Binaların kölgəsində oyun meydançaları

Jurnalist: Çiçək Məmmədova, , Fotoqraf: Emin Mathers
22.12.22
Buraxılış: Şəhər İnkişafı
Mövzu: uşaqlar

Arzu Ustayeva üç uşağını Bakıda evinin yaxınlığında oynamağa aparır. O, məhəllələrindəki uşaq meydançalarından tutmuş Zərifə Əliyeva parkına qədər olan ərazidə bir çox seçimi olduğunu deyir. Onun yeganə şikayəti oyun meydançalarındakı zəminin və avadanlıqların vəziyyətidir.

“Kaş ki, buna nəzarət edən, avadanlığı təmizləyən və təmir edən biri olsaydı”, deyir.

Bakıda və digər şəhərlərdəki uşaq meydançaları adətən şəhərsalmanın bir hissəsi olaraq planlaşdırılan layihələrdir, “İnsan yönümlü şəhərlər” layihəsinin yaradıcısı, bloqçu-urbanist Anar Əliyev izah edir.

Bakıda standart oyun meydançası sürüşkən, yelləncək və azyaşlılar üçün bəzi avadanlıqlardan ibarətdir; daha mükəmməl oyun meydançalarına idman kompleksi, futbol meydançası və çardaq daxildir. Standartlar son onillikdə inkişaf edib. Bakı Şəhər İcra Hakimiyyətindən ChaiKhanaya bildiriblər ki, şəhərin hər rayonu öz oyun meydançalarının vəziyyətini qiymətləndirməkdə və ehtiyac yarandıqda onları təmir etməkdə sərbəstdir.

Anar Əliyev deyir ki, şəhərdəki bütün oyun meydançalarının keyfiyyətini qiymətləndirmək mümkün deyil, bununla belə, onlar bir qayda olaraq ənənəvi bir cüt yelləncək və sürüşkən ehtiva edirlər.

“Əsas odur ki, oyun meydançasında heç bir məhdudiyyət olmasın, uşaqlara mümkün qədər çox azadlıq verilməlidir. Belə bir söz var ki, uşaq meydançası təkcə uşaqlar üçün deyil, böyüklər üçün də maraqlıdırsa, deməli, yaxşı oyun meydançasıdır”.

“Meydança iki yelləncəkdən ibarət olmamalıdır. Bu, uşaqların nöqteyi-nəzərindən dizayn edilmiş böyük bir kompleks olmalıdır”.

Psixoloq Leyla Şamilova bildirir ki, oyun meydançaları uşaqların öz həmyaşıdları ilə ünsiyyət qura, sərhədləri öyrənə, emosiya və şıltaqlıqlarını idarə edə bildiyi ilk yerlərdən biri kimi böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, bu proses nəticə etibarilə uşaqlarda problemləri həlletmə bacarıqlarının inkişafına gətirib çıxarır.

O qeyd edir ki, uşaqlara gündə ən azı 1 saat oyun meydançalarında vaxt keçirmək tövsiyə olunur. 

“Oyun meydançasında qarşılıqlı əlaqə və fəaliyyətlər bizə asan görünə bilər, lakin uşaqların beynini və fiziki bacarıqlarını təhlil etsək, görərik ki, bu, çox böyük bacarıq tələb edir”, -deyə Şamilova izah edir. “İki-üç yaşlı uşaq üçün pilləkənlə sürüşməyə qalxmaq böyük nailiyyətdir və çevik bacarıqlar tələb edir; dörd yaşlı uşağın öz növbəsini gözləməsi, təhlükə və riskləri dərk etməsi həm də onların bacarıq və qabiliyyətlərinin göstəricisidir”.

Parklar və oyun meydançaları Bakının mənzərəsini əks etdirir, lakin keyfiyyət, təmizlik və çatımlılıq uşaqların yaşadığı ünvandan asılı olaraq çox dəyişir.

Məsələn, bəzi məhəllələrdə ən yaxşı oyun meydançalarına daxil olmaq ödənişlidir, psixoloq Şamilovanın fikrincə, bu, problemlər yarada bilər. Bəzi uşaq meydançaları fərdi şəxslərə məxsusdur və ümumi həyətlərdə, ictimai parkların yaxınlığında yerləşir. Bu, valideynləri çətin vəziyyətə salır: onlar ya hər gün pul ödəməli olurlar, ya da uşaqlarının mütəmadi oynamaq istəklərinə məhəl qoymamağa məcbur olurlar.

“Onlar [uşaqlar] əlbəttə ki, pul anlayışını başa düşmürlər... Və adətən bu cür attraksionlar üçün növbələr yaranır ki, bu da uşaqların marağını artırır. Bu da nəticədə uşaqlar arasında, onların bir-birinə münasibətində bir fərq yaradır”, - psixoloq qeyd edir.

Hüseyn Cavid prospektinə yaxın binada yaşayan sakinlər divarları rəngləyərək bəzəyiblər. “Bura kişi, qadın, qız və oğlanların ayrı-ayrılıqda, eləcə də uşaqların asudə vaxtlarında toplaşdıqları həyət üçün guşədir. Şəxsən mən bura adətən təkbaşına gəlirəm və yelləncəklərdə yellənirəm”, - sakin Həcər Əsgərli deyir.

Paytaxtın mərkəzi Tağı Şahbazi küçəsində, Azərbaycan Dövlət Pedaqoji Kollecinin yaxınlığında yerləşən uşaq meydançasında sürüşkən və pilləkənlər alaq otları ilə örtülüdür.

Hüseyn Cavid prospektində uşaqlar üçün ayrılan daha bir sahə. “Bura əsasən yeniyetmə oğlanlar toplaşır. Arada kimlərsə sürüşkənlərə çıxır. Novruz bayramında burada tonqal yandırılır”, - deyə Həcər Əsgərli əlavə edir.

Bu uşaq meydançası Səttar Bəhlulzadə küçəsindəki yaşayış kompleksinin həyətində yerləşir. Nəqliyyat vasitələrinin sayının çoxalması və parkinq yerlərinin çatışmazlığına görə avtomobillər adətən uşaq meydançasını zəbt edir.

Bakıda skeytparklar populyarlıq qazanmağa başlayıb. Rumın bəstəkar Corc Eneskunun adını daşıyan bu uşaq parkı Cəfər Xəndan küçəsində təzəlikcə salınıb.

Bu kiçik uşaq meydançası 8-ci mikrorayonda Azadlıq prospektində hərəkətli yolayrıcına yaxın yerləşir.

Bakı şəhəri 135 saylı məktəbin yanındakı yeni uşaq parkı. Yaxınlıqda yaşayan Səmayə adlı şəhər sakini deyir ki, oğlu məhəllədə uşaqların oyun meydançasına ehtiyacı olduğunu görüb, bundan sonra sakinlər yerli icra hakimiyyətinin başçısı ilə görüşdükdən sonra parkın salınması həyata keçirilib.

Bakının mərkəzi Xəqani küçəsindəki uşaq meydançası. Valideynlər deyirlər ki, bu, şəhərin mərkəzində yerləşən azsaylı oyun meydançalarından biridir.

Fikrət Əmirov küçəsindəki uşaq meydançasında Sovet dövründən qalma sürüşkən

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qarşısında Zərifə Əliyeva küçəsindəki uşaq meydançası



Ermənistan və Gürcüstanda uşaq oyun meydançaları ilə bağlı məqalələrə keçid (ingiliscə):

Finding a place for future citizens: Playgrounds in Armenia

Playground Love | Leftovers for children



Məqalə Chai Khana Fellowship proqramı (yay-payız 2022) çərçivəsində hazırlanıb.



Bu məqalə Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Məqalədə səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.
“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin