Yeddi qonşu

Müəlli̇f: Esmira Cavadova,

Fotoqraf: Çiçək Bayramlı

13.01.22
Buraxılış: Qonşuluq

Mən Bakının tarixi məhəllələrindən olan Keşlədə böyümüşəm. Uşaq vaxtı məhəllə qadınları həyatımın bir parçası olub. 

Bu gün bir çox adət-ənənələr kimi, məhəllə və qonşuluq da insanların həyatında öz əhəmiyyətini yavaş-yavaş itirir. Bakı kimi müasir şəhərdə insanlar qonşuları ilə vaxt keçirmirlər; onlar artıq maraqlar və hobbiləri bir-biriylə bölüşmürlər. Məhəllə fenomeni unudulub getsə də, Keşlə icması güclənməyə davam edir.

Atamın babası Keşlədə ev tikib, yurd salan gündən bəri ailəm burada yaşayır. Bu köhnə məhəllədə palçıqdan və özülsüz tikilmiş evlərin arasında təxminən 70 il əvvələdək hasar yox imiş. Sonralar qonşular öz həyətyanı sahəsini əvvəl mis məftillərlə, daha sonra isə daş hörgülərlə ayırıb. Ancaq bu daş hasarlar qonşuların arasındakı isti münasibətlərə mane ola bilməyib.

İnsanlar sağlam həyat sürə bilmək üçün sosial əlaqələrə ehtiyac duyurlar. Qonşunuz sizinlə maraqlandıqda özünüzə inam və rahatlıq hiss edirsiniz. Mehriban qonşuluq münasibətləri problemlərə və kədərə qalib gəlmək, xoşbəxtlik və sevinci bölüşmək deməkdir.

Məhəllə ilə bağlı erkən xatirələrimdən biri Tamara xala (Tamara Babayeva) haqqındadır. Ortancıl qardaşım Mehmanın tez-tez hərarəti qalxardı. Tamara xala onu keçi piyiylə, üzüm sirkəsiylə ovarmış ki, hərarəti yüksəlib qıcolmaya səbəb olmasın. Onda mənim 4 yaşım vardı, ancaq nədənsə o epizodlar lap uzaqdan izlədiyim rəngsiz bir kinolent kimi gözümün önündən keçir.

Orta məktəbdə tez-tez dərslərdən yayınardım. Anam işdədir deyə düşünüb, evə gələrdim. Küçə qapısı bağlı, açarsa həmişə Tamara xalada olardı. Məktəb çantamı hasarın üstündən həyətə atardım, hasardan həyətimizə düşərdim, vaxtımı evdə keçirərdim, dərs vaxtının bitdiyi saatda isə hasardan küçəyə düşüb, gedib açarı Tamara xaladan götürərdim, guya dərsdən indicə gəlmişəm. 

Uşaqlıqda qan azlığından əziyyət çəkmişəm. Məhəllədə qonşu qadınlardan təkcə Sevil xalanın qanı uyğun gəlirdi deyə, o, tez-tez mənə donorluq edərdi. Bu, 11 yaşımadək davam etmişdi. Harda görsə ilk sözü bu olur “Bu qızın damarlarında mənim qanım axır”.

Bu illər ərzində məhəllədəki qadınlar həm sevincli günlərimizdə, həm də itkilərimiz olanda ailəmə dəstək göstəriblər. 2021-ci ilin dekabrında atamın il mərasimi keçirildi. Anam yas məclisini idarə etməyi Sevil xalaya həvalə etmişdi. 

“Sevil Quran oxuyanda avazı evin bütün otaqlarına yayılır, mətbəxdə işləyənlər də əllərindəki işlərini saxlayıb, sakitcə dinləyirlər. Sevil məclisi yaxşı ələ ala bildiyi üçün çox vaxt idarəçiliyi ona tapşırırıq”, anam deyir.

Soldan sağa: Elmira Cavadova (müəllifin anası), Sevil Əliyeva, Solmaz Cavadova, Tamara Babayeva, Xanım Cavadova.

Bu qadınlar ömürlərinin çoxunu eyni məhəllədə keçiriblər. Keçən yarım əsr ərzində onların həyatları bir-birinə qarışıb, övladlarını birlikdə böyüdüblər, həyatlarında doğumdan tutmuş yasa qədər baş verən əhəmiyyətli hadisələri birgə yaşayıblar.

“Deyirlər, “qonşun pisdir, köç qurtar”, şükür olsun ki, 55 ildə heç vaxt bu fikrə düşməyim üçün səbəb olmayıb. Məni onlara bağlayan da bu olub. Onlar yaxşı qonşulardır”, Sevil Əliyeva deyir.

 

“Bəzən adamın həyatına elə dərd gəlir ki, o yükü necə dartasan, o yükün altından necə çıxasan, bilmirsən, bax onda qonşu qapını döyəndə, sənə təsəlli verəndə yüngülləşirsən”, Solmaz Quliyeva qonşusunun sözünə qüvvət verir.

Qadınların hələ gənc yaşlarından bir adəti var - əsasən qış aylarında bir yerə yığışıb düşbərə, qutab bişirirlər. Yayda həyətlərdən birinə toplaşıb qışa mürəbbə, şoraba tədarükü görürlər. Ən isti, səmimi söhbətlər də bu zaman cərəyan edir.

Solmaz Quliyevanın nəvəsi Mütəllib.

“Uşaqlarıma da, nəvələrimə də həmişə deyirəm ki, sizə pislik edən qohumdan qaçın, ağır gündə qapınızı açan qonşudan möhkəm yapışın”, Solmaz Quliyeva qeyd edir.

Solmaz Quliyeva və nəvəsi Mütəllib

“Bir-birimizin xalça-palazını yumağa kömək edərdik. Bir gün mənim xalça-palazımı yuyardıq, bir gün Tamaranın, bir gün Sevilin, bir gün o birinin, bir gün bu birinin... İndikilərə nə var ki, bir zənglə xalçayumadan gəlirlər, yığıb, aparıb yuyurlar, gətirirlər.

Paltarı əldə yuyardıq, süpürgə əlimizdən düşməzdi, hər künc-bucağı süpürərdik, “pol taxtasıyla” ev silmək nə idi, dizlərimizi yerə qoyub, o çarpayıların altına kimi girib hər gün silməsəydim, bağrım çatlardı. İndi tozsoran, paltaryuyan… Bizim belə şəraitimiz olmayıb. Tamaranın həyəti geniş idi, hamı paltarını növbəylə onun həyətindəki zivədə qurudardı. Tamara o həyətdən bu həyətə qışqırardı ki, Solmaz, zivə boşdu”.

Solmaz Quliyeva toyuqlarını yemləyir.
Solmaz Quliyeva və nəvəsi Günel.

Solmaz xala gənc yaşlarından bəri davam edən biş-düş adətlərini yada salır.

“Bu adətlər bizə böyüklərimizdən miras qalıb. Bir də görürdün, hamı bir-birinə xəbərləyirdi ki, bu gün qutab mərasimi var. Biri qarın-qursaq təmizləyib, içlik hazırlayıb gətirərdi, biri bol göyərti... Qaynanam yuxayayanı otağın bir başında yerdən qoyardı, o lavaş açardı, birimiz göyərti, ət içliyi edərdik, birimiz qutabların kənarını bükərdik... Kişilərin işdən qayıdan vaxtına salardıq bu işlərimizi... İsti qutablar məhəllədəki qapılara paylanardı. Bir gün də Tamaragilə toplaşıb düşbərə bükərdik...”

59 yaşlı Nəzakət Quliyeva ailə quranda 19 yaşında olub. Məhəlləyə 40 il əvvəl gəlin kimi köçüb. Ahıl qonşu qadınların arasında özünü nisbətən gənc nəslə aid edir. Evdar qadın olaraq, Nəzakət xanımın sevimli məşğuliyyəti dibçək bitkilərinə qulluq etmək, bir də tutuquşusuyla vaxt keçirməkdir.

“10 il əvvəl evdən kənarda olanda qonşularım zəng vurdu ki, evimdə yanğın çıxıb. Yanğın qonaq otağındakı sobadan başlamışdı, pərdəyə, oradansa pəncərələrin taxta çərçivəsinə keçmişdi. Biz evə çatanacan qonşularım yanğını söndürmüşdü. Solmaz bacının (Solmaz Cavadovanın) oğlu Elşənin qolları yanmışdı. Çağırılan yanğınsöndürən isə düz 1 saatdan sonra gəlib çıxmışdı. Qonşularım olmasaydı, evsiz qalacaqdım. Özünü yanan evinin alovunun içərisinə atan qonşun varsa, ona yaxşı qonşu deyilir”, Nəzakət Quliyeva deyir.

Xanım Cavadova

“Məhəlləyə köçəndə çox gənc idim, tələbə idim. Yaşlı nəsil mənimçün “axır ki, məhləmizə bir “doxdur” gəldi” deyirdi. İnsanlar arasındakı münasibət mənimçün çox vacibdir, 50 ilə yaxındır burda yaşayıram. Arada şəhərdə aldığımız bina evinə köçdüm, ancaq ora uyğunlaşa bilmədim. Məhəllə evinə bağlılıq məni geri qaytardı. Bina evində isti qonşuluq münasibətləri yoxdur. Başın ağrısa, qapısını döyməyə yaxın qonşu tapmazsan, heç kim sənə qapı açmaz, sənə qapı arxasından cavab verər. Ona görə də heç 1 il yaşaya bilmədik orda... Əgər başın ağrıyanda qapını açan, sənə dərman gətirən qonşuların varsa, yaxınını itirəndə başını çiyninə qoyub ağlamağa qonşu tapırsansa, bundan yaxşı nə ola bilər?”

“Məhəllədə çox şey dəyişib, hamı bağlanıb telefona, internetə, bir də baxırsan uşaq qarşıdan gəlir, başını soxub telefonun içinə, böyründən sanki səni görmürmüş kimi ötüb keçir. Düşünürsən ki, mən bu uşağın atasını körpəliyində hamama salıb çimizdirmişəm, bu uşaqlar niyə belə böyüyür? Uşağa söz deyirsən, qayıdıb sənə dərs keçir. Ədəb-ərkan, böyüyə hörmət elə bil günbəgün itib gedir”, Xanım Cavadova deyir.

Elmira Kərbalayeva (solda) və Tamara Babayeva (sağda)

Tamara Babayevanın 84 yaşı var. Gənc yaşlarında həyat yoldaşı onun işləməyinə imkan verməyib, o da işləyən qonşu qadınların evdə qoyduqları uşaqlara göz-qulaq olardı. Günortalar bir-bir evlərə baş çəkər, kimin uşağı gəldi, kimin uşağı küçədə qaldı deyə, maraqlanardı, yeməklərini verərdi, dərslərini oxusunlar deyə, başlarının üstündə dayanardı.

Yuxalar açılır, içərisinə göyərtilər yığılır, qutabların kənarı səliqəylə bükülür, mətbəxə göndərilir, Sevil xala onları tavada bişirir. İsti qutablar nar, sumaq, qatıqla bərabər süfrəyə qayıdır, şirin söhbətlər davam edir.

Elmira Kərbalayeva narahatdır ki, indiki nəsil onun və rəfiqələrinin illərdir saxladığı ənənələrə hörmət etmir. O, xüsusilə biş-düş kimi fəaliyyətlər sayəsində qonşuların sosiallaşma ənənələrinin itməsindən narahatdır.

Soldan sağa: Elmira Cavadova, Tamara Babayeva, Elmira Kərbalayeva, Solmaz Quliyeva

Elmira Cavadova ikinci dəfə nikaha girib bu məhəlləyə köçəndə çox gərginlik keçirdiyini yada salır. Lakin o, uşaqlarına öz uşaqları kimi münasibət göstərən bir qadın icmasına rast gəlir.

“Biləndə ki, ikinci ərimin evi məhəllə evindədir, narahat olmuşdum. Fikirləşirdim ki, hər uşağımı məhəllədə görəndə pıçhapıç düşəcək ki, filankəsin oğlu yanıuşaqlı qadın gətirib məhəlləyə. Hər şey əksinə oldu, bu məhəllədə hamı onun başqa ailənin uşağı olduğunu bildi, ancaq heç kəs bunu ona bildirmədi. 30 yaşı olanda tamam başqa yerdən təsadüf nəticəsində öyrəndi. Belə qonşuları kim sevməz?”

Məhəllədəki üç nəsil birlikdə

Dini rituallar qonşu qadınlar üçün böyük əhəmiyyət kəsb edir. Hər biri Həcc, Kərbəla, Məşhəd ziyarətində olub. Bir yerə toplaşanda da söhbətin əsas mövzusu dini ziyarətlər olur. 

Məhəllədə biri vəfat etsə, heç kim başını itirməz. Solmaz xalayla Xanım xala qabağa durub halva çalar, adətə uyğun ehsan süfrəsi açılar. Elmira xalayla Sevil xala növbəylə yasin, Quran oxuyar.

“İnsan bu yaşda ancaq günlərini yola verməklə keçirir. Günorta namazından sonra örpəyimi başıma atıb Solmazı, Xanımı, Elmiranı ziyarət etmək kimi adətim var. Onlarda keçmişim var, gəncliyim var”- deyə Elmira Kərbalayeva qeyd edir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin