Qara gündəliklər

Fotoqraf: Lali Binyatova

28.11.21
Mövzu: Qadınlar

Bunlar tanıdığınız qızların hekayələridir - birlikdə böyüdüyünüz, birgə vaxt keçirdiyiniz, birlikdə yemək bölüşdüyünüz qızların. Bir ad günü şənliyində mənə məruz qaldığı zorakılıqlardan, sarsıdıcı olduğu üçün illərlə özündə saxladığı hekayəsindən danışan rəfiqəm kimi qızların hekayələridir. Rəfiqəmin yanında oturub onun ağrısını dinləyir, gücünü hiss edirdim. O danışarkən görürdüm ki, qarşımda bir qəhrəman oturub, hekayəsini heç vaxt eşitmədiyim bir qəhrəman. Mənə elə gəldi ki, başına gələnləri danışmaq rəfiqəmə çox kömək edirdi. Bundan sonra qərara gəldim ki, mən onun kimi səsi əlindən alınanlara səs və meydan vermək istəyirəm.

Qızların zorakılıq haqqında məlumat verməməsinin və ya bu barədə danışmamasının bir çox səbəbi var: bəziləri mühakimə olunacağından qorxur, digərləri isə başqalarının onlara yazığı gəlməsin deyə çəkinir. Bir çoxları onlara edilənlər barədə danışsalar, ailələrinə zərər verə biləcəklərindən narahatdırlar.

Bu layihənin məqsədi bağlı qapılar arxasında, evdə - uşaqların özlərini ən təhlükəsiz hiss etməli olduqları yerdə onları qorumalı olan böyüklər tərəfindən zorakılığa məruz qalması reallığına diqqət çəkməkdir. Utanc və qorxu ucbatından onlar bu ağrı hissi ilə təkbətək qalır və istismarın travması bütün həyatları boyunca onları müşayiət edir. Hekayəsini paylaşan bu qızların hər birinə səmimiyyətinə və cəsarətinə görə minnətdaram və bu hadisələri xatırlamaq məcburiyyətində qoyduğum üçün üzr istəyirəm.

Xəbərdarlıq: təqdim olunan foto-esse cinsi istismar təsvirləri ehtiva etdiyi üçün bəzi oxuculara və cinsi zorakılıqdan zərərçəkmişlərə mənfi təsir edə bilər.

Mən 16 yaşıma girəndə hiss etdim ki, anamın sevgilisi mənə diqqət göstərir. Flört edirdi, deyirdi “necə də gözəlsən, incəsən”. Mənim üçün bu, xoş deyildi, məni çox narahat edirdi. İstəyirdi məni qucaqlasın, mən onun qucağında oturum. Mən isə həmişə bu ünsiyyətdən uzaqlaşırdım. Anam buna diqqət yetirmirdi. O, yaxşı manipulyator idi, anam ona asanlıqla inanırdı. Bir dəfə anam evdə olmayanda bizim evdə spirtli içki içmək istədi. Mənim içkimə də alkoqol qarışdırdı və içəndə özümü pis hiss etdim. Buna görə də məni yuyundurdu ki, özümə gəlim. Məni yatağa uzandırdı, özü də yanımda uzandı. Başladı bədənimə toxunmağa. Ona yalvar-yaxar edəndən sonra məndən əl çəkdi. Amma mənə dedi ki, bunu kiməsə danışsam, heç kəs mənə inanmayacaq.

Bir qədər sonra başıma nələr gəldiyini yavaş-yavaş dərk etməyə başladıqca şokdan özümü pəncərədən atmaq istəyirdim. Anama heç nə demədim. Lakin zaman keçdikcə başa düşdüm ki, günahkar cəzasını almalıdır. Susmaq olmaz.

Bir gün mağazaya çörək almağa getmişdim. Qayıdanda gördüm ki, kimsə dalımca gəlir. O, mənimlə birlikdə bloka girdi, amma ona fikir vermədim. Birdən dedi ki, üstümə nəsə bulaşıb. Mənim fikrimi yayındırıb arxama əl atdı. Mən binanın içində qışqırmağa başladım, o isə qorxub qaçdı. Sonradan o kişini bir daha görmədim, amma hələ də bloka tək girməyə qorxuram. Kişilərlə birlikdə liftə girmirəm. Bu hadislər mənə çox təsir edib, kişilərə etibar etmirəm.

Ögey atam mənə tamah salanda 12 yaşım vardı. Hamı yatandan sonra o, döşlərimə və cinsiyyət orqanıma toxunurdu, amma məni zorolamayıb. Bilmirəm niyə mən bu haqda susurdum, sadəcə elə düşünürdüm ki, belə də olmalıdır. 

Bizim hamamın qapısında bir deşik var idi, nənəm məni çimizdirəndə gəlib ordan mənə baxırdı.

Bu, 2-3 il ərzində davam etdi. Bir gün o evə içkili gələndə anam onu qovdu. Mən onu bir daha görmədim, amma sonra xalamın əri mənə diqqət göstərməyə başladı. Mənim qayğıma qalırdı, gəzməyə aparırdı. Öz dizi üstündə otuzdurub mənim dizlərimi sığallayırdı. Bir dəfə o, mənə porno video açdı. Növbəti dəfə isə cinsi orqanını açıb göstərdi. Ətrafdakılar elə bilirdi ki, o atamı əvəz etməyə çalışır, halbuki o, atalığımın etdiyini edirdi. 18 yaşım olanda o, xərçəngdən öldü.

Uşaqlıqdan əmimgil zarafat edirdilər ki, məni gəlin aparacaqlar. Əmim oğlu isə mənimlə oynayırdı, üzüklər hədiyyə verirdi. Bir dəfə (mənim 11, onun 16 yaşı olanda) bizi evdə tək qoydular və biz “zombi” adlı oyunu oynamağa başladıq: oyunda qızlar zombi oğlanlardan qaçıb gizlənirdi. Hər yerdə işıqlar sönmüşdü, mən otaqlardan birinə qaçdım. Otaq qaranlıq idi və əmim oğlunun orda olduğunu görə bilmədim. O, məni itələyib yıxdı, əllərimi tutdu və yerə sıxmağa başladı. Mən hərəkət edə bilmirdim. Qışqırmadım, çünki əmim oğludur və elə bilirdim ki, oyun oynayırıq. Elə ki əyilib məni öpməyə çalışdı, onda qorxdum. Ona var gücümlə vurdum və otaqdan qaçdım. O, bundan sonra heç bir şey olmamış kimi davranırdı. Bu barədə valideynlərimə danışmadım. Həm utanırdım, həm də qorxurdum. Qorxurdum ki, onlar inanmayacaqlar. Onlar bunu indiyədək bilmirlər.

Uşaqlığım çətin keçib. Böyüklərin nəzarəti olmadan harasa getməyimə icazə verilmirdi. Ona görə də, insanlarla internetdə tanış olurdum. Onlayn dostlarım mənimlə real həyatda görüşmək istəyəndə həmişə imtina etmişəm. Bir nəfər xaric. Ortaq tanış vasitəsilə tanıdığım bir oğlan mənə yazdı. Demişdi ki, 20 yaşı var (sonradan bildim ki, 25 yaşında imiş). Mən isə 15 yaşında idim. Səhər məni parka gəzməyə dəvət etdi və ona görə həmin gün dərsdən yayınmaq qərarına gəldim. O, yaxşı oğlan təəssüratı bağışlayırdı və mənə diqqət göstərirdi. Sonra mənə çox yaxın oturdu. Ayaqlarımı sığallamağa başladı və əlini ətəyimdən yuxarıya apardı. Belə etməməsini və məni buraxmasını istədim. Amma dedi ki, mən artıq onunam və məni öpməyə başladı. Çox iyrənc vəziyyət idi. Hər gün mənə məktub yazır, cinsi əlaqəyə girmək üçün təzyiq göstərirdi. Ondan qorxsam da, nəhayət münasibətimi kəsə bildim.

15-16 yaşım olanda riyaziyyat müəllimi olan bir ailə tanışımız var idi. Məni bütün bədəni ilə qucaqlayır və hamının gözü qarşısında yanağımdan öpürdü. Bu hərəkəti iyrənc hesab edirdim, amma digər tərəfdən öz-özümə deyirdim ki, əgər yanlış bir şey olsa, hamının gözü qarşısında bunu etməyə cəsarət etməz.

Bir gün onunla evdə tək qalmışdım. Riyaziyyatdan misal həll etməyə çalışırdım ki, o yaxınlaşıb arxadan mənə “yapışdı”. Hər dəfə misal həllində çətinlik çəkdiyimi görəndə o, məni daha bərk qucaqlayırdı. Məndən əl çəkənə qədər çırpınıb onu silkələməyə çalışdım. Həmin hadisədən sonra bir daha onun evinə tək getmədim.

Yeddi il sonra mən təsadüfən onun istifadə etdiyi ətirdən vurdum. Yenidən o ətiri qoxulayanda özümü o balaca qız kimi hiss etdim.

Sevgilim məni dostunun ad gününə dəvət edəndə 16 yaşım vardı. Sevgilim bir ara harasa getdi, həmin vaxt dostu mənə yaxınlaşmağa başladı. Mən ona yox dedim. Bir müddət sonra həmin oğlanla iş yerimin yaxınlığında qarşılaşdım. Salamlaşdıq. Sonralar mən maddi cəhətdən çətinlik çəkəndə mənə kömək etdi və dostlaşdıq.

Bir gün o, üç oğlanla yaşadığım binanın yanına gəldi və biz onun maşınının yanında söhbət etdik. Pulunu qaytara bilmədiyim üçün əsəbiləşdi və məni zorla maşınına mindirdi.

Bir mənzilə gəldik. Mənə dedi ki, orada qalıb ona tabe olmalıyam. Mən əvvəl o qədər də qorxmadım və ümid etdim ki, axşam evə qayıdacağam.

Amma məni buraxmadı. Onun iki dostu məni qısnamağa başladı və zorlayacaqları ilə hədələdilər... Mən müqavimət göstərdim və nəhayət, azad oldum. Mənzildən qaçmaq istəyəndə bütün qapılar eyni olduğu üçün səhvən hamama girdim. Necə qaçacağımı bilmirdim. Ülgüc gördüm. İsterik vəziyyətdə biləklərimi kəsdim. Döşəmədə qan gölməçəsi görəndə belə, başa düşmədim ki, mənim qanımdır. Oğlanlar məni tutmaq üçün qapını sındırdılar və qanı görəndə qorxuya düşdülər. Biri təcili yardım çağırdı. Onu eşidən kimi bir az sakitləşdim və bir anlıq özümü qalib hiss etdim.

12 yaşım vardı. Nənəm məni mağazaya tək göndərirdi. Mən çox xoşbəxt hiss edirdim ki, təkbaşına bayıra çıxmağa icazə verilib! Sevdiyim paltarı geyinib ən yaxın marketə yollandım. Məhəllədə bir neçə yaşlı kişi nərd oynayırdı. Onların yanından keçəndə biri dedi ki, "Uff, nə s…m bunu!" Başa düşdüm ki, mənim haqqımda danışır. Çox yaxınlarından ötüb keçdiyim üçün nəfəsini yanağımda hiss etdim. Həmin sözü nə demək olduğunu bilmirdim, amma bir narahatlıq, iyrənclik hiss edirdim, sanki çirklənmişdim. Məni qısnamaya məruz qoyan bığlı, yekə qarınlı, ağsaçlı kişi idi – o adamın həmin gün mənə qarşı etdiyi hərəkət düz 10 ildir mənim necə geyinəcəyimə təsir edib. O vaxtdan bəri don geyinmirəm. Mən o “çirklilik” hissini bir daha yaşamamaq üçün “oğlan” stilinə girdim.

Bu hadisə olanda 14-15 yaşım var idi. Avtobusla dərsdən evə qayıdırdım. Koridor tərəfdə, oturacağın yanında dayanmışdım. Bir də gördüm ki, qarşımda şalvarının qabağını açıb penisini əlində tutan bir oğlan oturub. O an şoka düşdüm. Bütün yol boyu avtobusda heç kim ona heç nə demədi. Hərdən mənə elə gəldi ki, səhv görmüşəm. Bu hadisə məni sarsıtmışdı. Avtobusdan düşəndə gördüklərimi unutmağa çalışdım, amma bacarmadım.

 



“Qara gündəliklər” foto-seriyası “Salaam Cinema”nın təşkil etdiyi İn-Visible Festivalı çərçivəsində fotoqraf Rəna Əfəndinin mentoruluğu ilə ərsəyə gətirilib. Lali Binyatova ChaiKhana ilə iş prosesində layihənin konsepsiyasını bir qədər genişləndirərək nəşrə hazırlayıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin