1920-ci ildə Sovet Azərbaycanında savadlılıq və tikiş dərnəkləri vasitəsilə qadınların fəallaşdırılması üçün ölkənin ilk dərnəyi yaradılıb. Dərnəyin məqsədi qadınların savadsız və gücsüz qalmasına səbəb olan adət-ənənələrdən və mədəniyyətdən onları azad etmək idi. Həmin vaxt üzvlərdən Fəridə Heyət qeyd edirdi ki, dərnək “həyatlarının hər bir aspektini dəyişdirmək üçün Azərbaycan qadınlarına ünvanlanmışdı…[dərnək] onlara sadəcə bacarıq və təlim vermirdi; bu məkan qadınların dünyagörüşünü dəyişdirən bir yer idi”.
Daha sonra bütün ölkə boyunca dərnəklər açılmağa başlayıb və qadınlar hətta ərlərinin və atalarının gözündən uzaqda tikiş maşınlarına sığınaraq sənət öyrəniblər.
Bir əsr sonra - postsovet Azərbaycanında Kifayət Talıbzadə də qadınlara kömək etmək üçün ənənəvi sənətkarlığa üz tutub. 30 yaşlı Kifayət Polşada universiteti bitirdikdən sonra doğulduğu Masallı rayonuna qayıdıb ki, burada yaşasın və iş tapsın. Lakin ənənəvi gender rolları onun yolunda əngələ çevrilib.

30 yaşlı Kifayət Talıbzadə Azərbaycanın kənd yerlərində işsiz qadınları səlahiyyətləndirmək üçün "AzərCorab" sosial sahibkarlıq layihəsini təsis edib.
“Azərbaycanda hamı üçün bərabər imkanlar olmadığı üçün məqsədlərimi həyata keçirməkdə çox çətinlik çəkirdim. Qadınlar haqqında rəy formalaşdıran mühafizəkar ictimai dəyərlər var. İnsanlar üçün qadının ənənəvi rolu başqadır. Ona görə də mənim üçün çətin oldu”.
Buna baxmayaraq, Kifayət təslim olmayıb. Arzuları uğrunda mübarizə onun üçün yeni bir şey deyil: o, orta məktəbi bitirib xaricdə oxumaq haqqı naminə ailəsi ilə mübarizə aparıb. Başa düşəndə ki, onu geriyə salan problemlər başqa qadınlara da təsir edir, Kifayət Masallı qadınlarını işlə təmin edəcək sosial sahibkarlıq layihəsi yaratmağa qərar verib. Beləliklə, 2019-cu ildə “AzərCorab” dörd qadınla işə başlayıb.
Hazırda Masallıda 20 toxucu var və onların sayı hər ay artır. “AzərCorab” toxucuları ABŞ-dan Yeni Zelandiyaya qədər hər yerdə öz müştərilərinə evdə hazırlanmış corablar satırlar. (www.instagram.com/azerjorab və www.facebook.com/AzerJorab).
Uğurlarına baxmayaraq, Kifayət deyir ki, "qadınları gücləndirmək üçün hələ çox iş görülməlidir".
Talış dağlarının ətəyində yerləşən Masallıda qadınların çoxu hələ də evdən kənara çıxmaq üçün ailənin kişi üzvlərindən icazə almalı olur. “AzərCorab” kollektivi toxucularından biri deyir ki, “Ərim məni evimizdən çölə buraxmırdı. Harasa gedəndə ya ondan icazə almalıydım, ya da onunla birlikdə getməliydim”.
Kifayət qeyd edir ki, kollektivə qoşulan bir çox qadın ənənəvi gender rollarına və sosial tabulara meydan oxumaq üçün özünə inam qazanmağa başlayıb.
“Əvvəllər demək olar ki, bütün vaxtlarını evlərində keçirirdilər. İndi çölə çıxırlar, işləyirlər, sosiallaşırlar, bir-birinə kömək edirlər və tədris prosesində iştirak edirlər, ailələri üçün gəlir əldə edirlər”. O, kollektivin dizayneri 46 yaşlı Aqidə Şirməmmədova ilə ilk tanışlığını xatırlayır. Şirməmmədova çox sakit dayanır və gün ərzində demək olar ki danışmırmış. Kifayət deyir ki, indi o, kreativ ideyalar irəli sürən və toxunan corablar üçün motiv və naxışlar hazırlayan ən fəal üzvlərdən birinə çevrilib.
“Bu qadınlar indi ailələrinin kişi üzvləri ilə bərabər fəaliyyət göstərirlər”, - deyə o qeyd edir.

“AzərCorab”ın ilk üzvlərindən və müəllimlərindən olan 60 yaşlı Məhbubə Əsədova
Kollektivin ilk üzvlərindən biri 60 yaşlı Məhbubə Əsədova hazırda başqa qadınlara da toxumağı öyrədir.
“Bu, bizim əl işimizdir... biz ona sevgimizi qoyuruq və işimizi sevirik”.
O, qadınların uğur qazanmaq üçün lazım olan gücə malik olduğuna qətiyyətlə inanır.

Məhbubə Əsədova iki tələbəsi ilə birlikdə.
Sağ tərəfində 35 yaşlı Aytən Əliyeva, sol tərəfində isə 35 yaşlı Şəfa Musayevadır. O, tələbələrinə “beş iynə üsulu” ilə corab toxumağı öyrədir. Əsədova deyir ki, yeni başlayanlar üçün ən asanı paxlava naxışıdır.

Paxlava naxışlı uşaq corabları. Toxucu deyir ki, “naxışlarına görə uşaqlara corab toxumaq böyüklərə toxumaqdan daha çətindir. Corabın ölçüsü kiçik olduğu üçün böyük və çətin naxışlar yaratmaq mümkün olmur. Lakin zaman keçdikcə bu corabların toxunması asanlaşır və yarım günə toxuyub qurtarmaq mümkündür”.
Məhbubə Əsədovanın tələbələrindən biri hələ də dərs zamanı danışmağa çəkinir, baxmayaraq ki, tələbələrin əksəriyyəti bacarıqlarını inkişaf etdirdikcə inamlı davranmağa və ünsiyyət qurmağa başlayır. Corab toxumağın onun həyatını necə dəyişdiyini soruşanda Əsədova belə cavab verdi: “Biz öyrədirik, öyrənirik və ən əsası gəlirimizi qazanırıq”.

Beş toxuculuq iynəsi ilə toxunma. Hazır məhsul “AzərCorab”ın sosial media hesabları vasitəsilə xaricə satılacaq.
Corabların qiyməti 14-20 manat arasındadır.

Məhbubə Əsədova qış üçün toxuduğu şərfi göstərir. Bu, onun ilk kruçokla şərf toxuma təcrübəsidir. İndi o yaxınları və özü üçün müxtəlif əşyalar (papaqlar, köynəklər, sviterlər, köynəklər və s.) toxumaq və hətta satmaq üçün kruçokla toxunma bacarıqlarını daha da inkişaf etdirmək istəyir.
Qadınların corab toxumaq üçün hansı üsula üstünlük verməsindən asılı olmayaraq, Firanə Hüseynova düşünür ki, bu iş onlara pul qazanmağa və “evdə oturmaq” kimi sosial və psixoloji təzyiqi aradan qaldırmağa kömək edir. Bu iş Firanəyə ərinin evdə olmadığı vaxtlarda ailəsinin qayğısına qalmağa kömək edib. Belə ki, onu həyat yoldaşı Rusiyada yaşayır, işləyir və evə pul göndərir. Firanənin toxuculuq karyerası ona üç uşağı tək böyütməyə və onların universitetə daxil olmaq üçün hazırlaşdırmağa imkan yaradıb. Firanə deyir ki, “Gələcəyim baxımından fikirləşsəm, corab toxuyaraq qazandığım gəlir o qədər də çox deyil. Ancaq bu gəlir mənə imkan verir ki, övladlarım üçün daha yaxşı gələcək təmin edim. Onlar böyüyəndə universitetdə oxuyacaqlar və bundan sonra onlar üçün nəzərdə tutduğum həyatı yaşayacaqlar”.

Firanə toxucu qonşuları və keçmiş tələbələri ilə toxuculuq və gələcək planları haqqında danışır.
Qonşular həm dini səbəblərdən, həm də kişi ailə üzvləri icazə vermədiyinə görə şəkil çəkdirməkdən imtina etdilər.

“AzərCorab”da istehsal olunan corabların reklam və satışı üçün sosial mediadan geniş istifadə olunur. Toxucuların qazancı imkan verir ki, onları bütün günü evlərinə bağlayan köhnə adət-ənənələrə və normalara əhəmiyyət verməsinlər.

Toxucular uşaqları üçün həm də frizbi toxuyur və bəzən onları da Amerikadakı müştərilərinə satırlar.

Qonşuları Firanənin həyətində toxunma frizbi ilə oynayırlar.

46 yaşlı Aqidə Şirməmmədova corab naxışlarının tərtibatçısıdır. O, corabların rəngini seçir, naxışlar və ölçülərə qərar verir və yeni başlayanlar üçün üsullar yazır. Anadangəlmə fiziki qüsuru olduğu üçün atası Şirməmmədovaya ev işləri görməyə, məktəbə getməyə və hətta ərə getməyə icazə verməyib. “Atam məni heç kimə etibar etmirdi, özündən başqa heç kimə etibar edə bilməzdi”, - deyə Aqidə deyir.

Kifayət Talıbzadənin ailə evinin qonaq otağı bütün toxucuların həftədə iki dəfə görüş yerinə çevrilir.
Firanə Hüseynova yeni tələbələri 36 yaşlı Aytəkin Quliyevaya (sol tərəfdə) və 34 yaşlı Əsmər Həşimovaya (sağ tərəfdə) toxuculuq öyrədir.

53 yaşlı Kəbirə Nəcəfova toxumağı uşaq ikən öyrənib. Yığıncaqlarda iştirak edə bilməyəndə o, toxuculuq üzrə əvəzedici təlimatçı kimi fəaliyyət göstərir.

Kəbirə Nəcəfova deyir ki, “Kifayəti sevdiyimiz üçün gördüyümüz işi də sevirik”. O qeyd edir ki, “AzərCorab”dakı işindən əldə etdiyi gəlir ona imkan verir ki, evin bazarlığına dəstək olsun.
“Ürəyimdə arzuladığım hər şeyi almışam. Amma hər şeydən az almışam. Allah sənə daha çoxunu versin İnşallah! Allah başından töksün”, -deyə o, Kifayətə deyir.
Bu foto layihə Chai Khana Fellowship proqramı (bahar 2022) çərçivəsində hazırlanıb.
ianə verin