Rusiya-Ukrayna müharibəsi fonunda əmək miqrantları

Jurnalist: Səkinəxanım Məmmədova, , Fotoqraf: Tati Səttar
04.08.22
Buraxılış: Əmək
Mövzu: Məşğulluq

Uzun illərdir ki, azərbaycanlı əmək miqrantları qazanc əldə etmək üçün üzü şimala baxıblar.

Lakin müharibə başlayandan bəri Rusiya və Ukrayna iqtisadiyyatı alt-üst olduğu üçün hər iki ölkədə işləyən milyonlarla azərbaycanlı iş və təhlükəsizlik arasında qərar vermək məcburiyyətində qalıb.

Ukraynada yaşamış 33 yaşlı Elvin Maqsudov Rusiyanın hücumundan sonra təhlükəsizlik səbəbilə Moldovaya köçüb. Amma bu qərar ona baha başa gəlib: yeni işində maaş daha az, xərcləri isə çoxdur.

“Bu müharibə mənim planlarımı korladı. Ukraynada iş şəraitim və yaşamaq xərclərim Moldova ilə müqayisədə çox yaxşı idi. Ukrayna ilə müqayisədə Moldovada aldığım əmək haqqı çox azdır və böyük fərq var. Ukraynada yaşayış xərcləri mənim büdcəmə görə iki dəfə ucuz idi. Burda geyimdən tutmuş ərzağa kimi bütün qiymətlər qalxıb”.

Moldovada məskunlaşmağın çətinliklərinə baxmayaraq, Elvin Azərbaycana qayıtmağı planlaşdırmadığını deyir. O, yaxşı maaşlı iş tapmağın çətin olduğunu və ailəsinin göndərdiyi puldan asılı olduğunu qeyd edir.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, müharibədən əvvəl Rusiyada işləyən və təxmini hesablamalara görə 2 milyon olduğu deyilən azərbaycanlıların çoxu müharibənin yaratdığı çətinliklərə və təhlükələrə baxmayaraq, orada yaşamağa davam edəcək. Bununla belə, onların ailələri sanksiyaların və əmək bazarındakı problemlərin təsirini Azərbaycanda hiss edəcəklər.

“İş qüvvəsi, alıcılıq qabiliyyəti, gəlirlər azalıb, pul köçürmələri üçün maneələr var”, -deyə Cəfərli qeyd edir ki, Rusiyadakı azərbaycanlılar sanksiyalara görə artıq beynəlxalq pul köçürmə xidmətlərindən istifadə edə bilmirlər.

Moskvanın 2014-cü ildə Krımı qeyri-qanuni ilhaq etməsindən sonra Rusiya və Ukraynadan pulköçürmələrin həcmi azalsa da, əmək miqrantları pandemiyadan əvvəl 2019-cu ildə Azərbaycana təxminən 1,2 milyard dollar göndəriblər.

İqtisadçı ekspert Qubad İbadoğlu aprel ayında “Amerikanın Səsi”nə müsahibəsində qeyd edib ki, 2021-ci ilin doqquz ayında Azərbaycana pul köçürmələrinin 60 faizi Rusiyadan daxil olub: “bu il bu transferdə kəskin azalma gözlənilir”.

“Pandemiya ilində bu pul köçürmələri üçün bu rəqəm 700-800 milyon dollar azalıb. Ötən il 2021-ci ildə müəyyən artım olsa da, hazırda azərbaycanlılar Rusiya-Ukrayna müharibəsi səbəbindən müəyyən çətinliklərlə üzləşirlər”, Natiq Cəfərli deyir.

Biləcəridə yaşayan Yeganə Məmişova və iki övladı bu fərqi hiss edənlərdəndir. 42 yaşlı Yeganə müəllim işləyir, amma maaşı ailəni dolandırmağa kifayət etmir; Ona görə də həyat yoldaşı Hafiz Məmişovun son 5 ildə Rusiyadan göndərdiyi puldan asılıdırlar.

“Hazırda həyat yoldaşım Rusiyada tikinti sektorunda çalışır. O, 5 ildir Rusiyada işləyir və bizə pul göndərir. Sanksiyalara görə artıq bizə pul göndərə bilmir”.

İndi Yeganə Məmişova bağça müəlliməsi kimi ayda aldığı 400 manatla dolanmaq məcburiyyətindədir. Yeganə qeyd edir ki, əri ancaq hərbi xidmətdən sonra özünə ürəyi istəyən iş tapa bilmədiyi üçün Azərbaycanı tərk edib.

Rəsmi olaraq, Azərbaycanda işsizlik səviyyəsi altı faizdən azdır – bu, qonşu Gürcüstan və Ermənistandakı işsizlik səviyyəsinin kiçik bir qismini təşkil edir.

Lakin 24 yaşlı Əliheydər Əzimzadə kimi əmək miqrantları qeyd edir ki, onlar üçün ölkədə iş tapmaq çətin ola bilər.

24 yaşlı Əliheydər Əzimzadə qardaşı oğlu 10 yaşlı Tahirlə birlikdə

Əliheydərin anası 48 yaşlı Əfşar Əzimzadə

2015-ci ildə Ukraynada universiteti bitirən Əliheydər Əzimzadə orada qalıb, ev alıb və öz biznesini açıb. Rusiya Ukraynaya hücum edərkən Əzimzadə orada idi, lakin bir həftə sonra Azərbaycana qayıdıb, burada öz bəxtini sınamağa qərar verib. Amma yerdəyişmə asan olmayıb.

“Hazırda Azərbaycanda iş axtarsam da, hələ də iş tapa bilmirəm. Ən böyük çətinlik işsizlikdir. Əgər müharibə bitsə, Ukraynaya qayıtmağı planlaşdırıram”.

Əliheydər Əzimzadənin boya-başa çatdığı Lənkəranın Veravul kəndindəki evi. Ailəsi kəndə çox bağlı olsa da, iş tapmadığı üçün Əliheydər müharibə başa çatdıqdan sonra Ukraynaya qayıtmağı planlaşdırır.

29 yaşlı Asəf Mişiyev də müharibənin başlamasından 5 gün sonra Rusiyadan Azərbaycana qayıdıb.

Musiqiçi olan Asəf son 11 ilin çox hissəsini Moskvada keçirib. O, əvvəllər bir dəfə Bakıya yerləşməyə cəhd etsə də, daha yaxşı maaş və musiqi karyerasını davam etdirmək imkanları səbəbilə Rusiyaya qayıdıb.

“[Rusiyada] həm gəlir, həm də musiqi baxımından daha çox imkanlar var idi. Sadə bir misal çəkə bilərəm ki, Azərbaycanda musiqi alətləri tapmaq çətindir. Həm də Azərbaycan məni qane etsəydi, öz ölkəmdə qalardım. İş baxımından bu, bir az çətindir. Hər kəs sağ qalmaq üçün çalışmalıdır, ona görə də mən Rusiyanı seçdim”.

“2017 ci ildə Azərbaycana qayıdıb “Show Time” kafeni açmışdım. Kafe müasir gənclər üçün idi. Kafemizdə daha çox canlı musiqi dinləyə və kinoya baxırdılar. Amma 2 il sonra kafeni bağlayıb yenidən iş üçün Rusiyaya qayıtdım”.

Bu gün o, qazanc əldə etmək üçün vokal və gitara dərsləri verir. “Elə dərslər var ki, pulsuz verirəm, elələri də var ki, ödənişlə. Tələbələr daha çox sosial media hesablarında yerləşdirdiyimiz elanlar vasitəsiylə məni tapırlar. Rusiyada tələbələrim daha çox idi”, Asəf qeyd edir.

57 yaşlı Sevdiyar Hadıyev üçün seçim sadədir: müharibə bitdikdən sonra o, 30 il yaşadığı Ukraynanın Xarkov şəhərindəki həyatına qayıtmaq istəyir.

57 yaşlı Sevdiyar Hadıyev dostları ilə evinin yaxınlığındakı kafedə

Ömrünü Ukraynada keçirdikdən sonra o, müharibə səbəbilə Lerikdəki doğma kəndində ilişib qalıb. O da digərləri kimi, kənddə iş tapa bilmir.

“Ukraynadakı vəziyyət buradakından daha yaxşı idi. Müharibədən sonra qayıtmağı planlaşdırıram”.


Bu məqalə Chai Khana Fellowship proqramı (bahar 2022) çərçivəsində hazırlanıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin