Azərbaycanda sosial media savaşları

Jurnalist: Heydər İsayev

İllustrator: Fidan Axundova

10.06.21
Buraxılış: Rəqəmsal izlər

Bu il aprelin 28-də Fuad Rəsulzadə adlı bloqqer bir qrup şəxs tərəfindən qəddarcasına döyülüb. Onun şəhid olmuş hərbçiyə istehza edən paylaşım etməsi səbəbindən döyüldüyünü iddia edən videogörüntünün paylaşılmasından sonra bu hadisə sosial medianın Azərbaycan seqmentində geniş bir rezonans doğurdu.

Fiziki mübahisələrə səbəb olan internet paylaşımları və rəylər azərbaycanlılar, xüsusilə ictimai həyatda fəal iştirak edən və vətənpərvərlik mövzusuna tənqidi yanaşanlar üçün yenilik deyil.

İctimai fəal Kənan Qasımlının başına belə bir iş beş il əvvəl gəlib. Belə ki, o, “Facebook”da millətçilik haqqında yazdığına görə döyülüb. "Üstündə “Vatan Satılır” deyə bir plakat olan və bir adamın qışqıraraq “V böyüklə!!” dediyinin yazıldığı bir karikatura paylaşmışdım,” deyə o xatırlayır. “Mənim tək demək istədiyim o idi ki, özlərinin millətçi olduğunu iddia edənlər millətin əsl problemlərindən danışmalıdır", Kənan deyir.  

Sosioloq Sənubər Heydərova hesab edir ki, əksər insanlar müqəddəs saydıqları norma və dəyərlərin risk altında düşməsindən qorxaraq alternativ fikirləri boğmağa çalışırlar. “Normadan kənar” hesab etdikləri fikirlərlə rastlaşdıqda isə onu təkləyir, biabır edir və səbəbları cəzalandırırlar.

Sənubər müharibə zamanı həlak olmuş erməni və azərbaycanlı əsgərlərin fotolarından ibarət kollajı “Facebook”da paylaşdıqdan sonra özünün azlıqda olduğunu görüb. Kollajın başlığında müharibənin hər iki tərəfi aldadaraq məhv etdiyi yazılmışdı. Cavab olaraq isə bir çox sosial media istifadəçiləri Sənubər barəsində alçaldıcı şərhlər yazaraq Dövlət Təhlükəsizlik Xidmətinə onun barəsində araşdırma aparmaqla bağlı çağırış ediblər.

Başına gələnlərə baxmayaraq, Sənubər hesab edir ki, sosial media Azərbaycan cəmiyyətində tolerantlığın artmasına səbəb olub. "İnsanlar nifrət etdiyi fikirləri davamlı görürlər”, - deyə o əlavə edir. “Nəticədə söhbətlərə qoşulmasalar belə, dözümlü olmağa başlayırlar".  

Tarixçi Altay Göyüşov sosial medianın “insanları düşüncə müxtəlifliyinə vərdiş etməyə məcbur etmək” kimi təsirini yüksək qiymətləndirir.

“Sosial media bir faktı göstərməyə kömək etdi ki, cəmiyyətdə fərqli fikirli, dəyərli fərdlər var və mühafizəkar çoxluq bunu qəbul etməlidir, istəsə də, istəməsə də", - deyə o əlavə edir ki, ümumilikdə cəmiyyətin düşüncəsi 1990-cı illərdən bəri mütərəqqi istiqamətdə irəliləyib.

Lakin heç də hamı bu fikirdə deyil.  

Marketinq mütəxəssisi və sosial media müşahidəçisi Pərviz Əzimova görə, Azərbaycan sosial mediasında iki dövrü xüsusilə fərqləndirmək olar. Birinci dövr sosial medianın yaranmasından təxminən 2013-2014-cü illərədək olan dövrdür. “Bu dövr ərzində istifadəçi sayının az olduğu sosial platformalarda əsasən mütərəqqi fikirlər üstünlük təşkil edirdi”, - deyə o bildirir. “O vaxtdan bəri, yüz minlərlə insan sosial şəbəkəyə axın etdi və üstünlüyü mühafizəkar çoxluğun xeyrinə dəyişdi”.

Özünü mühafizəkar hesab edən jurnalist Vüsal Nəbiyev deyir ki, sosial media insanların daha az mühafizəkar olmasına səbəb olmayıb. Əksinə, o iddia edir ki, onlar indi bəzi mövzular barədə danışarkən daha ehtiyatlı davranırlar. “Mən və bir çox dostlarım ayrı vaxt etiraz edəcəyimiz mövzulara reaksiya verməməyə başladıq, sırf ondan ötrü ki kimlərsə bizə geridəqalmış deyəcək”, o qeyd edir.

Azərbaycanda vətəndaşların fikir və baxışlarını araşdırmaq üçün sorğular az keçirildiyi üçün cəmiyyətin tolerantlıq səviyyəsini müəyyən etmək o qədər də asan deyil. Sosial media trendlərini araşdırmaq çətin olsa da, şəhidlər, vətənpərvərliklə bağlı məsələlər, LGBTİQ+ geniş müzakirə yarada biləcək mövzulardır.

2006-2017-ci illərdə aparılmış Gallup sorğusu göstərir ki, azərbaycanlılar özlərini tolerant hesab edirlər. Sonuncu dəfə aparılmış sorğuda respondentlərin 60%-i ölkənin etnik qruplar üçün əlverişli olduğunu bildirib. 2006-2008-ci illərdə aparılmış sorğu zamanı isə respondentlərin 33%-i bu fikirdə olub. Üçüncü hesabat isə LGBTIQ+ ilə bağlı tamamilə fərqli bir mənzərəni ortaya qoyub. Belə ki, “ILGA-Europe” tərəfindən tərtib edilmiş “2020 Rainbow Index”ində Azərbaycanın mümkün olan 100 baldan 2 bal toplamaqla Avropada ən homofob cəmiyyət olduğu məlum olub.

Bloqqer, hüquqşünas və REAL partiyasından olan siyasətçi Zaur Qurbanlının fikrincə, dövlətin internet ilə bağlı siyasəti bu baxımdan göstəricidir. Onun fikrincə, 1990-cı illərdə, smartfonların və sosial medianın meydana gəlməsindən əvvəl insanlar daha fərqli baxışlara çıxış imkanına malik idi. "Müxalifət xüsusilə güclü idi. Qəzetləri yüz min tirajla çıxırdı. O qəzetlərin bəziləri indi heç mövcud deyil", - deyə o xatırlayır.

Hal-hazırda isə hakim partiyaya müxalif olan fikirlər üçün meydan o qədər də geniş deyil. Müxalifətə məxsus ənənəvi media orqanları əsasən susdurulub və sosial media platformaları üzərindən fəaliyyət göstərən orqanların işi isə bloklanıb.

“Freedom House” təşkilatının qlobal internet azadlığı üzrə qiymətləndirmə şkalası olan “Freedom on the Net 2020”də Azərbaycan internet azadlıqları baxımından “azad olmayan” ölkə kimi qeyd olunub. Belə ki, bu qiymətləndirmə şkalasında ölkə maksimum 100 baldan 38 bal toplayıb. Bu isə 2011-ci ildə 48 balla Azərbaycana “qismən azad” statusu qazandıran hesabatla müqayisədə vəziyyətin pisləşdiyini göstərir.

Yerli internet azadlığına nəzarət orqanı olan “Azerbaijan Internet Watch”un məlumatına əsasən, son illərdə ölkədə internet azadlığı azalan xətt üzrə hərəkət edir. “Xəbər saytlarına  girişi bloklamaq və bunu açıq şəkildə elan etməklə yanaşı, hakim dairələr həm də müəyyən vaxtlarda sosial media platformalarına və Skype, Viber və WhatsApp kimi tətbiqlərə girişi bloklayıblar”, deyə hesabatda qeyd olunur. 2017-ci ildə Bakıda məhkəmələrdən biri Meydan TV, Azadlıq radiosu və bir sıra müxalif mətbuat orqanlarının internet səhifələrinin bloklanması ilə bağlı qərar qəbul edib.

Pərviz Əzimov bildirir ki, bütün növ azadlıqlar siyasi azadlıqlar sayəsində meydana çıxır. Siyasi azadlıqlar nə qədər geniş olarsa, digər azadlıqlar da bir o qədər güclü olar. "Rahatladan məqam odu ki, proqressiv fikirlərin heç də hamısı siyasi deyil, ona görə insanlar onları müzakirə etməyə özlərini rahat hiss edirlər, amma bütövlükdə situasiya, xüsusilə də saytların bloklanması ilə insanların fərqli fikirlərə çıxışını daraldır", - deyə o bildirib.

"Dövlətin istədiyi odur ki, insanlar mühafizəkar və sorğulamayan olsun. İnternet azadlıqlarını məhdudlaşdırmaq da buna xidmət edir", Zaur Qurbanlı deyir.

Lakin filosof Ağalar Qəribov qeyd edir ki, internetin sayəsində təkcə dövlətin icazə verdiyi və dövlətin idarə etdiyi mətbuat tərəfindən istehsal olunan məlumatdan başqa digər növ məlumatlar da əlçatan oldu və bu, kütlə arasında yeni fikir və dəyərlərin təbliğ olunmasına imkan yaratdı.

Lakin filosof onu da bildirir ki, internetin tolerantlığı artıran bir amil kimi təqdim edilməsi çaşdırıcı ola bilər. "Nə qədər ki bizim proqressiv saydığımız fikirlər hakim sinifin cızdığı xəttləri keçmir, tolerantlıq, fikir azadlıqları və bu tip şeylərə icazə verilir. İnternet rol oynaya bilər. Amma bunu böyütməməliyik".

Bəzi fəallar üçün dözümsüzlüyün internet məkanından real həyata ayaq açması həyati təhlükə olaraq qalmaqdadır.

Kiçik “m” hərfinə görə döyülməsindən keçən son beş il ərzində Kənan sosial mediada bir o qədər də fəal olmayıb. O deyir ki, bu, ona edilən təzyiqə görə deyil. O həm də qeyd edir ki, insanlar fərqli fikirlərə sahib insanlara hücum edib onları döyməkdən çəkinmirlər, çünki səbəbkarlar nadir hallarda cəzalandırılırlar.

Bloqqer Fuad Rəsulzadəyə gəlincə, Daxili İşlər Nazirliyinin mətbuat katibinin məlumatında bildirilir ki, hal-hazırda istintaq aparılır və işlə bağlı hələ ki heç kim həbs edilməyib.

Azərbaycan qanunvericiliyinə əsasən, “təhqir” (bu, sosial media paylaşımı və ya tvit də ola bilər) cinayət əməli hesab olunur. Nəticədə, jurnalistlər və sosial media fiqurları kiminsə təhqiramiz hesab etdiyi məqalə və ya paylaşıma görə saxlanıla və cərimə ödəməyə məcbur edilə bilə, yaxud 3 illik azadlıqdan məhrum edilə bilərlər.


Bu material Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşəbbüsü olan COBERM-in dəstəyi ilə nəşr edilib. Məzmunla əlaqədar yeganə məsul tərəf Chai Khanadır və burada səsləndirilən fikirlər heç bir halda Aİ və ya BMTİP-in mövqeyini əks etdirmir.


 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir. Biz hazırda "Rəqəmsal izlər" mövzusu üzərində işləyirik. Həyatımızda mühüm rol oynayan kompüterlərin, tabletlərin və mobil tətbiqlərin rifahımıza, münasibətlərimizə, icmalarımıza və cəmiyyətlərimizə necə təsir etdiyini - rəqəmsal bir dövrdə yaşamağın nə demək olduğunu araşdırırıq. Sizin ianəniz bu mövzu üzərində işləyən əməkdaşlarımıza dəstək üçün istifadə olunacaq.
ianə verin