Əziz Xəzər,
İllər keçir, səni görmək üçün getdikcə çətinlik çəkirəm. Üzərində bərq vuran ləpələri və kiçik adalarını xatırlayıram. Yadımdadır, mənimlə yarımada arasında güclü külək əsəndə necə sakit idin. Hər gün üzərindən axıb keçən günəşi izləyirəm - günün sonunda mənim arxamda gizlənməyə başlayan günəşi.
Hörmətlə,
Bayıl
İmperatorun Dəniz Admirallığına həvalə edilmiş Bayıl ərazisində tikinti işlərinə 1858-ci ildə start verilib. Qısa müddət ərzində admirallığın və limanın ümumi konturları, eləcə də hərbi məntəqədən kənarda tikilmiş məhəllələrin formaları görünməyə başlayıb. Bununla şəhərin müstəqil hərbi-inzibati və yaşayış massivinin başlanğıcı qoyulub.
Bayılın planı admirallıq, inzibati-ictimai zona, həmçinin dənizçi zabit və matros məhəllələrinin ibarət idi.
Bayılda ilk yaşayış massivləri Bayıl burnundan Şıxovdakı məscidə qədər uzanan yol boyunca böyüyüb. Qara Şəhər yaradıldıqdan və Bibi-Heybət bölgəsində neft mədənləri açıldıqdan sonra Bayıl Bakıya doğru genişləndirilib.
1870-1880-ci illərdə Bibi-Heybət mədənlərindən Qara Şəhərdəki zavodlara bu yol ilə neft nəql edilməyə başlanır. Tikinti materialları və balıqçılıq texnikası isə əks istiqamətdə hərəkət edir.
Yol boyu yeməkxanalar, çayxanalar, fəhlələr və tarla işçiləri üçün mağazalar yerləşirdi.
XIX əsrin sonlarında Bayıl dik yamaclara yayılaraq, şəhərə doğru irəliləyir. Bayılın mərkəzi liman ərazisində qalır. İllər keçdikcə neftlə zəngin olan keçmiş enerji mərkəzi müasir sahilyanı yaşayış massivinə çevrilir.
Yaxın vaxtlara qədər Bayıl sakinləri neft nasoslarının yanında yaşayırdılar.
Bayıl həm də Azərbaycanın ən dağıdıcı və iqtisadi cəhətdən zərərverici sürüşmə zonalarından biri kimi tanınır. Bu səbəbdən Sovet dövründə ərazidə heç bir tikinti işi aparılmayıb. Lakin sonradan ərazidə xeyli sayda yaşayış evləri, ictimai-iaşə obyektləri, villalar tikilib.
Ərazidə son 100 ilin ən dağıdıcı sürüşməsi 2000-ci il martın 6-7-də baş verib. Nəticədə 200 fərdi ev zədələnib, 43-ü isə istifadə üçün tam yararsız hala düşüb.
Bayılda yerləşən obyektlərin hər birinin özünəməxsus tarixçəsi var; onlardan biri də Bayıl həbsxanası kimi tanınan 1 saylı istintaq təcridxanasıdır. O, bağlanana qədər Azərbaycanın ən qədim və ən böyük istintaq təcridxanası olub. Həbsxananın ən məşhur məhbusu o dövrdə Koba kimi tanınan İosif Vissarionoviç Stalin idi. Stalin 39 saylı kamerada saxlanılıb.
1998-ci ildə ölüm hökmü ləğv edilənə qədər Azərbaycanda ölümə məhkum edilən şəxslər həbsxananın məşhur “Beşinci Korpus”unda saxlanılıb.
2009-cu ildə vətəndaş cəmiyyəti fəalları həbsxananın muzeyə çevirməsi təklifini səsləndirsələr də, Bayraq Meydanının tikintisi səbəbilə həbsxana sökülüb.
Əziz Bayıl,
Bəli, o vaxtlar üçün mən də darıxmışam.
Sahillərini isti dalğalarla necə sığalladığımı xatırlayırsanmı? Etiraf edim ki, okeandan ayrılandan sonra səndən uzaqlaşmağa başladım. Ta aramızda insanlar peyda olana qədər. Onlar bariz şəkildə bizim qovşağımızda yarandı – mənim üzərimdə üzdülər, daha sonra sənin üzərində gəzdilər və uzağa getməmək üçün bir müddət sonra bura yerləşdilər.
Gülməlidir... Özlərini qorumaq üçün sənin daşlarını bu adaya necə sürüyüb gətirdiklərini xatırlayırsan?
Əsrlər boyu sənin alt qatlarına yığılıb qalmış irini çıxarmaq üçün ehtiyatla dəliklər açmağa başlamaqlarını bəs? Mənim altımda yerləşənlərə bir yol tapana qədər bunlar gülməli görünürdü.
Hörmətlə,
Xəzər
İndi bura Bayıl qəsəbəsinə cənubdan giriş magistralı və dünyanın keçmiş ən hündür bayraq dirəyi qoyulmuş Bayraq Meydanıdır.
Bu ərazi və onun yeni salınmış parlaq binaları arxasındakı məhəllələrin 1980-1990-cı illəri xatırladan abu-havası mənə çox maraqlı gəlir. Kiçik məhəllə baqqalarını, sakinləri sıldırım yamac boyu aparan taksi-funikulyorlarının fəaliyyətini fotokamera ilə müşahidə edirəm.
Göy üzü ilə köhnə hasarların arasında, Bayıl üfüqlərində yeni tikilmiş şüşə göydələnləri Xəzər sahilinin parlaq işığında görə bilərsiniz – sanki Bayıldakı gələcək innovasiyaların müjdəçiləridir…
Əziz dəniz,
Əlbəttə, bunlar yadımdadır. Həmçinin insanlar səmanı, sonra da sənin sahil zolağının deşərkən mənim mənzərəmin sonradan necə dəyişməyə başlamasını... Nə isə, indi qəddarlıqdan danışmayaq...
Bəşəriyyətdən fərqli olaraq, yer üzünü işıqlandırması Ayın ortaya çıxmasını gözləməli olduğumu da xatırlayıram. Amma bəşəriyyət – o, hər gecə parlayır və illər keçdikcə daha da parlaqlaşır; o qədər parlaq olub ki, ayı unutmuşam.
Sevgi ilə
Bayıl
Bu foto-esse Tomson Reuters Fondunun dəstəyi ilə fotoqraf Heba Xamisin rəhbərlik etdiyi seminar çərçivəsində hazırlanıb.
ianə verin