Rəqəmsal dünyadan təbiətə qaçış

Müəlli̇f: Gülər Mehdizadə

10.05.21
Buraxılış: Rəqəmsal izlər
Mövzu: Ətraf mühit

Pandemiya zamanı neqativ məzmunlu xəbərlərin bombardmanına məruz qalan 25 yaşlı Ayxan Ağayusifli internetdən uzaqlaşmaq qərarına gəlib. Bu, təkcə rəqəmsal detoks demək deyil. Ayxan həmçinin Bakıdan da uzaqlaşıb və zamanının çoxunu təbiətdə keçirir. 

“Karantin söhbətləri olmazdan əvvəl sıxılanda hansısa bir puba gedir, pivə sifariş edirdim. Sakitcə, bir qıraqda oturur, içirdim. Bəzən dostlarla görüşürdüm. Karantin və məhdudiyyətlər hamı kimi mənim həyatıma da qadağalar qoydu. Rayona gəlməklə bu qadağalardan qurtulmuşam”.

Ayxanın təkbaşına təbiətdə düşərgə qurmağa getməsi təxminən on il əvvəl başlayıb. İlk təcrübə zamanı isə xeyli çətinliklərlə üz-üzə qalıb.

“İlk gün dəhşətli külək olub, ocaq qalaya, yemək hazırlaya bilməmişəm. Ancaq növbəti günü hava gözəl olub və əla gün keçirmişəm. Sonradan başa düşdüm ki, əslində elə tək gəlmək daha yaxşıdır, beynim dincəlir. Bundan sonra tez-tez rayonlara, dağlara, meşələrə getdim”, - o deyir.

Pandemiya başlayandan bəri Ayxan şəhərdən və sivilizasiyadan daha çox aralanmaq ehtiyacı hiss edib. O, çox vaxt həftələrlə təbiət qoynunda qalır. “Meşədə, dağda lazımlı-lazımsız bütün informasiyalardan uzaq oluram. Bəzən ocağın başında hansısa musiqi alətində etdiyim ifa daha maraqlıdır, nəinki üzüləcəyim məlumatları oxumaq”, o qeyd edir.

Statistik olaraq, Ayxan kimilər Azərbaycanda azlıq təşkil edir. 2020-ci ildə pandemiya başladığından bəri əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar məlumatlanmaq və sosiallaşmaq üçün daha çox sosial mediaya və digər onlayn platformalara müraciət edirlər.

“Data Reportal”ın “Azərbaycan Digital 2020” hesabatında bildirilir ki, 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarına qədər internet istifadəçilərinin sayı 2,5 faiz artıb. Eyni dövrdə sosial media istifadəçilərinin sayı isə 16 faiz çoxalıb. 

Sosial media mütəxəssisi Elçin Tağıyev deyir ki, pandemiya və müharibə azərbaycanlıların “Facebook” və “Instagram” kimi sosial media platformalarında daha çox vaxt keçirməsinə səbəb olub. O qeyd edir ki, Azərbaycanda “rəqəmsal minimalizm”, “digital detox” anlayışları hələ çox yayılmayıb. Lakin son bir neçə ildə bölgələrdə təbiət yürüşləri, kamp qurulması bu tendensiyanın dəyişdiyini göstərə bilər.

“Məncə, bu, insanların digitaldan uzaqlaşmaq istəyidir. Təbii xüsusi “digital detox” kimi fərqində olaraq atılan bir addım deyil. Sadəcə insanlar fərqinə varırlar ki, internetdə çox vaxt keçirirlər və həftə sonu özlərinə dinclik verməlidirlər. Sadəcə bu, böyük bir axın deyil”.

Ayxan deyir ki, insanlar onu meşədə tək gördükdə fərqli reaksiya göstərsələr də, bunu məqbul hesab ediblər. Əvvəl-əvvəl onun bu addımı dostlarına dəlilik kimi görünürmüş. Xatırlayır ki, velosipedlə İsmayıllıya gedəndə yolda tanıdıqları, tanımadıqları insanlar saxlayıb onu maşınla apara biləcəklərini deyirmişlər. Eləcə də dostları düşünürmüş ki, bu, təhlükəlidir.

Ayxan meşədən topladığı çör-çöplə ocaq qalayır. Ocaq qoxusunun çaya xüsusi bir ləzzət qatdığını düşünür: "Bu çayın ləzzəti başqa cür olur", deyir.
Ancaq bəzən nəm odun parçaları ilə ocaq qalamaq asan başa gəlmir. Deyir ki, ocağa üfürdükcə tüstü gözlərini ağrıdır.

“Bunu etmək istəyib, vaxtı və cəsarəti olmayanlar da var. Məncə, əsas kimlərinsə yox, sənin nə düşünməndir. Sən zövq alırsan, ya yox, xoşbəxtsən, ya yox - önəmli olan budur”. 

Sosioloq Sənubər Heydərova rəqəmsal detoks anlayışının əksər azərbaycanlılar üçün hələ də yad olduğunu vurğulayır, baxmayaraq ki, insanlarda rəqəmsal asılılıq əlamətləri sezilir.

“Son illər dünyada digital asılılıqdan əziyyət çəkənlər üçün mərkəzlər açılır. Məsələn, oyun aludəçisi olub, təbii ehtiyacını ödəmək üçün gigiyenik bezlərdən istifadə edən insanlar da var. Texnologiya elmin inkişafı məqsədilə yaransa da, insanların asılılığa olan dözümsüzlüyünü ortaya çıxarıb”.

Bununla belə, onun fikrincə, kompüterlərdən və ya sosial mediadan tamamilə uzaq durmaq lazım deyil. Bunun əvəzinə, o, dostlar ilə real görüşməyi və boş vaxtın necə idarə olunacağını öyrənməyi tövsiyə edir.

“Beləcə olduğumuz yerdən, yanımızdakı insanlardan həzz almağı artıra bilərik”, - Heydərova vurğulayır. O əlavə edir ki, əlac, çıxış yolu hesabı silmək deyil, çünki bunu edib hesabını yenidən açanlar, başqa profillərlə insanları izləyənlər olur. Ondansa vaxtı tənzimləməyi öyrənmək lazımdır.

“Ən yaxşı detoks yollarından biri budur. Digital asılılığa düşənlərin statistikası deyir ki, bundan əziyyət çəkənlər daha çox yeniyetmələrdir. Yaşlı nəslin qayğıları var və hardasa ayrılıb o işlərlə məşğul olmaq məcburiyyətindədirlər. Gənclərdə isə əksinədir, onların xüsusi bir qayğısı olmadığından asılılıq uzunmüddətli ola bilir”.

Ayxan üçün həm qismən sosial media istifadə etmək, həmçinin arada uzaqlaşmaq ən uyğun variantdır. Məsələn, o, maddi gəlirinin bir hissəsini “Facebook”da açdığı bitki mağazasından qazanır. Şəhərdə olarkən o, çox vaxt onlayn olur və gününü sosial mediada keçirir, bəzən gündə bir neçə dəfə telefonunu yoxlayır. Ancaq elə ki Bakıdan ayrılır, Ayxan internetin yoxluğunu hiss etmir.

“Təbiətdə olmaq şəhər həyatı kimi deyil. İstəyəndə dağa çıxıram, meşəyə gedirəm, kənddə həyətdə ağaclarla məşğul oluram. Təkliyimdən sıxılmıram, zövq ala bilirəm”, o deyir.

Ayxan təbiət qoynuna dincəlməyə gedərkən özüylə Tibet səs kasasını (bəzən mahnı oxuyan kasa da deyir ...
Ayxan təbiət qoynuna dincəlməyə gedərkən özüylə Tibet səs kasasını (bəzən mahnı oxuyan kasa da deyirlər) götürür. O, meşədə musiqi alətlərində ifa etməyi çox sevir.

Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. Biz hazırda "Rəqəmsal izlər" mövzusu üzərində işləyirik. Həyatımızda mühüm rol oynayan kompüterlərin, tabletlərin və mobil tətbiqlərin rifahımıza, münasibətlərimizə, icmalarımıza və cəmiyyətlərimizə necə təsir etdiyini - rəqəmsal bir dövrdə yaşamağın nə demək olduğunu araşdırırıq. Sizin ianəniz bu mövzu üzərində işləyən əməkdaşlarımıza dəstək üçün istifadə olunacaq.
ianə verin