Yemək sifarişinin arxasındakılar

Jurnalist: Səkinəxanım Məmmədova, , Fotoqraf: Emin Mathers
05.07.22
Buraxılış: Əmək
Mövzu: Məşğulluq

24 yaşlı Samir Mustafayev Wolt şirkətində kuryer kimi qeydiyyatdan keçəndə bu, onun üçün yaxşı bir iş razılaşması kimi görünürdü: sərbəst iş saatları və rəqabətli əməkhaqqı.

2021-ci ilin dekabrında Azərbaycan pandemiyadan xilas olan ərəfədə yaxşı iş tapa bilmədiyinə görə Samir Bakıda böyüməkdə olan “gig” (qısamüddətli iş) iqtisadiyyatında bəxtini sınamaq qərarına gəlir.

İşə başlamasından bir neçə ay keçər-keçməz, o, daha az qazanc üçün daha çox saat işlədiyini görür. Üstəlik, yemək sifarişlərini vaxtında çatdırmaq naminə təhlükəsizliyini riskə atdığını başa düşür.

“İki ay bundan əvvəl ilə hazırda qazandığım maaş arasında böyük fərq var. Azərbaycanda hazırda minimum əməkhaqqı bir saata 1.87-1.90 manatdır, amma “Wolt” minimum əmsalı 1.60 manat kimi götürür. Bu isə konkret olaraq əməyi istismar etməkdir”.

Respondent kuryerlər bazarda digər beynəlxalq platforma olan “Bolt Food” da daxil olmaqla, bir neçə digər ərzaq çatdırılması xidmətləri üzrə ödənişin aşağı olduğunu bildirirlər.

22 yaşlı Ayxan İsgəndərov 2021-ci ilin mayında “Wolt”da işə başlayıb. İlk dövrlə müqayisədə o da hazırda daha az qazandığını qeyd edir.

“Sifarişin minimal çatdırılma haqqı 1.90 qəpikdən 1.60 qəpiyə düşüb. Həmçinin maksimum çatdırılma haqqı 2.70 qəpikdən 2.40 qəpiyə düşüb. Biz artıq gündəlik 10-15 manat itiririk. Hazırda maaşım məni qane etmir. Normal pul qazanmaq üçün gündə 13-14 saat işləmək məcburiyyətində qalıram. Halbuki əvvəl 9-10 saat işləmək kifayət edirdi. İndiki vəziyyətdə biz özümüzə istirahət günü ayırmadan bir ayın 30 gününü işləyirik”.

Çatdırılma şirkətlərinin daha çox qazanmaq üçün daha sürətli çatdırılma kampaniyalarının Azərbaycanda ölümcül nəticələri də qeydə alınıb.

Məsələn, 2020-ci ildə Bakıda kuryer motosikleti idarəetməni itirərək divara çırpılıb və ölüb. Sürücü Ülvi Məmmədov “Domino Azerbaijan” şirkətində işləyirdi və şirkətin həmin dövrdəki kampaniyasına əsasən, 30 dəqiqə ərzində müştəriyə pizza çatdırmalı idi. Onun ölümü sosial media etirazlarına səbəb olub, işçilərin həyatı bahasına başa gələn kampaniyalar qınaq obyektinə çevrilib. “Chai Khana”nın müsahibə üçün müraciət etdiyi bir neçə çatdırılma şirkəti qeyd edib ki, daha çox sifarişi daha sürətli çatdırmaq biznesdə geniş tətbiq olunur.

Wolt vasitəsilə yemək aparan Samir Mustafayev qeyd edir ki, sifariş verməyə tələsdiyi günlərdən birində onu maşın vurub.

“Xoşbəxtlikdən bu qəza çox ağır olmadı. Hətta bəzən 10-15 dəqiqədən də az vaxta sifarişi çatdırmalı oluruq. Yağışlı havalarda daha çox velosipeddən yıxılıb əzilmişəm. Çünki yer çox sürüşkən olur”, o qeyd edir ki, hər sifarişdən qazandıqları pul üzləşdikləri təhlükəni kompensasiya etmir.

Maaşların aşağı düşməsi və əlverişsiz iş şərtləri “Wolt” və “Bolt Food” işçilərinin aprel ayında etiraz tətilinə gətirib çıxarıb. Təxminən 100 nəfər kuryer etiraz olaraq işə çıxmaqdan imtina edib, maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə təşkilatçılar tətillə bağlı çağırışda bildiriblər.

“Wolt Azerbaijan”a görə, kuryerlərə işçi yox, müstəqil podratçı kimi baxılır.

“Qeyd etmək vacibdir ki, Azərbaycanda Wolt vasitəsilə çatdırılma həyata keçirən minlərlə kuryer işçi deyil, bizim tərəfdaşlarımızdır. Onlar müstəqil podratçılardır və kuryer partnyorlarımızın böyük əksəriyyəti buna üstünlük verir. Müstəqil podratçılar olaraq, onlar sərbəst iş rejimindən zövq alırlar. Əksəriyyətin bu cür iş rejiminə üstünlük verməsinin səbəbi odur ki, onlar platformaya daxil olmaq və çıxmaqda sərbəstdirlər”, - deyə şirkət “Chai Khana”ya verdiyi yazılı açıqlamada bildirib.

Azərbaycan qanunvericiliyinə əsasən, müstəqil podratçı ölkənin əmək qanunlarının təklif etdiyi bir çox hüquqdan yararlana bilmir və həmkarlar ittifaqına daxil deyil. Hüquqşünas İnarə Camal kuryerlərin müstəqil podratçı statusunun qanuniliyini şübhə altına alır. O, əmək qanunvericiliyinə istinadən bildirir ki, “Wolt” və digər çatdırılma platformaları onları işçi kimi işə götürməyə məcbur edilə bilər.

Hüquqşünasın sözlərinə görə, iş statusundan asılı olmayaraq, kuryerlər kollektiv olaraq məhkəməyə müraciət etsələr, çıxış yolu əldə etmək mümkündür.

Kuryer Samir Mustafayev deyir ki, yerli şirkət etirazçılara tələblərinin siyahısını Woltun Estoniyadakı baş ofisinə göndərmələri bildirilib, bundan sonra tətil dayandırılıb. Onlar bunun kuryerləri yola vermək taktikası olduğunu düşünsələr də, getməyə başqa yerləri də olmayıb. 2019-cu ilin hesabatına görə, ölkədə gənclər arasında işsizlik 36 faiz təşkil edir.

“Wolt Azerbaijan”ın yazılı cavabında qeyd olunur ki, şirkət etirazçılarla görüşüb və onların narahatlıqlarını dinləyib.

“Etirazdan sonra bizim Wolt komandamız kuryerləri məyus edən şeyləri dinləmək üçün görüş keçirib. Kuryerlər açıq şəkildə bildiriblər ki, onları ən çox narahat edən sifarişlərin sayıdır və biz artıq tələbatın artmasına kömək etmək üçün tədbirlər görmüşük. İstər Azərbaycan komandamız, istərsə də Finlandiyadakı qərargah tərəfdaşlarımızdan alınan hər hansı rəyi çox ciddi qəbul edir”, - deyə açıqlamada bildirilir.

Bununla belə, tətil nəticəsində kuryerlər üçün az şey dəyişib. Qiymətlər dəyişməz olaraq qalıb və kuryerlərin yol təhlükəsizliyi və çatdırılma müddətləri də daxil olmaqla digər narahatlıqlarının dinlənildiyinə dair çox az işarə var.

“Wolt”un kuryeri Ayxanın sözlərinə görə, paytaxtda velosiped zolaqlarının olmaması o deməkdir ki, velosiped və motosiklet sürən kuryerlər avtomobil və avtobuslarla birbaşa təmas halındadırlar. O qeyd edir ki, qəzalar tez-tez olur və kuryerlər vaxtında sifariş çatdırmaq üçün həyatlarını riskə atırlar.

“Bir dəfə maşınların sıx olduğu bir vaxt idi və maşınların sağı ilə hərəkət edirdim. Taksi sürücüsü müştərini orda düşürtmək qərarına gəldi və müştəri qapını açanda mən dərhal tormuzu basa bilmədim. Və qapıya dəyib yerə yıxıldım. Halbuki bu taksinin səhvi idi. Amma o sürərək tez məkandan uzaqlaşdı”, Ayxan xatırlayır.

“Velosiped ilə müqayisədə motosikletdə belə qəzalar daha çox baş verir. Mənim dostum motosikletlə sifarişi çatdırarkən qarşısına qəfildən maşın çıxıb. Maşına dəyməmək üçün özünü yer atıb və zədələnmişdi”.



Bu məqalə Chai Khana Fellowship proqramı (bahar 2022) çərçivəsində hazırlanıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin