loading
Archive

“Bələyi açdı ki, görsün oğlandırmı...”

“Bələyi açdı ki, görsün oğlandırmı...”
“Bələyi açdı ki, görsün oğlandırmı...”
Archive

Oxuduğunuz məqalə Chai Khana arxivinin bir hissəsidir. 2015–2025-ci illər arasında Chai Khana Cənubi Qafqaz ölkələrindən - Gürcüstan, Ermənistan və Azərbaycandan hekayələr paylaşıb.

Ailəyə yeni uşağın gəlişini qeyd etmək Azərbaycanda ciddi bir sənaye sahəsinə çevrilməkdədir; tədbir təşkilatçıları hesab edirlər ki, yeni körpənin gəlişi münasibətilə təşkil olunan şənliklər hətta toy mərasimləri ilə rəqabətə girə bilər.

Bakıda müxtəlif mərasimlərin təşkilatçısı Səxavət Kazımov deyir ki, yeni körpəyə “xoş gəldin” demək üçün doğum evinə kiçik hədiyyə və çiçək gətirmək ənənəsi son 14 ildə başqa bir hal alıb, “toylara bərabər mərasimə çevrilib”. Ələxüsus ailələr uzun müddətdir oğlan uşağı gözləyirsə...

“Qiymətindən asılı olmayaraq, tez-tez yüksək səviyyəli mərasimlər tələb edən müştərilərimiz olur”, Kazımov deyir. Onun sözlərinə görə, yüngülvari qeydetmə orta hesabla 200 avroya başa gəlirsə, təmtəraqla uşaq qarşılamağa 10 000 avroya qədər pul tökənlər də olur.

Gender mütəxəssisi Şəhla İsmayıl deyir ki, selektiv doğuşlar və oğlan uşağının dünyaya gəlişinin dəbdəbəli qeyd olunması Azərbaycanda patriarxal ənənənin göstəricisidir.

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl 20 ildən çoxdur ki, ölkədə gender bərabərliyi sahəsində işləyir. Onun fikrincə, gender stereotipləri selektiv doğuşlar məsələsində əsas amildir.

“Azərbaycanda genderlə bağlı steretotiplər mövcuddur. Oğlan ailənin varisi, davamçısı hesab edilir. Ailədə oğlan uşağı varsa, özlərini arxalı hiss edirlər”.

Hüquqşünas Xalisə Şahverdi qeyd edir ki, valideynlər oğlan uşaqlarına özlərinin qocalıq təminatı kimi yanaşırlar.

“İnsanlar hələ də qız övladlarının köçəri olduğunu, onların evlənib başqa bir ailənin qeydinə qalacağını düşünürlər. Ancaq oğlan evlənəcək və valideynlərinin yanında olacaq, onun arvadı da qaynanaya-qaynataya baxacaq”, Xalisə Şahverdi izah edir.

Azərbaycanda oğlanlara üstünlük verilməsi hər addımda özünü büruzə verir. Buna oğlan uşaqlarının qarşılanması mərasimlərində varılan ifratdan tutmuş, selektiv abortların miqyasını əks etdirən ciddi statistikaya qədər nümunə gətirmək olar.

Statistikaya görə, Azərbaycan Çindən sonra dölün cinsiyyətinə görə abort edildiyi ikinci ölkədir. Bunu BMT-nin Əhali Fondu təsdiqləyir.

Vəziyyət Sovet İttifaqının dağılmasından sonra və ultrasəs müayinəsilə dölün cinsiyyətini müəyyən etmə imkanı ortaya çıxdıqdan pisləşib.

Rəsmi statistikaya görə, 1980-ci illərdə belə, 100 doğulan qıza 105 oğlan düşürdü. 1998-ci ilə qədər isə hər 100 qıza nisbətdə 120 oğlan doğulub.

2013-cü ildə aparılan tədqiqat göstərir ki, 2005-2009-cu illərdə qadın dölünün təxminən 10%-i abort etdirilib.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin apardığı son tədqiqat vurğulayır ki, ölkədə həm kişilər, həm də qadınlar oğlan arzulayır.

“Mövcud tədqiqatlar göstərir ki, oğlan uşaqlarının üstün hesab olunması ölkədə müxtəlif nəsillər, sosial və iqtisadi mənşə və regionlardan olan istər kişi, istərsədə qadınlar arasında kifayət qədər geniş təzahür edən bir münasibətdir. Soyadın davam etdirilməsi, qocalıq təminatı, ailə üzvlərinin, xüsusən də qadınların qorunması, habelə ölkənin qorunması kimi meyarlar oğlan uşaqlarına üstünlük verilməsinin başlıca səbəbləri kimi qeyd edilmişdir”, hesabatda qeyd olunur.

Bu, 45 yaşlı Bakı sakini Ramilənin ailəsində də keçərlidir. Ailədə iki qız və bir oğlan var.  Ramilənin ilk nikahından da bir böyük oğlu dünyaya gəlib.

Ramilə və onun əri cinsə görə abort etdirməyi heç vaxt ağlından keçirməyib, amma əri açıqca bildirib ki, o, oğlan atası olmaq istəyir.

“Yoldaşım deyirdi ki, oğlumuz olana qədər övlad dünyaya gətirməkdən vaz keçməyəcəyik”, Ramilə xatırlayır. “Əgər üçüncü uşaq oğlan olmasaydı, onda mütləq növbəti uşağı planlaşdıracaqdıq”.

Ramilə qızları və oğlu arasında heç bir ayrı-seçkiliyə yol verməməyə çalışsa da, qızların kiçik qardaşlarına qulluq etmələrini gözləyir - necə ki, o özü vaxtilə böyüməkdə olan qardaşına baxıb.

“Qızlara tapşırıram ki, qardaşınıza qulluq edin. Çünki o, oğlandır. Ailəmizin familiyasını davam etdirəcək. Nə qədər ki sağam, qızlarım oğlumun qeydinə qalmalıdırlar”, o deyir.

Ramilə bu günə qədər öz kiçik qardaşının xəstəxanadan evlərinə gətirildiyi günü xatırlayır. O vaxt Ramilə 5 yaşında idi.

“Anam evə girəndə o dəqiqə atam bələyi açdı ki, görsün uşaq, həqiqətən, oğlandırmı”.

Bu stereotiplərin kökü o qədər dərindir ki, hətta həkimlər belə, qıza hamilə qalan qadının abort ehtimalını normal qəbul edirlər. Bu isə onsuz da ailəsi tərəfindən psixoloji təzyiqə məruz qalmış qadını aborta sürükləyə bilər.

“Pasientin birinci qızdan sonrakı uşağı da qız olduqda həkimlər qəribə yanaşma göstərirlər. Belə hallarda, hamilə abort etməyi planlaşdırmasa da, həkimin “götürtmək istəyirsənmi” sualı onu təhrik edir”.

BMT-nin hesabatı qeyd edir ki, bəzi qadınların oğlan uşağına üstünlük vermə səbəbi qorxu hissindən irəli gəlir.

“Gənc qadınlar fikirlərini belə izah ediblər ki, ərləri oğlan uşaqlarının olmasını istəyir və buna görə də qadınlar da oğlu olmasını istəyir, çünki əks təqdirdə onlar qız dünyaya gətirməyin mənfi nəticələri ilə üzləşməli olacaqlar. Qadınlara boşanma, geriyə ata evinə göndərilmə və ya evdə başqa bir xanımla yaşamalı olacağı ilə hədə-qorxu gəlirlər. Bəzən onlar intim partnyorları tərəfindən zorakılığa məruz qoyulur, habelə ərləri və onların ailəsi tərəfindən onlara etinasız yanaşılır”, hesabatda vurğulanır.

Statistika göstərir ki, Azərbaycanda hər 100 qıza orta hesabla 115 oğlan doğulur; bəzi kənd yerlərində bu rəqəm daha yüksəkdir. Məsələn, Şəkidə hər 100 qız üçün orta hesabla 149 oğlan dünyaya gəlir.

Həll yolu olaraq əvvəllər hökumət sonoqramla dölün cinsiyyətinin müəyyən etməyi qadağan etmək istəyirdi, lakin sonradan bu fikirdən daşındı.

BMT-nin araşdırmasına görə, cəmiyyətdə bu məsələnin öhdəsindən gəlmək istəyi də sezilir.

“Bu tədqiqat vasitəsilə oğlan uşaqlarına üstünlük verilməsinin əhali arasında adi hal təşkil etməsi müəyyən olunsa da, sorğu zamanı iştirakçıların əksəriyyəti uşaqların cinsinin Tanrı tərəfindən müəyyən edildiyini və bir cinsi digərindən üstün tutmağın yaxşı olmadığı ilə bağlı dini inancı ifadə etmişlər. Demək olar ki, iştirakçıların hamısı Azərbaycan mədəniyyətində hər iki cinsdən olan uşaqlara dəyər verildiyini qeyd etmişdir”, hesabatda yazılıb.

28 yaşlı Ruslan deyir ki, həmişə qız atası olmağı arzulayıb. “Hətta qızıma nə ad qoyacağımı da artıq bilirəm” deyir.

Ruslan və Aytəkinin ilk uşağı oğlan olub. Raulun dünyaya gəlişini qeyd etmək üçün ailə qərar verib ki, kiçik bir yığıncaq təşkil etsin.

“Kimisi 200 manat, kimi də 2000 manat xərc çəkər bunun üçün. Biz qərar verdik ki, əksər Azərbaycan ailələri kimi çox pul xərcləməyək” - deyə, Ruslan qeyd edir.