“Ailəm məni dəstəkləsəydi...”

Jurnalist: Əli Məlikov,

İllustrator: Aydan Həsənova

17.02.22
Mövzu: LGBTQI+

“Mən transam”. Azərbaycanda kimsə öz valideyninə belə bir söz desə, bu, onlar arasında münasibətlərin kökündən dəyişməsinə səbəb ola bilər. Övladının LGBTİQ+ olduğunu öyrənmək Azərbaycanda valideynlərin əksəriyyəti üçün şok deməkdir.

Bu, iki qardaşı və anası ilə birlikdə yaşayan 22 yaşlı Musanın da başına gəlib.

“Uşaqlıqda həmişə maskulin olmuşam deyə, istədiyim paltarı geyinə bilirdim. Böyüdükcə isə həyat çətinləşdi. Artıq məni femininləşdirməyə çalışıb sırğa taxdırıdılar, don geyindirirdilər” - deyə, Musa bir neçə il əvvəl üzləşdiyi çətinlikləri xatırlayır.

Musanın anası onun bir vaxtlar təhsil aldığı orta məktəbdə psixoloq işləyir. Onun məktəb yoldaşı ilə olan münasibəti barəsində anası birinci dəfə elə burada öyrənib. O, əvvəlcə buna ciddi yanaşmayıb və Musanın uşaqlıq etdiyini düşünüb. Amma 10-cu sinifdə oxuyanda Musanın saçını kəsməsi əsl problemə çevrilib.

“Mənə "Kişi olmaq istəyirsən?" deyə ucadan qışqırdı. Mən də "Hə" dedim. Mənə "Aaz" demişdi, mən də xoşuma gəlmədiyini bildirdim, o da "Necə yəni? Kişisən sən?" soruşdu və daha bir neçə psixoloqun yanına apardı” - deyə, Musa anası ilə dörd il əvvəl baş vermiş ilk mübahisəsini yada salır.

İki psixoloqun qəbulunda olmasına və trans kişi olmağın normal olduğunu öyrənməsinə baxmayaraq, Musanın anası öz övladının seçimi ilə razılaşa bilməyib. Həmin gün onu cəzalandırmaq üçün evə gəlməyib. “Xalalarım mənim üstümə düşmüşdü ki, “anana nəsə olsa, səni öldürərik”. Halbuki anam həmin gün gedib xalagildə qalmışdı”. 

Bir sıra beynəlxalq hesabatlara görə, ailə üzvləri Azərbaycanda LGBTİQ+lərə qarşı təhdid və zorakılıq mənbələrindən biridir. Məsələn, Gəncədən olan 17 yaşlı Ümid atasının ona zəngindən sonra intihar edib. Məlumata görə atası ona “Səni gəlib öldürəcəm, məni camaatın içində rəzil edirsən. Artıq hər kəs bilir. Bu, mənə utancdır” - deyə, atası Ümidi qorxudub.

Feminist və LGBTİQ+ fəalı Gülnara Mehdiyeva təcrübəsində istər LGBTQ+, istərsə də digər uşaqlara qarşı qəddar davranan valideynlərlə bağlı hər hansı tədbir görüldüyünü xatırlamır.

“Yalnız sosial şəbəkələrdə xüsusi ağır zorakılıq, işgəncə kimi hallar barədə xəbər yayılanda dövlət qurumları müəyyən məcburiyyət qarşısında qalır. Bir neçə dəfə valideyn təzyiqi ilə üzləşən LGBTİQ+lərin evdən qaçması halları olub ki, polis onların evdə zorakılıqla bağlı şikayətlərinə etinasız yanaşıblar”, o deyir.

“Artıq 18 yaşım olanda ailəmin təzyiqlərindən bezərək evdən çıxdım. Onlar isə polisə şikayət etdilər və polis məni zorla bölmədə gözləyən anamın yanına apardı. Dəfələrlə onlara 18 yaşım olduğunu desəm də, “ananın vəziyyəti pisdir, get danış, sonra özünüz bilərsiniz dedilər” - deyə, Musa xatırlayır və bunlara baxmayaraq, evə qayıtmadığını deyir. Onun sözlərinə görə, məişət zorakılığı Azərbaycanda “ailə məsələsi” hesab olunur və dövlət orqanları tərəfindən bu məsələyə ciddi yanaşılmır. Bu səbəbdən də məişət zorakılığının yayılma səviyyəsi barədə dəqiq məlumatlar yoxdur. 

Əvvəllər Azərbaycanda geylərin və trans qadınların hücuma məruz qalması və ictimai yerlərdə təhqir olunmasına dair tez-tez məlumatlar yayılırdısa, son illərdə trans kişilər də transfobik hücumların hədəfinə çevriliblər. 2021-ci ilin may ayında Herman Turan Cavadzadə adlı trans kişi Bakının mərkəzi meydanında hücuma məruz qalıb. Belə ki, naməlum bir şəxs onun boğazından yapışaraq sol böyrəyinə yumruqla zərbə endirib.

Hal-hazırda Türkiyədə təhsil alan 26 yaşlı Yaman deyir ki, Azərbaycanı tərk etməzdən əvvəl ailəsindən yalnız dayısına trans kimliyi barədə danışıb. O həm də ona görə Türkiyəyə getmək qərarına gəlib ki, gender adaptasiya prosesinə, xüsusən də hormon terapiyasına rahat bir mühitdə başlaya bilsin.

“Türkiyədən ilk tətilimdən qayıtdıqda atam çox sərt bir şəkildə “oğlana oxşamısan, bir də belə görməyim səni. Saçlarını uzat” dedi. Hələ gender kimliyimi açıqlamadan bu reaksiya ilə qarşılaşmışdım. Ondan sonra atamla daha danışmadım”.

Yaman hormon qəbuluna 2015-ci ildə başlayıb, lakin bu barədə anasına 2021-ci ilin aprelində tətil üçün evlərinə gələndə deyib.

“Anamla bu barədə danışanda ağlayıb, “mənim günahımdır” deməyə başladı. Hər dəfə televizorda feminin kişi gördükdə mənə çönüb “siz Allah qatında lənətə gəlmiş insanlarsınız” deyirdi, paltarlarıma baxıb “Allah sizə lənət eləsin” deyirdi”, Yaman xatırlayır.

“Anam üçün hormonal terapiyanı və adaptasiya əməliyyatını qəbul etmək çox çətin idi. Çox istəyərdim ki, bu periodda mənə dəstək olsunlar. Çünki ailəni güc olaraq görürəm. Həmin gücün sənə dəstək olması başqa bir hissdir”.

Ailə üzvləri ilə əlaqələri kəsmək istəməyən Yaman onları gender məsələləri ilə bağlı məlumatlandırmağa cəhd edib. O, anası ilə birlikdə Türkiyədə LGBTİQ+ ailə təşkilatından və valideynlərdən bəhs edən “Mənim övladım” adlı filmə baxıb. Onun sözlərinə görə, filmə baxdıqdan sonra anasının ona qarşı münasibəti bir az dəyişib.

22 yaşlı Çinarın valideynləri ilə münasibətlərinin yaxşı olmasına baxmayaraq, onun trans kimliyini hələ də qəbul edə bilmirlər. Lənkəranda doğulub böyüyən Çinar deyir ki, hər kəsin bir-birini tanıdığı və paytaxt Bakıdan fərqli olaraq insanların yaxın qohumluq münasibətlərinə, mühafizəkarlıq və dinə önəm verdiyi rayon yerlərində LGBTİQ+ olmaq daha çətindir. 

“Lənkərandakı talış icması qapalı bir icmadır və onlara belə şeylər qəribə gəlir. Qohumlarım necə belə bir şey olacağını başa düşmürlər. Tranfob mühit məni sözün əsl mənasında geridə qoydu. İnsanlardan utanmağa başladım və qapalı bir insana çevrildim. Təşviş və təlaşlarım başladı. Tam olaraq istədiyim kimi görünmürdüm deyə, ictimaiyyət arasına çıxmaq istəmirdim, öz səsimdən belə utanırdım”.

Transfobik mühit məni sıxırdı. Mən insanlardan utanmağa və özümə qapanmağa başladım. Məndə narahatlıq hissi yaranmağa başladı. Mən istədiyim kimi görünmədiyim üçün ictimaiyyət arasına çıxmaq istəmirdim. Mən öz səsimdən belə utanırdım”, deyə Çinar əlavə edir ki, ailə üzvləri onun psixi problemləri olduğunu düşünürmüş.

“Hətta anam mənə cadu edildiyini düşünmüşdü. Evə cadu çıxarmaq üçün adam çağırmışdı”. 

2 ilə yaxındır LGBTİQ+lərə psixo-sosial konsultasiyalar verən Gender Resurs Mərkəzinin psixoloqunun sözlərinə görə, Azərbaycanda gənclərin böyük əksəriyyəti öz ailələrinə sıx bağlıdır və buna görə də kaminq-out dövründə gənclərin ailələrinə inam bağı zədələnir.

“Uşaqlar gözlərini ilk dəfə dünyaya ailədə açdıqları üçün inam hissi də ilk olaraq ailədə yaranır. Bundan başqa, uşaqlar böyüdükcə onlarla birgə şərti sevgi, qorxu, hədə-qorxu və s. kimi hisslər də böyüyür. Daha sonra isə çox güman ki, bu uşaqlar öz ətrafındakı insanlardan eyni travmanı gözləyəcəklər və özlərini onlara yaxın hesab edə bilməyəcəklər”.

Bu məqalə üçün aparılan müsahibədə iştirak edən respondentlər “Chai Khana”ya bildiriblər ki, onlar öz bioloji ailələrindən uzaqlaşmaq və onlar üçün yeni ailə ola biləcək insanlarla yaxınlaşmağa məcbur olublar.

“Ailəm məni dəstəkləsəydi, hər şey mənim üçün daha asan ola bilərdi. Ailəmdən maddi və mənəvi dəstək görsəydim, çoxdan istədiyimi həyata qovuşmuşdum” - deyə, dostları ilə təsəlli tapan Çinar bildirir.

Yaman deyir ki, o, özü üçün yeni bir ailə seçib – universitetdən olan üç dostu onun seçilmiş ailəsidir.

“LGBTİQ+ olduğumuz səbəbi ilə evdən atıldıqda küçədə qalmışıq, ən çətin dövrləri birgə keçmişik. Eləcə də keçmiş sevgilimlə ilk tanış olduğumuz aylarda birgə getdiyimiz bir ailə var idi. Onlara kaminq-aut edim. Nəticədə, atam və anamdan görmədiyim dəstəyi onlardan gördüm. Buna görə də hələ də əlaqə saxlayırıq və bu, mənim seçdiyim ailəmdir”.

 

 *Təhlükəsizlik məqsədilə müsahiblərin adları dəyişdirilib.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin