İki müharibədən sonra “yerlilər və gəlmələr”

Jurnalist: Heydər İsayev,

Fotoqraf: Tural Rəhmanlı

04.03.21
Buraxılış: Özgələr
Mövzu: Münaqişə

“Geri qayıtmalısınız”. 

“Qaçqınlar öz doğma torpaqlarımıza köçürülməlidirlər...”

Təxminən 30 ildir ki, yüz minlərlə qaçqın və məcburi köçkün Birinci Qarabağ Müharibəsindən sonra Bakıda və ölkənin digər yerlərində yaşayış qurub, həyatlarını yenidən inşa ediblər. İndi bəzi qonşuları onların keçmiş evlərinə qayıtması məsələsini həvəslə müzakirə edirlər.

“Elə birinci sən gedəcəksən” - deyə, müharibədə evindən didərgin düşmüş bir jurnalistə oxucusu “Facebook”da şərh yazıb. “Bu günə kimi çıxıb mitinqlərdə özünüzü öldürürdünüz ki, torpaqlarımızı alın, niyə almırsınız. İndi alınandan sonra başlamısan, kim getmək istəyir, getsin, istəməyən getməsin, nə bilim nə. Bu torpaqlar alınıb ki, siz öz torpaqlarınıza geri dönəsiniz”.

Prezident İlham Əliyev köçkünlərin öz rayon və kəndlərinə qayıtmağının könüllü olacağı barədə çıxış edəndə digər bir sosial media istifadəçisi təəccübünü paylaşıb.

“Necə yəni getmək istəyirlər, yaxud istəmirlər? Bu millətin gəncliyi, gələcəyi olan cavanlarımız hər təhlükəni, canını, qanını gözə alıb necə azad ediblərsə o torpaqları, indi qaçqınlar da zəhmət çəkib hər çətinliyi gözə alıb, gedib doğma torpaqlarımızda məskunlaşacaqlar. Başqa yolu yoxdur. Bu mövzuda da ictimai qınaq artmalıdır”.

Azərbaycan-Ermənistan arasındakı münaqişənin 1988-1994-cü illərdəki mərhələsində evlərini itirən azərbaycanlılar uzun müddət həmvətənləri arasında qəriblik çəkdiklərini və təcrid olunduqlarını hiss ediblər.

Məcburi köçkünlərin xeyli hissəsi birinci müharibədən dərhal sonrakı illərdə müvəqqəti yaşayış yerlərində və antisanitariya şəraitində yaşamağa məcbur idilər. Ölkədə əhalinin digər qismi də bənzər problemlərlə boğuşarkən, yoxsulluq və evsizlikləri ilə qaçqın və məcburi köçkünlər daha çox seçilirdi.

37 yaşlı Samir Qasımov xatırlayır ki, Şüvəlanda çörək növbəsində durmaq üçün səhər açılmadan oyanmalı olurdu. Samir və ailəsi döyüşlər zamanı iki dəfə köçməli olublar - ilk olaraq Laçından Ağdama yerləşiblər, daha sonra erməni silahlı qüvvələri irəlilədikcə, Ağdamı da tərk etməli olublar. Nəhayət, Şüvəlan qəsəbəsindəki köçkünlər üçün nəzərdə tutulmuş köhnə bir pioner düşərgəsində məskunlaşıblar.

1990-cı illərin əvvəllərində Azərbaycanda həyat çətin keçib. Samir hamının - “yerlilər və gəlmələrin” çörək üçün növbədə necə gözlədiyini yada salır. O deyir ki, növbədə durmaq üçün qrup halında gedirdilər, çünki köçkün uşaqlardan kiminsə tək olduğunu görəndə yerli uşaqlar onlara sataşar, həmçinin döyə bilərdi.

Mütəmadi davalar olurdu. Hətta qadınları da döyürdülər. Artıq öyrənmişdik ki, döyənlərin hansı harada yaşayır, gəzəndə yolumuzu uzadırdıq ki, bir də bizi tutub döyməsinlər”.

Erməni silahlı qüvvələri azərbaycanlıların kənd və şəhərlərini ələ keçirdikdən sonra oranı tərk etmək məcburiyyətində qalanlar ölkənin bir yerindən digərinə köçürülsələr də, Samir deyir ki, onlara “qaçqın” deyə, alçaldıcı damğa vurulurdu. Ermənistandan qaçan azərbaycanlılara isə təhqir olaraq “erməni” deyirdilər.

“Harda ki, bizi görürdülər, barmaqla göstərib “qaçqın” deyirdilər. Uşaqlar ağlamasın deyə, valideynlər deyirdi, indi qaçqın göstərəcəm sənə”, Samir qeyd edir. Məktəbdə də bir dinclik tapılmırdı: müəllimlər köçkün uşaqların köhnə ayaqqabılarına diqqət çəkər və ya onlara ləqəb taxarmışlar.

Sosioloq və konfliktoloqlara görə, münaqişədən sonra Azərbaycan cəmiyyətində yaranan bölünmələr - döyüşlər nəticəsində didərgin düşmüş insanlarla əlaqədar yaranmış “onlar və biz” məsələsi, ehtimal ki, bir neçə amildən irəli gəlib. 

1993-cü ildə Füzulidən köçkün düşmüş tədqiqatçı Bəxtiyar Aslanov düşünür ki, qaçqınlara və köçkünlərə damğa vurmağın kökü psixolojidir və yalnız Azərbaycana xas hal deyil. “Səbəblər əsasən psixoloji olur. Bir qrup insan icmanıza gəldikdə, məkan və xidmətləri zəbt etdikdə, icmanın bir üzvü olaraq özünüzü narahat, işğal altında hiss edirsiniz”, o deyir.

Bəxtiyar Aslanov Almaniyada mənzillənən Berqhof Fondunun milli koordinatoru olaraq yaddaş, münaqişə və dialoq mövzusu üzərində işləyir. O qeyd edir ki, “yeni gələnlər”in bir çoxu Bakıya və digər şəhərlərə kənd icmalarından gəliblər. Yerli sakinlər “kəndli” vərdişlərini şəhərdə dağıdıcı hesab edirdilər.

Aslanovun sözlərinə görə, qruplar arasındakı uçurumun dəqiq səbəblərini dəqiqləşdirmək çətindir, çünki bu məsələ heç vaxt lazımi qədər araşdırılmayıb.

Sosioloji tədqiqatçı Toğrul Abbasov isə deyir ki, köçkünlərin vəziyyətini araşdırmağa maraq olmayıb, çünki bu, hökumətin işi kimi qəbul olunub və dövlət kənar şəxslərə və ya mövzu ilə bağlı müstəqil akademik araşdırmalara icazə verməyə açıq olmayıb. Abbasovun fikrincə, indi aydın olmayan təkcə cəmiyyətdəki davranışlar deyil, eyni zamanda hökumət özü də etiraf edir ki, nə qədər məcburi köçkünün qayıtmaq istədiyini bilmir və yalnız indi çoxmiqyaslı sorğulara başlayırlar.

Brukinqs İnstitutunun dəstəyi ilə 2011-ci ildə Azərbaycanda həyata keçirilmiş bir tədqiqata əsasən, respondentlərin bir neçəsi köçkünlüyün ilk günlərini sığınacaq və ərzaq yardımları timsalında yerli camaatın həmrəylik nümayişi kimi xatırlayıb. Ancaq bəzilərinin xatirələrində yerli sakinlər tərəfindən xoş qarşılanmadıqları da mövcuddur. Məsələn, Xocalıdan olan bir qadın qeyd edib ki, “bizə deyirdilər evlərinizi niyə tərk etdiniz, niyə qalıb torpaqlarınız üçün döyüşmədiniz?”

34 yaşlı jurnalist Namiq Hüseynov xatırlayır ki, onun da ailəsindən Ermənistandakı kəndlərini qorumaq əvəzinə, niyə qaçdıqlarını soruşublar. “Neyləyəydim, mən də qalaydım mühasirəyə alınmış kənddə, gəlib Xocalı kimi qıraydılar?”

Tədqiqatın həmmüəllifi Yuliya Əliyeva deyir ki, gərginliyin bir mənbəyi də qısqanclıq ola bilər: ev sahibliyi edən bölgələrdə əksəriyyətdə belə bir fikir var ki, köçkün ailələr pulsuz təhsil və pulsuz kommunal xidmətlər təklif edən dövlət proqramlarından yararlanıb “kef edirlər”. Namiq Hüseynov qeyd edir ki, mənzil məsələsi ilə bağlı bu yanaşma paxıllığın tərkib hissəsi idi.

Bəxtiyar Aslanov deyir ki, köçkün ailələr müxtəlif dövlət təşəbbüsləri çərçivəsində illərdir ki, mənzillərlə təmin olunub və belə bir səhv fikir formalaşıb ki, onlar pulsuz mənzillər əldə etmək üçün sistemlə oyun oynaya bilərlər. Halbuki reallıq budur ki, köçkünlər onlara verilən əmlakın sahibi deyillər; əslində son dövlət planına əsasən, ailələr ya geri alınmış rayon və kəndlərə köçürülməyi, ya da dövlətə məxsus mənzillərdə qalmağı və digər statuslarını itirməyi seçməlidirlər.

Şuşadan köçkün düşən və hal-hazırda Bakının Pirşağı qəsəbəsindəki düşərgədə yaşayan 71 yaşlı İsmayıl ...
Şuşadan köçkün düşən və hal-hazırda Bakının Pirşağı qəsəbəsindəki düşərgədə yaşayan 71 yaşlı İsmayıl Allahyarov Təxminən 750000 azərbaycanlı Dağlıq Qarabağ ətrafında gedən ilk müharibə nəticəsində didərgin düşüb. Hökumət onların çoxunu düşərgələrdə və müvəqqəti sığınacaqlarda məskunlaşdırmışdı. Köçkünlərin yerli icmalarla qaynayıb-qarışması üçün az səy göstərilib və on illər boyu digər vətəndaşlar tərəfindən qəbul olunmaq üçün çalışıblar.

Digər bir başqa mümkün səbəb yüz minlərlə insanın yerli icmalara inteqrasiyası üçün çox az səy göstərilməsi və kütləvi şəkildə ancaq köçkünlərdən ibarət məkanlara yerləşdirilməsi idi. Bəzi hallarda köçkün uşaqları ancaq köçkünlər üçün nəzərdə tutulmuş məktəblərə gedə bilərdilər, yaxud 19000 ailə keçmiş fabriklər və digər fəaliyyətsiz dövlət müəssisələri kimi yararsız mənzillərdə məskunlaşdırılıb ki, bu da onları ölkənin digər icmalarından ayrı salıb. Toğrul Abbasov qeyd edir ki, assimilyasiya siyasətinin olmaması hökumətin bu qrupdan qismən “siyasi alət” kimi istifadə etmək səyləri ilə əlaqədardır.

“Dövlət beynəlxalq və yerli icmalara bunun böyük bir sosial fəlakət olduğunu göstərmək istəyirdi və köçkünlər evlərinə dönmədən bu fəlakətin sonlanmayacağını göstərməyə çalışırdı”, o deyir.

Bəxtiyar Aslanov assimilyasiya prosesini çətinləşdirən bir neçə amilin olduğuna inanır. Birincisi, hökumət ümid edirdi ki, münaqişə həll ediləcək və insanlar öz evlərinə qayıda bilər. O əlavə edir ki, hərtərəfli assimilyasiya planının olmaması da prosesi əngəlləyib.

Aslanov deyir ki, köçkünlərə qarşı diskriminativ yanaşma diqqəti cəlb edir, lakin bu, köçkünlər icmasının digər Azərbaycan vətəndaşlarına nisbətən daha az bərabər və yad qəbul edildiyinə işarə deyil.

“Bu illər ərzində damğalama və stereotiplər cəmiyyətdə ya zərərsizləşdirildi, ya da müsbət hala gəldi” - deyə, Aslanov vurğulayır. “İndi bir çoxları məcburi köçkünləri 30 il əvvəlki kimi havayı yeyənlər kimi deyil, çalışqan insanlar kimi qiymətləndirirlər. Bu, ortaq dil, mədəniyyət və ortaq problemlərlə yanaşı, müəyyən dərəcədə də qarışıq nikahların nəticəsidir”.


Bu məqalə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin