Altı il əvvəl həkimlər Səbinə Hüseynovaya bildiriblər ki, anası Ofeliya Quliyevada demensiya – yaddaş pozulması meydana gəlib.
“2014-2015-ci illərdə bəzi sözləri unutmağa başladı. Bir gün evdə ən sevdiyi pulqabısını itirdi, hər zaman pulqabını qoyduğu yeri unutdu. Sonra tez-tez heç nədən əsəbləşməyə başladı” – deyə, Səbinə Hüseynova yada salır.
2016-cı ildə vəziyyət daha da kəskinləşib: Bir dəfə Ofeliya bacısıgilə gedərkən yolda azıb. Geri dönməyə çalışsa da, öz evinin ünvanını da unudub. Ondan xəbər ala bilməyən ailə üzvləri polis vasitəsilə axtarışa veriblər və nəhayət, Ofeliya evə gətirilib. Bu hadisədən sonra Ofeliyaya diaqnoz qoyulub ki, o, Alsheymer xəstəsidir. Alsheymer xəstəliyi mərkəzi sinir sisteminin müalicə olunmayan degenerativ xəstəliyidir. Bu xəstəlik tədricən əqli qabiliyyətin (yaddaş, nitq, məntiqi düşüncənin) itməsi ilə xarakterizə olunur, ən çox 65 yaşdan sonra müşahidə olunur.
İndi Səbinə Hüseynova, qardaşı və xalası növbə ilə Ofeliyaya qulluq edirlər.
“Anam elə bilir ki, mən onun anasıyam”, Hüseynova qeyd edir.
Ofeliya Quliyeva 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1993-cü ildə Qarabağ Müharibəsi zamanı evindən köçkün düşüb.
Xatirələri itməyə başlamazdan əvvəl Ofeliya tez-tez itirdiyi evlərindən bəhs edərmiş. Ancaq indi həmin söhbətlər də yoxdur. “Həyatının bütün yaxşı xatirələri doğulduğu yer ilə bağlı idi. Ən böyük arzusu Cəbrayıla gedib atasının məzarını ziyarət etmək idi. Bu, ürəyində həmişə bir dərd kimi qalırdı”, Səbinə bildirir.
“Oktyabrda Cəbrayılın azad edildiyi xəbəri veriləndə evdə sevindiyimizdən qışqırırdıq. Ancaq anam susmuşdu. Anam danışa bilmir. Onun nə başa düşdüyünü, nə hiss keçirdiyini deyə bilmirəm, amma anamın gözləri işıldayırdı, gözlərinin içi gülümsəyirdi”.
Ofeliya yavaş-yavaş yaddaşını itirdikcə övladları bu xəstəliyin həyat və sevgi dolu bir qadında necə əmələ gələ biləcəyini sorğulayırdılar. Səbinə deyir ki, bəzən düşünürlər ki, bəlkə də, həyatı boyu üzləşdiyi travmalar bu xəstəliyə səbəb olub.
“Bizim qohumlarda belə xəstəliyi olan olmayıb. Həkimin sözlərinə görə, güclü qorxu, stress, anamın yaşadıqları çətinliklər də buna gətirib çıxara bilər”.
Ofeliya 1995-ci il oktyabrın 28-də Ulduz və Nəriman Nərimanov stansiyaları arasında yanğın baş verdiyi zaman Bakı metrosunda qalan yüzlərlə insandan biri idi. Rəsmi məlumatlara görə, həmin vaxt yanğın 289 nəfərin ölümünə və 270 nəfərin yaralanmasına səbəb olub. Yanğında Ofeliya və oğlu da xəsarət alıb.
Ofeliyada yaddaş pozuntusuna nəyin səbəb olmasından asılı olmayaraq, bu gün ailəsi vəziyyətinin get-gedə ağırlaşdığını söyləyir.
Ofeliyanın təqaüdü 240 manat olsa da, ailə onun ehtiyaclarını ödəməkdə, xüsusilə də tələb olunan bahalı dərmanları almaqda çətinlik çəkir. Onu xəstəxanaya aparmaq və ya xüsusi terapiya üçün maddi imkanları olmadığı üçün ailə üzvləri ona evdə qulluq edirlər. Onun yeməyini, çayını, suyunu, dərmanını verir, çimdirir və günaşırı təmiz havada bir saat gəzintiyə çıxarırlar.
“Alsheymer xəstələrinin məşqləri çox bahadır, bizim də buna maddi imkanımız çatmadığı üçün evdə özmüz anama keçmişdən danışırıq və tez tez şəkillərini veririk baxsın. Alsheymer xəstələrinə mütləq sevgiylə, diqqətlə və səbrlə yanaşmaq lazımdır, çünki onlar uşaq kimi olurlar, onlara sevgini çox hiss etdirmək lazimdır”, Səbinə deyir.
Bu gün Ofeliyanın hətta danışmaq qabiliyyəti də yoxdur. Səbinə deyir ki, ailə üzvləri Ofeliyanın gözlərinə baxmaqla onun keçirdiyi hissləri “tərcümə edirlər”.
“Gözündəki gülüşdən və reaksiyasından kimi tanıyıb-tanımadığını başa düşürük. Nəvələrini görəndə sevinir. Məni isə daha çox tanıyır; anam düşünür ki, mən onun anasıyam, məni qucaqlayır, mənim sevgimi daha çox hiss edir, məncə” – deyə, Səbina izah edir.
Mən anamın hər şeyi üçün darıxıram. Ən çox da anamın səsi üçün darıxıram, istəyirəm bir dəfə də olsa, məni çağırsın. Ümid edirəm, anam məni qəlbində hiss edir”.






“Anam güzgü qarşısında çox vaxt keçirməyib əvvəllər. Amma indi xəstə olan vaxt güzgüyə baxır, əlini uzadır sanki özünə əl vurmaq istəyirmiş kimi”.






“Anam ən çox ağac olan yerləri sevir. Nizami metrosundan aşağıda “Beşmərtəbə”ni çox xoşlayır, demək olar ki, illəri orda keçib, orda yaşayıb”.


“Gənclik illərində anam gözəl qadın olub. Xalalarım onun necə gözəl, səliqəli bir qız olduğunu, qaməti düz gəzdiyini xatırlayırlar. Çox bəzənən olmayıb, amma həmişə səliqədə olub”.



ianə verin