“Kasıblar üçün dəb”

Jurnalist: Leyla Orucova,

Fotoqraf: Sultana Əhmədbəyli

25.03.21
Buraxılış: Yaşlılar
Mövzu: Yaşlılar

Bakının mərkəzi və ən işlək küçələrindən birinin küncündə qarşısında kiçik bir taxta sandıq olan tənha qoca oturur. Səhv salmayın, o, dilənçi deyil.

66 yaşında olan Rəhim Adıgözəlov son 20 ildə hər gün ən yaxşı paltarını geyinir, bütün alətlərini toplayır və xidmətlərini təklif etmək üçün bir saat işləyir.

Rəhim Adıgözəlovun həyatı şəhərdəki bir çox yarımçıq hekayələrdən biridir. Onun yaşayışına yaşayış demək olmur, sadəcə sağ qalmaq üçün mübarizə aparır... Hələ də təklif edə biləcəyi bir şeyin olduğunu hiss edir, amma qocalığı və problemləri səbəbindən çətinliklə ayaq üstə qaldığını bildirir. Eniş-yoxuşlarına baxmayaraq, Adıgözəlov çox işləməyə davam etmək və çətin, eyni zamanda layiqli bir həyat nümunəsi göstərmək əzmindədir.

O, öz işini “kasıblar üçün dəb” adlandırır. Belə ki, onun işi köhnə paltarları rəngləndirmək, əvvəlki görkəminə qaytarmaqdır. Adıgözəlov rəngləmə işini özləri həll etmək istəyənlər üçün ayrıca boya da satır.

O, gənc yaşlarında xəyalını qurduğu həyatdan çox uzaq olmasına baxmayaraq, bu işi ilə böyük qürur duyur. “Oğurluq ki etmirəm…”, deyir.

Lakin o, həmişə belə yaşamayıb. Onun haqqında bir vaxtlar “Allahın sevdiyi bəndələrdən” deyirmişlər.

Rəhim Adıgözəlov Şuşada imkanlı bir ailədə anadan olub, qayğısız böyüdülüb. Atasının dövlət işində olması onun üçün çox qapı açıb və öz ayağı üstə durmaq istəyi onu erkən yaşlarından etibarən bütün gücünü işə verməsinə sövq edib.

O, təhsil almaq üçün Bakıya üz tutub və Politexnik İnstitutunu bitirdikdən sonra kənd təsərrüfatı ixtisası üzrə təhsil alıb.

“Şuşadan ayrılanda varlı bir ailənin oğlu idim. Bütün rayon bizim nəsli tanıyırdı, ağsaqqallar deyirdilər ki, “Adıgözəlovların oğlu çox qabağa gedəcək” - deyə, o xatırlayır.

Lakin Sovet İttifaqı çökəndə o zaman 36 yaşında olan Rəhim İttifaqın itirilmiş gənclərindən biri olub: o, yeni Azərbaycanda özünə yer tapa bilməyib.

“Əvvəllər tərəvəz anbarının direktoru idim. Təzə evlənmişdim, iki azyaşlı övladım da vardı. Yaxşı yaşayışım vardı. Ancaq hər şey Sovet İttifaqının dağılmağı ilə yoxa çıxdı. İş tapa bilmədim” - deyə, Adıgözəlov öz kiçik iş yerində müştəri gözləyərkən siqareti siqaretə calayır.

Bir müddət işsiz qaldıqdan sonra isə Şuşanın yerli sakinləri arasında bir vaxtlar populyar olan bir sənət sahəsi – paltar rəngləmə işi yadına düşür. Beləcə, şəhər xəstəxanalarından birinin qapısının yanında kiçik bir emalatxana qurur. İnsanların solmuş paltarlarını götürüb onlara yeni rəng verməyə başlayır. Aldığı boyalara öz qarışıqlarını da əlavə edərək parça üzərində işlədikdən sonra geyimlər tamamilə yeni brend məhsula çevirir.

İllərlə davam etmiş qeyri-müəyyənlik və sınaqlardan sonra Rəhim Adıgözəlov, nəhayət, hiss edib ki, yenə də tale üzünə gülür.

“Boya işi üçün təxminən 5-6 manat (təxminən 3-4 dollar) qazanırdım. Çox müştərim var idi, camaat boyanı məndən alırdı”, qeyd edir.

Ancaq bu xoş dövrün də ömrü uzun çəkmədi. Belə ki, bir müddət sonra girişində özünə emalatxana qurduğu xəstəxana bağlandı, bina sahibi əmlakını satdığı üçün Rəhim də emalatxanası ilə vidalaşdı. Bu minvalla da Adıgözəlov icarə götürməyə uyğun qiymətə yer tapmadığı üçün fəaliyyətini də küçədə davam etdirməli oldu.

2020-ci ildə hər şey daha da pisləşdi: Azərbaycan Covid-19-un yayılmasına qarşı sərt karantin rejimi elan etdi və Rəhim Adıgözəlov aylarla evdən bayıra çıxa bilmədi.

"Bilirəm ki, ömrümün sonuna yaxınlaşıram. Əvvəllər tanıdığım insanların əksəriyyəti indi həyatda deyil. Amma yenə də istəməzdim ki, kimsə Adıgözəlovların oğlunun indi nə vəziyyətdə olduğunu görsün…”

Sərt karantin zamanı Rəhim Adıgözəlov işləyə bilmədi və o gözünü evə ərzaq məhsulları almağa belə çatmayan təqaüdünə (140 manat və ya təxminən 82 dollar) dikmək məcburiyyətində qaldı.

Adıgözəlovun diabetdən əziyyət çəkən həyat yoldaşı iki il əvvəl vəfat edib. Onun ölümündən sarsılan oğlu Azərbaycanda yaşaya bilməyib və Türkiyəyə gedib. Adıgözəlov hazırda təqaüdü ilə oğlunun arvadı, həmçinin onun 11 və 2 yaşındakı iki qızına baxır. Adıgözəlovun bir qızı da var, amma onun maddi problemləri elə özünə bəs edir…

İndi Rəhim Adıgözəlovun yeganə ümidi yeni iş tapmaqdır.

"Artıq müştəri də yoxdur… Camaatda əvvəlki kimi pul da yoxdu", o deyir.

“Əvvəlki kimi enerjili deyiləm, amma işdən qorxmuram. Kənd təsərrüfatında hər işi bacarıram. Yaşıma uyğun, daha asan bir iş tapsaydım, iki nəvəmi doyuzdura bilərdim”.

Ancaq o, son vaxtlar müraciət etdiyi hər işdən o qədər rədd cavabı alıb ki, axtarışlarını dayandırıb.

"Bu yaşda ümid edə biləcəyim tək şey hansısa bir möcüzədir", deyir Adıgözəlov. "Kaş ki, yaxşı bir iş tapaydım, bu həyatı layiqli, çalışqan bir insan kimi tərk edərdim".

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin