa, hücumlara, təcavüzə və bullinqə məruz qalan insanların çox olduğunu bilirdim...”

Qəhrəmanımız depressiya və davamlı stress içində olduğuna baxmayaraq, 2013-cü ildə Bakının ən prestijli universitetlərindən birinə qəbul olub.

Bir müddət hər şey ona yaxşılaşırmış kimi görünürdü: Azərbaycan qərbləşmə ilə bağlı yolayrıcında idi və queer həyat gənc nəsillər arasında müəyyən qədər populyarlaşırdı. Qəhrəmanımızın hətta sevgilisi vardı. Ancaq yenə də özünü evdəki kimi hiss etməkdə çətinlik çəkirdi.

“Bakalavr üçün yüksək bal toplayan tələbələrin qəbul olunduğu ən nüfuzlu universitetlərindən birinə girdim. Ancaq zorbalıq və şifahi hücumlar orda da davam edirdi. Qrup yoldaşlarım arasında hətta bəzi qızlar üçün “çox qadınyana” olduğum üçün mənimlə heç danışmadılar... Hətta bəzi sinif yoldaşlarım da məni “qaçqın” adlandırdılar. Bu da mənim üçün yeni “başqalaşdırılma” damğası idi”.

“İllər keçdi, bir çox sevgilim oldu, onlarla yaxşı günlər keçirdim... Lakin onlar o qədər despot və patriarxal düşüncəyə sahib idilər ki, buna görə də onlarla münasibətlərimi davam etdirmək istəmirdim... Müraciət etdiyim bəzi psixoloqlar mənə ətrafda baş verənləri necə qəbul etməyi və dəyişdirməyi öyrətdilər”.

Bir neçə il sonra qəhrəmanımız ölkədən çıxıb getmə vaxtının gəldiyinə qərar verir. Bu, 2017-ci ilə təsadüf edir - həmin vaxt Azərbaycanda trans və geylər polis tərəfindən kütləvi təqibə məruz qalıb həbs olunmuşdular. Qəhrəmanımız 2017-ci ildə Mərkəzi Avropadakı bir ölkəyə köçüb. Azərbaycan artıq “queerlər üçün ən pis Avropa ölkəsi” adını qazanmışdı və insanlar canlarını qurtarmaq üçün ölkədən qaçmağa çalışırdılar. Qəhrəmanımız üçün yeni bir ölkəyə köçmək o qədər də asan deyildi, çünki Mərkəzi və Şərqi Avropada da irqçilik hökm sürürdü. Yerlilər xaricilərə xoş yanaşmırdılar və qəhrəmanımızın insanlarla hətta ingilis dilində də ünsiyyət qurması çətin idi. 

“İlk günlərdən anladım ki, yerli camaatla yerli dildə danışmaq vacibdir... Çünki yerli dildə danışmadığım üçün məni “başqası” hesab edirdilər... İngilis dilini başa düşən nə qədər insan görmüşəm ki, dəfələrlə qəsdən ingiliscə ünsiyyət qurmaqdan imtina ediblər… Bir çox hallarda “Mən Azərbaycandanam” deyə özümü təqdim edəndə lağa da qoyulmuşam. Ümumiyyətlə, Mərkəzi və Şərqi Avropada hər şey al-əlvan deyil, amma heç olmasa heç kim queer olduğum üçün mənə hücum etməyib, zorbalıq göstərməyib”.

“Sevgilimlə əl-ələ gəzə bildiyim üçün ilk dəfə özümü çox xoşbəxt hiss etdim. İnsanları narahat etmirdi bu... Zaman keçdikcə ətrafdakılara fikir verməyərək həyatımı dinc yaşamağı da öyrəndim... Bəzən bu qədər asan deyil, amma Azərbaycanla müqayisədə burada özümü daha təhlükəsiz hiss edirəm. Sevgilimlə birlikdə yaşayıram - bu, çox möhtəşəmdir. Ondan dəstək aldığım müddətdə özümü daha yaxşı realizə edə bilirəm. Azərbaycanda tapa bilmədiyim budur... Bəzi insanlar var ki, onların yanında özünü yad hiss etmirsən”.

Bu gün qəhrəmanımız inanır ki, Azərbaycanda gənclər əvvəlki illərə görə daha cəsarətlidir və LGBTİQ+ hüquqlarının müdafiəsi üçün daha çox səy göstərirlər. Ölkədə homofobiya ümumilikdə artsa da, gənclər 2019-cu ildə homofobik sataşmalara və bullinqə məruz qalıb intihar edən bir yeniyetmə üçün ayağa qalxıblar.

“Gənc nəsil bu “başqalaşdırılma”ya son qoymaq üçün səslərini getdikcə yüksəldir. İsa Şahmarlı intihar edəndə onun üçün çox sayda insan ayağa qalxmadı. Bəzi QHT-lərlə birlikdə səsimizi çıxardıq, amma nəticəsiz qaldı. Lakin Elina üçün susmadılar və ən azından müdir cəzalandırıldı. Bu, kifayət deyil, lakin bu mübarizə davam etməlidir. Geri çəkilmək irqçiliyin, cinsiyyətçiliyin, əmək qabiliyyəti olmayan insanlara qarşı ayrı-seçkiliyin, artıq çəki səbəbilə istehza və alçaldılmaya məruz qalmanın, yaxud “başqalaşdırılma”nın dayandırılmasına kömək etməyəcək. İntihar etmək yeganə seçim deyil; əvvəlcə tutduğunuz yolu yenidən nəzərdən keçirməlisiniz. Bu yol insanların sənə hücum edib bu dünyaya nifrət etmənə səbəb olmaqla əlaqəli deyil... Bu yol dünyanı və ətrafındakı insanları necə dəyişdirmək istədiyinlə bağlıdır... Mən də Azərbaycandakı mədəniyyəti öyrənərək onu dəyişdirməyə çalışıram və buna görə dayanmamalıyıq. Bu nəsil bu ölkədəki bütün köhnə məhdudiyyətləri dəyişdirməlidir!”

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin