Bağçılıq iqlimi necə yaxşılaşdıra bilər?

Jurnalist: Esmira Cavadova,

Fotoqraf: Çiçək Bayramlı

30.03.23
Buraxılış: Bizim Habitat
Mövzu: Ətraf mühit

İri darvazalar sanki qış bağına açılır. Keçəlləşmiş üzüm talvarı bağı iki yerə bölüb. Hər iki tərəf üstü qış meyvələriylə dolu ağaclardır. Növbənöv xurmalar, narlar, əncirlər, mandarinlər, limonlar, üstündə tək-tük meyvəsi qalan yapon əzgili... Talvarın altındakı cığırdan sola palma ağacının altında samovar və həyətin meyvələriylə bəzədilmiş çay süfrəsi...

Bu həyət-baca Ağayevlərə məxsusdur. 2000-ci ildə Rəfail Ağayev dolanışıq səbəbindən ailəsini də götürüb, Rusiyaya - Arxangelskə köçüb. Uzun illər orada yaşadıqdan sonra həyat yoldaşı Ülviyyət Ağayeva ilə birlikdə Abşeronun Görədil qəsəbəsinə qayıdıblar.

Abşeron yarımadasının iqlimi əsasən mülayim, isti və quru subtropikdir. Bura ölkənin ən az yağıntılı və ən küləkli ərazilərindəndir. Ərazidə səhra, yarımsəhra landşaftı üçün xarakterik olan boz-qəhvəyi, boz, qumsal torpaqlar üstünlük təşkil edir, bu isə o deməkdir ki, torpaqlarda üzvi və mineral qida elementləri zəifdir. Məhz belə torpaq-iqlim şəraitində ölkənin digər bölgələri ilə müqayisədə Abşeronda bağçılığı çətinləşdirir. Lakin Rəfail Ağayev kimi fərdi bağçılıqla məşğul olan qəsəbə sakinləri çalışır ki, yaşadıqları kənddə fərq yaratsınlar, dəyişən iqlimin fonunda kənddə biomüxtəlifliyə gündəlik tədbirlər vasitəsilə töhfə versinlər.

Artıq qlobal istiləşmənin əks-sədası Abşeron yarımadasında, xüsusən də Bakıda hiss olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, isti dalğaları getdikcə çoxalır və tez-tez müşahidə olunur. Dəyişən iqlimin təsirini artıq yerli sakinlər, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar hiss edirlər.

Ölkədə qlobal istiləşmənin yaratdığı problemləri həll etmək üçün bəzi layihələr həyata keçirilir. Məsələn, 2021-ci ilin aprelində Azərbaycan EU4Climate (Avroba İttifaqı İqlim üçün) təşəbbüsünə qoşulub. Layihə ölkə su və enerji çatışmazlığı və digər mühüm məsələləri əhatə edir.

“İqlim dəyişikliyi probleminin həlli istixana qazı emissiyalarının azaldılması, qalıq yanacaq hasilatı, ət istehlakı və s. kimi sistematik həll yolları tələb etsə də, heç kim inkar edə bilməz ki, hər bir insanın fərdi fəaliyyəti də bu istiqamətdə öz töhfəsini verir”, - deyə eko-aktivist, Mançester Metropolitan Universitetində ətraf-mühit üzrə magistr təhsili alan Ayan Şamçiyeva qeyd edir.

“Ağacların əkilməsi və bağçılıq havanın keyfiyyətini yaxşılaşdıra bilər, çünki bitkilər fotosintez vasitəsilə çirkləndiriciləri havadan təmizləyir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə və istixana qazlarının emissiyalarının təsirini azaltmaqda mühüm addımdır”.

Şamçiyeva qeyd edir ki, fərdi bağlar yerli mühitin qorunmasında real rol oynaya bilər.

“İctimai bağçılıq tozlandırıcılar, quşlar və həşəratlar üçün yaşayış mühiti təmin edə və beləliklə, biomüxtəlifliyi təşviq edə bilər. Vəhşi təbiət üçün təbii yaşayış mühiti təmin etməklə, ictimai bağlar nəsli kəsilməkdə olan növlərin qorunmasında mühüm rol oynaya bilər. Bağlar həmçinin yağış sularını udmaqla və torpaq eroziyasını azaltmaqla yağış sularının axınını azalda bilər. Bu, vacib məsələdir, çünki fırtına suyunun həddindən artıq axması yerli icmalar üçün zərərli ola biləcək daşqınlara gətirib çıxarır. Bundan əlavə, torpaq eroziyasını azaltmaqla, bağçılıq torpağın münbitliyini qorumağa və kimyəvi gübrələrə ehtiyacı azaltmağa kömək edə bilər”, o izah edir.

“Ümumi məqsədə doğru birlikdə işləməklə, fərdlər əlaqələr yarada və məqsədyönlü işlər görə bilər. Faydalı olmaq məqsədi daha böyük bir cəmiyyət hissi və daha sağlam mühitə səbəb ola bilər. Biz başa düşməliyik ki, bütün ekoloji problemlər zəncir kimi bir-birinə bağlıdır və onu məhv etmək və ya yaxşılaşdırmaq bizdən - insanlardan asılıdır”, Ayan Şamçiyeva əlavə edir.

Rəfail Ağayev bitki yetişdirməyi, onlara qulluq etməyi ixtisasca aqronom olan atasından öyrənib. O, uşaq ikən həyətlərindəki ağacları müşahidə edərək onları tanımağa başlayıb.

“Atam aqronom olub. Həm də fərdi bağçılıqla məşğul olub, mən də həmişə bu işlərdə onun köməkçisi olmuşam, beləcə, bağçılığa bağlanmışam”, Ağayev xatırlayır.

“Bu işlərin insana mənəvi təsiri çoxdur. Məsələn, torpağa bir körpə ting basdırırsan, başlayırsan onu suvarıb, qulluq etməyə. Sən yaşadıqca, o da sənin gözünün qarşısında böyüyür, püxtələşir. Sən onu böyüdürsən, o, səni öz kölgəsinə alır. Beləcə, doğmalaşırsan. Torpağı belləyirsən, canlandırırsan. Sən ona yaxşlıq edirsən, o da atdığın toxumu cücərdib, sənə yaşıllıq bağışlayır. Bir sözlə, dostlaşırsan, doğmalaşırsan. Çox az halda olub ki, həyətdə hansısa ağac qurusun. Mən buna heç vaxt imkan vermirəm. İstisna ola bilər. O ağacı qoparıb tullamağa əlim gəlmir. O ağacın yeri boş qalanda ürəyim sancır”.

“Bağçılığa aid nə varsa, hər şeyi sevirəm. Səhər o başdan hamı yatanda oyanıb, beli götürüb torpağı belləməkdən tutmuş, qulluq etdiyin ağacın meyvəsini dadmağına qədər hər şeyi sevirəm. Ağaclar arasında ən sevidiym mandarin ağacıdır. Subtropik bitkidir, Abşeronun yarımsəhra iqlimi şəraitində bir az nazını çəkə-çəkə xüsusi qulluq edirəm, daha çox diqqət göstərirəm. Bəlkə də ona görə həyətimdəki ağacların şahı hesab edirəm”.

“Təxminən 25-30 il əvvələdək Bakıya yağış, qar bol yağardı. Quraqlıq olmazdı. İndi nə o yağış var, nə də o qar… Bu da bu bölgədə qlobal istiləşməni sürətləndirir. Yaşıllıq bol olmalıdır, meşələr işbazların güdazına gedir, yaşıllıqlar məhv edilir. Qlobal istiləşməni sürətləndirən səbəblərdən biri də budur. Yaşıllıq təbiətin qoruyucusudur. Yaşıllığı bol etməklə qlobal istiləşmədən qaçmaq olar”.

Rəfail Ağayev həyat yoldaşı Ülviyyət ilə universitet illərində tanış olub və hələ tələbə ikən ailə həyatı qurub. Bağçılıq onların ortaq həvəsi və hobbisidir.

“Demək olar ki, məhəllələrdəki güllərin çoxu mənim həyətimdən çıxıb. Bu məhəllələrdə hamı bilir ki, həyətimdən meyvə tingləri, gül şitilləri paylayıram. Ona görə də kim qapısının ətrafını gülləndirmək istəsə, gəlir, istəyir, ürək açıqlığıyla qırıb verirəm. Deyirəm, apar, ək, təki kəndimiz güllü-gülüstanlı olsun”.

“Tingləri əsasən Lənkərandan gətirirəm. Bax, bu gördüyün sarmaşıq qızılgülləri kəndimizdən gətirib əkmişəm, çoxaltmışam. Çıxıb gəzsəniz, Görədilin çox məhəllələrində bu güllərdən görərsiz. Mandarinlər, limonlar, kinkanlar… Demək olar ki, hamısının tingini kəndimizdən gətirmişəm”.

Ağayev hesab edir ki, hər bir fərdin yerli səviyyədə ata biləcəyi addımlar böyük ekoloji problemlərin təsirini azaltmağa kömək edə bilər.

“Çıxarıb yolun kənarında bir tut ağacı əkirsən, bir neçə ildən sonra yoldan keçən sərinlənmək üçün onun iri budaqlarının altına sığınır, meyvəsindən dadırsa, bu özü bir təbliğatdır. Tut və əncir – Abşeronda ən yaxşı yetişən ağaclardır. Tut ağaclarından çıxarıb küçənin kənarında əkmişəm. Fikrimdə var yenə əkim. Yerlər də tapmışam. Yolun kənarındakı ağac hamınındır. Meyvəsindən, kölgəsindən istifadə edirlər. Tut vaxtı məktəb mövsümünün sonlarına düşür. Qonşu məhəllələrin uşaqları məktəbdən qayıdanda mütləq o tutdan yeyir”.



Bu fotoreportaj Fridrix Ebert Fondunun (FEF) Cənubi Qafqaz regional ofisinin dəstəyi ilə hazırlanıb. Reportajda səsləndirilənlər yalnız müəllifin fikirləridir və FEF-in mövqeyini əks etdirmir.

“CHAI KHANA” YA İANƏ EDİN!
Biz böyük kütləvi informasiya vasitələrinin diqqətindən daim kənarda qalan mövzuları və sosial qrupları işıqlandıran qeyri-kommersiya əsaslı media təşkilatıyıq. İcmamızın və sizin kimi oxucuların dəstəyi olmadan işlərimizi reallaşdırmaq qeyri-mümkün olardı. Sizin verdiyiniz ianə bölgədə yetərincə işıqlandırılmayan mövzular üzərində işləyən jurnalistlərə dəstək göstərməyimizi təmin edir.
ianə verin