İngilis dili müəllimindən asılı olan kənd - Sitalçay

Jurnalist: Esmira Cavadova,

Fotoqraf: Çiçək Bayramlı

26.01.23
Buraxılış: Kənd Həyatı
Mövzu: Aktivizm

Paytaxt Bakıdan çıxıb Xızı rayonuna - palçıqlı yollarla Sitalçay kəndindəki ən çox döyülən qapıya yol alırıq. Yol boyunca ömrünü çoxdan başa vurmuş taxta işıq dirəkləri əyilmiş keşikçi kimi gözə dəyir. Bu palçıqlı yolların təmir olunması, işıq dirəklərinin yenilənməsi üçün illərdir ki, dövlət qurumlarına məktub yazan Malik Zeynalov köhnə darvazalardan birinin arxasında yaşayır. Sitalçaylılara hökumətdən kömək lazım olanda onlar ümidini Zeynallıya bağlayır.

Azərbaycanda paytaxtdan kənarda yaşayan vətəndaşların hüquqi xidmətlərdən istifadə imkanları məhduddur. Avropa Şurası üzvləri arasında adambaşına vəkil sayına görə Azərbaycan ən aşağı yerlərdədir. 2022-ci ilin oktyabr ayına olan məlumata görə, Vəkillər Kollegiyasının 2240 üzvü var - onlardan 470-i rayonlarda, 1770-i isə Bakı şəhərində fəaliyyət göstərir. Bu balanssızlıq vətəndaşların qanuni hüquqlarından istifadə etməsinə mane olur.

2017-ci ilin oktyabrında Milli Məclis ölkədə hüquqşünasların təxminən 90 faizinin vəkillik fəaliyyətini faktiki olaraq qadağan edən dəyişiklikləri təsdiqləyib. 2017-ci il dekabrın 1-dən ölkədə mülki və inzibati məhkəmələrdə “nümayəndəlik institutu” ləğv edilib. Bu dəyişiklikdən bəri, insanları məhkəmədə yalnız Vəkillər Kollegiyasının üzvləri, yaxud yaxın qohumu təmsil edə bilir.

Dəyişikliklərə qədər Azərbaycanda Avropa Şurasının tələbilə qəbul olunmuş ikili sistem mövcud idi. Həmin sistemə görə, məhkəmə təmsilçiliyini iki qrup həyata keçirirdi: yazılı və şifahi imtahanlardan keçərək Kollegiyadan lisenziya alıb vəkil statusu qazananlar, yaxud Kollegiya imtahanına girməyib hüquqşünas kimi qeydiyyatdan keçənlər. Beləliklə, 2017-ci il dəyişikliklərinə qədər vətəndaşlar hüquqi işlərini etibarnamə əsasında istənilən şəxsə həvalə edə bilərdilər.

Hüquq ictimaiyyətinin nümayəndələri hesab edir ki, qanunvericiliyə edilmiş bu düzəlişlər ölkədə qalan bir neçə insan haqları vəkilinə qarşı repressiyaları gücləndirib. Hüquqşünas Namizəd Səfərov nümayəndəlik institutunu ən demokratik təsisat adlandırır.

“Dünyada 3 min illik tarixi olan nümayəndəlik institutu var. Buna ictimai müdafiə deyilir. İstər hüquq ixtisası olan, istərsə də olmayan istənilən şəxs etibarnamə əsasında məhkəmədə istənilən tərəfi müdafiə edə bilərdi. Hətta 2000-ci illərin əvvəllərində bu, ən qatı cinayət törətmiş şəxsləri, yaxud zərərçəkmiş tərəfi müdafiə edə bilərdi. Hüquq institutları içərisində ən demokratiki də nümayəndəlik və müdafiə institutu idi”, hüquqşünas Səfərov deyir. 

“2017-ci ilin sonunda  heç bir əsas göstərmədən bu qanun normasını Prezident ləğv etdi. Bu gün vətəndaşı yalnız onun birinci dərəcəli qohumları müdafiə edə bilər. Yəni 90 yaşında heç bir savadı olmayan nənə, baba məhkəmədə şəxsi müdafiə edə bilər, ancaq məsələn, 40 ilin hüquqşqnası olan Namizəd Səfərov edə bilməz. Bu, insanların hüquqi müdafiəsinin məhdudlaşdırılması deməkdir. Biz bir qrup hüquqşünas bununla bağlı dəfələrlə Milli Məclisin sədrinə, Milli Məclisin Hüquq Şöbəsinə, Baş Prokurorluğa, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə müraciət etsək də, bu günədək heç bir cavab almamışıq”.

Dəyişikliklərdən sonra hüquqşünaslar işlərini itirib, vəkillər xidmət haqqı məbləğini artırıb, nəticədə insanların hüquqi xidmətlərdən istifadə imkanları kəskin şəkildə azalıb.

2017-ci ildə edilən dəyişikliklərdən sonra Xızı rayonunun Sitalçay kəndinin 1885 sakini hüquqi yardım almaq imkanını tamamilə itirib – bütün rayon üzrə hazırda bir nəfər də olsun vəkil fəaliyyət göstərmir.

Vəkillər Kollegiyası vəziyyətin yaxşıya doğru irəlilədiyi fikrindədir. ChaiKhananın suallarına cavab olaraq, kollegiyadan bildirilib ki, son beş ildə vəkillərin sayı iki dəfədən çox artaraq 2240 nəfərə çatıb. “Xızı sakinləri hələlik Sumqayıt və Abşeron rayonlarındakı vəkil bürolarından vəkil xidməti ala bilirlər. Yaxın vaxtlarda xızılılara elə öz ərazilərində vəkil bürosunun xidmət göstərməsi nəzərdə tutulub”.

Hüquqşünas Namizəd Səfərov vəziyyətin müsbət olması fikrilə razılaşmır. “10 milyonluq əhalisi olan ölkəyə 2240 vəkil çox azdır. Hazırda əhalinin sayı ilə müqayisədə təxminən 450 nəfərə bir vəkil düşür. Xızıda vəkil bürosunun olmaması da vəkil sayının azlığına görədir”.

Belə bir boşluqda Malik Zeynallı qonşuları üçün xilaskar rolunu oynayır.

Sitalçay kənd sakini 44 yaşlı Malik Zeynallı uzun illərdir ki, hüquqi yardıma ehtiyacı olan imkansız vətəndaşlara təmənnasız hüquqi xidmət göstərməyə çalışır.

Zeynallı heç vaxt hüquq təhsili almayıb. O, 20 ildir ki, yerli orta məktəbdə ingilis dilindən dərs deyir. İşdən sonra isə sakinlərin sosial problemləri ilə məşğul olur. Bəzən onu evdə tapmayan kənd camaatı ərizə yazmaq üçün məktəbə gedib dərslərin bitməsini gözləyir. O, kənd sakinlərini mətbuat ilə əlaqələndirir, yol, işıq, qaz, su, pensiya problemlərinin ictimailəşdirilməsinə kömək edir.

39 yaşlı Səidə Bağırova onun dəstəyini alan Sitalçay sakinlərindəndir. Həyat yoldaşı həbsdə olan Bağırova dörd övladını təkbaşına böyüdür. Onlardan ikisi - 18 yaşlı oğlu Taleh və 6 yaşlı oğlu Amin serebral iflicdən əziyyət çəkirlər. Hər ikisinin də dövlətdən aldığı sosial yardım 2021-ci ildə qəfildən dayandırılıb.

“Özüm savadsızam, uşaqların müavinətini bərpa etdirmək üçün hara, kimə, necə müraciət edəcəyimi bilmirdim. Malik mənə bu işdə kömək etdi. Sənədlərin toplanmasında, hökumətə müraciət etməkdə - hər işdə Malik qabaqda getdi, nəhayət, bu ilin [2022-ci il] ortaları uşaqların müavinətini bərpa etdirə bildi”.

Malik Zeynallı deyir ki, ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işi düşür.

“Bu qurum adamları çox incidir”, - deyə o Səidə Bağırovanın başına gələnləri xatırlayır. “Təsəvvür edin ki, anadangəlmə əlil olan iki azyaşlının müavinəti kəsilmişdi. Ana bu uşaqlara tək baxır. Uşaqlardan biri ağır dərəcəli serebral iflicdir, yerlə sürünür. Müavinətləri zorla bərpa etdirə bildim. Uzun müddət gedib-gəldim, o sənəd, bu sənəd... Bürokratik süründürməçiliklərdən sonra şükür ki, neçə aydır o uşaqların müavinəti bərpa olub”.

Digər Sitalçay sakini, 49 yaşlı Zülfiyyə Bağırova isə gözdən əlildir. Əri Maisin də əlilliyi var - o, böyrək çatışmazlığından və ruhi xəstəlikdən əziyyət çəkir. 2021-ci ildə onların da əlilliyə görə aldıqları təqaüd birdən-birə dayanıb.

“Malik bizə çox kömək etdi. Məni Zərifə Əliyeva adına Xəstəxanaya apardı, bir neçə dəfə gedib-gəldik. Müayinələrdən keçməkdə, sənədləri toplamaqda kömək etdi. Özüm getsəm də, heç nə əldə edə bilməmişdim. Sonra da sənədləri lazım olan yerə göndərdi, həm yoldaşımın, həm də mənim adımdan prezidentə, başqa dövlət idarələrinə müraciətlər yazdı. Nəhayət, bu ilin [2022-ci il] sentyabrında ikimizin də pensiyamız bərpa olundu. İndi də 10 yaşlı oğlumun dalaq əməliyyatına ehtiyac var. Malik onu da həll edəcək. Nə mənim, nə də atasının sağlamlığı bu işlərlə məşğul olmağımıza imkan vermir”.

Kənd sakinlərinin digər ümumi problemi elektrik və qaz ilə bağlıdır. Malik Zeynallı bu məsələlərə dair abonentlərin adından fərdi ərizələr hazırlayıb məhkəmələrə təqdim edir. Məsələn, bu yaxınlarda o, həmkəndlisinin 2000 manat cəriməsinin silinməsinə məhkəməni razı salıb.

“Sayğaclar küçədə quraşdırılır. Bir müddət əvvəl yoldan ötən biri çöldəki sayğacın əsas detalına siqaretin közünü basmaqla əritmişdi. “Azəriqaz” abonentə 2 min manatdan çox cərimə yazmışdı. Getdim “Azəriqaz”a, dedim, bu cəriməni vətəndaşa niyə yazmısız? Ordakılar da əlimdən bezib”, Zeynallı gülərək xatırlayır.

“Dedilər ki, cərimə qanunidir. Gəldim evə, “Azəriqaz”ın rəhbərliyinə bir müraciət hazırladım. “Azəriqaz”dan imtina məktubu alandan sonra abonentin adından məkəməyə ərizə yazıb göndərdim. Süründürməçilik oldu, vaxtım, əsəbim getdi, ancaq nəticə ürəkaçan oldu. O kasıb sitalçaylının qərarı əlinə alanda xoşbəxtlikdən gülümsəyən gözlərini görmək nəyə desən dəyərdi”.

Bununla belə, kəndlilər üçün əldə etdiyi nailiyyətlərə görə öz ailəsi əziyyət çəkib.

Malik Zeynallı 4 nəfərlik ailəsinin yeganə gəlir yeridir. Onun müəllim maaşı 600 manatdır. Gəlirini artırmaq üçün axşamlar bir neçə saat taksi sürür. Kəndlilər üçün gördüyü işlərə görə isə nəinki gəlir əldə etmir, əksinə, çox vaxt öz cibindən pul xərcləməli olur.

Məsələn, uzun illərdir ki, Zeynallının həyətində mal-qara saxlamaq üçün kiçik bir tövlə tikməsinə əngəllər yaradılır, baxmayaraq ki, kənddə hamının tövləsi var. Eləcə də evinin ətrafına hasar çəkmək üçün ona rəsmi icazə verilməyib. Bundan başqa, Xızı Telekommunikasiya İdarəsi ərazidəki antenanın çox zəif olduğunu iddia edərək onun evinə internet çəkməkdən imtina edib, halbuki qonşularının internetinin quraşdırılmasında problem olmayıb. Nəticə etibarilə, hazırda Malik Zeynallı onlayn işləmək üçün mobil telefonundan istifadə etməli olur.

“Rayonun rəhbərliyinin məndən zəhləsi gedir. İmkanları olsa, buradan sürgün edərlər. Hər yolla yaşayışımı əngəlləməyə çalışırlar ki, məni yorsunlar, bezdirsinlər. Mənsə deyirəm, yola davam... Köməksizin yanında olmaqdan zövq alıram. İstəyirəm ki, kiminsə sevincində mənim də azca payım olsun”.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin