LGBTİQ+ məktəblilər bullinqə məruz qalır

Jurnalist: Əli Məlikov, , İllustrator: Sevinc Abbasova
09.12.21
Mövzu: LGBTQI+

“Valideynlər istəmirdilər ki, uşaqları mənim yanımda otursun”. 

18 yaşlı Alvi* Azərbaycanda məktəb illərini təcrid və bullinq dövrü kimi xatırlayır.

“Hər kəs öz partasında otururdu, amma mənim yanımda oturan uşaqlar sanki mütəmadi dəyişirdi. Hər müəllim iclasından sonra məni arxada oturmağa məcbur qoyurdular”, o yadına salır. “Bir dəfə mən Mədinə adlı bir sinif yoldaşımdan soruşanda ki, niyə belə olur, mənə  “Mənim anam istəmir sənin yanında oturum, çünki sən qız kimisən” cavabını vermişdi”.

Bu məqalə üçün müsahibə götürülmüş digər yeniyetmələrə görə, Alvinin məktəbdəki təcrübəsi Azərbaycanda özünü LGBTİQ+ kimi identifikasiya edən gənclərə tanış mənzərədir.

Azərbaycanda sırf LGBTİQ+ məktəblilərin vəziyyəti ilə bağlı heç bir araşdırma aparılmasa da, “ILGA-Europe” təşkilatının Göyqurşağı İndeksində ölkə ən aşağı yeri tutur.

Müsahibə alınmış yeniyetmələr və LGBTİQ+ hüquq müdafiəçiləri hesab edirlər ki, homofobiyanın səviyyəsi uşaqların məktəbdə özlərini təhlükəsiz və qəbul olunmuş hiss etmələrini çətinləşdirir.

Xırdalan şəhər məktəbinin 16 yaşlı şagirdi Zi* deyir ki, ilk dəfə dostlarına biseksual olduğunu deyəndə hamı ondan uzaqlaşmağa başlayıb. “Bu, onlara da təsir edəcəkmiş kimi gəlirdi. “Onda sənin qızların hamısından xoşun gəlir. Sinifimizin bütün qızları ilə sevgili olacaqsan. Onları yoldan çıxaracaqsan” kimi sözlər deyirdilər”, Zi xatırlayır.

“Bir dəfə sinif yoldaşlarımla söhbət edirdim. Onların homofob ifadələrinə qarşı reaksiya bildirəndə “sənin başın xarabdır, sən nə danışdığını bilmirsən” deyib məni partaların üstünə itələdilər. “Pozğun”, “yolunu azmış” kimi ifadələr deyirdilər” - deyə, Zi əlavə edir ki, məktəbdə sadəcə başqaları tərəfindən uzaqlaşdırılan LGBTİQ+ şagirdlərlə dostluq edir.

Nəfəs LGBTİ Alyansının təsisçisi Cavid Nəbiyevin fikrincə, dövlətin nisbətən yeni tətbiq olunan cinsi tərbiyə kurrikulumu da heteroseksual ideya və normaları möhkəmləndirir, homofobiya və ya bullinq məsələlərinə toxunmur.

“Yeni kurrikulum həmçinin müxtəlif cinsi yönümlülüklər, gender kimlikləri, davranışları və təcrübələri barədə müvafiq məlumatı özündə əks etdirmir. [...] Bullinqə qarşı mübarizə siyasətinin, inklüziv kurrikulumun olmaması və ehtiyaclara laqeyd yanaşılması LGBTİ (lezbian, gey, biseksual, transgender və interseks) fərdlərinə qarşı ayrı-seçkiliyə töhfə verən əsas amillərə çevrilib”, Nəbiyev yazır.

“Chai Khana”ya müsahibə verən yeniyetmələr bildirirlər ki, zorakılıq sinif otağından tutmuş tualetə qədər hər yerdə baş verə bilər. Amma tualetlər zorbalıq edənlər üçün ən rahat yer hesab olunur. 17 yaşlı trans qadın Rəna* deyir ki, tualetdə dəfələrlə zorakılığa məruz qalıb. İş o yerə çatıb ki, o, ümumiyyətlə, məktəb tualetinə getməkdən qorxurmuş.

“6-cı sinifdə bufetə gedəndə arxamca 5-10 nəfər uşaq düşmüşdü. Ordan da məni ayaqyoluna qədər izlədilər. İçəri girib “petux” deyə söz atmağa başladılar. Mən bunlara fikir vermirdim. Arxamda heç kəs yoxmuş kimi davranmağım onları qıcıqlandırdı, buna görə də məni döydülər. Hətta o dərəcəyə gəlmişdim ki, xadimədən müəllimlər tualetinin açarını alıb oraya gedirdim”, o deyir.

Əvvəl rayon, sonra isə şəhərdə liseydə oxuyan 17 yaşlı Xəyal da Rəna ilə bənzər taleyi yaşayıb. O, gender kimliyi ilə bağlı kaminq outunu ilk dəfə sinifdəki yaxın dostuna edib. Bir müddət sonra onunla sözləri çəp gəlib, həmin dostu isə Xəyal haqqında şəxsi məlumatları bütün məktəbə yayıb.

“Bir dəfə tualetdə oğlanlar gəlib mənə sataşaraq demişdilər ki, "niyə sən qız tualetinə getmirsən?" Hətta öz dostlarını çağırıb məni vurmaq kimi fikirləri var idi. Amma özümü qoruya bildim”.

Müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq məqsədilə 2016-cı ildən “Məktəblinin dostu” adlı dövlət proqramı təsis edilib. Proqram ölkədəki məktəblərin yalnız bir hissəsini əhatə edir. Layihəyə təyin olunan psixoloqlardan biri Mehriban Verdiyevanın sözlərinə görə, onun təcrübəsində LGBTİQ+ şagirdlər bullinqdən şikayətçi olmayıblar.

“Oriyentasiyalarını gizli saxladıqları üçün başqa uşaqlar tərəfindən hər hansı bullinq olunmayıblar. Amma özlərini qəbul etməklə bağlı problemləri olub. Adətən biz uşaqlara demirik ki, sən oğlansansa, mütləq qızdan xoşun gəlməlidir. Biz onlara özlərini qəbul etməyi, öz hisslərinə, düşüncələrinə daha çox fikir verməyi öyrədirik” - deyə, psixoloq qeyd edir ki, anti-LGBTİQ+ yanaşma müəllimlərin fərdi dünyagörüşündən irəli gəlir.

“Ayrı-seçkilik olmamalıdır. Məsələn, “bu, pis şagirddir”, “bu, yaxşı şagirddir”, “bunun cinsi oriyentasiyası belədir”, “bu, belədir” ayrı-seçkiliklərə görə narahatlıq hiss edən uşaqlara kömək etmək lazımdır”.

Təhsil Nazirliyinə dövlət məktəblərində LGBTİQ+ şagirdlərə qarşı təzyiq ilə bağlı təkrar sorğu göndərilsə də, müraciətlər cavabsız qalıb. 

Gender tədqiqatları üzrə ekspert Lalə Mahmudova hesab edir ki, ümumiyyətlə, bullinq Azərbaycan məktəblərində problemdir. Xüsusilə Bakıda 14 yaşlı şagirdin ölümündən sonra bu məsələ kəskinləşib. Elina Hacıyeva 2019-cu ildə sinif yoldaşları tərəfindən döyülmə və təhqirlərdən, o cümlədən saçını boyadığına və geyiminə görə “lezbiyan” olmasına eyham vuran atmacalardan sonra özünü məktəbin pəncərəsindən ataraq intihar edib.

Mahmudova qeyd edir ki, Elina üçün şagirdlərin işlətdiyi “lezbiyan” sözü bir şəxsin cinsi oriyentasiyasının lezbiyan olduğunu söyləməklə eyni deyil.

“Homofobiyanın daha geniş yayıldığı ölkələrdən biri olan Azərbaycanda şagirdlər arasında homofob ləqəb və söyüşlərlə bir-birini alçaltmaq daha geniş yayılmışdır”, o yazır.

“Bu söz homofob şagirdlər tərəfindən məhz qarşı tərəfi alçaltmaq məqsədilə işlədildiyi üçün bullinq sayılır. Həmçinin kimisə alçaltmaq məqsədilə ona “gey”, “mavi”, “qızbibi” kimi sözlərlə xitab etmək də bu qəbildən olan bullinq növüdür”.

Özünü LGBTİQ+ kimi identifikasiya edən uşaqlar üzərində bullinqin təsiri daha güclüdür. Bu, onların dərslərinə və psixi sağlamlıqlarına böyük təsir göstərə bilər.

“Benefisiarlar məktəbdə olduqları vaxt görünüşlərinə və davranışlarına görə bulinq, təzyiq, ayrı-seçkilik, qısnama halları ilə qarşılaşdıqlarını və həmin dönəmlərdə çox zaman özlərini sosial izolyasiyada hiss etdiklərini bildiriblər”, Gender Resurs Mərkəzinin həmtəsisçisi Sevinc Səmədzadə qeyd edir. Mərkəz Azərbaycanda LGBTİQ+ gənclərə psixo-sosial konsultasiya və hüquqi dəstək göstərir.

“Bu davamlı emosional və fiziki zorakılıqlar əksər benefisiarlar üçün yeniyetməlik dönəmini çətin və ağrılı keçirməsi ilə nəticələnib”, Səmədzadə əlavə edir.

Rənanın sözlərinə görə mütəmadi olaraq zorakılığa məruz qaldığı üçün nəhayət, dərsə getməyi dayandırıb.

“Heç vaxt deməmişəm ki, səhər durum gedim dəftərimi çıxarım, müəllimim mənə 5 yazsın. Onu düşünmüşəm ki, görəsən, mən koridora girəndə ilk kimdən söz eşidəcəm. Musiqiyə həvəsim var idi. Komputer, telefon, digər aparatlar vasitəsilə səs yazırdım. Onu gözəl şəkildə hazırlayırdım ki, məktəb tədbirində bunu ifa edəcəm. İcazə vermədilər”, o xatırlayır.

Hazırda dövlət imtahanına hazırlaşan 17 yaşlı Akif deyir ki, məruz qaldığı homofob zorbalığa baxmayaraq, dərslərinə böyük maraq göstərir və əla qiymətlər alır.

“Məktəbə də getmək istəyim yoxdur. Onlar mənim dərs oxumağıma məzələnərək imkan vermirlər. Mən də diqqətimi dərsə yönəldə bilmirəm, yuxusuzluğuma səbəb olur. Hətta mən arxada görünməyən yerdə otururam. Bir-iki dəfə fikir vermirsən, amma mütləq əsəblərini pozur və aqressiya yaradır”.

O, məktəbdə dəhlizində başına gələn bir hadisəni xatırlayır.

“Koridordan keçəndə təxmini 30-40 nəfər əli ilə işarələr göstərir, arxamca qəribə-qəribə səslər çıxarırdılar. Hətta sinfə qədər arxamca gəldilər. Həmin vaxt bunu görən heç bir müəllim səs çıxarmamışdı. Kimsə kimisə alçaldanda müəllimlər susmağı üstün tuturlar, nəinki aranı düzəltməyə çalışmaq və ya zərərverənə yalnışını başa salmağı”.

Xəyal isə qeyd edir ki, məktəb rəhbərliyi valideynlərini məcbur etməyə çalışıb ki, onu başqa məktəbə köçürsünlər.

O xatırlayır ki, cinsi oriyentasiyası ilə bağlı məktəbdə şayiələr yayılmağa başlayandan sonra bəzi müəllimləri aşağı qiymət verməklə və ya qəsdən imtahan sənədlərini korlamaqla onu cəzalandırmağa çalışıblar.

“Bunun üstünə mən dava edirdim və direktorun yanında qədər söhbət gedirdi. Sonra dedilər ki, sən problemli şagirdsən, valideynin məktəbə gəlməlidi. Bu problem həll olunmalıdır. Sən düzəlməlisən, normal olmalısan. Normal olmasan, məktəbdən qovulmalısan”.

Bununla belə, məktəb rəhbərliyinin təzyiqlərinə baxmayaraq, Xəyalın valideynləri onu müdafiə edib. “Valideynim isə mənim arxamda dayandı və onlar istəyinə nail ola bilmədilər”.

Yeniyetmələrin məktəbdə və başqa yerlərdə yaşadıqları bütün təzyiqlərə baxmayaraq, Rəna hesab edir ki, yeganə həll yolu bullinq və ayrı-seçkiliyə qarşı mübarizə aparmaqdır.

“Gördüm ki, bunu boş buraxsam, daha da davam edəcək. Artıq necə mənə təzyiq gəlirsə, mən də onlara təzyiq göstərməyə başladım. Əgər biri mənə söz deyirsə, artıq mən də deməyə başlayırdım. Yenə də bəzən qorxurdum, çünki mən təkəm, onlar bir neçə nəfərdilər”.

Orta məktəbdən 1 ildir uzaqlaşmış Alvi isə hazırki universitet həyatını nisbətən rahat hesab edir.

“Universitetdə üzümə bir şey deyilmir və fiziki zorakılığa məruz qalmıram. Yəqin ki, bir yerdən sonra artıq maskulin rolunu oynamağı bacarıram. Amma yenə də onların gözlərinə batan şeylər olur və bəzən elə olur ki, o rolu da oynamağı imtina edirəm, feminin, qeyri-binar kimliyimlə var oluram. Lazım gəlsə, o “qız kimi”, “petux” sözlərini istifadə edərək homofobları tərk-silah edirəm. Bu kəskin mövqeyim, bəlkə də, onların mənə şifahi və fiziki zorakılıq göstərmək cəsarətini azaldır”.


* Respondentləri qorumaq üçün adlar dəyişdirilib.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin