Novruz şənlikləri arxasında gizli qadın əlləri

Fotoqraf: Tati Səttar

20.03.23
Buraxılış: Adət-ənənə

Azərbaycan Novruz bayramını qeyd edərkən ölkənin hər tərəfində qadınların başı bayram süfrəsi üçün müxtəlif təamlar və şirniyyatlar hazırlamağa qarışır.

“Novruz ənənəsində təbiətə və onunla əlaqələndirilən femininliyə xüsusi yer verilir. Amma təbii ki, bayram qeyd olunarkən məişət işləri daha çox qadınların üzərinə düşür”, - deyə tədqiqatçı Sevinc Səmədzadə qeyd edir.

O deyir ki, əvvəllər ziyafət və şənliklərə hazırlaşmaq üçün birlikdə çalışan qadınlar icması vardısa, şəhərləşmə vəziyyəti dəyişib - indi qadınların əksəriyyəti heç bir kömək olmadan öz ailələri daxilində bayram biş-düşünü yükləniblər.

Bizim ailədə 52 yaşlı anam - Səidə Səttarova bayram günlərində ev təsərrüfatından məsul zəhmətkeş qadınlardandır. Mənim üçün Novruzu xarakterizə edən şey qonaqlıq və şənliklər deyil, anamın əməyidir. Novruzun ilk Çərşənbəsindən etibarən ailənin hazırlığını təmin etmək üçün işdən çıxandan sonra mətbəxdə və yaxındakı bazarda saatlarla vaxt keçirir.

Evdə anamın gördüyü gündəlik təmizlik işlərini və yemək bişirməsini də hesaba qatanda bütün bu proses mənə həmişə haqsızlıq kimi görünüb: niyə bu bayram ziyafətlərinin yükü onun üzərinə düşməlidir? Bu sualdan yola çıxaraq, evlərdə Novruz abu-havasını yaradan qadınlarla söhbət etmək qərarına gəldim: bayramın, ziyafətlərin, adət-ənənələrin arxasında duran bu işçi qüvvəsi üzərinə düşən yükü necə hiss edir? Həm paytaxt Bakıda yaşayan öz ailəmin qadın üzvləri ilə, həm də rayonlarda, kəndlərdə yaşayan ailələrlə danışdım.

Bakıdan 236 km aralıda, Astaranın ucqar Sım kəndində Novruz bayramına xas adətlər və şirniyyatlar daxil olmaqla, bölgənin adət-ənənələri qorunub saxlanır.

49 yaşlı Zülfiyyə Əliyeva üçün bu, orta məktəbdə ingilis dili dərsi keçməsi və həyətlərindəki mal-qaraya qulluq etməsindən əlavə, saatlarla işləmək mənasına gəlir. Üstəlik, evində kəndə gələn qonaqlara kirayə otaq verdiyi üçün onları razı salmaq da Zülfiyyə Əliyevanın üzərinə düşür... O deyir ki, uşaqlıqdan Novruzu sevir, amma son vaxtlar bayram onun üçün yorğunluq mövsümünə çevrilib.

63 yaşlı Raziyə Səfərəliyeva adət-ənənələri davam etdirməyin getdikcə çətinləşdiyini qəbul edir. Raziyə Balaxanıda yaşayır və bayram hazırlığında qızı Nuranə və nəvəsi Əminənin köməyinə arxalanır. Bəzi adət-ənənələr, məsələn, evdə səməni cücərtmək ənənəsi aradan qalxır. “İndi biz onu sadəcə bazardan alırıq”, Səfərəliyeva deyir.

20 yaşlı Əminənin bəzi ənənələrdən zəhləsi gedir - xüsusən də bütün işlərin qadınların boynunda olmasından. “Səncə, bütün ev işlərini qadınların görməyi - yemək bişirmək, evi təmizləmək və s.  ədalətsizlik deyil? Hər şeyi bərabər bölmək olardı, elə deyil?” Əminə nənəsi Raziyədən soruşur.

Bu sual qarşısında anası və nənəsi çaş-baş qalmış kimi görünür. Raziyə Səfərəliyeva qeyd edir ki, “gözümüzü ilk açandan həyat belədir”. “Kişilər ev işləri ilə məşğul olmurlar. Belə qəribə suallar hardan gəlir ağlına?” o, nəvəsinə qarşı çıxır.

Əmimin həyat yoldaşı, evdar qadın, 62 yaşlı Aytəkin Səttarova da razılaşır ki, Novruz bayramına hazırlaşmaq qadınların vəzifəsidir. O hesab edir ki, hər Novruz hazırlığı qadınlara təcrübə qazandırır. “İllərin təcrübəsindən sonra ekspert olmuşam. Yəni şəkərbura xəmirini mükəmməl yoğurmağı, şəkərburanın kənarını spiral şəklində bükməyə hakim olursan”.

Novruz bayramı əmidostumun (ona bibi də deyirik) yaddaşında qadınların ən yaxşı bacarıqlarını ortaya çıxardığı kollektiv fəaliyyət deməkdir. O deyir ki, “Çərşənbədə qonaq gedər, şirniyyat aparıb-gətirərdik. Sonra baxardıq görək ən dadlı şəkərburanı, paxlavanı kim bişirib, kim şəkərburaya ən yaxşı naxışı vurub. Heç kəsi qınamırdıq, sadəcə çalışırdıq ki, gələn Novruz üçün yeni şeylər öyrənək”.

Aytəkinin bibinin Novruz xatirələri 58 yaşlı Şahnaz Alışovanın da təcrübəsini əks etdirir. O, həyat yoldaşı İsmayıl, gəlini Rəna, oğlu Cəbrayıl və iki nəvəsi Mədinə və Aqşinlə Şıxov qəsəbəsində yaşayır. Şahnaz Alışova ailə qurduğu gündən evdar qadındır və Rəna işdə olduğu müddətdə təmizlik, yemək və nəvələrinə baxmaq kimi işlərin əksəriyyətinə cavabdehdir.

“Bütün bunlardan bezmişəm” deyir, amma o andaca əlavə edir ki, qadınlar üçün başqa həyat yoxdur və ümid edir ki, nəvəsi də evdarlıqda ona bənzəyəcək. “Bu, belə də olmalıdır. [Novruza hazırlıq] oğlumun və ya ərimin işi deyil”.

Anam mənə “Məncə, kifayət qədər foto çəkmisən. İndi kameranı bir kənara qoy, bir az da mənə kömək et” deyəndən sonra paxlava hazırlamağa kömək etməyə başladım. Qardaşımdan xahiş etdim ki, şəklimizi çəksin.

Anam bu il səmənini bazardan almağa qərar verdi. Bayramın rəmzlərindən olan səmənini əvvəllər özü cücərdərdi. “İndi bunu etmək üçün nə vaxtım, nə də həvəsim var” deyir.

Anam Çərşənbə süfrəsi üçün balqabaqlı plov hazırlayır.

“Atan mətbəxdə olanda işimi rahat görə bilmirəm. Müdaxilə edir, hərdən lazımsız suallar verir, sözümü kəsir. Kömək etmək üçün ancaq sən mətbəxə girə bilərsən” anam mənə deyir.

Əmidostum Aytəkin Səttarova hesab edir ki, Novruza hazırlaşmaq, biş-düşlə məşğul olmaq yük deyil. “Mən bu işin mütəxəssisi olmuşam”, deyir.

Aytəkin bibi səməni cücərtmək üçün buğda isladır. “Bizim ailədə, adətən, ilaxır Çərşənbəyə yaxın hazırlığa başlayırıq və şirniyyatlar bişiririk. Səmənini isə ilk Çərşənbədə qoyuruq ki, bayrama qədər tam cücərsin”.

Aytəkin bibi Çərşənbə süfrəsi hazırlayır. “Anamdan miras qalmış gözəl köhnə boşqablarım var. Onları xatirə kimi saxlamışam. Novruz süfrəsi onlarla daha gözəl görünür”.

Şahnaz Alışova Çərşənbə üçün şirniyyat bişirməyə hazırlaşır.

Şahnaz Alışova dörd yaşlı nəvəsi Mədinəyə şəkərbura naxışı vurmağı öyrədir.

Şahnaz və gəlini Rəna Çərşənbə süfrəsi hazırlayırlar.

Raziyə Səfərəliyeva 41 yaşlı qızı Nuranə və 20 yaşlı nəvəsi Əminə ilə birlikdə şəkərbura hazırlayır.

Raziyə Səfərəliyeva: “Mən şəkərbura xəmirinin içini doldururam, Nuranə kənarlarını bükür, Əminə isə naxışları vurur. Bu yolla işimizi daha tez bitiririk”.

Nuranənin əri Tahir də bəzən onlara kömək edir - o, rəssamdır və qadınlar deyirlər ki, şəkərbura xəmirinə naxış vuranda onun istedadı işlərinə yarayır.

Əminənin atası şəkərburanı dizayn etmək kimi bəzi işlərdə dəstək olsa da, Novruza hazırlıqda kişilərin ciddi yer tutması məsələsi hələ də qeyri-adi haldır.

Raziyə Səfərəliyeva Novruz xonçası ətrafında milli kəlağayı ilə kollektiv şəkil çəkdirmək istədi.

Sım kəndi Astara yaxınlığında yerləşir. Kənd bölgənin adət-ənənələrini qoruyub saxlamağı ilə tanınır.

Zülfiyyə Əliyeva ingilis dili müəllimi və orta məktəbdə 9-cu siniflərindən birinin sinif rəhbəridir. Martın 14-də onun dərsi axır Çərşənbə ilə üst-üstə düşdüyünə görə Zülfiyyə Əliyeva işdən qayıdan kimi bayram süfrəsi hazırlığına başlayacaq.

Zülfiyyə Əliyeva zerən çörəyi hazırlamaq üçün inəyin südünü sağır. Talış mətbəxinə aid olan zerən Novruzda bu zonada bişirilən əsas şirniyyat sayılır.

O, bir az əvvəl sağdığı inəyin südü ilə zerən xəmiri yoğurur.

Yumurta boyayarkən kənddə işıqlar kəsildi. Həyat yoldaşı Pərvizin telefonundan saldığı işıq altında Zülfiyyə Əliyeva yumurtaları bəzəməyə çalışır.

Sım kəndində ilaxır Çərşənbə tonqalı

Zülfiyyə Əliyevanın əri Pərviz oğlu Mətinə bayramı qeyd etmək üçün silahdan atəş açmağı öyrədir.

Biri hamilə qadın paltarı geyinmiş, digəri əlində çubuq tutan iki kişi Novruz şirniyyatı almaq üçün Zülfiyyəgilin qapısını döyüb. Libas dəyişdirməyin qədim adət olduğunu desələr də, onun mənşəyi və mənası aydın deyil. Bəzi müsahiblərim deyirlər ki, kişilər əvvəllər nişanlılarının evlərinə baş çəkmək və onlarla vaxt keçirmək üçün qadın kimi geyinirmiş.


Bu fotoreportaj Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Reportajda səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin