Depressiyaya tərk edilmək

Müəlli̇f: Leyla Həsənova, Yaşar Xaspoladov, , İllustrator: Çiçək Bayramlı
18.02.21
Buraxılış: Özgələr
Mövzu: Sağlamlıq

22 yaşlı Arzu Cabbarlı* “ruh ağrısı” adlandırdığı depressiyadan əziyyət çəkir.

 Azərbaycanda bir çox depressiyalı insandan fərqli olaraq, Arzu müalicəyə açıqdır. O, bir neçə aydır ki, psixoloq dəstəyi alır.

 “Gülmək necə insan təbiətinin bir parçasıdırsa, ağlamaq da, kədərlənmək də elədir. Artıq ağlamağın da normal olduğunu qəbul edərək, “Sailor Moon” [cizgi filmi qəhrəmanı] kimi sulugöz olduğumu qəbul etmişəm”, Arzu deyir.

Bununla belə, ətrafındakı insanlarla öz vəziyyəti barədə açıq danışmaqdan hələ də çəkinir.

 “Məni narahat edən şey qorxularım haqqında danışanda “Aa, burada nə var ki?” deyilməyidir. Bəlkə də, ən yaxşısı insanlara bu haqda heç nə danışmamaqdır. Çünki desən ki “başım qopub”, onda da nəsə qüsur axtaracaqlar, yaxud nədəsə ittiham edəcəklər. “Drama queen” kimi etiketlənməkdən çəkinirəm” - deyə, Arzu qeyd edir.

 “Mən bu vaxta qədər öz ağrımı gözardı edib özümü eşitmək istəməmişəm. Bəlkə də, başqa birinin də bunu etməsi çox təbiidir. Bədəndə olan ağrı sağlamlıqla əlaqəli hansısa problemin göstəricisidirsə, depressiya da eyni qaydada ruhun vəziyyətindən xəbər verir”.

 Sosioloq Araz Bağırov bildirir ki, depressiya, ümumiyyətlə, cəmiyyət tərəfindən xəstəlik kimi qəbul edilmir. “Hər hansı digər xəstəlikdən fərqli olaraq, depressiya məhz xəstənin öz günahı olaraq görülür”, o deyir.

Yazıçı və filosof Mark Fişer bəzi cəmiyyətlərin niyə depressiyanı xəstəlik kimi anlamaqda çətinlik çəkdiyini izah edən bir nəzəriyyə irəli sürüb. Fişer neoliberal siyasəti “sehrli könüllülük” ideologiyası adlandır; o iddia edir ki, bu ideologiya fərdi öz müqəddəratına tərk edir və bu könüllülüyə əsasən, fərd istədiyi və olmaq istədiyi hər şeyi əldə etmək iqtidarındadır. 

Bu ideologiyaya söykənən düşüncə tərzinin depressiyadan əziyyət çəkən fərdlərə vurduğu zərbə xüsusilə qabarıqdır. Belə ki, bütün maddi və mənəvi “uğursuzluqlarının” səbəbi kimi şəxs özünü birbaşa məsul hiss edər və ən ağır depressiv anlarında belə, öz xəstəliyini görməzdən gəlməyə məcbur olar. İnsanda yaradılan bu illüziyanın bir qismi müasir dövrdə də əxlaq qaydalarına təsir göstərməyə davam edən Viktoriya əsrinədək gedib çıxır. Viktorian əxlaqa əsasən, insan xoşbəxtliyə o zaman layiqdir ki, o, əvvəl karyera uğuru, sosial-ictimai status əldə etsin. Nəticədə isə depressiyadan əziyyət çəkdiyi üçün sistemin uğur meyarlarına cavab verə bilməyən insanlarla reallıq arasındakı balans pozulur.

 Fransız filosof Mişel Fuko isə qeyd edir ki, yolu psixoloji klinikalar və psixiatrların terapiya ofisinə düşənlər cəmiyyətin digər kəsimindən təcrid olunur – orta əsrlərdə “özgələri” hesab edilənlər sosiumdan uzaqlaşdırıldığı kimi.

Sosioloq Araz Bağırov bildirir ki, bir çox cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da müəyyən normalara, rollara uyğun gəlməyən insanlar “özgə” elan edilir, bu isə depressiyalı şəxslərin irəli çıxmasını daha da çətinləşdirə bilər.

 “Məsələn, bizimki kimi patriarxal cəmiyyətlərdə özgələşdirmə patriarxal çalarlar daşıyır. Nümunə üçün, depressiyadan əziyyət çəkən kişilərdən “kişi olmaq” tələb edilir, depressiv davranışlar “kişiyə yaraşmayan” hal olaraq qəbul edilir”.

 26 yaşlı Şirin Səfa* deyir ki, depressiya ilə mübarizə aparan insanlar sanki məğlubiyyətlə nəticələnən bir döyüşdədirlər: həqiqi hisslərini büruzə verəndə ətrafdakılar depressiyanı “pis əhval” ilə səhv salırlar. Əksinə, həqiqi hisslərini gizlədərək hamı kimi davranmağa çalışanda da duyğularını “bölüşməməkdə” günahlandırılırlar.

 “Çox vaxt “Əhvalını düzəlt” deyirlər. Özümü pis hiss etdiyim vaxt “Pis olma”, “Belə mənasız şeylərə görə əhvalını pozmağa dəyməz”, “Həyat belədir” kimi sözlər problemimi əhəmiyyətsiz hesab etdikləri hissini verdiyi üçün məni qəzəbləndirir. Bütün bunlardan sonra məni anlamadıqlarını düşündüyüm üçün heç nə paylaşmamağa qərar verirəm, bu dəfə “Dərdini paylaşmırsan” ittihamlarına məruz qalıram”.

 Şirin deyir ki, insanlar depressiyanın nə olduğunu həqiqətən başa düşmədikləri üçün Azərbaycan cəmiyyətində təbii davranmaq onun üçün çətindir.

 

 “Problemlərlə bağlı danışanda ağlayıram, yaxud çox sərt reaksiya verirəm. Bunu isə isterika kimi dəyərləndirib problemlərimi başqa insanların problemi ilə müqayisə edirlər. “Camaatın gör necə dərdləri var, sən nələrdən şikayətlənirsən. Hər şey səndən asılıdır. İstəsən düzəldərsən, alınmırsa, deməli, istəmirsən” deyirlər. İzah edə bilmirəm ki, bu cür reaksiya mənim məqsədli şəkildə elədiyim şey deyil”.

 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 264 milyondan çox insan depressiyadan əziyyət çəkir. Azərbaycanda bu statistika məlum deyil. Psixoloqlar cəmiyyətdə depressiya ilə bağlı yanlış təsəvvürlər nəticəsində insanların ehtiyac duyduqları dəstəyi ala bilməməsindən narahatdırlar.

 Psixoloq Cəmilə Rəhimli qeyd edir ki, bu səhv təsəvvürlər depressiyada olan insanlarda onsuz da mövcud olan yetərsizlik hissinin daha da artmasına və depressiyasının şiddətlənməsinə səbəb olur.

“Depressiya bəzən özünü şəxsin həyat təcrübəsiylə birlikdə formalaşmış ümidsizlik, kədər, çarəsizlik hissləri ilə büruzə verir. Bu hissləri yaşayan biri üçün gündəlik həyat rutinlərinə əməl etmək, planlar qurmaq, pozitiv olmaq kifayət qədər çətin hala gəlir, gələcəyə dair ümid və istəkləri azalır. Fərd özünü gücsüz, bitkin hiss edir və həmçinin özü ilə bağlı neqativ düşüncələrə qapılır”, Rəhimli deyir.

 30 yaşlı Vəfa Mehdizadə* yeniyetmə yaşlarından bəri depressiyadan əziyyət çəkir. Mehdizadənin fikrincə, insanların depressiyanı ciddi qəbul etməməsi onun öhdəsindən gəlməyi daha da çətinləşdirir.

“İnsanlar düşünür ki, depressiya seçimdir və depressiyada olan şəxs istəsə, özünü dəyişə bilər. Onların fikrincə, sən işləmədiyin üçün depressiyadasan. Əgər hansısa məşğuliyyətin olsa, depressiyada olmazsan”.

Halbuki, o deyir, ehtiyacı olan şey sadəcə kiminsə ona qulaq asmasıdır, məsləhət verməsi deyil.

 “Depressiya təcrübəsi olmayan insanlar depressiyadan əziyyət çəkənləri başa düşmür. Ona görə də onların depressiyada olan şəxsə “İdman etməyi sına”, “Sağlam qidalanmağı sına”, “Özünü ələ al” və s. kimi məsləhətləri incidici olur. Depressiya onsuz da insanın özünə güvənini aşağı salır və bu cür təklif və məsləhətlər depressiyada olan adama iyerarxik görünür. Halbuki mənim sadəcə kiminsə məni dinləməyinə ehtiyacım var, məsləhətə yox” – deyə, Vəfa əlavə edir.

 Psixoterapevt Loğman Qasımov bu cür reaksiyaların Azərbaycanda geniş yayıldığını qeyd edir.

 “Azərbaycanda dəstək hesab edilən yanlış bir metod var: depressiyadan əziyyət çəkən şəxsə “Hər şey yaxşıdır”, “Heç nəyin yoxdur” kimi şeylər demək. Depressiyadan əziyyət çəkən insanların anlayışa, ümidə və dəstəyə ehtiyacı var. Daha dəqiq desək, anlaşıldıqlarını hiss etmək və depressiyanın müalicə oluna bilən bir şey olduğunu bilmək, lazım olsa, yanında olacaq yaxınlara ehtiyacları var.”

 Psixoloq Cəmilə Rəhimli vurğulayır ki, depressiyadakı insana hiss etdirsən ki onu başa düşürsən, bu, ona əsl dəstək ola bilər; hansısa damğa vurmaq və ya bu narahatlığa qeyri-ciddi yanaşmaq isə ölümcül nəticələr gətirə bilər.

 “Əksər halda major depressiyada intihara meylli fikirlər və cəhdlər müşahidə edilə bilir. Başqa sözlə, depressiyada olan şəxsi etiketləməklə onsuz da ətrafdan eşitdiyi tənqidlərlə özünə olan inam və dəyər hissini itirən şəxsin birbaşa ölümünə səbəb ola bilərik”, Rəhimli izah edir.

 

 *Respondentlər sosial çevrələrindən hər hansı bir reaksiya görməmək üçün adlarının dəyişdirilərək çap edilməsini istədilər.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin