Sosial media: kimlik oğurluğu üçün “ov yeri”

Jurnalist: Aytən Fərhadova

İllustrator: Çiçək Bayramlı

16.05.21
Buraxılış: Rəqəmsal izlər
Mövzu: Rəqəmsal

“Bir gün “Facebook” mənə öz ad və soyadımda bir nəfərin dostluğunu təklif etdi. Bu, mənə də maraqlı gəldi, çünki ilk dəfə idi ki, öz ad və soyadımla eyni olan adamla rastlaşırdım. Girib profilinə baxanda gördüm ki, biz eyni yerdə “işləyirmişik”. Profilin mənim adıma yaradıldığını başa düşdüm və dostluq siyahımı incələdim. Bu profili iş yoldaşım açıbmış” -deyə, Leyla Hümbətova (ad şərtidir) xatırlayır.

Leylanın şəxsi məlumatlarının oğurlanması məsələsi nisbətən zərərsiz olub; o, həmkarı ilə bu məsələni danışıb və saxta hesab silinib. Ancaq onun başına gələnlər Azərbaycanda nadir hal deyil.

Aprel ayında “The Guardian” qəzeti hakim Yeni Azərbaycan Partiyasının (YAP) “Facebook” platformasından müstəqil və müxalif fikirli şəxslərə qarşı trollardan istifadə etməsi ilə bağlı araşdırma dərc edib. Araşdırmada qeyd olunur ki, 2020-ci ilin oktyabrında “Facebook”, “koordinasiya edilmiş saxta davranış” siyasətini pozduğu üçün YAP ilə əlaqəsi olan 8000-dən çox “Facebook” və “Instagram” hesabı və səhifəsi silinib.

Lakin aprel ayınadək əksər botların fəaliyyəti bərpa olunub. Bununla da, “Guardian” bildirir ki, “Sərhədsiz Reportyorlar”ın Dünya Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 168-ci yeri tutan Azərbaycanda “Facebook” avtoritar rejimin ifadə azadlığına şərait yaradan yeganə platformalardan biri vasitəsilə aparılan müzakirələrin boğulmasına imkan verir.

Yeni Azərbaycan Partiyası ittihamları rədd etsə də, digər müstəqil araşdırmalar botlar, saxta hesablar və şəxsi məlumatların oğurluğu haqqında bənzər problemləri üzə çıxarıb.

"OsmanqiziTV, MeydanTV və digər tənqidçi YouTube kanallarındakı videolarının şərh bölmələri saxta adları və hesabları olan insanların şərhləri ilə doludur", deyə 2019-cu ilin iyul ayında “Senzura İndeksi”nin yaydığı hesabatda deyilir. "Bu şərhlər əsasən təhdidlər, təhqirlər, mənasız mübahisələr və ya hakim rejim üçün təriflərdən ibarətdir".

“Guardian” qəzeti ortaya çıxarıb ki, müstəqil media platforması olan “Azad Söz”ün “Facebook” səhifəsində ən populyar 301 şərhdən 294-ü (97,7%) istifadəçi hesablarına bənzər şəkildə qurulmuş “Facebook” səhifələridir.

Botlar və trolların məşhur hədəflərindən biri olan Meydan TV-nin həmtəsisçisi və sosial media meneceri Həbib Müntəzirə görə, botlar insanların real məlumat əldə etməsini çətinləşdirir.

“Bot və trolların belə təsiri var ki, onlar yalan və dezinformasiyaları yayırlar və insanları bu cür xəbərlərə öyrəşdirirlər. Bununla da, bu dezinformasiyaların daha çox yayılmasına şərait yaradırlar”, Həbib Müntəzir qeyd edir. O, botların siyasətdə qeyri-ciddiliyi yaymasına, populyarlaşdırmasına xidmət etdiyini vurğulayır.

Leyla Hümbətova xatırladır ki, onun şəxsi məlumatları əsasında saxta profilin yaradılması 2015-ci il parlament seçkisinə təsadüf edir.

“İş yoldaşım seçki vaxtı adımdan saxta profil açıb o səhifədən YAP-ın xeyrinə rəylər yazırdı. Bizim müdir müavininin köməkçisi idi. Fikirləşirəm ki, müdirin müavini ona bu işləri tapşırıb. Dövlət qurumlarında işçilər işdən qovulmaqlarından çox qorxurlar, buna görə də razılaşırlar. Mümkündür ki, [partiya] müdirlərdən tələb edir ki, işçilərin adına saxta profil açıb o profillərdən YAP-ın xeyrinə təriflər yazsınlar”.

Yerli və daxili siyasətdən əlavə, trollar və botlar Azərbaycanda aktual mövzu olan Ermənistanla münaqişəyə dair şərh yazmaqda aktivdirlər. Ancaq bəzi müşahidəçilər botların Azərbaycan siyasətinə və ya seçicilərinə təsir gücünə şübhə edirlər.

Texnologiya mütəxəssisi və bloqqer Cavid Ağa düşünür ki, botlara pul tökmək məmurlar üçün hakim partiyaya ictimai dəstək mənzərəsi yaratmağın asan bir yoludur. Əslində isə onların real təsirlərinin məhdud olduğunu iddia edir. “Onlar sadəcə alət olduqları üçün siyasətə istiqamət verə bilməzlər. Düşünürəm ki, bunları yalnız büdcədən vəsait əldə etmək üçün istifadə edirlər”, Cavid qeyd edir.

Həbib Müntəzir də razılaşır ki, botların əldə etdiyi nəticə elə hakim partiyanı dəstəkləyən insanların sayının şişirdilməsidir. “Partiya buna ona görə bu qədər pul ayırır ki, guya sevənləri var, ancaq hamısı saxtadır”.

Məsələn, Prezident İlham Əliyevin lehinə qətiyyətli bir şərh yazan “Facebook” istifadəçisi Həbibə Süleymanlını götürək.

“Vəzifəyə təyin edilən hər bir məmur Prezidentimizin izindən gedərək, xalqa ləyaqətlə xidmət etməlidir. Əgər bunu etmirsə, o zaman bu vəzifədə heç bir zaman qala bilməyəcəkdir”, o yazır. Ancaq iş ondadır ki, bu müəllif real deyil. “Həbibə Süleymanlı” hesabında profil fotosu Rusiyanın ORT kanalının “Vremya” verilişinin aparıcısı Yekaterina Andreyevaya aiddir. Foto aparıcının Instagram hesabından götürülüb.

“Həbibə Süleymanlı” və “Rəhim Əliyev” hesabları sosial şəbəkələrdə hökumətin ünvanına tərif yağdırmaq məqsədi ilə yaradılan çoxsaylı saxta səhifələrdən nümunədir. Saxta istifadəçilər əsasən müxalif və müstəqil medianın sosial media səhifələrində fəallıq nümayiş etdirirlər.


 

Jurnalist Şahin Rzayev iki dəfə onun kimliyindən fərqli şəxslərin istifadəsi halı ilə qarşılaşdığını deyir. 

“Birində ad və soyadım eyni idi, sadəcə profil şəkli ağac idi, ancaq dostlarım elə bilirdilər ki, yazan mənəm. Profil tam saxta idi. Digərində isə mənim şəklimi qoyub söyüş yazmışdı. Dərhal da sildi profili. Çoxsaylı şikayət olmuşdu”.

Hüquqşünas Zibeydə Zəkəriyyəyevanın sözlərinə görə, qanunvericilikdə trol və bot adları çəkilməsə də, Cinayət Məcəlləsində müvafiq maddələrdən istifadə etmək mümkündür. Hüquqşünas deyir ki, ona müraciət edən iki qadının işi ilə əlaqədar polisə müraciət ediblər. Ancaq polis deyib ki, qadınların fotolarından onların əleyhinə istifadə edən saxta profil sahiblərini tapa bilməyiblər.

“Polis bizə cavab yazdı ki, həmin şəxsi müəyyən edə bilmirik və buna görə də cinayət işi başlamırıq. Yəni bu qədər primitiv. Amma demir ki, necə araşdırma apardı, niyə zərərçəkəni çağırıb dindirmədi, haralara sorğu verdi, yəni sadəcə başdansovdu bir cavab yazılır”.

Şahin Rzayev deyir ki, sosial şəbəkədə üzləşdiyi problem onun “Facebook”dan uzaqlaşmasına səbəb olmayıb. O, profilinin oğurlanma ehtimalını daim düşündüyünü və ehtiyatlı olmağa çalışdığını deyir. 

“Özümü senzura edirəm. Bu, tək hakimiyyətsevən istifadəçilərə aid deyil, “Facebook” moderatorları və bəzi erməni oxuculardan da ehtiyat edirəm”.

Leyla Hümbətova başına gələn hadisədən sonra onda inamsızlıq yaranmadığını desə də, tez-tez ad və soyadını “Facebook”da axtarışa verdiyini qeyd edir.

“Sosial şəbəkəyə qarşı inamsızlıq olmadı, inamsızlıq insanlara qarşı yaranır. Ancaq yenə də mənə elə də təsir etmədi. Normaldı, hər şey ola bilər”.


Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.


 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. Biz hazırda "Rəqəmsal izlər" mövzusu üzərində işləyirik. Həyatımızda mühüm rol oynayan kompüterlərin, tabletlərin və mobil tətbiqlərin rifahımıza, münasibətlərimizə, icmalarımıza və cəmiyyətlərimizə necə təsir etdiyini - rəqəmsal bir dövrdə yaşamağın nə demək olduğunu araşdırırıq. Sizin ianəniz bu mövzu üzərində işləyən əməkdaşlarımıza dəstək üçün istifadə olunacaq.
ianə verin