Pandemiya uşaq əməyi istismarını artırıb

Jurnalist: Səkinəxanım Məmmədova,

İllustrator: Aydan Həsənova

14.07.22
Buraxılış: Əmək
Mövzu: uşaqlar

Bakının hündürmərtəbəli binaları və ultra müasir memarlıq nümunələri arasında gəzişərkən işləməyə məcbur edilən azyaşlı uşaqlarla göz-gözə gəlirsən. Əksəriyyəti ailələri tərəfindən dilənçiliyə sövq edilsə də, digərləri Azərbaycan qanunlarındakı boşluqlardan və çatışmazlıqlardan istifadə edən qurumlar və şəxslər tərəfindən işlədilir.

Uşaq hüquqları üzrə mütəxəssis və hüquqşünasların fikrincə, illərdir davam edən bu problem pandemiya ilə daha da dərinləşib.

15 yaşlı Zəhra (adı dəyişdirilib) uşaq əməyinin istismarına dair bir nümunədir: o, iki bacısı ilə birlikdə bu yaxınlarda dilənçilik edərkən tapılıb və uşaqlar üçün sığınacağa yerləşdirilib.

“Qızlar həm dilənməyə məcbur edilib, həm də ev təsərrüfatına cəlb olunub”, – deyə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirir. Uşaqlar hazırda birliyin nəzdindəki sığınacaqda yaşayır.

“Hər biri oxumaq üçün can atır. Əlbəttə, uşağın düşdüyü mühit onun təhsildən yayınmasına bir səbəbdir. Bugünlərdə o uşaqlar kitabdan bərk-bərk yapışırsa, dərslərdə çox aktiv iştirak etmək istəyirsə, bu, artıq cəmiyyətə bir mesajdır”.

Mesaj ünvanına çatırmı? Təhsil üzrə mütəxəssis Kamran Əsədovun fikrincə, uşaqların mesajına böyüklərin adekvat şəkildə əməl etməsi bir qədər çətin görünür.

“Ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil. Uşaqların kənd təsərrüfatında işlədilməsi halları mövcuddur. Həmçinin Fəvvarələr Meydanında dilənən və ya satıcılıqla məşğul olan azyaşlılar çoxdur”, Kamran Əsədov deyir.

O əlavə edir ki, bu yaxınlarda restoranlardan birində 15 yaşlı oğlanın popkorn satması hadisəsi Təhsil Nazirliyinin məsələ ilə kifayət qədər məşğul olmadığını göstərir.

“Təhsil Nazirliyi orta məktəblərdə davamiyyətə ciddi nəzarət etməlidir. Təhsil müəssisəsi o uşaqla maraqlanmalı idi. Hadisə aidiyyatı qurumların məsuliyyətsizliyini göstərir”.

ABŞ Beynəlxalq Əmək Məsələləri Bürosunun 2020-ci il hesabatında qeyd olunur ki, Azərbaycanda 4-14 yaş arası uşaqların 4,5 faizi (təxminən 70 000) işləyir və məktəbə getmir. Bundan başqa, 7-14 yaş arasında olan 4,9 faiz məktəbə paralel olaraq işləyir.

“Azərbaycanda uşaqlar istismarın ən pis formalarına, o cümlədən kommersiya məqsədli cinsi istismara və məcburi dilənçiliyə məruz qalırlar. Kənd təsərrüfatında da uşaq əməyi mövcuddur”, - deyə hesabatda vurğulanır. Qeyd olunur ki, hökumət problemin həlli istiqamətində addımlar atsa da, nəzərdə tutulan tədbirlərin qeyri-adekvat icra edilməsi və qanunvericilikdəki boşluqlar səbəbindən problemin həllində “minimum irəliləyiş” əldə edilib.

“Müvafiq qurumlar, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətlərini səmərəli şəkildə yerinə yetirmək imkanından məhrumdur”, - deyə hesabatda yazılır. “Bundan əlavə, polis adətən uşaqların diləndirilməsinə və ya küçə ticarətinə cəlb olunmasına ailə problemi kimi yanaşır, nəinki məcburi dilənçilik. Nəticə etibarı ilə bu cür hallar cinayət təhqiqatına və cinayət təqibinə lazımi qaydada göndərilə bilmir”.

Qanundakı boşluqlar təkcə uşaqların təhsildən geri qalması demək deyil; əmək hüquqları üzrə ixtisaslaşmış hüquqşünas Fariz Əkbərovun sözlərinə görə, bu, həmçinin uşaqları işlədənləri məsuliyyətə cəlb etməyi çətinləşdirir.

“Uşaq əməyinin valideynlər tərəfindən istismar edilməsi Ailə Məcəlləsində öz əksini tapsa da, Cinayət Məcəlləsində uşağın valideynləri və yaxud qohumları tərəfindən əməyinin istismara məruz qalması barədə cəzalar və maddələr yoxdur”, hüquqşünas qeyd edir.

Nəticə etibarilə, “pandemiyadan əvvəl və pandemiya zamanı uşaq əməyi əsasən dilənçilikdə və malların satışında istismar olunurdu və hələ də istismar olunur”, o əlavə edir.

Bakının mərkəzində nənəsi ilə dilənən Mədinə adlı uşaq “ChaiKhana”ya müsahibəsində deyib ki, böyüyəndə müəllim olmaq arzusundadır. “Mən müəllim olacağam. Çünki müəllim olsam, məktəbə gedəcəyəm”.

Amma hazırda onun evdə kağız və qələmi belə, yoxdur. Əvəzində o, ailəsinin dolanışığı üçün vaxtını Nizami metrosunun yaxınlığında dilənməklə keçirir.

“Bizim dərdimiz böyükdür”, deyə, Mədinənin nənəsi sözə başlayır. “Mənim oğlum yaydan bəri yataq xəstəsidir. O, şikəstdir. Mən 4 nəvəm, xəstə oğlum və gəlinimlə birgə kirayə evdə yaşayırıq. Ailədə adam çoxdur, amma işləyən yoxdur. Bircə mən bu uşaqla birgə ailəni dolandırmağa çalışırıq. Mən bilirəm ki, bizə kömək olmayacaq, ona görə də heç nə istəmirəm”.

Hökumət gecikmələrlə də olsa, problemin həlli üçün müəyyən addımlar atıb. ABŞ Beynəlxalq Əmək Məsələləri Bürosu 2020-ci ildə hökumətin digər tədbirlərlə yanaşı, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planını təsdiqlədiyini qeyd edib. Hökumət bu sahədə yoxlamalarına 2022-ci ildə başlayıb.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova deyir ki, uşaqların istismarı ilə əlaqədar monitorinq aparılması Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və icra hakimiyyətinin səlahiyyətindədir. Bununla belə, Aşumova bildirir ki, əksər monitorinqlər uşaq əməyinin istismar edilib-edilməməsi məsələsinə deyil, zorakılığa məruz qalanlara yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən “ChaiKhana”ya bildiriblər ki, 2020-ci ildə karantin dövründə 15 yaşına çatmamış şəxsləri məcburi əməyə cəlb edən işəgötürənlərlə bağlı 7 faktı aşkar edilib: mənzil və ictimai iaşə sektorunda işləyən 4 uşaq, pərakəndə satış sektorunda isə iki uşaq tapılıb. Bir nəfərin isə nəqliyyat sektorunda işlədiyi müəyyən edilib. İşəgötürənlərə inzibati cərimələr kəsilib. Bundan əlavə, 2021-ci ildə müfəttişlik xidməti ölkə üzrə əhalinin bu problemlə bağlı maarifləndirilməsi üçün xüsusi tədbirlər həyata keçirib.

Lakin uşaq hüquqlarının müdafiəçiləri narahatdırlar ki, dəyişikliyə nail olmaq üçün monitorinq yetərli deyil, çünki onlar əmək istismarı hallarının daha da artdığını müşahidə ediblər.

“2021-ci ildə uşaq əməyinin istismarı ilə bağlı bizə 13 müraciət daxil olub... Bu, artan statistikanın göstəricisidir. Küçə həyatına məruz qalan və salfet satan uşaqlar, dilənçiliklə məşğul olan və məişət əşyaları satan uşaqlar, yaxud valideynləri xəstə olan, valideynləri tərəfindən əməyə məcbur edilən və əmək istismarı zamanı qazancından məhrum olan uşaqlar”, Ümidli Gələcək təşkilatının rəhbəri Kəmalə Aşumova bildirir.

“Mən öz təcrübəmə əsasən deyim ki, həmin orqanların apardığı monitorinqlər də bir nəticə verməyəcək. Çünki icra hakimiyyətlərinin azyaşlılar komissiyaları, ümumiyyətlə, uşaq problemləri sahəsində işləmir. Sistemli şəkildə fəaliyyət yoxdur. Bir-birinə hesabatlılıq yoxdur”, o əlavə edir.



Bu məqalə Chai Khana Fellowship proqramı (bahar 2022) çərçivəsində hazırlanıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin