Öz seçdiyim nənəm

Jurnalist: Ramil Zamanov,

Fotoqraf: Çiçək Bayramlı

22.04.21
Buraxılış: Yaşlılar

Gülşən kimi nənəyə sahib olmaq hər kəsin arzusudur. Şirin, qayğıkeş və həmişə köməyə hazırdır.

Gülşən Ağayeva mənim bioloji nənəm deyil. Üç-dörd yaşımdan yetkin gənc olana qədər, yəni Azərbaycanı tərk edənədək yay tətillərini onunla Xəzər dənizinin yaxınlığındakı mənzilində keçirər və il ərzində tez-tez görüşərdik.

Həmişə məni sevindirməyə çalışardı. Amma bu, məni əsla ərköyün etməzdi. Dostlarım da onu çox sevirdi. Bizi çimərliyə aparar, bizim üçün şirniyyat bişirər və hər il sentyabrda bizim ailələrimizə məktəb bazarlığı etməkdə kömək edərdi. Bütün qonşuların sevimlisi idi.

20 illik müddət ərzində biz birlikdə çox vaxt keçirmişdik və bu, bizim yaxın münasibətlərimizi daha da möhkəmləndirmişdi. Amma mən xaricə köçəndən sonra bir-birimizdən uzaqlaşmağa başladıq. 69 yaşlı Gülşən nənə kompüter və “Skype” kimi digər rəqəmsal texnologiyadan istifadə etməkdə çətinlik çəkirdi. Bu, ona yad və qəliz gəlirdi.

Mən ölkəni tərk edəndən sonra biz artıq hər gün danışmırdıq. Amma qonşularının köməyilə internet vasitəsilə ayda bir dəfə mənimlə əlaqə saxlaya bilirdi. Baxmayaraq ki biz əlaqə saxlaya bilirdik, kompüter vasitəsilə danışmaq Gülşən nənəyə asan olmurdu. Bu, bizim əvvəlki münasibətlərimiz üçün yaxşı alternativ deyildi.

Sonra pandemiya çıxdı ortaya. Azərbaycanda karantin elan olunduğundan Gülşən nənə də özünü başqalarından təcrid etdi. Mən onun üçün narahat olurdum və köməyə ehtiyacı olduğu bir vaxtda yanında ola bilmədiyim üçün özümü günahkar bilirdim.

Uşaq olanda mən həmişə ona arxalanardım, xüsusilə də xəstələnəndə. Bir dəfə onlardaykən hərarətim var idi. Bütün gecə boyu o, məni mənzilin bir tərəfindən o biri tərəfinə apararaq sakitləşdirməyə və yata biləcəyim sərin bir yer tapmağa çalışırdı. Yadımdadır, gecəni ayaq üstə, mənimlə keçirdi və nəticədə özü də xəstələndi.

Gülşən nənənin təbiəti belə idi. O, həmişə özündən çox başqalarının qeydinə qalırdı. Hətta pandemiyanın qızğın vaxtında belə onu öz sağlamlığından çox başqalarının vəziyyəti narahat edirdi. Bu narahatlıq onu kompüter və onlayn zənglərlə barışmağa vadar etdi.

Aylarla davam edən təcrid zamanı kompüterdən yalnız ayda bir dəfə zəng etmək üçün istifadə edən Gülşən nənə sevdiyi insanlarla virtual əlaqə saxlamaq və onlardan xəbər tuta bilmək qərarına gəldi. Bu, 69 yaşlı qadın üçün çətin idi, ancaq öhdəsindən gəldi. Bununla o, pandemiyanın qaranlığına öz tərzinə uyğun bir parlaqlıq bəxş etdi.

Bir neçə həftə və ay ərzində Gülşən nənə kompüteri və kameranı işlətməyi öyrəndi və nəhayət, bizim köhnə sıx münasibətlərimiz yenidən dirçəlməyə başladı. Bu, hansısa cəhətdən daha yaxşı idi. Çünki mən Gülşən nənə ilə yetkin bir adam kimi söhbət edə bilir və onun özü və mənim onu tanımazdan əvvəlki həyatı barədə daha çox şey öyrənə bilirdim.

Təbii ki, bizim söhbətlərimiz böyük hissəsi pandemiya barədə idi. Amma arada gənc bir qadın kimi necə yaşadığı, qarşılaşdığı çətinliklər və bu çətinliklərin ona necə təsir etdiyi barədə də öyrənməyə macal tapırdım.

Gülşən mənim nənəmin bacısıdır. O, Zəngilan rayonunda anadan olub və 18 yaşında ailə qurub. 36 yaşı olanda həyat yoldaşı vəfat edib. “1990-cı illər çətin idi. Sosializmin süqutundan sonra bilmirdik nə edək. Mən həyat yoldaşımı itirdim və uşaqlarımızı təkbaşına böyütdüm”, o bildirir.

“Hamı işini itirmişdi… Küçədə gəzmək artıq təhlükəsiz deyildi… Dükanların çoxunda çörək tapılmırdı… Sistem dəyişmişdi, həyatımız qeyri-müəyyən olmuşdu. Hələ nə baş verdiyini başa düşməmişdik ki, Qarabağ Müharibəsi başladı… O vaxt biz bilmirdik müharibə nədir. Böyüklərimiz 2-ci Dünya Müharibəsini görmüşdü. Amma mən və mənim kimi orta yaşlı qadınlar bilmirdilər nə etsinlər. Çıxış yolumuz yox idi. Həmin günlərdə çox ümidsiz idik”.

Gülşən nənə onu da dedi ki, COVID-19 pandemiyası ona həmin çətin günləri xatırladır. Amma bu virus bir növ “gözəgörünməz düşmən” kimidir.

“Mən həyatımda bayaq dediyim çox çətin vəziyyətlər görmüşəm. Onlarla müqayisədə COVID-19 mənim üçün sadəcə bir xəbərdarlıqdır”, o bildirir və əlavə edir: “dükanlarda qıtlıq yoxdur, pensiyamı vaxtında ala bilirəm”.

Amma pandemiyanın emosional baxımdan təsirləri ondan yan keçməyib.

Gülşən nənə deyir ki, nə özü, nə ailəsi pandemiyanı əvvəlcə heç cür ciddi qəbul etməyiblər. Amma vaxt keçdikcə məlum olub ki, bu, təhlükəlidir, xüsususilə də onun yaşında olan insanlar üçün. Gülşən nənə son bir ili Tağıyev qəsəbəsindəki mənzilində demək olar ki, tək yaşayıb.

“Uşaqlar məsləhət bildi ki, onlarla yaşamayım. Çünki mənə görə narahat olurdular. Onlar işə gedirdilər, başqa qohumlarla görüşürdülər. Ona görə də mənim üçün ən yaxşısı tək yaşamaq idi”, o dedi.

“Amma ən çətini insanlarla olan münasibətlər idi… Bu müddət ərzində mənə heç kim ehtiyat edib baş çəkmədi… Onlar bu məhdudiyyətlərə təkcə özlərinə görə yox, həm də mənə görə əməl edirdilər”, o deyir.

Həyatını qonşuların, dostların və qohumların əhatəsində keçirən Gülşən üçün tək yaşamaq bir şok idi.

“COVID 19-dan əvvəl bütün qonşular bir yerə yığışardı… Çay içərdik, şirniyyat yeyərdik, hər kəs öz problemindən danışardı. Bir-birimizə kömək edərdik. Əsasən bir yerdə vaxt keçirərdik. Amma bunu indi edə bilmirik” – deyə, Gülşən təəssüflənir.

“Mən qohumlarım və dostlarımla telefonla əlaqə saxlayırdım… Amma bu əvvəlkinin yerini vermirdi… Mənim kimi çoxları özünü təcrid olunmuş və tək hiss edirdilər. Bu təcrid adi təcrid deyildi. Amma yenə də çox adam üçün bu yaşda özünü təcrid etmək asan məsələ deyil”.

Təcrid həm də o demək idi ki, o xəstələnməyə başlayanda yanında heç kim olmayıb. Xoşbəxtlikdən, qonşusu ona kömək edib, ərzaq və dərman alıb qapısına gətirib. Gülşən nənə öz xəstəliyinə görə ailə üzvlərini narahat etmək istəməyib. O, COVID-19-a yoluxub-yoluxmadığını bilmək üçün test verməyib. Amma bu virusa xas olan simptomları yaşayıb.

“Çalışdım ki, ailəm bu barədə bilməsin. Yaxşısı onları narahat etməmək idi. Amma qonşuluqda çox adamın vəfat etdiyini eşitdim və bir az panikaya düşdüm”, o deyir.

“Yanvarda sağaldım və yenidən özümü sağlam hiss edirəm. Çox sevinirəm ki, uşaqları bu xəstəliyə yoluxdurmadım”.

İndi Gülşən nənə peyvənd olunmaq və öz köhnə həyatına qayıtmaq, dostlarına baş çəkmək, qonşuları ilə vaxt keçirmək və ailəsi ilə birgə yaşamaq istəyir.

COVID-19 Gülşən nənənin kompüter qorxusunu dəf etməsinə və fiziki məsafənin insanın sevdikləri ilə ünsiyyət qurmasına maneə ola bilməyəciyini başa düşməsinə səbəb olub.

Mənim həyatımda isə əvvəllər olduğu kimi sevimli varlığa çevrilib və ən çətin aylarda məni öz qayğı və dəstəyi ilə əhatə edib. Gələcəkdə nə olacağını bilmək olmur. Amma ümidliyəm ki, mən öz seçimim olan nənəmlə əlaqə saxlamaqda davam edəcəyəm. Kompüterin həmin o balaca ekranı mənim üçün onun həyatına bir növ virtual pəncərə və onun sevgisinə doğru rəqəmsal bir cığır açır...

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin