Dəyişən cehiz yükü

Müəlli̇f: Gulər Abbasova
19.05.22
Buraxılış: Adət-ənənə

Bir çox şərq cəmiyyətlərində olduğu kimi, Azərbaycanda da valideynlər qızlarına gələcək həyatlarına dəstək olmaq üçün məişət əşyaları, mebel və geyimlərdən ibarət cehiz verirlər.

Azərbaycanda cehiz vermə ənənəsi əsrlər əvvələ gedib çıxır. Etnoqraf Məhəbbət Paşayevanın  “Azərbaycanlıların adət və inancları (XIX-XX əsrlər)” monoqrafiyasına əsasən, 19-cu əsrdə ailələr yeni evlənən cütlüklərə yorğan, döşək, yastıq, əllə toxunmuş masa örtükləri və digər kiçik ev əşyaları verirdilər.

“Azərbaycanda gəlin köçəcək qıza ilk növbədə cehiz sandığı hazırlanardı. Bir növ mebeli əvəz edən bərli-bəzəkli toy sandığına təzə gəlinin cehizinin ən dəyərli qismi, toy-düyün geyimi, gümüş zinətləri, baş örpəkləri və digər qiymətli şeyləri yığılırdı. Keçmişdə qıza cehiz kimi ev üçün avadanlıq, yorğan-döşək, mal-qara verməklə bərabər, zəngin ailələr bəzən torpaq da verərdilər”, “Azərbaycanlıların adət və inancları” kitabında qeyd olunur.

Əvvəlki dövrləri müqayisə edən sosioloq Lalə Mehralı deyir ki, sovet dövründə (xüsusən 1970-80-ci illər) imkanlı ailələr cehiz üçün adi mağazalarda satışda olmayan, xaricdən gətirilən mallar almağa maraq göstərirdilər.

“Məsələn, univermaqlarda anbarlarda ümumi satışa çıxarılmayan mallar var idi. Onları da varlı, imkanlı olanlar cehiz kimi alırdılar. Müstəqillik illəri və Birinci Qarabağ müharibəsindən sonra 1990-cı illərdə ailələrin ümumi imkanı zəif idi, amma nisyə də olsa, çalışırdılar qızları üçün cehiz alsınlar. Bu da haradasa ailəni maddi çətinliyə sala bilirdi”.

Cehiz vermək bu gün də ölkədə davam edən ənənədir, lakin cehizin həcmi ailənin maddi imkanlarından asılıdır. Bəzi ailələr qızları çox erkən yaşlardan etibarən cehiz yığmağa başlayır. Cehizin ölçüsü və dəyəri bəzi icmalar üçün vacibdir, çünki bəzi ailələr az cehiz gətirən gəlinə qarşı narazılıq ifadə edə bilərlər. Bəzən qız evi qudalarını məmnun salmaq üçün borc-xərc demir, illərlə ödəyəcəkləri borcun altına girib bahalı cehiz təşkil edirlər.

2020-ci il pandemiyasına qədər kiminsə toy məclisi təşkil etmədən evlənməsi nadir hal idi. Lakin Covid-19 ilə gələn məhdudiyyətlər və insanların üzləşdiyi maddi sıxıntı adət-ənənələrə də yeni yanaşma gətirdi: insanlar böyük toylar əvəzinə kiçik şənliklər keçirməyə başladılar və yeni evlənənlər, xüsusən də iqtisadi cəhətdən artıq valideynlərindən müstəqil olanlar daha praktik toy hədiyyələrinə üstünlük verib, ənənəvi cehiz yükündən uzaq durdular.

Bu yeni tendensiya yeni ənənələr üçün təkan verdi: cehiz praktikası iqtisadi vəziyyətlə əlaqəli olaraq zəifləyir. Bu fotolayihə ənənəvi cehizlə bağlı baxışların necə dəyişdiyini araşdırır.

Sosioloq Lalə Mehralı qeyd edir ki, bəlkə də, əksər valideynlərin qızlarına daha yaxşı şeylər almağa çalışması Azərbaycan dəyərlərindən xəbər verir. Lakin o, əlavə edir ki, bu həm də şöhrətpərəstlik əlaməti ola bilər; ailələr cehiz üçün lazımsız və bahalı əşyalar almağa meyllidirlər ki, bu da ailəni maddi cəhətdən çətinə salır. Pandemiya zamanı yeni qaydalar cehizə yanaşmanı dəyişsə də, Lalə Mehralı deyir ki, bu dəyişikliklərin nə qədər davam edəcəyi bəlli deyil.

“Hesab etmək olar ki, pendemiya insanlara bir dərs verdi. İnsanlar anladılar ki, az büdcə ilə həm toy məclisi, həm cehizi idarə etmək olar. Amma bu belə davam edəcəkmi? Vəziyyət düzələn kimi, borcla toy, cehiz xərcləri davam edəcəyini düşünürəm. Bu, gənclərdən asılıdır, gənclər tələbkar olsalar, bu adət dəyişə bilər”.

17 yaşlı Sara. Kürdəxanı kəndi.

“Uşaq vaxtından anam mənim üçün cehiz yığır. Qab-qacaq, çəngəl-bıçaq, qazan, süfrə, lampa... Hələ evlənmək fikrim yoxdur, təhsil almağı düşünürəm, imtahanlara hazırlaşıram. Amma nə etmək olar? Bütün analar kimi, mənim də anam cehiz yığır. Bizim kənddə, qohum-əqrəbada bu, adətdir. Uşaq vaxtından valideynlər qızları üçün cehiz yığırlar. Anam fikirləşir ki, uşaq vaxtında cehizimi yavaş-yavaş alsa, ucuz olar. Amma zamanla hər şey dəyişir. Adətlər də”.

24 yaşlı Aliyə. Fatmayı kəndi. 

“Qızlar ərə gedəndə ata-anası onun cehizini, mebelini almalıdır. Yoxsa kənddə hamı söz-söhbət çıxarar. 2021-ci ildə toyum olub. Toydan əvvəl qayınanam valideynlərimə dedi ki, “neynirsiz o qədər cehiz alırsız? Onsuz da evdə hər şey var. Bir-iki mebel dəsti, bir neçə ev əşyası bəsdir”. Ərimin ailəsi imkanlı idi. Mən də qayınanamla bir evdə yaşayacaqdım. Böyük ev idi, nə lazımdırsa içində var idi. Əvvəl valideynlərim bir az narahat oldu ki, cehiz az olsa, qohum-əqrəbadan ayıb olar. Sonradan razılaşdılar. Mebel, bir az da evdə lazım olan əşyalardan aldılar. Çox pul xərcləməyə də ehtiyac olmadı”.

26 yaşlı Türkan Bəşir. Binə qəsəbəsi

“Yeniyetmə vaxtımda anam mənim üçün bir neçə dəsmal, süfrə alırdı. Bir dəfə dedim ki, “ay ana, özüm nə lazımdırsa, alacam, sən narahat olma”. Evlənəndə artıq işləyirdim, öz pulumu qazanırdım. Ona görə də istəmirdim ki, valideynlərim öz pullarını xərcləsinlər. Toyumuzu 2021-ci ildə balaca məclislə qeyd elədik. Qazandığım maaşla özümə ev əşyaları aldım. Ərimin valideynləri də qızıl, bəzək əşyası üçün pul yığmışdılar. O pulu da bizə verdilər, əvəzinə evə lazım olan başqa şeyləri aldıq. Düzünü deyim, heç o qədər çox şey almağa da ehtiyac yox idi. Az da bizə bəs edirdi”.

26 yaşlı Ülkər Nəzərli

“Vintaj əşyaları çox sevirəm, ona görə də anamdan, nənəmdən qalan qabları, bir də ağ şərfi özümə cehiz kimi götürmüşəm. Anam mənə süfrə, bir neçə dəsmal alıb. Cehizim çox azdır. Həyat yoldaşımla birgə valideynlərimizə demişdik ki, toya, cehizə çox pul xərcləməsinlər. Biz o pulla gələcəkdə yaxşı biznes qura bilərik. Amma qayınatamın istəyi ilə biz mütləq qızıl almalı idik. Çünki bu, adətdir. Onsuz mümkün deyil”.

30 yaşlı Gülsarə Qasımova

“Yeniyetmə vaxtı anama demişdim ki, mənim üçün cehiz almasın. İstəmirdim valideynlərim əşyalara çox pul xərcləsinlər. Anam mənə Quba xalçası hədiyyə etdi. Bir də nənəmdən anama ailə yadigarı kimi qalan qədimi mis qablar var idi. Anam bu qabları da mənə verdi. Bu, ailə ənənəsidir. Bu əşyalar mənim üçün milli-mənəvi dəyərlər və cehiz kimi çox qiymətlidir.

Qalan əşyaları həyat yoldaşımla bir yerdə yaşadığımız müddətdə lazım olduqca alırıq. Yeni evlənənlərə də məsləhətim budur ki, əşyalara önəm verməsinlər. Əsas rahatlıqdır. Xoşbəxt olmaq üçün çox şeyə ehtiyac yoxdur!”

26 yaşlı Əfsanə Salehova

“Bu yaxınlarda ailə qurmağa hazırlaşıram. Anam artıq cehiz üçün kiçik ev əşyaları alır. Nə lazımdırsa, onun üçün bir siyahı tutub. Demək olar ki, gündəlik istifadə üçün üçün vacib olanlar alınıb. Mənim cehiz bazarlığından başım çıxmır. Ona görə də bu işi anamla bacımın ixtiyarına vermişəm. Əsas mətbəx əşyaları - elektrik avadanlıqları, qablar, dəsmallar, süfrə - hazırdır.

Mebel və mətbəx üçün lazım olan qalan əşyaları yəqin ki, toydan əvvəl alacağıq. Bəlkə də, ehtiyac olmayacaq. Ola bilər içində hər avadanlığı olan kirayə mənzilə köçdük. Mənə elə gəlir ki, pandemiyanın cehiz adətinə çox təsiri olub. Əgər 10 il əvvəl ailələr cehizlik əşyaları çox alırdısa, pandemiya vaxtı çalışdılar ki, daha qənaətcil olsunlar. Yeni evlənən dost-tanışdan maraqlanırdım, deyirdilər, qənaətlə, az məbləğdə pulla toy hazırlıqlarını edə biliblər. Elələri var, heç toy məclisi də olmayıb. Mən də çalışıram qənaət edim, bizim üçün sərfəli olsun. Mənə elə gəlir, artıq şeylər lazımsız xərcdir”.



Bu foto-esse Thomson Reuters Fondunun dəstəyi ilə fotoqraf Heba Xamisin rəhbərlik etdiyi seminar çərçivəsində hazırlanıb.

 

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin