Azərbaycan Novruz bayramını qeyd edərkən ölkənin hər tərəfində qadınların başı bayram süfrəsi üçün müxtəlif təamlar və şirniyyatlar hazırlamağa qarışır.
“Novruz ənənəsində təbiətə və onunla əlaqələndirilən femininliyə xüsusi yer verilir. Amma təbii ki, bayram qeyd olunarkən məişət işləri daha çox qadınların üzərinə düşür”, - deyə tədqiqatçı Sevinc Səmədzadə qeyd edir.
O deyir ki, əvvəllər ziyafət və şənliklərə hazırlaşmaq üçün birlikdə çalışan qadınlar icması vardısa, şəhərləşmə vəziyyəti dəyişib - indi qadınların əksəriyyəti heç bir kömək olmadan öz ailələri daxilində bayram biş-düşünü yükləniblər.
Bizim ailədə 52 yaşlı anam - Səidə Səttarova bayram günlərində ev təsərrüfatından məsul zəhmətkeş qadınlardandır. Mənim üçün Novruzu xarakterizə edən şey qonaqlıq və şənliklər deyil, anamın əməyidir. Novruzun ilk Çərşənbəsindən etibarən ailənin hazırlığını təmin etmək üçün işdən çıxandan sonra mətbəxdə və yaxındakı bazarda saatlarla vaxt keçirir.
Evdə anamın gördüyü gündəlik təmizlik işlərini və yemək bişirməsini də hesaba qatanda bütün bu proses mənə həmişə haqsızlıq kimi görünüb: niyə bu bayram ziyafətlərinin yükü onun üzərinə düşməlidir? Bu sualdan yola çıxaraq, evlərdə Novruz abu-havasını yaradan qadınlarla söhbət etmək qərarına gəldim: bayramın, ziyafətlərin, adət-ənənələrin arxasında duran bu işçi qüvvəsi üzərinə düşən yükü necə hiss edir? Həm paytaxt Bakıda yaşayan öz ailəmin qadın üzvləri ilə, həm də rayonlarda, kəndlərdə yaşayan ailələrlə danışdım.
Bakıdan 236 km aralıda, Astaranın ucqar Sım kəndində Novruz bayramına xas adətlər və şirniyyatlar daxil olmaqla, bölgənin adət-ənənələri qorunub saxlanır.
49 yaşlı Zülfiyyə Əliyeva üçün bu, orta məktəbdə ingilis dili dərsi keçməsi və həyətlərindəki mal-qaraya qulluq etməsindən əlavə, saatlarla işləmək mənasına gəlir. Üstəlik, evində kəndə gələn qonaqlara kirayə otaq verdiyi üçün onları razı salmaq da Zülfiyyə Əliyevanın üzərinə düşür... O deyir ki, uşaqlıqdan Novruzu sevir, amma son vaxtlar bayram onun üçün yorğunluq mövsümünə çevrilib.
63 yaşlı Raziyə Səfərəliyeva adət-ənənələri davam etdirməyin getdikcə çətinləşdiyini qəbul edir. Raziyə Balaxanıda yaşayır və bayram hazırlığında qızı Nuranə və nəvəsi Əminənin köməyinə arxalanır. Bəzi adət-ənənələr, məsələn, evdə səməni cücərtmək ənənəsi aradan qalxır. “İndi biz onu sadəcə bazardan alırıq”, Səfərəliyeva deyir.
20 yaşlı Əminənin bəzi ənənələrdən zəhləsi gedir - xüsusən də bütün işlərin qadınların boynunda olmasından. “Səncə, bütün ev işlərini qadınların görməyi - yemək bişirmək, evi təmizləmək və s. ədalətsizlik deyil? Hər şeyi bərabər bölmək olardı, elə deyil?” Əminə nənəsi Raziyədən soruşur.
Bu sual qarşısında anası və nənəsi çaş-baş qalmış kimi görünür. Raziyə Səfərəliyeva qeyd edir ki, “gözümüzü ilk açandan həyat belədir”. “Kişilər ev işləri ilə məşğul olmurlar. Belə qəribə suallar hardan gəlir ağlına?” o, nəvəsinə qarşı çıxır.
Əmimin həyat yoldaşı, evdar qadın, 62 yaşlı Aytəkin Səttarova da razılaşır ki, Novruz bayramına hazırlaşmaq qadınların vəzifəsidir. O hesab edir ki, hər Novruz hazırlığı qadınlara təcrübə qazandırır. “İllərin təcrübəsindən sonra ekspert olmuşam. Yəni şəkərbura xəmirini mükəmməl yoğurmağı, şəkərburanın kənarını spiral şəklində bükməyə hakim olursan”.
Novruz bayramı əmidostumun (ona bibi də deyirik) yaddaşında qadınların ən yaxşı bacarıqlarını ortaya çıxardığı kollektiv fəaliyyət deməkdir. O deyir ki, “Çərşənbədə qonaq gedər, şirniyyat aparıb-gətirərdik. Sonra baxardıq görək ən dadlı şəkərburanı, paxlavanı kim bişirib, kim şəkərburaya ən yaxşı naxışı vurub. Heç kəsi qınamırdıq, sadəcə çalışırdıq ki, gələn Novruz üçün yeni şeylər öyrənək”.
Aytəkinin bibinin Novruz xatirələri 58 yaşlı Şahnaz Alışovanın da təcrübəsini əks etdirir. O, həyat yoldaşı İsmayıl, gəlini Rəna, oğlu Cəbrayıl və iki nəvəsi Mədinə və Aqşinlə Şıxov qəsəbəsində yaşayır. Şahnaz Alışova ailə qurduğu gündən evdar qadındır və Rəna işdə olduğu müddətdə təmizlik, yemək və nəvələrinə baxmaq kimi işlərin əksəriyyətinə cavabdehdir.
“Bütün bunlardan bezmişəm” deyir, amma o andaca əlavə edir ki, qadınlar üçün başqa həyat yoxdur və ümid edir ki, nəvəsi də evdarlıqda ona bənzəyəcək. “Bu, belə də olmalıdır. [Novruza hazırlıq] oğlumun və ya ərimin işi deyil”.
Anam Çərşənbə süfrəsi üçün balqabaqlı plov hazırlayır.
Əmidostum Aytəkin Səttarova hesab edir ki, Novruza hazırlaşmaq, biş-düşlə məşğul olmaq yük deyil. “Mən bu işin mütəxəssisi olmuşam”, deyir.
Şahnaz Alışova dörd yaşlı nəvəsi Mədinəyə şəkərbura naxışı vurmağı öyrədir.
Bu fotoreportaj Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Reportajda səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.
ianə verin