Azərbaycanda İİV və QİÇS: davam edən stiqma
“Ailə üzvlərim deyir ki, “gey olduğuna görə yoluxdun”, “oğlanlarla yatdığına görə yoluxdun”, “belə olmasaydın, belə olmazdı”, -deyə 22 yaşlı Miri bildirir. “Bunları eşitmək pisdir, amma necəsə yola veririk”.
Son onillikdə Azərbaycanda stiqma və ayrı-seçkiliyə qarşı müxtəlif icmaların artan fəaliyyəti müşahidə olunur. Kuirlər tərəfindən həyata keçirilən layihələr daha geniş auditoriyaya çatmağa və bu cür damğalara qarşı mübarizə aparmağa çalışır. Məsələn, Y-PEER Azərbaycan və Gender Resurs Mərkəzi müntəzəm olaraq bu mövzuya toxunan layihələrdəndir.
Bununla belə, onilliklər ərzində medianın və əhalinin qəbul etdiyi stereotiplər və kök salmış fikirlərlə mübarizə aparmaq kifayət deyil. İİV və QİÇS üzrə tədqiqatçı və fəal Əli Əliyev qeyd edir ki, medianın belə stereotiplərdən “pis niyyətlə istifadə etməsi” cəmiyyətin bu xəstəliyə ictimai sağlamlıq problemi deyil, “gey problemi” kimi baxması deməkdir. “Belə yanaşma qərəz və damğalanmanın möhkəmlənməsinə gətirib çıxarıb. Hətta bu gün İİV-lə bağlı stiqma cəmiyyətin İİV-li insanlara necə münasibət göstərdiyinə təsir edir”, Əliyev izah edir.
Əliyev deyir ki, Azərbaycanın İİV siyasəti iki hissəyə bölünə bilər: müalicə və hüquqi müdafiə.
“Amma hüquqi tədbirlər İİV-lə yaşayanları qorumaqdansa, onların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. İİV-in kriminallaşdırılması İİV və onun ötürülmə üsulları haqqında miflərə, yanlış təsəvvürlərə və məlumatsızlığa əsaslanır. Bu isə öz növbəsində İİV-i qorxunc fərdi və ictimai zərər olaraq göstərməklə damğalanmanı gücləndirir. İİV-lə bağlı stiqmanın zərərli gücünü dərk etmək həm də ona görə vacibdir ki, İİV-in kriminallaşdırılmasının səbəblərini və nəticələrini anlayasan”, Əliyev qeyd edir.
Əli Əliyev hesab edir ki, hökumət siyasəti İİV-lə yaşayan insanların hüquqlarını prioritetləşdirməli və tibbi müalicədən kənara çıxan çoxistiqamətli yanaşmanı əhatə etməlidir. “İİV və QİÇS təkcə tibbi məsələ deyil. Bu problem sosial, iqtisadi və insan hüquqları ilə bağlı məsələləri də əhatə edir. İİV və QİÇS-in yayılmasına səbəb olan yoxsulluq, gender bərabərsizliyi, ayrı-seçkilik, stiqma, təhsil və səhiyyə imkanlarının olmaması kimi bir çox sosial və iqtisadi amillər mövcuddur. Bu amilləri həll etməklə İİV və QİÇS-ə qarşı ardıcıl yanaşma qoymaq mümkündür; ancaq bu cür cavab insan hüquqlarına, sosial ədalətə və bərabərliyə əsaslana bilər”.
Miri Bakıda mağazaların birində satıcı işləyir. O, 2021-ci ilin dekabrında 20 yaşında ikən İİV-ə yoluxub. Diaqnozdan bir ay sonra isə orqanizmi dərmanları qəbul etmədiyi üçün depressiyaya düşüb. Nəticədə o, altı ay ərzində virusu müalicə etmək üçün heç nə qəbul etməyib. QİÇS Mərkəzindən də onunla maraqlanan olmayıb. Miri xatırlayır ki, Mərkəzin əsas maraqlandığı məsələ virusu ona kimin yoluxdurduğu olub.
24 yaşlı Humayun MBA tələbəsidir və Bakıda yerləşən kuir təşəbbüslərdən biri ilə əməkdaşlıq edir. Humayun deyir ki, İİV ilə yaşayan kuirlərin kimliyi dövlət siyasətində insanları alçaltmaq və hədəfə almaq üçün istifadə olunur. “Əslində, belə stereotiplər çoxdur və yaradılmağa da davam edir”, - deyə o, 2017-ci ildə Bakının mərkəzndə trans seks işçilərinə qarşı polis reydinin mətbuatda işıqlandırılmasını yada salır. Həmin vaxt əksər KİV-lər “Yüzlərlə trans həbs olundu, bəzilərində QİÇS var” kimi başlıqlar dərc edərək sensasiya yaratmağa çalışırdılar. Mediada gedən həmin xəbərlərin tonu qurumun siyasi baxışlarından asılı olsa da, demək olar ki, bütün xəbərlər Daxili İşlər Nazirliyinin həbslərlə bağlı press-relizindən sonra yayılıb. Xəbərlər trans qadınların çoxunda İİV-ə yoluxma testinin müsbət çıxdığı iddiasını əks etdirib (baxmayaraq ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu iddianı təkzib edib). Nəticə olaraq, mətbuatın tirajladığı bu mövqe Azərbaycanda bərqərar olmuş stereotipləri əhatə edirdi: İİV və QİÇS homoseksual və ya təsadüfi cinsi əlaqədə olan insanlar üçün “cəzadır”.
Humayun vurğulayır ki, hökumətin apardığı təbliğat kampaniyaları - 2017-ci ildəki kütləvi həbslərdə olduğu kimi - adi vətəndaşların fikrini əks etdirir. “Çünki İİV-in necə ötürülməsi ilə bağlı məlumatlılıq ya yoxdur, ya da zəifdir. İnsanlar İİV-lə yaşayan insanların orqanizmində nə baş verdiyini bilmirlər”, - Humayun qeyd edir.
Kuirlərin İİV-lə assosiasiya edilməsi həm də virusla yaşayan insanların partnyor tapmasını çətinləşdirir.
“Məncə, inkişaf etmiş ölkələrdə insanlar bu məsələ barədə daha çox məlumatlıdırlar. Düşünürəm ki, inkişaf etmiş bir ölkədə bu infeksiyaya yoluxmuş olsaydım, partnyor axtarışım daha asan olardı. Cəmiyyətimizdə İİV-li insanla münasibət qurmağa mane olan çoxlu əngəl var. Əvvəllər bir-birimizi şəxsiyyət kimi bəyənib-istəməyəcəyimizlə maraqlanırdıqsa, indi düşünürəm ki, görəsən o, mənim xəstəliyimi qəbul edəcəkmi”, - deyə Miri izah edir. O əlavə edir ki, rədd cavabı almaq xəstəliklə yaşayan insanların özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməsini çətinləşdirir, depressiyaya və təcridə gətirib çıxarır.
İİV və QİÇS üzrə tədqiqatçı Əliyev razılaşır ki, Azərbaycanda mövcud siyasət İİV-lə yaşayan kuirləri izolyasiya edir.
“Çatımlılıq və müntəzəm antiretrovirus terapiya (ART) İİV-lə yaşayan insanlar üçün vacibdir, çünki o, virusu boğmağa və immunitet funksiyasını yaxşılaşdırmağa kömək edir. ART həm də virusun qarşısını alır ki, hətta qorunmayan cinsi əlaqə zamanı da ötürülməsin. Bu, İİV tarixində, həqiqətən, mühüm irəliləyişdir. Ona görə də bu halda İİV-ə yoluxmuş insanlar U=U (Undetectable=Untransmittable)** sloqanının (azərbaycancası “aşkar edilməyən = yoluxdurulmayan”) mənasını öyrənə bilər, partnyorlararası münasibətlərdə özlərini daha təhlükəsiz və güclü hiss edə bilərlər”.
Ümumiyyətlə, Miri hesab edir ki, İİV və QİÇS-lə yaşayan insanların cəmiyyətə inteqrasiyası üçün daha çox təbliğat aparılmalı və daha çox səy göstərilməlidir.
“Hazırda ölkədə QİÇS Mərkəzindən başqa dəstək proqramı təklif edən bir yer yoxdur”, Miri deyir. O qeyd edir ki, bu yaxınlarda Bakıda metro stansiyalarda və sosial şəbəkələrdə virusla bağlı maarifləndirici plakatlar görünməyə başlayıb, lakin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin ictimaiyyəti məlumatlandırmaq üçün Facebook səhifəsi belə yoxdur.
“İİV-lə bağlı sosial layihə həyata keçirən başqa qurum yoxdur”, o deyir. “Hesab edirəm ki, bu sahədə sosial işlərin artırılması lazımdır. Böyük boşluqlar var”.
*Mətndə İİV-lə yaşayan respondentlərin adları dəyişdirilib.
**”Undetectable = Untransmitable” İİV-lə əlaqəli kampaniyalarda istifadə edilən şüardır. Bu o deməkdir ki, əgər kimdəsə aşkar olunmayan virus varsa, o, İİV-i başqalarına cinsi yolla ötürə bilməz. U=U Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla bütün dünyada çoxsaylı sağlamlıq qrupları və təşkilatlar tərəfindən dəstəklənir. U=U resursları haqqında ətraflı məlumat üçün bu sayta baxa bilərsiniz https://preventionaccess.org/ .
Məqalə LGBTİQ+ mövzuları üzərində işləyən jurnalist və aktivistlər şəbəkəsi olan Unit-in dəstəyi ilə hazırlanıb.
ianə verin