Polis bölmələrində LGBTQİ+

Müəlli̇f: Əli Məlikov,

İllustrator: Aydan Həsənova

31.10.22
Buraxılış: Gender
Mövzu: LGBTQI+

Trans qadın olan 20 yaşlı Emili Hacızadə özünü təhdidlərin əhatəsində hiss edir.

“Ailəm və qohumlarımdan dayanmadan öldürüləcəyim haqqında hədə-qorxu mesajları, zəngləri alıram. Çox narahatedici bir situasiyadır, lakin bu haqda mən polisə şikayət üçün gedə bilmərəm, çünki gizliliyimin qorunacağından əmin deyiləm”.

2020-ci ildən bəri Azərbaycanda LGBTİQ+lərə psixo-sosial dəstək göstərən Gender Resurs Mərkəzinin sosial işçisi Elnur Musayev deyir ki, işlədiyi bir çox benefisiar ilə birlikdə polis bölməsinə getdikdən sonra bu müraciətlərə ciddi baxılır. Yaxud da daha yuxarı polis orqanları ilə əlaqəyə keçildikdən və ya hadisəni ictimailəşdirdikdən sonra.

“Polis bölmələrinə LGBTİQ+lar tək gedəndə polislər onların şəxsi həyatlarına aid suallar verirlər. Hansı ki, bu suallar şəxsin şikayəti ilə bağlı olmur. Məsələn, sual verirlər ki, “aktivsən, ya passiv?” və ya “sevgilin varmı?”, “ailəni çağıracağıq, ailən bilirmi?”. Bu isə şəxslərin özünü diskomfort hiss etməsinə, bir çox hallarda polisə şikayət etməməsinə gətirib çıxardır”.

Emili Hacızadə hazırda seks işçisidir, ona görə də polisə müraciət etməkdən xüsusən çəkinir.

“Son dəfə dostumla Bakıda Fəvvarələr Meydanında 3 nəfər tərəfindən təqibə məruz qalmışdıq. Bizi izləyərək “Bu nə geyimdir?” deyirdilər. Onlarla küçədə mübahisə etdiyimiz zaman polislər gəldilər və bizi 9-cu bölməyə apardılar. Bizi vurmaq istəyənlərdən ikisi qaçdı, polislərə onları da gətirmək lazım olduğunu desəm də, əhəmiyyət vermədilər”, Emili deyir.

Azərbaycanda polis tez-tez vətəndaşları incitməkdə və hətta işgəncə verməkdə ittiham olunur. Bu yaxınlarda baş vermiş bir hadisə polis nəzarətində saxlanılanlara qarşı polisin zorakı rəftarına dair iddiaları təzələdi. Polis zorakılığı məsələsi insan haqları ilə bağlı bir sıra beynəlxalq araşdırmalarda qeyd olunsa da, hökumət belə bir problemin olduğunu inkar edir.

Daxili İşlər Nazirliyinin KİV və ictmiayyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “BBC Azərbaycan”a müsahibəsində deyib ki, Azərbaycanda vətəndaşların polisdən məmnuniyyət səviyyəsi “70-80 faizin üzərindədir”.

Bu məmnunluq səviyyəsini sübut edən hansısa sosial tədqiqat olmasa da, dövlətin Sosial Tədqiqatlar Mərkəzinin apardığı son sorğunun nəticələrinə görə, iştirakçıların yalnız 45,1 faizi polisə etibar etdiyini göstərib. 2020-ci ildə keçirilmiş sorğuya əsasən, respondentlərin 4,5 faizi əvvəllər polis də daxil olmaqla məmurların onlardan rüşvət tələb etdiyini bildirib.

LGBTQI+ vətəndaşlar üçün isə risk daha yüksəkdir: insanlar bölmələrdə alçaldıldıqlarını, bəzən döyüldüklərini və ələ salındıqlarını bildirirlər.

ABŞ Dövlət Departamentinin 2021-ci il hesabatında cinsi oriyentasiya səbəbilə insanların polis zorakılığına məruz qaldığı vurğulanır. “Sosial stiqma və ya qisasla üzləşmə qorxusuna görə LGBTQI+ fərdlər, ümumiyyətlə, ayrı-seçkilik və ya pis rəftarla bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət verməkdən imtina ediblər. Aktivistlər bildiriblər ki, LGBTQI+ fərdlərə qarşı törədilən cinayətləri araşdırmaq tələblərinə polis biganə qalıb”.

Emili Hacızadənin də başına bu gəlib.

“Biz şikayət ərizəsi yazmaq üçün növbətçiyə müraciət etdik. Lakin bölmədəki polislər bizə qarşı hücum edən şəxsə “qardaşım, bratım” kimi ifadələr işlədirdilər. Müstəntiqlər içəridə ola-ola, bizi 3 saatdan artıq bölmədə boş-boş saxladılar ki, bəlkə, şikayətçi olmayaq. Gözləmə otağında polislər bizimlə məzələnmək istəyirdi… Axırda səbrimiz tükəndi və vəkilimizi çağırdıq, bu sayədə şikayət ərizəsi yaza bildik”.

“Q-Collective” kuir təşəbbüsünün qurucularından olan 26 yaşlı Kamran bir müddət əvvəl şəhər mərkəzində hücuma məruz qaldığı ilə bağlı polisə şikayət edib.

“11 Oktyabr, 2021-ci il idi, gecə dostumla bardan içki alaraq evə getmək istəyəndə 3 nəfər bizə söz atmağa başladı. Provakasiyaya getməmək üçün onlara cavab vermirdik”, - deyə Kamran xatırlayır.

Bütün cəhdlərinə baxmayaraq, dava düşüb. “Dostumun burnunu qırdılar, bizi yerə yıxıb döydülər. Gözümdən və sinəmdən zədələr aldım”. 

Kamran deyir ki, yaxınlıqda polislər olsa da, zərərçəkən olaraq onlardan kömək istədikdə isə “bu ərazi bizim səlahiyyətimizdə deyil” deyərək, kömək etməkdən imtina ediblər.

Həm Səbail, həm də Yasamal idarləri - İki tərəf də hadisəni özlərindən atmaq istəyirdi. Daha sonra Səbailə getsək də keysi təkrar Yasamala yönləndirəcəklərini dedilər.”

Həmin ərazi  - Bakının ən “LGBTQİ+ dostu” hesab edilən küçəsi - Səbail və Yasamal rayonlarının kəsişməsində yerləşir, hər iki ərazinin polis bölməsi ilkin olaraq bu şikayəti sənədləşdirnəkdən yayınmağa çalışıb. Sonda zərərçəkənlər hücum aktını qeydə aldıra biliblər, lakin söhbət bununla bitməyib: məhkəmə ekspertizası şöbəsindən kimsə Kamranın ailəsinə hadisə və cinsi oriyentasiyası barədə məlumat verib.

“Səhəri gün ekspertizaya getdik. Orada şəxsiyyət vəsiqəmə baxıb “haralısan?” - deyə soruşdular. Sən demə, həkim yerlimiz imiş. Bundan istifadə edərək, mənim şəxsi həyatım haqda maraqlanıb ki, mən kiməm və nə edirəm. Daha sonra qohumlardan anama zəng gəlib ki, uşağın ekspertizaya gedib. Anam çox narahat olmuşdu ki, niyə bunlar bizim haqqımızda maraqlanır, həmin insanlarla nə əlaqəsi var”.

Yetkinlik yaşına çatmayan LGBTQİ+lar daha çox problemlərlə üzləşirlər - polis bəzən onları zorakı ailə üzvləri və ya partnyorlarının yanına qayıtmağa məcbur edir. Bu barədə Gender Resurs Mərkəzinin sosial işçisi Elnur Musayev qeyd edir.

“Bu məsələyə aktivistlər müdaxilə etdikdən sonra şəxslər sığınacaqlara yönləndilir”, o əlavə edir.



Məqalə LGBTİQ+ mövzuları üzərində işləyən jurnalist və aktivistlər şəbəkəsi olan Unit-in dəstəyi ilə hazırlanıb.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin